ƏDƏBİYYAT SÖHBƏTİ

 

YAŞARIN XALQ YAZIÇISI ELÇİN İLƏ MÜSAHİBƏSİ

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Bu gün məni sevindirən cəhət odur ki, ədəbiyyatşünaslığımızdakı yeni tədqiqatlar ədəbi irsimizin nəşri ilə paralel gedir. Misal üçün, bu günlərdə mən Paşa Kərimovun yenicə çapdan çıxmış “XVII əsr anadilli Azərbaycan lirikası” monoqrafiyasını oxudum və doğrusunu deyim ki, bu əsər bir tərəfdən tədqiqat obyektinin yeniliyi, indiyəcən az öyrənilməsi, bir çox məqamlarda isə, ümumiyyətlə, indiyə qədər tədqiqatdan kənarda qalması, tamamilə xam material olması baxımından, o biri tərəfdən isə mühakimələrdəki elmi-nəzəri səviyyə müasirliyi baxımından mənim xoşuma gəldi. Elmi-nəzəri səviyyə müasirliyi, aydın məsələdir, son dərəcə vacib, hətta müəyyənedici bir cəhətdir, ancaq söhbət qədim ədəbiyyatın tədqiqindən gedirsə, elə bil, o vaciblik daha da böyük çəki əldə edir.

Paşanın monoqrafiyasını oxuduqdan sonra mənə bir daha məlum oldu ki, bizim XVII əsr ədəbiyyatımız indiyə qədər hərtərəfli və təfərrüatı ilə öyrənilməyib. Universitetdə oxuduğumuz zaman biz həmin dövrü unudulmaz akademik Həmid Araslının dərsliyindən öyrənirdik. Sonra, yadıma gəlir, Əlyar Səfərlinin XVII-XVIII əsrlərin epik şeirini səriştə ilə tədqiq edən monoqrafiyası meydana çıxdı, həmin dövrün ayrı-ayrı şairləri haqqında da əsərlər yazıldı, ancaq Paşanın monoqrafiyasının zəngin fakturası göstərir ki, XVII əsr Azərbaycan lirikası ədəbiyyat tariximizin çox maraqlı və hələ tam şəkildə öyrənilməmiş, konseptual nəzəri araşdırmalardan kənarda qalmış bir dövrüdür.

Həmin konseptual axtarışlar və tamamilə yeni faktologiya baxımından Azadə Musabəylinin yazdığı və hazırladığı “Bağdadda yaranan Azərbaycan ədəbiyyatı və Ruhi Bağdadinin divanı” ikicildlik fundamental nəşri də müasir ədəbiyyatşünaslığımızda görümlü hadisələrdən biridir. Burada da müəllif monoqrafik tədqiqatında Füzulidən sonra Bağdadda yaşayıb yaratmış Azərbaycan şairlərinin, ilk növbədə isə Ruhi Bağdadinin yaradıcılığını təhlil edir, ədəbi mühitin tarixi spesifikasını açır, eyni zamanda böyük və ciddi zəhmətin bəhrəsi olaraq, Ruhi Bağdadi “Divan”ının müxtəlif nüsxələri əsasında müqayisəli mətnini hazırlayaraq, çap edir.

Ədəbi irsə yeni baxışın metodoloji istiqamətlərini müəyyən etmək baxımından Şirindil Alışanovun bu yaxınlarda nəşr olunmuş “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” adlı ciddi monoqrafiyasını xüsusi qeyd etmək istəyirəm. Şirindilin ədəbi irsi tarixi təkamül prosesində tədqiq etməyin, bizə gəlib çatmış əsərlərin bədii strukturunun və estetik məzmununun dinamikasını göstərməyin vacibliyi barədə söylədiyi fikirlər dediyim həmin “yeni baxış”ın bədii-estetik atributlarıdır. İdeoloji atributlar haqqında isə biz artıq danışmışıq.

Bir kitabın da adını çəkmək istəyirəm. Sovet dönəmində biz mühacirət ədəbiyyatından danışa bilmirdik və nəinki danışa bilmirdik, bu ədəbiyyatdan, demək olar ki, xəbərsiz idik. Mən, misal üçün, “Əli və Nino” haqqında eşitmişdim, ancaq heç cürə onu əldə edib, oxuya bilmirdim, yalnız 80-ci illərin axırlarında mən o kitabı tapıb oxudum və elə o zamanlar da onun haqqında geniş yazdım. Yaxud, rəhmətlik Süleyman Rüstəm Almas İldırım haqqında xatirələrini danışırdı və bu xatirələr mənim üçün çox maraqlı idi, ancaq Almas İldırımın özünün şeirlərini oxumaq imkanım yox idi.

Bəs, bu gün vəziyyət necədir? Təəssüf ki, “söz azadlığı” ilə bağlı bəhs etdiyimiz xəstəlik bu sahəyə də müdaxilə edib.

Sovet İttifaqı çökdü, müstəqilliyimizi bərpa etdik, mühacirət ədəbiyyatını biləvasitə oxumaq, öyrənmək imkanımız yarandı və paralel olaraq da, mühacirət ədəbiyyatına tendensiyalı münasibət, gözüyumulu tərifnamələr söyləmək dəbi açıq-aşkar özünü göstərməyə başladı. Elə həmin Almas İldırımı götürək. O, vətəndə minbir məşəqqətə düçar edilmiş və vətəndən kənarda mühacir həyatı yaşamağa məcbur olmuş istedadlı Azərbaycan şairidir. Ancaq hərdən elə məqalələrə, mülahizələrə rast gəlirsən ki, əndazə hissi itir və Almas İldırım XX əsrin az qala ən böyük şairi kimi təqdim olunur. Yaxud, Ə.Cəfəroğlu, ya da M.B.Məmmədzadə bizim ən böyük ədəbiyyatşünasımız kimi qiymətləndirilir. Artıq bu – hissə qapılmaq, əndazəni itirmək yox, təmiz konyukturadır.

Bu baxımdan Nikpur Cabbarlının “Mühacirət və klassik ədəbi irs” monoqrafiyasının mənim üçün qiyməti ondadır ki, ilk dəfədir Azərbaycan mühacirət ədəbiyyatşünaslığının klassik milli ədəbiyyatımızla bağlı tədqiqatları tədqiq və təhlil edilir, M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğlunun, M.B.Məmmədzadənin və başqalarının elmi-nəzəri yaradıcılığı hissə qapılmadan, obyektivcəsinə araşdırılaraq, bu yaradıcılığı bir küll halında Azərbaycan ictimai fikrinin tərkib hissəsi kimi təqdim edə bilir.

Məmməd Əmin bəyin də, Yurdsevərin də, Cəfəroğlunun da, Məmmədzadənin də yaradıcılığı barədə bizim dövri mətbuatda çox yazılmışdır, ancaq bu yazıların xeyli qismi “Ura!..” əhval-ruhiyyəsi ilə qələmə alınmış səriştəsiz və səviyyəsiz yazılardır. N.Cabbarlının monoqrafiyasında isə bu yaradıcılıq elmi şəkildə ümumiləşdirilmiş və sistemli olaraq, yeni konseptul nəzəri bucaq altından öyrənilmişdir. Yəni söhbət bəsit dəbçilikdən, vətənpərvərlik libasına geyindirilmiş konyukturadan yox, ciddi elmi tədqiqatdan gedir.

Bir sözlə, Yaşar, daha bu sualla bağlı, bəsdir, dayanmaq istəyirəm, çünki ədəbiyyatşünaslığımızın dünəni, bugünü və sabahı barədə bir böyük qovluq qeydlərim var, sadəcə olaraq, yazı mizinin arxasına keçmək və o qeydləri sistemləşdirib yazmaq lazımdır. Vaxt! Vaxt! Vaxt! Bu gün mənim ən böyük problemim budur. Ancaq gəl, biz keçək sənin növbəti sualına.

YAŞAR – Atalar və oğullar problemi digər sahələr kimi ədəbiyyatımızda da həmişə olub. Burda söhbət fərdi, inzibati yanaşmadan deyil, sırf sənət müstəvisindən gedir. Ataların “mənə oxşamayan mənim düşmənimdir” prinsipi illər uzunu oğulların qarşısını kəsib. Odur ki, bizdə gürcülərdən, yaxud ruslardan fərqli olaraq, müxtəlif cərəyanları təmsil edən yazıçı və əsər rəngarəngliyi demək olar ki, olmayıb. Elçin müəllim, necə bilirsiz, bunu vaxtilə mövcud olmuş məlum ideologiyaya sadiqliyimizin ayağına yazaq, yoxsa təbiətimiz belədir?

ELÇİN – Yaşar, mənə elə gəlir ki, sən ataların prinsipini “mənə oxşamayan mənə düşməndir” dedikdə maksimalizmə varırsan.

Bu – nəsillər dəyişdikcə baş verən daimi bir prosesdir və yalnız Azərbaycana aid deyil. Oğullar yaradıcılığa başlayarkən ataları bəynmirlər və hərgah söhbət istedadlı “oğullardan”, bir də təkrar edirəm, istedadlı gənclərdən gedirsə, mən bunu ədəbiyyatın xeyrinə olan bir cəhət hesab edirəm, çünki axtarışlar başlayır, yaradıcılıq prosesi dinamizm əldə edir, yeni söz demək üçün daha artıq həvəs yaranır.

Ancaq bu, müvəqqəti bir haldır, axı biz şərt qoyduq ki, söhbət istedaddan gedir, istedad isə öz üzərində çalışacaq və çalışdıqca da ədəbiyyata obyektiv qiymət verməyi bacaracaq, “ataların” nümayəndəsi yaxşı yazırsa, bunu görəcək, bundan öyrənəcək, yox, pis yazırsa – qəbul etməyəcək.

Mən bütün bunları öz təcrübəmdən deyirəm. Mən “ataların” bir sıra nümayəndələrini gənc yaşlarımda olduğu kimi, bu gün də yazıçı, yaxud şair kimi qəbul etmirəm, ancaq bu gün yaxşıları da daha artıq dərəcədə görürəm və qiymətləndirirəm. Mən qəbul etmədiklərimi elə gənc yaşlarımda da yazıb tənqid eləmişəm və o məqalələr bu gün də mənim kitablarımda nəşr olunur. Mənim mətbuat səhifələrində də, iclas salonlarında, xitabət kürsülərində də, Yazıçılar İttifaqında işlədiyim vaxtlarda da “ataların” ayrı-ayrı nümayəndələri ilə ciddi konfliktlərim olub, ancaq həqiqət budur ki, mən onlara heç zaman düşmən münasibəti bəsləməmişəm və onlardan da “düşmən” münasibəti görməmişəm.

Bəli, “ataların” nümayəndələri olub ki, mənim yazılarımı qəbul etməyiblər, hansısa siyahılarda adımın üstündən qırmızı xətt çəkiblər, mənə səs verməyiblər, ədəbi qüvvələri mənə qarşı yönəltməyə meyl göstəriblər, sovet vaxtı məndən “yuxarılara” çox deyiblər, ancaq bütün bunlarla birlikdə mən “ataların” sənin dediyin prinsipini bir az dəyişərdim: “mənə oxşamayan mənə yaddır”.

Məsələ burasındadır ki, belə bir “yadlıq” da get-gedə aradan qalxır, çünki son sözü əsər deyir. Lap gənc bir yazıçı olarkən o dövrün ən nüfuzlu ədəbi şəxsiyyətlərindən biri olan akademik Məmməd Arif mənim hekayələrim haqqında xüsusi bir məqalə yazmışdı və bu hekayələri bir-bir təhlil edib, onlara qiymət vermişdi. Akademik Həmid Araslı, Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Mirzə İbrahimov, Mehdi Məmmədov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə və başqalarının mənim əsərlərim haqqında yazdıqları məqalələr, mənim hələ cavan yaşlarımda ədəbi mühitdə mövqelərimin möhkəmlənməsində ciddi rol oynadı və bu gün mən bunları sidq-ürəkdən gələn bir minnətdarlıq hissi ilə xatırlayıram.

Bir sözlə, o yerdə ki, “atalar və oğullar” problemini bədii-estetik münasibət və meyarlar yaradır – bu, ədəbiyyatın xeyrinədir, çünki onu irəli aparır, bir az elmi dillə desəm, dialektik inkişaf elementidir. Yox, həmin problemi istedadsızlığın meydana atdığı iddialar və qadirsizlik kompleksləri yaratmaq istəyirsə – bu, mənasız bir işdir.

O ki, qaldı, müxtəlif ədəbi cərəyanlar məsələsinə, biz yuxarıda bu barədə danışdıq, sosrealizmin hakimi-mütləq olduğu bir dövrdə nəhəng bir ölkə necə təkpartiyalı idisə, həmin ölkənin ədəbiyyatı da eləcə təkmetodlu idi. İstedad bəzən sosrealizmin çərçivələrini qırıb azadlığa çıxırdı və bizim sovet dövrü ədəbiyyatımızda – nəsrimizdə, poeziyamızda, dramaturgiyamızda belə əsərlər az deyil, ancaq başqa ədəbi metodlar, cərəyanlar, təmayüllər sosrealizmin çərçivələrini qırıb sovet dövrü ədəbiyyatına daxil ola bilmədi.

Bu mənada Sistem az qala 70 ildə əsil ədəbi genosid nümayiş etdirdi və həmin dövrdə rus və SSRİ-də yaşayan digər xalqların da ədəbiyyatında sənin dediyin həmin “müxtəlif cərəyanlara” təsadüf etmək çətin işdir. O başqa məsələ ki, XX əsrin əvvəllərində rus ədəbiyyatı ən müxtəlif ədəbi cərəyanlar məskəni idi.

YAŞAR – Heç şübhəsiz ki, yazıçının vətəni onun dilidir. Bu mənada, məsələn, Puşkinə necə ərəb, yaxud Pasternaka yəhudi şairi demək olar. Fikrimcə, əgər uzaq Mozambikdə hansısa zənci oturub azərbaycanca bir hekayə yazırsa, həmin əsər artıq Azərbaycan ədəbiyyatına aiddir – həmin adam hətta Mozambik həqiqətlərini yazsa belə. Elçin müəllim, Sizin bu barədə fikrinizi bilmək maraqlı olardı. Təbii ki, söhbət rusdilli azərbaycanlılardan gedir.

ELÇİN – Dil – milli ədəbi mənsubiyyətin ilkin faktorudur və burada heç bir mübahisəli məsələ yoxdur. Ancaq eyni zamanda, biz tarixi şəraitin bu baxımdan ədəbiyyata müdaxilə etməsinin də şahidi oluruq. Misal üçün, bax, müasir dünya ədəbiyyatının tanınmış imzalarından olan Əlcəzair yazıçıları Məhəmməd Dib, yaxud Kateb Yasin fransız dilində yazırdılar, ancaq onlara heç vəchlə fransız yazıçısı demək olmaz. Mən inanmıram ki, Mozambikdə kimsə azərbaycanca bir hekayə yazsın, çünki bunun üçün orada tarixi şərait (bəlkə də tarixi məcburiyyət desəm, daha düz olar) olmayıb və yoxdur.

Hərgah tarixi şərait elə gətirib ki, kimsə öz iradəsindən asılı olmayaraq rus dilində təhsil alıb, rus dili onun əsas dilinə çevrilib, o, rus dilində düşünür və bu adamın da istedadı varsa, o da yazmaq istəyirsə, bu hüququ onun əlindən kim ala bilər?

Mənşəcə təmiz yəhudi olan Boris Pasternaka, yaxud Osip Mandelştama, əlbəttə, yəhudi şairi, ya da Bulat Okudjavaya gürcü, Bella Axmadulinaya da tatar şairi demək olmaz, çünkü öz etnik dillərində yazmayan bu şairlər bədii təxəyyülləri etibarilə tam surətdə rus ədəbiyyatını ifadə edirlər.

Eləcə də yəhudi Henrix Heynenin poeziyası, ya Tomas və Henrix Mannların, ya da Lion Feyxtvangerin nəsri alman ədəbiyyatının milli faktıdır, çünki onların yaradıcılığı, yenə də misal üçün, Şolom-Aleyhem kimi etnik bədii təfəkkürün yox, məhz alman bədii təfəkkürünün ifadəsidir. Onların yaradıcılığı nəinki alman bədii təfəkkürünün ifadəsidir, bu yaradıcılıq hətta zəngin alman bədii təfəkkürünün formalaşmasında iştirak edib. Burada da mənim üçün mübahisəli bir məsələ yoxdur.

Ancaq indi gəl, görək, rus dilində yazan Oljas Süleymenova rus şairi demək olarmı? Güman edirəm ki, bu, qətiyyən mümkün deyil və burada da mübahisəli məsələ yoxdur. Niyə? Çünki Oljasın dediyim həmin bədii təfəkkürü qazax özünüifadəsinin nəticəsidir, yəni onun poeziyası ilə etnik mənsubiyyəti arasında ən sıxı bir bağlılıq var.

O yerdə ki, Çingiz Aytmatov Cəmilədən, çoban Bazar-baydan, ya da manqurtdan yazır, dilindən asılı olmayaraq o, qırğız yazıçısıdır, ancaq o yerdə ki, Çingiz rus dilində Avdiy Kallistratovdan yazır, o, rus yazıçısıdır.

Eləcə də Azərbaycan ədəbiyyatı.

Azərbaycan bədii təfəkkürünün ifadəsi olan rus dilli ədəbiyyat –Azərbaycan ədəbiyyatına aiddir.

YAŞAR – Mövzunun davamı kimi bu gün Azərbaycan ədəbi dilinə, ümumiyyətlə söz sənətinə sözün bütün mənalarında qənim kəsilənlərlə bağlı fikrinizi öyrənmək istərdim. Dil artıq yazıçının özünüifadə vasitəsindən çox, özünüifşa vasitəsinə çevrilib. Nə dilin qanunları, nə də bir ölçü-filan gözlənilir. Yəqin elə bu səbəbdəndir ki, ölkəni bir yazıçılıq epidemiyası bürüyüb. Belə əsərləri oxuduqca, hətta oxucular da kütləvi şəkildə yazıçılıq xülyasına düşürlər. Və qəribə burasıdır ki, köşə yazarı kimi alınmayanlar roman yazarı iddiasına düşür.

Elçin müəllim, yəqin yadınızda olar, təxminən ötən əsrin 80-ci illərində bir çox nasirlər mənsub olduqları bölgənin dialektində yazırdılar. Bunu müəyyən mənada qəbul etmək və başa düşmək olardı. Amma indiki mənzərə heç bir izaha gəlmir. Söz meydanı həm dolub, həm də bomboş görünür. Bir qədər poetik səslənsə də, deyim ki, dilin gözü olsaydı bu gününə baxıb ağlayardı.

ELÇİN – XX əsrdə bizim əldə etdiyimiz ən böyük uğurlardan biri, birincilərdən biri ədəbi dilimizin tam şəkildə formalaşdırılması oldu. Üslub xətrinə də, kolorit xətrinə də ədəbi dilin normativlərini pozmaq olmaz, bunu pozmaq – dilə zərbədir. Sən personajın dilində “maa” yaza bilərsən, təhkiyədə isə zəhmət çəkib “mənə” yazmalısan.

Şivəni təhkiyəyə gətirməklə, sözlərin orfoqrafiyasını dialekt şəklinə salmaqla yalançı “xəlqilik”dən başqa bir şey əldə etmək olmaz. Baxın İlyas Əfəndiyevin, Ənvər Məmmədxanlının dilinə, təhrif olunmuş bir söz belə tapmazsınız. Əkrəm Əylisli bizim səlis və oxunaqlı dili olan yazıçımızdır, ancaq onun təhkiyəsində ədəbi dilin orfoqrafiyasını pozan bir söz tapa bilərsiz? Yox.

Bu gün mətbuatı, nəşrləri bürümüş “şok açıqlamalar” tipli ifadələr, sözlər Azərbaycan ədəbi dilini “şok”a salır. Bu narkoz kimi bir şeydir, belə davam etsə, həmin “şok”dan çıxmamaq, ayılmamaq təhlükəsi var.

Burada inzibati tədbirlər görmək mümkün deyil. Sən hədsiz-hesabsız roman, poema, hekayə, şeir, məqalə, mənsur şeir və s. və i.a. müəlliflərini məhkəməyə verə bilməzsən ki, savadsız yazırsan. Bu işə redaksiyalar, nəşriyyatlar ciddi fikir verməlidir, ancaq bəzən baxıb görürsən ki, bərbad vəziyyəti yaradan elə bəzi qəzet redaksiyalarının, nəşriyyatların özüdür. Bax, televiziya kanallarındakı “şou” aparıcılarına: hərəsi bir ləhcədə danışır və bura bəzilərinin efirə gətirdiyi vulqar ifadələri, “Uy da!..”- kimi nidaları və s. də əlavə etsək – gör, ortaya nə çıxır də!

YAŞAR – Təbii ki, bu gün ədəbiyyatımızda “ümumi axından” kənarda olan istedadlı gənclər də az deyil. Düzdü, onlardan bəziləri çox tez bir zamanda “ulduz xəstəliyi”nə tutulub, hələ formalaşmadan “uşaqkən qocalıb” sıradan çıxsa da, çaşmayanlar, işlərini bilənlər də var. Sizin gənclərin yaradıcılığını xüsusi izlədiyiniz, bu haqda mütəmadi olaraq mətbuatda dərc olunan yazılarınızdan bəllidi. Elçin müəllim, Siz Azərbaycan ədəbiyyatının gələcəyindən narahat deyilsiz ki?

ELÇİN – Yaşar, ədəbiyyatın gələcəyindən narahat olmaq xalqın gələcəyindən narahat olmaq deməkdir. Çünki ədəbiyyat nədir? Yazıçının əsəri o yazıçının özünifadəsidirsə, bir küll halında ədəbiyyat da xalqın özünüifadəsidir.

“Gələcək” elə bir anlayışdır ki, o, heç vaxt gəlməyəcək, əbədidir, hər bir gələcəyin öz gələcəyi var və bu həyata aid olduğu qədər də ədəbiyyata aiddir. Ona görə də ədəbiyyatın gələcəyindən danışmaq, əslində, ədəbiyyatın bu günü və bu günə qədərki dövrü ilə bağlı söhbət etmək deməkdir.

Biz artıq gənclər barədə danışdıq, ancaq yenə bir-iki söz demək istəyirəm.

Miçurinin məşhur sözləri var idi: “Biz təbiətdən sədəqə gözləyə bilmərik, bizim vəzifəmiz – bunu ondan qoparmaqdır!” (“Mı ne mojem jdat milostey ot prirodı, vzyat ix u neye – naşa zadaça!”). Təbiətdən, beləcə, “sədəqə gözləməmək” bu gün bütün dünyanı ekoloji fəlakətə gətirib çıxarıb.

Miçurinin bu məşhur və bədnam sözlərini mən nə üçün xatırladım? Ona görə ki, bu gün bizdə (həm də yalnız bizdə yox, izləyə bildiyim dərəcədə bütün postsovet məkanında, hətta Pribaltika ölkələrində də!) ədəbiyyata da belə bir qeyri-təbii prinsipə söykənən münasibətin şahidi oluram: həqiqi “izm”ləri doğrultmayan bəsit “izm”lərin meydana çıxması, imitasiyanın bədii-estetik meyarları, yaxud da “paxabşina”nın erotika estetikasını əvəz etməsi, epiqonçuluğun yeni bir vüsətlə baş qaldırması və s. Bax, mətbuat səhifələrindəki müsahibələrdə, mübahisələrdə ədəbiyyatla və qələm sahiblərinin şəxsiyyəti ilə bağlı atışmalar hansı misgin mövzu predmetinə çevrilib?

Ancaq güman edirəm ki, müəyyən bir dövrdən sonra bədii-estetik durulma prosesi başlayacaq, çünki – mən bu barədə də dəfələrlə yazmışam – ədəbiyyatımızda və ədəbi prosesdə əmələ gəlmiş bu günkü vəziyyət, əgər belə demək olarsa, ədəbi qeyri-sabitlik, dəyişgənlik, bəsitlik böyük Sovet imperiyasının çökməsi ilə yaranmış siyasi, ictimai və sosial kataklizmin nəticələrindən biridir.

Rəhmətlik İlyas Əfəndiyev tez-tez məşhur atalar sözünü xatırlayırdı: “Hər şey vaxta baxsa da, vaxt heç nəyə baxmır!”

Yəqin, bəhs etdiyimiz məsələ ilə də bağlı, cənab Zaman hər şeyi yerbəyer edəcək. Zəlzələdən sonra yaralar yavaş-yavaş sağalır, itgilərin ağrısı-acısı yavaş-yavaş geridə qalır, dağıntılar təmizlənir, bir sözlə, həyat ritmi get-gedə təbii vəziyyətinə düşür. Çox güman ki, bizim ədəbiyyatımızı və ədəbi prosesimizi də belə bir gələcək gözləyir.

YAŞAR – Məlum məsələdir ki, bu gün çox dəyərlər dəyişib, əgər bir qədər konkretləşdirsək, dəyərlər dəyərdən düşüb. Bu tənəzzül təbii ki, ədəbiyyata da təsirsiz ötüşməyib. Elçin müəllim, Siz hələ gənc yaşlarınızdan etibarən, yalnız Azərbaycanda deyil, o zamankı ümumittifaq ədəbi prosesində ən fəal iştirak edən yazıçılardan birisiz. “Literaturnaya qazeta”, “Drujba narodov”, “Yunost”, “Smena”, “Voprosı literaturı”, “Literaturnoye obozreniye” kimi Moskvada nəşr olunan sanballı mətbuat orqanlarında hekayə və povestlərinizlə bərabər, məqalələrlə çıxış edirdiz, müsahibələr verirdiz, ədəbi müzakirələrdə, dəyirmi masa arxasındakı diskussiyalarda iştirak edirdiz. Sizin fikrinizi bilmək maraqlı olardı: Azərbaycanda gedən bugünkü ədəbi proseslə bağlı Siz nə qənaətdəsiz?

ELÇİN – Bizim ədəbi proses hava məlumatlarındakı kimi dəyişgəndir, bəzən fikirləşirsən ki, aha, deyəsən, hər şey yaxşıya doğru gedir, bəzən də az qala xəcalət çəkirsən ki, bizim ədəbi proses niyə bu günə düşüb, şou-biznes qalmaqalları səviyyəsində “ədəbi qalmaqallar” ədəbi prosesə daxil olub.

Mən bu barədə çox yazmışam, çox demişəm, təkrara varmaq istəmirəm, ancaq Azərbaycan ədəbi prosesinin bir bəlasını, həm də get-gedə metastazı çoxalan bəlasını bir daha qeyd etmək istəyirəm: savadsızlıq. Kamyunun, Sartrın, Heminqueyin, Markesin... adları çəkilir, ancaq yazını gözdən keçirirsən, daha doğrusu, özünü buna məcbur edirsən və açıq-aşkar əmin olursan ki, bu müəllif adlarından sui-istifadə etdiyi həmin yazıçıların əsərlərini oxumayıb. Mühakimələr, iradlar və yaxud təriflər, təqdir və təkdirlər elə bir aşağı nəzəri-estetik səviyyə, bayağı zövq və böyük iddia ilə qələmə alınıb ki, bu qələm sahibinin cahilliyi heç vəchlə adlarını çəkdikləri o yazıçıların əsərlərinin mütaliəsi ilə uzlaşmır.

Yaşar, məndə savadsızlığa qarşı allergiya var. İstəyir məni tərifləyib göyə qaldırsın, istəyir də kin-küdurət püskürsün, savadsız yazıdırsa – iki-üç cümlədən sonra mən onu oxuya bilmirəm və inan mənə ki, heç zaman da oxumuram, nə o kəmsavad tərifin mənim üçün bir əhəmiyyəti var, nə də o kin-küdurət mənə hansısa mənfi emosiya verir. Belə hallarda mənfi emosiyanı ədəbi prosesin ümumi vəziyyətini fikirləşəndə hiss edirsən.

Belə bir savadsızlıq virusunun geniş yayıldığına görə də bir çox hallarda Azərbaycan bədii yaradıcılığında da, Azərbaycan ədəbi tənqidində də professionallıq diletantlıqla əvəz olunur. Hamı hökm verir, tərəddüd edən yoxdur. Hamı müəllimdir, öyrədir, tələbə olmaq, öyrənmək istəyən yoxdur. Sönük və fərəhsiz prezentasiyalar ədəbi söhbətləri və məclisləri əvəz edir, ən başlıcası isə, ədəbi mühit də bununla barışır, səsini çıxarmır.

Bu mənada, bizim ədəbi mühit hərdən mənə Mersonu xatırladır. Kamyunun “Yad” povestinin qəhrəmanı yadına gəlir? Sükut, sükunət Mersonu narahat edir, amma o heç vaxt səsini çıxarmır, həmişə yandan keçir. Ədəbi prosesin də bu gün, elə bil, ədəbi mühitə dəxli yoxdur və belə bir mühit biganəliyi ədəbi prosesdə xəstə bakteriyaların çoxalmasına şərait yaradır.

Bu gün ədəbi prosesdə iştirak edənlərin sayı-hesabı yoxdur, ancaq ədəbi şəxsiyyət çatışmazlığı göz qabağındadır.

Səməd Vurğun, Məmməd Arif, Süleyman Rüstəm, Həmid Araslı, Süleyman Rəhimov, Rəsul Rza, Mehdi Hüseyn, Mir Cəlal, İlyas Əfəndiyev, Məmməd Cəfər Cəfərov, Əli Vəliyev, Feyzulla Qasımzadə, Mirzə İbrahimov, Mikayıl Rəfili, Ənvər Məmmədxanlı, Məmməd Rahim, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Sabit Rəhman, Məmmədağa Şirəliyev, Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Əli Sultanlı, Abbas Zamanov, Cəfər Xəndan, Məmməd Hüseyn Təhmasib, Mirzağa Quluzadə, Hidayət Əfəndiyev, Hadı Mirzəzadə, Əkrəm Cəfər, İmran Qasımov... – yaxın keçmişimizin tanınmış ədəbi simaları. XX əsr sovet dönəmi Azərbaycan ədəbiyyatında, filologiyasında fəaliyyət göstərmiş, müxtəlif istedad dərəcəsindən, müxtəlif insan xarakterlərindən, müxtəlif sosial mənşə mənsubluğundan – biri bəy ailəsində doğulmuşdu, o biri dəmirçi oğlu idi – asılı olmayaraq, bu qələm sahibləri, hansısa çatışmazlıqlarına baxmayaraq, hərgah belə demək olarsa (güman edirəm, indiki halda demək olar) cins şəxsiyyətlər kimi formalaşmışdılar. Onların hərəsi özünə görə nüfuz və mötəbərlik qazanmışdı. Əlbəttə, onları yaşadıqları dövrün kontekstindən ayırmaq olmaz – ayırsaq, yüz cürə “əmma” tapa bilərik – hər bir şəxsiyyət öz dövrünün kontekstində formalaşır və onlara qiymət də həmin kontekstdə verilməlidir.

Mən onları ona görə xatırladıram ki, bu gün bizim ədəbi prosesin və ümumiyyətlə, ədəbi mühitin yeni və tamam fərqli bir dövrdə formalaşacaq cins şəxsiyyətlərə ehtiyacı var.

İlyas Əfəndiyevin məzarı Fəxri Xiyabanın üst tərəfindədir və mən hər dəfə onu ziyarət edəndə, əsas aralıq yolun sağ və sol tərəflərində dəfn olunmuş Süleyman Rüstəmin, Qara Qarayevin, Süleyman Rəhimovun, Şıxəli Qurbanovun, Fikrət Əmirovun, Niyazinin, üst tərəfdə Yusif Məmmədəliyevin, Bülbülün, Səməd Vurğunun, Mehdi Hüseynin, Abdulla Şaiqin yanından ötürəm. Bu gün, ədəbiyyat da daxil olmaqla, bizim mədəniyyətin üzərində bu insanların, onların başqa sənət və qələm dostlarının bir yerdə yaratdıqları sənət və sənətkar, şəxsiyyət aurası çatışmır. Təkin – beş nəfərin, on nəfərin yox, müştərəkin yaratdığı aura.

Bu gün bizim ədəbi prosesdə intellektual elita çatışmazlığı açıq-aşkar özünü göstərir.

YAŞAR – Təxminən iyirmi beş il əvvələ qədər ədəbiyyatda kənd və şəhər ədəbiyyatı adlı bir bölgü mövcud idi. Sırf kənd həyatı və sırf şəhər həyatı üzrə əgər belə demək olarsa, ixtisaslaşmış yazıçılar var idi. Son illərin urbanizasiyası ədəbiyyata da təsirini göstərdi. İndi düzdü kəndi yazanlar yenə var, amma paytaxt əhalisinin sayı artdıqca şəhər mövzusunda yazılan əsərlərin sayı da kəskin artır. Həm də kənd həyatından yazılan əsərlərin özündən də nəsə bir şəhər havası gəlir.

ELÇİN – Sovet tənqidində elə bir bölgü var idi və o vaxtkı mərkəzi mətbuatda – “Literaturnaya qazeta”da, “Voprosı literaturı”, “Literaturnoe obozrenie” kimi nəzəri-tənqidi jurnallarda, digər “qalın” ədəbi dərgilərdə, misal üçün, Yuri Trifonovun “şəhər nəsri”, ya da Vasili Belovun “kənd nəsri” tez-tez ədəbi söhbət predmeti olurdu. Mən o vaxt da belə bir bölgünü nəinki şərti, ümumiyyətlə, süni hesab edirdim və bu gün də həmin fikirdəyəm.

Bu baxımdan, ədəbiyyatı yalnız istedad iki yerə bölə bilər: istedadlı ədəbiyyat və istedadsız ədəbiyyat. Mənim ən çox bəyəndiyim yazıçılardan biri Emil Zolyadır və bu yazıçını mən gənclik illərimdə necə qiymətləndirdimsə, bu gün, bəlkə, ondan da artıq qiymətləndirirəm. İndi, baxaq görək, “Ruqon-Makkarı” silsiləsini kim yazıb, “şəhər nəsri”nin (“Nana”nı yada salaq) nümayəndəsi, yoxsa “kənd nəsri”nin (bu dəfə də “Torpaq”ı yada salaq) nümayəndəsi?

Orasını da deyim ki, Azərbaycan ədəbi tənqidində və ədəbiyyatşünaslığında belə bir bölgü, demək olar ki, yox idi, hərçənd formal yanaşsaq, bizdə “kənd nəsri”nin İsa Hüseynov kimi böyük nümayəndəsi var idi.

Urbanizasiya isə, sənin dediyin kimi, əlbəttə, ədəbiyyata təsirini göstərir və bu, təbiidir. Bu gün Avropada, ABŞ-da qlobal “şəhərləşmə” prosesi gedir və gec-tez o proses bütün dünyanı əhatə edəcək.

YAŞAR – Yazıçılara Qarabağ, müharibə mövzusunda az yazmaqları irad tutulur. Əslində isə əksinədi, bu gün bu mövzuda həddən artıq çox yazılır. Sadəcə, bu əsərlərin əksəriyyəti bədii dəyər kəsb etmədiyindən görünmür. Bu mövzunu öhdəlik kimi işləmək, şəhid övladının göz yaşlarını konyukturaya çevirmək olmaz. Bu mövzuda yazılan nəinki nəsr, hətta nəzm əsərləri də, elə bil, tarixi xronikanı xatırladır. Yazarlar bu insan faciələrinə öz içlərindən yox, müharibənin içindən baxırlar. Odur ki, mənzərə süni alınır, inandırıcı görünmür. Unutmaq olmaz ki, müharibədən bəhs edən ən böyük əsərlərdə heç vaxt müharibə özü olmayıb.

ELÇİN – Əgər müharibə özü olubsa da, – “Hərb və sülh”dəki məşhur epizod kimi, yaxud Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını xatırlayaq – yalançı qəhramanlıqdan yox, insanın, o cümlədən də igid, qəhrəman insanın faciəsindən bəhs edib.

İstedadsızlığın böyük və mətin müttəfiqi konyukturadır. Mən bu barədə də çox yazmışam: sovet dönəmində istedadsız yazıçı (əslində, bu söz birləşməsi – “istedadsız yazıçı” – məntiqsiz bir şeydir, çünki yazıçıdırsa istedadı olmalıdır) mövzu arxasında gizlənirdi, traktordan, pambıqdan, istehsalat prosesindən yazırdı, Sistem “xalq düşməni”ni həyatda güllələyirdi, istedadsız yazıçı onu səhnədə, kitabda güllələyirdi və çox vaxt istedaddan da irəli çıxırdı.

İndi konyuktura dəyişib və bu gün həmin istedadsız yazıçı şəhidlərdən yazır, müharibə qəhrəmanlarından, erməni təcavüzündən yazır, bununla da oxucu zövqünü korşaldır, mövzunun əhəmiyyətini kiçildir, çünki şəhidliyin, qəhrəmanlığın, erməni təcavüzünün xalqın taleyi baxımından miqyası elədir ki, bu barədə bədii söz demək yalnız istedadın səlahiyyətindədir. İstedadsız müəllif gərək bu mövzulara yaxın durmasın və ümumiyyətlə, heç nə yazmasın.

Ancaq kəmiyyət etibarilə az olsa da, Ələkbər Salahzadənin “Xocalı xəcilləri” poeması, yaxud Aqil Abbasın “Dolu” romanı göstərir ki, Azərbaycan ədəbiyyatı artıq Qarabağ mövzusu ilə bağlı sanballı bədii söz deməyə başlayıb.

YAŞAR – Elçin müəllim, bir vaxtlar bədii əsər oxumaq təkcə ziyalının deyil, fəhlənin, satıcının da əsas məşğuliyyəti idi. Və bu, adi bir məşğuliyyət deyildi, insanın görmədiyi aləmlərə qovuşması, içəridən təmizlənməsi demək idi. Kitabla baş-başa qalan insan heç vaxt pis adam ola bilməz. İndi çox dəyərlərin dəyişdiyi kimi məşğuliyyətlər də dəyişib. Necə deyərlər, kitabımız bağlanıb. Elçin müəllim, necə düşünürsüz o kitabın yenidən açılacağına ümid varmı? Və ədəbiyyat bu məşğuliyyətlər bolluğunda yenidən öz əvvəlki mövqeyini bərpa edə bilərmi?

ELÇİN – Yaşar, ədəbiyyatın tarixi min illərlə ölçülür, sənin bədbinliyinin səbəbi isə son 15-20 ilin təəssüratına əsaslanır.

Əvvəla bu 15-20 ildə də bizdə dəyərli əsərlər yazılıb, ən əsası isə ədəbiyyat bəşəriyyətin həyatında elə bir ağırlığa malikdir ki, 15-20 ilin təcrübəsi onun çəkisini heç vəchlə azalda, mövqeyini sarsıda bilməz.

İnsan yaşadıqca, istedad da mövcud olacaq, istedad olacaqsa, sənət də yaranacaq.

Çünki, əzizim Yaşar... Stanislavskinin operetta replikası səviyyəsinə endirilmiş, ancaq həqiqəti ifadə edən sözləri kimi – həyat müvəqqəti, sənət daimidir.

 

SON SÖZ ƏVƏZİ

 

Elçin: “Ədəbiyyat demokratik və dinamik münasibət tələb edir”

Bizim istedadlı nasirimiz Yaşar mənə belə bir “Ədəbiyyat söhbəti” aparmağı təklif edəndə, düzü, fikirləşdim ki, gənc qələm dostum məni danışdıra biləcəkmi?

Söhbətə başlasaq, alınacaqmı?

Azərbaycan mətbuatında yazıçı qalmaqallarının uğurla biznes-şou qalmaqalları səviyyəsinə qalxdığı və belə qalmaqalların yaratdığı obıvatel marağı oxucu zövqünü üstələdiyi bir vaxtda bizim sırf ədəbiyyat söhbətimiz kiməsə bir söz deyəcəkmi?

Mən Yaşarın hekayələrini, tərcümələrini oxuduqca, bu yaradıcı fəaliyyətin arxasında onun dünyagörüşünün genişliyini, mütaliəsinin zənginliyini həmişə hiss etmişəm. Bizim bu söhbətimizdəki məqamlardan birini mən elə Yaşarın özünə şamil edirəm: o, istedadlı bir yazıçı kimi ədəbiyyata kitab ilə həyatın müştərəkliyindən gəlib və mənim üçün bu, ədəbiyyat məsələlərinin müzakirəsində tərəf-müqabilin ən qiymətli cəhətidir.

Yaşarın zəngin mütaliəsinin coğrafiyası genişdir və bu da mənim üçün çox əhəmiyyətlidir.

Onun bu cəhətləri olmasaydı, bu söhbət də alınmayacaqdı.

Yaşarın suallarının, mülahizələrinin yaratdığı münbit zəmin məni vaxtı ilə oxuduğum bir sıra kitablara yenidən qaytardı, o kitabların elə o zamankı auraları, elə bil, təzədən yarandı.

Bu suallar uzun illər boyu keçdiyim yaradıcılıq yolundakı ayrı-ayrı məqamları mənə yenidən xatırlatdı və o məqamları mən, elə bil, yenidən yaşadım.

Yaşarın suallarının, söylədiyi fikirlərin, bildirdiyi ədəbi mövqelərinin heç biri ədəbiyyatın kənarından verilmir, söylənmir, bildirilmir, onlar ədəbiyyatın özündən gəlir.

Yaşarın ədəbi məkanı ədəbiyyatın ətrafında yox, ədəbiyyatın mərkəzindədir.

Bu suallara cavab verərkən bir həqiqət mənim üçün bir daha təsdiq olundu ki, yazıçı “- Mən yorulmuşam!”- deyəndə yalnız özünü aldadır, çünki yazıçı bir insan kimi bunu istəsə də, istəməsə də, ədəbiyyat son nəfəsə qədər onunla bir yerdədir.

Bu mənada ədəbiyyat həm qəddardır, həm də əzizdir.

Yaşarla söhbətimizdə mən sualları cavablandıran imtiyazlı tərəfəm, fikirlərimi bildirirəm, ancaq ədəbiyyatın aliliyi də ondadır ki, burada mütləq qiymət və ümumiyyətlə, heç bir mütləqlik yoxdur.

Ədəbiyyatın təbiəti nə dərəcədə demokratikdirsə, o, özünə də eyni dərəcədə demokratik münasibət tələb edir.

Ədəbiyyatın mahiyyəti nə qədər dinamikdirsə, ona verilən qiymətdə də, onun yaratdığı təəssüratda da bir o qədər dinamiklik mövcuddur.

Mən yuxarıda bu söhbət ərəfəsindəki tərəddüddən danışanda dedim ki, görəsən, bizim sırf ədəbiyyat söhbətimiz kiməsə bir söz deyəcəkmi?

Bu sualın cavabı yəqin ki, artıq bizdən yox, o kimsədən asılıdır.

 

E l ç i n

23 avqust 2011.

Tuqrut Paşa. Bodrum.

 

 

525-ci qəzet.- 2012.- 20 yanvar.- S.16-17.