Misir Mərdanov: “Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi yönündə çox mühüm işlər görülür

 

Azərbaycanın təhsil sferasında aparılan islahatlar artıq 10 ildən çox bir müddəti əhatə edir. Belə ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildəki müvafiq sərəncamı ilə təhsil sahəsində İslahat Proqramı hazırlanmış, bu islahatlar dövlətimizin və Dünya Bankının maliyyə və texniki dəstəyi ilə həyata keçirilməyə başlanıb. Beləliklə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları artıq uzun müddətdir ki, uğurla davam etdirilir. Ölkədə aparılan təhsil islahatları təhsilin bütün sahələrini əhatə etdiyi kimi, təhsilin maliyyələşdirilməsi də bu islahatların əsas komponentlərindən biri olub.

Təhsil naziri Misir Mərdanov deyir ki, Azərbaycanda təhsilin maliyyələşdirilməsi sahəsində mütərəqqi metodların tətbiq edilməsi ilk əvvəl ümumi təhsildə sınanıb. Belə ki, Dünya Bankının texniki və maliyyə dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsil Sektorunun İnkişafı Layihəsi üzrə 3 pilot rayonunda – İsmayıllıda, Ucarda və Şirvan şəhərində adambaşına maliyyələşdirmə mexanizminin tətbiqinin sınaqdan keçirilməsi və islahatların ikinci mərhələsində bu mexanizmin bütün ölkəyə tətbiq edilməsi nəzərdə tutulub. Bu maliyyə islahatlarının əsas hədəfləri bir sıra məqsədlər olub. Məktəblərə ayrılan vəsait bölgüsünü daha ədalətli və şəffaf qaydada həyata keçirmək, məktəblərin öz vəsaitlərindən daha səmərəli şəkildə istifadə edə bilməsinə şərait yaratmaq, məktəb şurası vasitəsi ilə məktəblərin daha yaxşı idarə olunmasına nail olmaq: “Qeyd olunan bu məqsədlər Azərbaycan üçün ümumi təhsil məktəblərində adambaşına maliyyələşdirmənin tətbiqinin aşağıdakı əsas üstünlükləri ilə səciyyələnir. Yeni mexanizmin tətbiqi zamanı məktəbin ayrıca xəzinə hesab-kitabı açılır, müstəqil mühasibatlığı yaradılır və məktəb mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə özü maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir, məktəblərin büdcəsinin tərtibi və maliyyələşdirilməsi ilə bağlı subyektivizm halları aradan qaldırılır və şəffaflıq, ədalətlilik təmin olunur. Belə ki, yeni mexanizmin tətbiqi zamanı maliyyələşdirmə adambaşına normativlər əsasında vahid düsturla müəyyənləşdirilir. Məktəb büdcəsinin planlaşdırılmasında və idarə olunmasında məktəbin birbaşa iştirakı təmin edilir. Beləliklə, nəzərdə tutulan maliyyə vəsaitinin məktəblərin ehtiyaclarına daha səmərəli yönəldilməsi imkanı yaranır. Belə ki, təhsilin keyfiyyətinə bilavasitə təsir edən müəllimlərin ixtisasartırma tədbirlərinin daha səmərəli təşkilinə, o cümlədən, xaricdə treninq, seminarlara cəlbinə, məktəbin təlim materialları ilə təmin edilməsi və digər inkişafetdirici tədbirlərə vəsaitin yönəldilməsi imkanları genişlənir, məktəbdə təhsilin keyfiyyəti artır və idarəetmə təkmilləşir. Belə ki, məktəb maliyyələşdirmənin həcminin və maliyyə imkanlarının artırılmasını təmin etmək üçün əlavə şagird qəbuluna stimullaşır. Bu isə, öz növbəsində, məktəblər arasında rəqabəti gücləndirir və təhsilin keyfiyyətinin yüksəlməsinə zəmin yaradır”.

Nazirin sözlərinə görə, büdcədənkənar vəsaitlərin məktəbə cəlbinə və şəffaf istifadə edilməsinə şərait yaranır. Belə ki, məktəb hüquqi şəxs statusu əldə etdiyi üçün büdcədənkənar vəsaitlər üçün də xəzinədə hesab açmaq imkanı əldə edir. Məktəb müstəqil olaraq strateji sosial və iqtisadi planlar hazırlamaq imkanı əldə edir. Məktəb şəbəkəsi optimallaşır. Belə ki, yeni mexanizmin tətbiqi məktəbə maliyyə vəsaitlərinin mövcud sinif komplektlərinin sayına görə deyil, şagirdlərin sayına görə verilməsinə səbəb olduğundan əlavə maliyyə vəsaiti cəlb etmək məqsədilə az şagird sayı ilə siniflərin açılması və əlavə müəllimlərin işə qəbulu üçün süni ehtiyacların yaradılması halları aradan qalxır: “Sadalanan bu məqsədləri və üstünlükləri nəzərə alaraq layihənin icra planına əsasən 3 pilot rayonunun 59 ümumi təhsil məktəbində adambaşına maliyyələşdirmənin həyata keçirilməsi ilə bağlı həmin məktəblərin hər biri üçün ayrıca xəzinə hesabları açılmış, müstəqil mühasibatlıqları yaradılmış və seçilmiş beynəlxalq və milli məsləhətçilərin dəstəyi ilə şagirdbaşına maliyyələşdirmə düsturu hazırlanıb. Bundan əlavə, tətbiq olunacaq yeniliklərlə əlaqədar pilot rayonların məktəblərinin direktorları, mühasibləri ilə mütəmadi öyrədici seminarlar, məşğələlər keçirilmiş, onlarla yeni mexanizmin tətbiqi və istifadə qaydaları ilə əlaqədar müvafiq işlər aparılıb: “Müvafiq hazırlıq və sınaq işləri aparıldıqdan sonra pilot məktəblərində şagirdbaşına maliyyələşdirmənin icrasına başlanılması və bu mexanizmin hüquqi əsasını təmin etmək məqsədilə Təhsil Sektorunun İnkişafı Layihəsinin “Maliyyələşdirmə və büdcə islahatları” alt-komponentinin icrası haqqında Nazirlər Kabinetinin qərarı qüvvəyə minib. Bu qərara əsasən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının maliyyə müstəqilliyi verilib. 59 ümumi təhsil məktəbinin maliyyələşdirilməsinin 2007-ci il yanvarın 1-dən şagirdbaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsinə başlanılıb. Lakin qeyd olunan qərara əsasən pilot məktəblərin büdcələrinin tərtibi müvafiq qaydada şagirdbaşına maliyyələşdirmə düsturu ilə həyata keçirilsə də, məktəblər tam maliyyə müstəqilliklərini təmin edən bir sıra səlahiyyətləri əldə edə bilmədilər. Belə ki, ayrılan büdcə vəsaitinin iqtisadi təsnifatın xərc yarımmaddələri arasında bölüşdürülməsi və il ərzində zərurət yarandığı, həmçinin ilin sonunda qənaət olunduğu hallarda xərc yarımmaddələri arasında müvafiq yerdəyişmələrin aparılması kimi səlahiyyətlərin məktəblərə verilməsi məsələsi ciddi müzakirələrə səbəb oldu. “Büdcə sistemi” haqqında qanunu ilə yuxarıda adıçəkilən qərar arasında ziddiyyət olduğundan məktəblərə tam maliyyə müstəqilliyinin verilməsi hüquqi cəhətdən mümkün olmadı. Bundan əlavə, pilot rayonlarda yaradılmış məktəb şuralarının fəaliyyətinin istənilən səviyyədə olmaması, onların məktəb büdcəsi və xərcləri barədə sərbəst şəkildə və düzgün qərar verə bilmək iqtidarında olmamaları da narahatedici amillərdən biri hesab olunmalıdır. Məktəb şuraları yaradılsa da, onların fəaliyyəti hələ də formal xarakter daşıyır və məktəbin idarə olunmasında onların fəallığı hiss olunmur. Buna görə də məktəb şuralarının fəaliyyəti daim gücləndirilməlidir. Bu məqsədlə ictimai həyatda böyük nüfuza və müstəqil qərar vermək qabiliyyətinə malik olan şəxslərin məktəb şuralarının fəaliyyətində iştirakı vacib amildir. Bu səbəblərdən islahat layihəsi çərçivəsində pilot rayonları kimi seçilmiş Şirvan şəhəri, İsmayıllı və Ucar rayonlarının məktəblərində maliyyə islahatları nəzərdə tutulan şəkildə tam deyil, qismən həyata keçirildi və yalnız 3 pilot rayonla məhdudlaşdı. Lakin bu islahatların miqyasının genişləndirilməsi və qeyd olunan problemlərin aradan qaldırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009-2014) çərçivəsində əvvəlki layihədə başlanılmış maliyyə islahatlarının qiymətləndirilməsi və bununla əlaqədar hökumətə tövsiyələrin hazırlanması qərara alınmışdır. Hazırda bu istiqamətdə ciddi işlər aparılır. Belə ki, Təhsil Nazirliyi maliyyə islahatlarının respublikanın bütün ümumi təhsil məktəblərində həyata keçirilməsini zəruri hesab edir və bu istiqamətdə işlərin davam etdirilməsi niyyətindədir”.

M.Mərdanov bildirib ki, ümumi təhsildə adambaşına maliyyələşdirməyə keçid bir sıra problemlərlə üzləşsə də, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi istiqamətində ölkədə hazırda çox mühüm işlər görülməkdədir. Belə ki, prezidentin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” fərmanına əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir: “Qeyd olunan Fərmanın mahiyyəti və icrası barədə danışmazdan əvvəl bu yeni mexanizmin tətbiqinin zəruriliyinə və əhəmiyyətinə nəzər salaq. Müasir dövrdə ali təhsilin inkişafı yaxın perspektiv üçün ölkəmizin sosial-iqtisadi inkişafının əsas prioritet istiqamətlərindən biridir. Belə ki, indiki dövrdə ölkənin inkişafının əsas amili təhsilin səviyyəsi və keyfiyyətindən çox asılıdır. Bu baxımdan ölkəmizdə təhsil sahəsində, eləcə də ali təhsildə aparılan nəticəyönümlü islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali təhsildə hazırda aparılan islahatların əsas ana xəttini prezidentin sərəncamı ilə təsdiq olunan “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası təşkil edir. Proqramın əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, ali təhsilin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Artıq bu gün Azərbaycanın ali təhsil sistemi Avropa ali təhsil məkanına inteqrasiya istiqamətində inkişaf etməkdədir. Ali təhsildə keyfiyyətin əldə olunması, effektiv idarəetmənin və ayrılan vəsaitlərdən səmərəli istifadənin təmin edilməsi üçün əsas amillərdən biri də ali təhsilin maliyyələşdirilməsində yeni və mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır. Bu baxımdan ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin bu ilin əvvəlində imzaladığı “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Fərman mühüm əhəmiyyət kəsb edir. Belə ki, ali təhsilin dövlət maliyyələşdirməsinin bugünkü mexanizmi müasir qloballaşma və bazar iqtisadiyyatı şəraitində rəqabətin gücləndiyi bir dövrdə tələb olunan standartlara cavab vermir. Hazırda dövlət ali təhsil müəssisələrinin büdcəsi əsasən büdcə və büdcədənkənar vəsaitlər (ödənişli təhsil) hesabına formalaşır. Dövlət ali məktəblərinin illik büdcəsi əvvəlki illərin xərcləri nəzərə alınmaqla onların təqdim etdikləri xərclər smetasının proqnozu əsasında müəyyənləşdirilir və bu büdcə vəsaitləri mövcud qanunvericiliyə uyğun olaraq xərclərin istiqamətindən və təyinatından asılı olaraq 40-dan çox xərc maddələri çərçivəsində icra olunur. Qeyd etməliyik ki, ali məktəblərin maliyyələşdirilməsinin mövcud mexanizmi təhsil sahəsində beynəlxalq və milli səviyyədə rəqabətin gücləndiyi, nəticələrə əsaslanan strateji planlaşdırmanın və maliyyələşdirmənin rolunun yüksəldiyi bir dövrdə müasir tələblərə cavab vermir. Bu mexanizm ali məktəblərdə cavabdehliyin, rəqabətin, təhsildə keyfiyyətin yüksəldilməsini tam təmin etmir və son nəticədə büdcədən ayrılan vəsaitlərin ali məktəblərdə müəyyən dərəcədə səmərəsiz istifadəsinə səbəb olur. Ali məktəblər onlara ayrılan dövlət vəsaitlərindən mövcud ehtiyaclar üzrə sərbəst istifadə edə bilmir, vəsaitlərin bölgüsündə bəzən subyektivlik hallarına rast gəlinir. Bundan əlavə, ali təhsil müəssisələri tələbə qəbulunun və dövlət maliyyələşdirilməsinin həmin ali təhsil ocaqlarının fəaliyyətinin nəticələrindən və keyfiyyət göstəricilərinin səviyyəsindən asılı olmayaraq planlı qaydada həyata keçirildiyi üçün bir növ arxayınlaşır, keyfiyyətin, cavabdehliyin artırılmasına ciddi səy göstərmir və nəticədə sağlam rəqabət mühiti təmin olunmur. Bu baxımdan deyə bilərik ki, ölkə Prezidentinin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 10 fevral 2010-cu il tarixli Fərmanından irəli gələn tələblərə əsasən ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi bu problemlərin köklü şəkildə tədricən aradan qaldırılmasına yönəlib. Belə ki, Fərmana əsasən 2010-2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Bundan əlavə, Fərmana əsasən bundan sonra dövlət sifarişinin formalaşdırılmasında ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınır”.

Nazir bildirib ki, təhsildə adambaşına maliyyələşdirmə mexanizmi dünyanın inkişaf etmiş ölkələrində tətbiq olunan ən mütərəqqi metodlardandır. Bu mexanizm dövlət büdcəsindən ali təhsil müəssisələrinə ayrılan vəsaitlərin bir tələbə üçün müəyyənləşdirilmiş xərc normativinə əsasən maliyyələşdirməni nəzərdə tutur. Yəni bu o deməkdir ki, müvafiq kadr hazırlığı üzrə dövlət sifarişini yerinə yetirən təhsil müəssisələrinə maliyyə vəsaitləri tələbələrin sayından asılı olaraq veriləcəkdir. Qeyd olunan Fərmanın əsas məqsədlərindən biriali təhsil müəssisələri arasında dövlət maliyyəsinin, daha doğrusu, dövlət sifarişi əsasında təhsil alacaq tələbə uğrunda mübarizəni, başqa sözlə, yarışmanı təmin etməklə rəqabətin yaradılmasıdır. Belə ki, yeni qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdirlər. Həmçinin mülkiyyət formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər. Yəni dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər artıq əvvəlki qəbullardan fərqli olaraq özəl ali təhsil müəssisələrini də seçə bilərlər. Bu zaman tələbənin təhsili üçün nəzərdə tutulan dövlət vəsaiti tələbənin ardınca həmin özəl ali məktəbə gedəcəkdir. Bu bir növ dövlət sifarişinin yerinə yetirilməsində dövlət ali məktəblərinin inhisarçılığına son qoymaqla təhsil almaq üçün bərabər imkanları və ədalət prinsipini təmin edir. Belə ki, ali təhsil müəssisələrinə qəbul üçün tətbiq olunacaq yeni qaydalardan fərqli olaraq əvvəlki qaydalarda tələbə yüksək bal toplasa da, dövlət hesabına oxumaq üçün yalnız dövlət ali təhsil müəssisələrini seçmək məcburiyyətində qalırdı. Bu isə tələbələrin bərabər seçim imkanlarını təmin etmirdi. Əlbəttə ki, tətbiq olunan yeni qaydalar təhsil müəssisələrinin qarşısında böyük məsuliyyət və yeni tələblər qoyur. Belə ki, təhsil müəssisələri keyfiyyətli təhsil xidmətləri təqdim etmədikləri halda tələbələr həmin ali məktəblərdə oxumağa həvəs göstərməyəcəklər və nəticədə dövlət sifarişi əsasında tələbəyə ayrılan dövlət maliyyəsi tələbənin ardınca digər ali təhsil müəssisəsinə gedəcəkdir. Bu, bir tərəfdən ali təhsil müəssisələrinin bu sahədə cavabdehliyini də artırır. Beləliklə, ən yaxşı tələbələr, öz növbəsində, daha keyfiyyətli təhsil verən ali təhsil müəssisələrinə üz tutacaqlar. Nəticədə aşağı keyfiyyətli təhsil müəssisələri dövlət sifarişindən və sonda dövlət maliyyəsindən məhrum olacaqlar: “Qeyd olunan yeni qaydaların tətbiqi üçün əlbəttə ki, çevikliyi təmin edəcək yenidaha sadə mexanizmlərin və normativ-hüquqi aktların işlənib hazırlanması vacibdir. Nəzərə almaq lazımdır ki, Təhsil Nazirliyi ölkəmizin təhsil sistemi üçün yeni olan bu mexanizmin tətbiqinə başlanılan yeni tədris ilində daha çox radikal addımların atılmasının tərəfdarı deyil. Belə ki, əldə olunan dünya təcrübəsi də göstərir ki, ölkə üçün tamamilə yeni və fərqli olan bu mexanizmin tətbiqi zamanı qarşıya çıxa biləcək problemləri, riskləri həll etmək üçün bu işdə daha tədbirli olmaqyeni qaydaları əsaslandırılmış şəkildə olmaqla tədricən həyata keçirmək lazımdır. Təhsil naziri olaraq mən müvafiq KİV-lərdə ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı çıxışlarımda da bu məsələni xüsusilə vurğulamışam və yeni mexanizmin tətbiqinin son nəticədə ali təhsildə keyfiyyətin təmin olunmasına xidmət etməli olduğunu ön plana çəkmişəm. Belə ki, ali təhsildə dövlət sifarişinin yerinə yetirilməsi ilə bağlı tətbiq ediləcək yeni maliyyələşdirmə mexanizmi elə qurulmalıdır ki, ali təhsil müəssisələri arasında dövlət sifarişi uğrunda sağlam rəqabət və stimul yaransın. Bu mexanizmin tətbiqi zamanı əsas fikir dövlət sifarişi üzrə və ödənişli əsaslarla tələbə qəbulunun sayı arasında mütənasibliyin gözlənilməsinə verilməlidir. Belə ki, bu mütənasiblik gözlənilmədiyi halda, aşağı keyfiyyətli ali məktəblər dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməsə də, ödənişli təhsil üzrə daha çox tələbə əldə edərək iqtisadi cəhətdən üstün vəziyyətə nail ola bilər və dövlət sifarişinin yerinə yetirilməsində iştirak etməyə can atmaz, nəticədə keyfiyyəti təmin edəcək sağlam rəqabət mühiti yaranmaz. Buna görə də tətbiq olunan yeni mexanizm ali məktəbi tələbə, son nəticədə maliyyə vəsaiti əldə etmək üçün daim təhsilin keyfiyyətini artırmağa vadar etməlidir”.

Təhsil naziri qeyd edib ki, 2010-2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə isə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu 2070, ümumi qəbul planı isə 4023 təşkil edir. 2009-2010-cu tədris ilində dövlət sifarişi ilə tələbə qəbulu planı 2021, ümumi qəbul planı isə 4063 təşkil edib. 2010-2011-ci tədris ili üçün dövlət sifarişinin yerinə yetirilməsində ölkədə fəaliyyət göstərən 52 ali təhsil müəssisəsindən 37-si iştirak edib. Dövlət sifarişinin yerinə yetirilməsi üzrə ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi 2010-2011-ci tədris ilindən başlayaraq birinci kurs tələbələrini, növbəti illərdən ardıcıllıqla digər kursları da əhatə edib: “Məlumat üçün bildirim ki, fərmanın 6-cı bəndinin icrası ilə əlaqədar “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli, 120 nömrəli Qərarı qüvvəyə minib. Bu qərar əsasən aşağıdakıları əhatə edib. “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”, “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı”, “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”. Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında nümunəvi çərçivə müqaviləsi, ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alacaq təhsilalan arasında nümunəvi fərdi müqavilə. Göründüyü kimi, ali təhsilin bakalavrmagistratura səviyyələri üzrə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı hökumətin müvafiq qərarı ilə təsdiq edilib. Belə ki, Təhsil, Maliyyə və İqtisadi İnkişaf nazirliklərinin apardıqları hesablamalar, təhlillər və müzakirələr əsasında ayrı-ayrı ixtisaslarixtisas qrupları üzrə ali təhsildə dövlət sifarişinin yerinə yetirilməsi üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı müəyyənləşdirilib. Bundan əlavə, sözügedən qərarın əsas tərkib hissələrindən biri də “Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları”dır. Bu sənəd əsasən ali təhsil müəssisələrinin bakalavriatmagistratura səviyyələrində kadr hazırlığının dövlət sifarişi əsasında maliyyələşdirilməsi ilə bağlı ümumi müddəaları, əsas anlayışları, adambaşına maliyyələşmənin həcminin müəyyənləşdirilməsini, dövlət sifarişi çərçivəsində təhsilalanların müəyyənləşdirilməsini, dövlət sifarişi əsasında maliyyələşmənin şərtlərini, dövlət sifarişi əsasında maliyyələşmənin səmərəliliyinə nəzarəti və digər aidiyyəti məsələləri özündə əks etdirir. Yeni qaydalara əsasən, Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində kadr hazırlığının adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişi ilə həyata keçirilməsi zamanı tərəflər arasında yaranan münasibətlərin tənzimlənməsi məqsədilə Təhsil Nazirliyi ilə ali təhsil müəssisəsi arasında çərçivə müqavilələri və həmçinin ali təhsil müəssisəsi ilə dövlət sifarişi ilə təhsil alan təhsilalan arasında fərdi müqavilələr bağlanır”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2012.- 20 yanvar.- S.10-11.