Çində möhtəşəm 10 gün

 

(Çin Xalq Respublikası barədə düşüncələr)

 

(Əvvəli ötən sayımızda)

 

BİRİNCİ GÜN

 

...Noyabrın 8-də Şərqin ən dəbdəbəli şəhəri olan Pekin şəhərinə 1478 reysi ilə yerli vaxtla gecə saat 11- ə 10 dəqiqə qalmış çatdıq. Yarım saatdan sonra hava limanından kontraslar şəhəri adlanan və 3000 illik tarixə malik müasir Pekinin gesə mənzərələrini seyr edə-edə Vanşou otelinə yola düşdük.

Hələ yolboyu ÇXR barədə bir-birimizə bildiklərimizdən söhbət açır, Çinin dünənindən və bu günündən danışırdıq. Açığı, səfər öncəsi bu ölkəylə bağlı bəzi tarixi oçerklər, statistik məlumatları əks etdirən məqalələr, o cümlədən hörmətli akademikimiz Ziyad Səmədzadənin “Çin qlobal dünya iqtisadiyyatında” kitabını oxumuşdum.

Tarixi mənbələrdən məlumdur ki, Rusiyadakı Oktyabr inqilabından sonra Çin intellektualları marksizmi ölkənin yeganə qurtarıcı gücü olduğunu düşünərək, 1921- ci ildə ölkədə təşkil etdikləri Birinci Milli Konqresdə Çin Kommunist Partiyasını qurmuşdular. O vaxtdan 90 il ötür. Və vur-tut o zaman 50 nəfərli üzvü ilə 12 nümayəndə tərəfindən təsis olunub, marksizmdən ilhamlanan partiya idealist solçuları, millətçiləri və cəmiyyətin zülmə məruz qalmış təbəqəsini təmsil edirdi. Partiyanın əsas məqsədi sosial ədalətsizliyə və Qərb müstəmləkəçiliyinə son qoymaq idi...

Çinin XX yüzil tarixinə nəzər salanda bu nəhəng ölkənin hərc-mərclikdən, tayfabazlıqdan və sərvət uğrunda hərisliklə yarışan bir qrup zülmkardan boğaza yığılmış səfalət içində yaşayan xalqın əziyyətlər çəkdiyinin şahidi oluruq.

Çox qürurverici faktır ki, İkinci Dünya müharibəsindən sonra Çin xalqının azadlıq uğrunda mübarizəsi Azərbaycan şairlərinin şeirlərində geniş tərənnüm olunub. Hələ 1932-ci ildə Rəsul Rzanın könlündən qopan:

 

“...Çinin mərd oğulları!

Qaldırın qan rəngli

Bayrağı yuxarı!

Bağırın gur səslə:

“Çindən əlini çək!

Çin öz tarlasını

Özü əkəcək!”

 

misraları Azərbaycan xalqının Çin xalqıyla həmrəylik marşı kimi səslənirdi. Yaxud, Süleyman Rüstəm:

 

“Çinli qardaş! Unutma ki,

dərdin mənim dərdim oldu,

Yaralandın – yaralandım,

Gözün doldu –gözüm doldu...”

 

misralarında Azərbaycan xalqının humanistlik hissini nümayiş etdirərək, dünyaya “Haqqın gücü var çinlilərin arzularında” – deyə səslənir, Çinin xoş gələcəyinə inam yaradırdı:

 

Bir gün qovuşar batsa da

əgər al qana çinli,

Öz doğma, əziz torpağına –

Tayvana çinlı.

 

Səməd Vurğun, Məmməd Rahim, Osman Sarıvəlli, Əhməd Cəmil və başqa şairlərimizin yaradıçılığında Çin mövzusu diqqətəlayiq yer tutmuşdur...

 

lll

 

1949 –cu ildə Mao Tsze Dun Çin Xalq Respublikasının yarandığını rəsmi olaraq elan edəndən sonra ilk növbədə kəndlərdə kollektivləşmə prosesinə başladılar. Çində kollektivləşmə qolçomaqlığın bir sinif kimi ləğv edilməsi əsasında aparılmadı, əksinə onlar nümunəvi sahibkarlar kimi qəbul edildi və digərləri onlarla bəhsə başladı...

Əvvəlcə onlar qolçomaqların ətrafında muzdlu işçi adlandırılan qarşılıqlı kömək üçün əmək briqadaları yaratdılar. İstehsalın artım həddi ilə onlar yüksək tipli kooperativlərə çevrildi. Bu yolla onlar kənd təsərrüfatının kollektivləşməsinə tədricən gəldilər.

Z.Səmədzadənin qeyd etdiyi kimi, iqtisadi islahatlarda Çin dövləti radikallığa yol vermədi və burada mülkiyyət formaları qarşı-qarşıya qoyulmadı.

Beləliklə Çində kollektivləşmənin inkişafı Rusiyada olduğu kimi istehsalın azalmasına gətirib çıxarmadı, əksinə artım baş verdi. Şəxsi istehsalat və ticarətdə islahatlarla əlaqədar Mao Tszedun deyirdi: “Bizə təkcə kapitalistlərin cibindəki deyil, həm də onların başındakı kapital lazımdır”.

Bəlkə Çinin qlobal dünya iqtisadiyyatında indiki uğurlarının təməl daşı elə bu fikirlər olub? Şübhəsiz ki, Den Syaopinin birmənalı şəkildə bəyan etdiyi “ön plana siyasət deyil, iqtisadiyyat keçməlidir. Bütün digər məsələlər iqtisadiyyata tabedir” fikri də öz mənbəyini məncə, bu təməldən götürüb. Onun iqtisadi konsepsiyası Çində “Bir ölkə iki quruluş” ideyasının çiçəklənməsinə böyük töhfəsini vermişdir.

Çində 56 millətin nümayəndələri yaşayır.

ÇXR Birləşmiş Millətlər Təşkilatının əsasını qoyan dövlətlərdən biridir.

1949-cu ildə Çinin ictimai istehsal və milli gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü.

50-ci illərdən başlayaraq Çində ilk dəfə olaraq sənaye ölkəsi üçün zəruri olan təyyarəqayırma, avtomobil sənayesi, ağır və dəqiq maşınqayırma, energetika, metallurgiya, mədən avadanlıqları istehsalı və başqa sahələr inkişaf etməyə başladı...

Çin bazar elementlərinə malik bir ölkədir. Ölkədə bütün bank sistemi dövlətə aiddir, bütün iri korporasiyalara dövlət nəzarət edir. Qiymətlər yalnız əyalətlərin üçdə birində azaddır, qalan hallarda o, dövlət nəzarətindədir.

HAŞİYƏ: Burada istər-istəməz ölkəmizdə 30-cu illərdə iqtisadiyyata, sənayeyə, təhsilə, mədəniyyətə böyük zərbələr vuran “kolxoz quruculuğu” illərinə aid tarixi faktları xatırlamalı olursan. Bəli, Stalinin rəhbərliyi altında 1930-cu ildə kollektivləşmə dövrü ilə əlaqədar hər yerdə olduğu kimi Azərbaycanda da aclıq, səfalət hökm sürməyə başladı.

Sahibkar kəndliləri bir sinif kimi ləğv etmək siyasəti 30 yanvar 1930-cu il tarixli “Elliklə kollektivləşmə rayonlarında qolçomaq təsərrüfatlarının ləğv edilməsi tədbirləri haqqında” Kommunist Partiyasının MK qərarında təsdiqini tapmışdi. Sovet höküməti dinə, milli adət-ənənələrə məhəl qoymadan, məscidlərdən anbar kimi istifadə edir, xanların-bəylərin torpaq sahələrini əlindən alıb, varlı təbəqələri bir sinif kimi vəhşicəsinə məhv etdi. 5-10 inəyi, qoyun-quzusu olan ortabab kəndli belə qolçomaq kimi hədəfə çevrilərək minlərlə insan uzaq yerlərə sürgün olunurdu. Kolxoz-kooperativ mülkiyyətinə zidd mövqeyinə yüz minlərlə yoxsul kəndlilər də belə cəzaya məruz qalmışdılar.

Tarixi mənbələrdə bildirilir ki, kollektivləşmə nəticəsində Sovet İttifaqında 10-16 milyon insan həlak olmuşdur.

1937-ci ildə qolçomaqların bir sinif kimi ləğv edilməsi prosesi başa çatmasına baxmayraq, kommunist partiyasının rəhbərləri öz səhvlərini ört-basdır etmək üçün yenə də ölkədə düşmən axtarışından əl çəkmirdilər. Sonrakı dövrdə də SSRİ-də o cümlədən Azərbaycanda görkəmli ziyalılar, elm xadimləri böyük itkilər verdilər. Bir sözlə, kollevləşdirmə Sovet dövlətinin tarixində repressiyalarla həyata keçirilən ən faciəvi dövrdür.

 

lll

 

ÇXR isə islahatlar zamanı öz müəssisələrini özəlləşmə və azad bazarla dağıtmadı. Dövlət bazarı düzgün tənzimləmə yolunu tutdu və əmtəə istehsalını fəal surətdə artırdı. İstehsal olunan əmtəə və xidmətin həcminə görə Çin artıq dünyada 6-cı yerə, ÜDM inkişaf tempinə görə isə (ildə 10 %) birinci yerə çıxıb. Bu gün Çini “dünya emalatxanası” adlandırırlar. Onun məhsulları ilə ABŞ, Kanada, Avropada olduğu kimi Azərbaycanın da mağazaları doludur. Kommunistlərin idarə etdiyi Çin sərmayə qoyuluşunun cəlb edilməsinə görə dünyada birinci yerə çıxıb. Qızıl valyuta ehtiyatlarına görə Çin dünyada ikinci yerə çıxıb.

1982-ci il Konstitusiyasına görə Çin fəhlə sinfinin idarə etdiyi (Çin kommunist partiyası vasitəsilə) və fəhlə və kəndli ittifaqına əsaslanan sosialist dövlətidir. Ölkədə mərkəz səviyyəsində altı səlahiyyətli struktur var: Ümumçin Xalq Nümayəndələri Məclisi – qısaca ( ÜXNM) ÇXR-in sədri, Dövlət Şurası, Mərkəzi Hərbi Şura, Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğu. ÇXR-in sədri, Dövlət Şurası, Mərkəzi Hərbi Şura, Ali Xalq Məhkəməsi və Ali Xalq Prokurorluğu ÜXNM tərəfindən formalaşdırılır və onun Daimi Komitəsinə tabedir. ÜXNM – ali dövlət hakimiyyəti orqanıdır. Onun səlahiyyətləri 3 aspekti əhatə edir: qanunvericilik, kadrların vəzifəyə təyin edilməsi və kənarlaşdırılması, qərarların qəbul edilməsi və nəzarət. Yerlərdə idarəetməni xalq qarşısında cavabdehlik daşıyan və onu nəzarətində olan müxtəlif dərəcəli Yerli Xalq Nümayəndələri Məclisləri (XNM) hayata keçirir. Onlar əyalətlərdə, muxtar rayonlarda, qəzalarda, şəhərlərdə və nahiyələrdə yaradılır. (E. Həbibzadə “Salam, Çin” Bakı, Azərnəşr, 2007).

Çin formal çoxpartiyalı sistemə malik olan, həm də coxmillətli dövlətidir. Ən güclü siyasi təşkilat kimi Çin Kommunist Partiyası elita partiyası sayılır. Kommunist partiyası ilə yanaşı Çində 8 siyasi partiya vardır. Demokratik partiyalar qrupunu təşkil edən bu partiyaların hamısı ÇKP ilə əməkdaşlıq edir.

Hazırda ÇKP –nin 71 milyondan çox üzvü var. Partiyanın ali rəhbər orqanı beş idən bir çağırılan Ümumçin qurultayı və seçilmiş Mərkəzi Komitəsidir. MK-nın Siyasi Bürosu, Daimi Komitəsi, Baş katibi və Katiblikləri MK Plenumu tərəfindən seçilir.

Müasir Çin böyük potensiala malik olan dövlət kimi bu gün sürətlə tərəqqi edir. Çin həm də xarici malların və xidmətlərin ölkəyə idxalına ciddi nəzarət edən ölkədir. Çin bunu bütün sferalarda, hətta internet saytların və xidmətlərin ölkə ərazisində istifadəsinə də tətbiq edir.

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ÇXR ilk əməkdaşlıq etdiyi ölkələrdən biridir. 20 ilə yaxın davam edən bu əməkdaşlığa təkcə dövlət strukturları deyil, həm də hər iki tərəfin vətəndaş cəmiyyətləri arasında formalaşıb. Lakin tarixə nəzər salsaq görərik ki, Azərbaycan-Çin xalqları arasında münasibətlər qədim “İpək yolu” çağlarından başlayır.

 

İKİNCİ GÜN

 

Noyabrın 9-da səfər proqramı çərçivəsində nümayəndə heyətimizin Çin Kommunist Partiyası MK-nın Beynəlxalq şöbəsinin Avroasiya departamentinin rəhbəri və Ali Partiya Məktəbinin professoru Lianq Yanhui ilə görüşü nəzərdə tutulmuşdu. Rəsmi tanışlıqdan sonra səmimi söhbət başlandı. Keçirilən görüşlərdə söhbət zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulandı.

Diqqətimi çəkən məqamlardan biri nümayəndə heyətimizin başçısı Əli Əhmədovun ilk gündən görüşlərdə yüksək səviyyədə intellektuallıq nümayış etdirməsi idi. O, vətənpərvər ziyilı kimi ölkəmiz barədə ətraflı məlumat verir, bütün sualları tutarlı faktlarla cavablandırırdı.

Söhbət zamanı olduqca maraqlı məqamlara toxunulur, səmimi fikirlər söylənilirdi. Müasir və müstəqil Azərbaycanımızın həqiqətlərini dünyaya düzgün, obyektiv göstərmək Əli Əhmədov başda olmaqla, təbii ki, hər birimizin ilk növbədə vətəndaşlıq borcudur.

Mübaliğəsiz deyim ki, YAP sədrinin müavini, Azərbaycan–Çin parlamentlərarası işçi qrupunun rəhbəri Əli Əhmədov bu dialoqlarda öz missiyasının öhdəsindən dövlətimizi və partiyamızı təmsil edən kamil siyasətçi kimi gəlirdi. Əlbəttə ki, bu, Əli müəllimin çinli siyasətçilərlə ilk görüşü deyildi. Əvvəllər Çində səfərdə olmuş YAP sədrinin müavini- İcra katibi Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədr müavini İsmayıl Aytmatla və dəfələrlə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşmüşdü.

Onu da qeyd edim ki, ünsiyyətdə olduğumuz ən sadə çinlidən tutmuş dövlət adamınacan hər kəsin öz vətənlərini həyatları qədər sevdiklərinə şahid olurduq. Məncə ölkənin tərəqqisinin, dünyada ad qazanmasının sirri də elə bu insanların vətəninə sonsuz sədaqətindədir. Onların hər biri sanki öz davranışlarında fiziki güclə mənəvi gücü birləşdirərək əməli fəaliyyət göstərir. Bu ruh ölkənin sadə otel qulluqçusunda da var, dövlət məmurunda da...

Çinə səfərimiz başlayan ilk gündən axıra kimi bizi Kommunist Partiyası Mərkəzi Komitəsinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin bölmə müdiri xanım Li Syao Tszun müşayət edirdi. Ağlımıza gətirməzdik ki, hər gün nümayəndə heyətimizlə birlikdə olan üz-gözündən təbəssüm əskik olmayan bu gözəl xanım bizi vətənə yola salan gün kövrələ bilər. Vida məqamı çatanda o, məmnunluqla: “Mən mütləq Bakıya gələcəyəm!” vədi ilə bizdən ayrıldı. Çinin dünəni və bu günü ilə tanışlıqda xanım Li Syao Tszun böyük rolu oldu...

Çinlilər öz ölkələrinin tarixinə böyük töhfələr vermiş dahi şəxsiyyətləri də eyni ruhla sevir və yad edirlər. XX əsr Çin tarixində əsasən dörd görkəmli xadim olub; Sun Yatsen, Çan Kayşi, Mao Tszedun və Den Syaopin. Onlardan biri demokrat, digəri – amerikayönümlü xadim, başqa biri kommunist, digəri isə praqmatik olsa da çinlilər üçün hamısı birdir. Bu şəxsiyyətlərə münasibətlərində hörmətlə yanaşı, dərin ehtiram, sonsuz məhəbbət vardı...

Onların siması öz xalqının tarixində Tyan-şan kimi əzəmətli görünür.

Çin xalqı öz tarixindən böyük qürur duyur. Qədim çin filosofunun “Qədim, möcüzəli daşlardan gələcəyin pillələrini qurun” çağırışına əməl edən çinlilər sanki uşaqlıqdan özlərində öz xalqının zəngin mənəvi mədəniyyətinin ənənələrini və irsini tərbiyə edir və ölkələrinə gələn əcnəbi qonaqlara həvəslə sərgiləyirlər.

Amerikanın siyasi liderlərindən biri çox düzgün deyib ki, Çin təkcə başqa ölkə deyil, həm də başqa irqdən olan adamlara məxsus ayrı planetdir; onların sözlərinin və davranışlarının motivi adi adam üçün izaholunmaz çoxminillik dəmir məntiqə söykənir.

Konfutsinin “Keçmişin ardınca getməkdən yaxşı heç nə yoxdur” tezisinə Çində nümunəvi tərbiyənin əbədi devizi kimi baxmaq olar.

Və bu deviz müasir çinlilərə ictimai qaydalara əməl etməyi aşılayır.

Görüşlərdə və nümayəndə heyətimizin şərəfinə verilən ziyafətlərdə Çin mətbəxtinin zənginliyi bizi heyrətə gətirirdi. Bu ölkənin milli xörəkləri siyahısında beş mindən artıq xörək adı var.

Çinlilər zarafatla yemək masası istisna olmaqla dörd ayaqlı hər bir çanlını yeyə biləcəklərini söyləyirlər. Çində ilk aşbazlıq kitabı təxminən 1500 il bundan əvvəl tərtib edilmişdir.

Qəribə də olsa, səhər yeməyi istisna olmaqla süfrəyə nə qənd, nə də çörək qoyulur. Əsasən, qonaqlara yaşıl çay verilir.

Çində çayı balaca fincanda və ya piyalədə içirlər, onu birbaşa dəm çaydanından süzür və qaynanmış su əlavə etmirlər. İçərisi ağ olan fincanlara üstünlük verilir: bu yolla dəmin tündlüyünü rənginə görə asanlıqla təyin etmək olur. Stəkan isə, çinlilərin fikrincə, bu, süfrə başında söhbətə dad qatan çay içkisinə təhqirdir.

 

ÇİN TOYUNDA

 

Nümayəndə heyətimizin qaldığı Vanşou otelinin restoranında qurulan toy mağarına bəylə – gəlinin yaxınları və doğmaları gəlmişdilər. Bizi müşayiət edən Çin Kommunist Partiyasının nümayəndəsi marağımızı nəzərə alıb həmin toya dəvət etdi.

Əgər toy məclisi səhər vaxtına təyin olunubsa, demək, bəylə-gəlin birinci dəfə, axşama təyin olunubsa, demək, təkrar ailə qururlar.

Çində də toya dəvət olunan qonaqlar bəylə –gəlinə hədiyyə və ya pul verir. Biz də toy “xəzinədarına” pul verdik, evlənənləri təbrik etdik.

Çinlilər eynən bizim dədə-babalara xas olan ənənə kimi ailədə əsasən oğul uşağı arzulayırlar. Hər bir valideyn arzu edir ki, oğlunu evləndirsin, nəvə-nəticələrini görsün. Çinlilər patriarxal ənənəsinə – nəslin, xüsusilə, kişi nəslinin davamını saxlamağa üstünlük verir: yəni, qız ərə gedərək başqa ailəyə düşür; oğlan isə ailə ilə qalır, evlənir, gəlin gətirir və nəslin davamçısına çevrilir. Məhz buna görə də statistikaya görə Çində kişilərin sayı qadınların sayından çoxdur. Bir neçə il əvvəl burada hər 100 qadına 106 kişi düşürdü.

Çinlinin gözündə nigah nigahsızlıqdan üstündür, uşaqların çoxluğu – səadət, sonsuzluq – bədbəxtlik deməkdir. Bir çin hikmətli sözündə deyilir: “Arvad seçərkən özündən biliksizini, dost seçərkən özündən biliklisini seç!” Valideyn ehtiramından məhrum olmaq çinlilər üçün ən ağır cəzadır.

Milli mənsubiyyətindən asılı olaraq Çində nigah bağlama ənənələri fərqlidir. Lakin onların hamısı Nigah haqqında qanunda göstərilmiş və qəbul edilmiş ümumi prinsipləri gözləyirlər. Bu Qanuna əsasən 22 yaşına çatmış kişilər və 20 yaşdan az olmayan qadınlar nigaha girmək hüququna malikdirlər. Onu da qeyd edim ki, Çində ölkə əhalisinin sayı çox olduğuna görə artıq doğum nəzarət altındadır. Burada hər ailəyə bir uşaqdan çox olmasını yasaqlayan qayda var. Buna baxmayaraq, illik əhali artımı yüksəkdir. Hər il ölkə əhalisi orta hesabla 8-10 milyon nəfər artır. Hal-hazırda Çin Xalq Respublikasında əhalinin sayı 1 milyad 339 milyon 724 min 852 nəfərdir.

Çin dünyanın ən çox əhaliyə malik ölkəsi olsa da, bəzi əcnəbi ekspertlərin fikrincə, üç onillikdən sonra bir övlad siyasətinin mənfi cəhətləri ortaya çıxa bilər. Çin hökumətinin mütəxəssisləri isə bildirirlər ki, son 30 ildə doğumların sayını 400 milyon azaltmaqla bu siyasət ölkənin inkişafına böyük təkan verib.

Deyilənlərə görə, Mao Tsze Dun hakimiyyəti doğum üzərində nəzarətə çağıranlarla razılaşmırmış. O hesab edirdi ki, Çinin fövqəldövlət olması üçün ona işçi qüvvəsi lazımdır.

Mao öləndən sonra xələfi Den Siaopin 1980-ci il sentyabrın 25-də Kommunist Partiyasının Siyasi Bürosu bütün üzvlərinə “açıq məktubla” müraciət edərək, partiyaçılardan bir övlad siyasi kursunun yeridilməsində nümunə olmaq tələbini irəli sürüb.

Çin iqtisadiyyatının baş islahatçısı Den Syaopin praqmatik idi. Çində onun özünün islahatları ilə bağlı işlətdiyi bir ifadə məşhurdur:

“Mənim üçün pişiyin hansı rəngdə – ağ, yaxud qara olmasının əhəmiyyəti yoxdur. Mənim üçün vacib olan onun siçan tutmağı bacarmasıdır”

Görüşlərin birində bu fikir səslənəndə, mən yenə fikrə dalıb, öz ölkəmizdə 30-cu və 90-cı illərin əvvəllərində bir ictimai formasiyadan digərinə keçərkən, iqtisadiyyatın idarə edilməsində bolşevikcəsinə yol verilən nöqsanları xatırladım. Yəni Sovet İttifaqı qurulan və dağılan zaman iqtisadiyyata, min bir zəhmətlə qurulmuş sənaye müəssisələrinə çox böyük zərbələr vuruldu, bütün sahələrdə gerilik, boşluq yarandı. Yalnız Ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı həm siyasi, həm də iqtisadi burulğanlardan qurtara bildi.

 

ZARAFAT OLMASAYDI...

 

Deyirlər, zarafat etmək insanın fitrətindən gələn bir haldır. Doğurdan da elə məqamlar olur ki, təbii zarafat insanda xoş duyğular əmələ gətirir, onun həyata baxışının optimist tərzdə tənzimlənməsinə kömək edir.

Zarafatsız insan həyatı, keçdiyimiz uzun yollar görəsən necə olardı? İmam Məhəmməd Baqir buyurur: “Allah-Təala xoş təbiətli və zarafatcıl insanı sevir, ancaq bu şərtlə ki, günah və nalayiq sözlərdən çəkinsin”.

Biz də bəzən görüşlərdən, ekskursiyalardan qayıdandan sonra oteldə öz aramızda söhbət edir, Bakını, dostlarımızı yada salırdıq.

Elə bu unudulmaz və nostalji doğuran məqamlar zarafatsız ötmürdü. Adətən, Siyavuş Novruzov hərbi xidmətdə, tələbəlik illərində, aspirantların yataqxanasında yaşadığı zaman və parlamentdə şahidi olduğu məzəli əhvalatlardan söz açırdı.

Olmuş əhvalatlardan birini də mən danışdım. Qələm dostlarımdan biri ucqar rayonların birində icra hakimiyyəti başçısının mətbuat katibi işləyirmiş.

Bir dəfə aqrar islahatlar gedən bu rayona Çindən qonaqlar gəlir. Başçının da qəbulunda xeyli şikayətçilər varmış. Şikayətçilərdən yaxasını candərdi qurtarmaq istəyən başçı qonaqları görcək: “Hə buyurun, bir-bir problemlərinizi danışın, Çindən qonaqlarımız da gəlib, amma çalışın şikayətinizi çin dilində edin!

Bu zaman mətbuat katibi səbrini boğa bilmir, başçıya deyir:

– Ay müəllim, siz bu adamların ana dilində anlatdığı dərdə çarə tapa bilmirsiniz, guya cin dilində anlatsalar, əlac tapılacaq ?!

Başçı da söz altında qalmır :

– Zato, əlacı işgüzar çinli qonaqlar tapacaq!

... Beləcə, bir-birindən maraqlı lətifələr, eləcə də səfər təəssüratlarımız söhbətlərimizə özünəməxsus şirinlik qatır, hər birimizdə xoş ovqat yaradırdı.

 

(Ardı var)

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

 

525-ci qəzet.- 2012.- 20 yanvar.- S.14-15.