Rusiyanın tənəzzül və dirçəliş erası

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Putinin tənqidçiləri onun keçmiş KQB zabiti olduğunu gözə soxur, prezident vəzifəsinə hansısa mərhəmətli münasibət hesabına gəldiyini vurğulayırlar. Əlbəttə, belə yanaşmada cüzi həqiqət işartısını tapmaq olar, lakin axırıncı ittiham heç də bütünlüklə həqiqətə uyğun deyildir. Ölkəni idarə etmək bacarığını çoxdan itirmiş Yeltsin hansısa hisslər kimyasının təsiri altında istefa verdikdə, gözlənilmədən, baxmayaraq ki, bunu əvvəlcədən bəyan etmişdi, prezident vəzifəsini Putinə təhvil vermişdi. Putinin opponentlərinin həmin məsələdəki iddiası bu hədd ölçüsündə sona çatır. Onu yaddan çıxarırlar ki, bir neçə ay sonra keçirilən alternativ prezident seçkilərində o, qalib gələrək kiminsə varisliyinə görə deyil, əslində bu vərəsə həmin vaxt birbaşa onun əleyhinə işləyirdi, xalqın göstərdiyi etimada əsaslanaraq bu vəzifə kürsüsünün artıq müvəqqəti deyil, daimi sahibinə çevrildi. Çünki baş nazir işlədiyi və prezident səlahiyyətlərini icra etdiyi dövrdə o, yalnız fəaliyyəti ilə özünü xalqa mümkün olduğu qədər tanıda bilmişdi.

Putinə ittiham şəklində irəli sürülən başqa bir cəhətə gəldikdə, onun karyera pilləsi ilə yuxarı qalxmasında iştirakı olan şəxslərin mövcudluğunu da danmaq düzgün olmazdı. Yəqin ki, dünya tarixi cıdırına hazırlaşanda kimlərsə onun üzəngisini tutmuşdur. Ancaq onu da unutmayaq ki, at çapmağın özü müəyyən bacarıq və ustalıq tələb edir, belə bir çətin cıdırda isə qalib gəlmək heç də hər bir atlının işi deyildir, bu, yalnız nadir fərasət sahiblərinə nəsib olur.

Putinin iradə gücü, cəsarəti, həll zəncirini ələ keçirmək üçün başlıca həlqədən yapışmaq qabiliyyəti hamıya olmasa da, artıq xalqın xeyli hissəsinə məlum idi. Bu vaxt əslində elə bir inqilabi hadisə də baş verməmişdi ki, qazanılan qələbə hansısa ehtirasların kor-koranə coşması hesabına yazılsın. Sadəcə olaraq, zamanın dəryazı onun yolunu özü təmizləyib açmışdı. 90-cı illərin bədbəxtliklər seriyasından, ehtiyac səhrasındakı sərgərdanlıqdan cana doyan xalq gözlərini geniş açaraq, uzun müddət ərzində rəhmsizcəsinə aldadıldığı qənaətinə gəldi. Və məhz öz intuisiyası hesabına belə namizədə üstünlük verməyi qərara aldı. Bu seçim heç də «bizə bir başbir qılınc lazımdır» kimi ağılsız şüara itaət əlaməti olmayıb, ölkəni və xalqı fəlakətdən xilas etmək yolunu aramaq istəyi idi. İlk dəfə idi ki, xalq yanılmadığının şahidi olduğuna görə ürəkdən sevinmək hüququna yiyələndi. Çünki Allahın mərhəməti ilə bu dəfə xalqının dərdinə şərik olmağı bacaran, həm də onun nəhəng potensialına böyük ümidlə baxan bir şəxs prezident seçilmişdi.

2000-ci illərin əvvəllərindən ölkə diz çökməyə son qoyub, qamətini düzəltməyə və hər məsələdə birinci növbədə öz gücünə arxalanmağa başladı. Qərblə əlaqələr qurmaq vacib idi, lakin onun qarşısında hətta şübhə doğuran işlərdə də daim təzim qaydasında «bəli» demək praktikasına son qoyuldu. Yeni lider daha böyük ümidlər oyatmağa başladı.

Viktor Hüqonun «Bonapartın arxasından artıq Napoleon görünürdü» sözlərini yada salsaq, tam məsuliyyətlə demək olar ki, fəaliyyətinin ilk anlarından, başlanğıcdakı cəsarətli tədbirlərindən bu keçmiş KQB podpolkovnikinin şinelindən uğurlu prezident çıxacağına əhalinin xeyli hissəsi artıq şübhə etmirdi. O, əslində əvvəlkilərdən də miqyasca fərqlənən görünməz cəbhədəki ən ağır döyüşə atıldı, çünki bu cəbhə tam naməlumluq dumanına bürünmüşdü, həm də bu döyüşün nəticəsinin necə olacağını dəqiq olaraq heç kəs söyləyə bilməzdi. Lakin çiyinlərinə göy qübbəsi kimi ağır yükü götürmüş bu adam çətinliklər və problemlər qayasının parçaları altında qalıb əziləcəyindən, məhv olacağından qorxmadı, bəlkə də qorxsa da, bunu hiss etdirmədi, geri çəkilmədi. O, öz sələfi kimi oliqarxlardan kömək diləmədi, əksinə onlardan hədyanlıq edən bəzilərini yerində oturtmaq yolunu seçdi.

Səkkiz il davam edən iki prezidentlik müddəti başa çatdıqda, o, işinin nəticəsinə görə heç də döyüşdən qələbə ilə qayıdan Roma konsulları kimi triumf keçirilməsi qaydasında hansısa mükafat tələb etmədi, əksinə vəzifəsini qanunda göstərilən şəkildə yeni seçilən prezidentə verdi. Bu hərəkəti ilə o, Rusiyanı hansısa qanunsuzluqlarçaxnaşma məkanına çevrilməsi ehtimalından uzaqlaşdırdı. Əgər çox sayda təkliflərlə razılaşıb, bütün qanuni qaydalar nəzərə alınmaqla yenidən prezident seçilmək istəsəydi, yəqin ki, əleyhdarları ona uzurpator damğası vurub, haray qaldıracaqdılar. Xalqın böyük hissəsi isə hansısa Konstitusiya məhdudiyyətlərinə baxmayaraq, üçüncü müddətə də onu prezident görmək istəyirdi. Başqa bir hissə isə belə variantla razılaşmaq istəmirdi və onun yenidən seçilməsini az qala faciə kimi qarşılayardılar. Sonunculara heçböyük Rusiya deyil, böyük sarsıntılar lazımdır. Axı bu ölkə Böyük Pyotrun abidəsində təsvir olunan at kimi onu şahə qaldıranları o qədər də sevmir, bəzən hətta onlara lənətlər yağdırmaqdan da çəkinmir. İslahatçı baş nazir İvan Arkadyeviç Stolpin qatilin əli ilə aradan götürüldü, əgər o, sağ qalsaydı Rusiya bəlkə də onu fəlakətlərə sürükləyən inqilablarla üzləşməzdi. Qədim Romada respublika tərəfdarları diktatorluq eşqinə düşmüş Yuli Sezarı qətlə yetirmişdilərsə, Rusiyada ölkəni uçurumdan uzaqlaşdıran bir hökumət başçısı qətl yolu ilə həyatdan getməli olmuşdu. Rusiya belə əcaib paradokslar məkanı kimi tanınır.

Bu misallar heçonu deməyə əsas vermir ki, dünyanın taleyini bütün dövrlərdə həqiqətən yüksək təbiətə malik insanlar müəyyən etmişlər. Lakin ləyaqətli insanların öz müdaxiləsi ilə tarixin gedişinə müəyyən korrektivlər etməsi həqiqətini də heç kəs inkar edə bilməz.

Rusiya bu günlər yenə də o qədər sakit olmayan günlərini yaşayır. Parlament seçkilərində hakim «Yedinaya Rossiya» partiyası qalib gəlsə də, dörd il əvvəl keçirilən seçkilərə nisbətən elektoratının bir hissəsini itirməli olmuşdur . Seçkilərin «Yedinaya Rossiya»nın xeyrinə qanun pozğunluqları ilə keçirilməsi barədə ittihamlar müxalifət qüvvələri tərəfindən geniş istismar edilir. Çox saydakı izdihamlı mitinqlərdə yenidən seçkilər keçirilməsi tələbləri ucadan səsləndirilir. Hakim partiyanın lideri kimi bu vəziyyət Vladimir Putinin nüfuzuna öz təsirini göstərməmiş qalmır. Onun özününreytinqi xeyli aşağı düşmüşdür, vaxtilə 80 faizə yaxınlaşdığı halda, indi 44 faizdirya əvvəlkinin az qala yarısına bərabərdir. Əlbəttə, iqtisadi və maliyyə böhranı həyatın bütün sahələrinə mənfi təsir göstərdiyi kimi, əhalinin əhval-ruhiyyəsini də müdaxilə etməmiş qalmır. Axı bu böhrandan konkret ailələr, adamlar əziyyət çəkməli olmuşdular. Adamlar çətinliklərlə üzləşdikdə bir qayda olaraq başqalarını, hətta ondan çox-çox uzaq məsafədə olanları günahlandırmağa başlayırlar. Dövrün, zamanın obyektiv çətinlikləri, ziddiyyətləri nəzərə alınmır, fərdlər düşdükləri vəziyyətə görə idarəedənləri ittiham edirlər. Bu vaxt dövlət və ya hökumət rəhbəri üstünə günahlar atılan adam rolunda çıxış etməyə başlayır və onlara qarşı belə mövqe nümayiş etdirənlər bunda bir təskinlik mənbəyi tapırlar. Bu vəziyyət həm də müxalifəti xeyli fəallaşdırmışdır. Onu da qeyd etmək lazimdir ki, müxalifət çoxrəngli olmaqla yanaşı, vahid mübarizə strategiyasına malik deyildir, həm də xarizmatik lider barədə də uduzur.

Putinə ağız büzənlərin çoxunun oxu indi ona prezidentliyə namizəd kimi daha sərt qaydada tuşlanmışdır. Döyüşə atılan adam hansısa yara alacağından qorxmamalıdır, sərkərdə isə bu məsələdə məhz nümunə göstərməlidir. Çünki xof onun məğlubiyyətini asanlaşdıran amilə çevrilir, iradə zəifliyi ruha, düşmənlərinin istifadə etdiyi silahdan da ağır zərbə vurur. Özünü mühafizə xatirinə orta əsr rıtsarlarının zirehli paltarına bənzəyən vasitələrdə də təhlükəsizlik aramaq ağılsızlıqdır, bu geyim yalnız at belində olduqda köməyə gəlirdi, onun olduqca ağır çəkisi rıtsar yeriməli olduqda, onun hərəkət etməsinə imkan vermirdi.

Putində zəiflik və qüsurlar tapmaq müşkül məsələ deyildir, lakin onun ən qatı əleyhdarları belə, bu adamın iradə zəifliyi barədə söhbət açsa, yəqin ki, yalan uydurmaq yoluna düşdüyü qənaətinə gələcəkdir. Opponentləri onu məğlub etmək üçün hər cür hücumlar etməyə, məkrli planlar cızmağa, iradəsinə Ness qanı bulaşmış plaş geyindirməyə hazırdılar. Bu çuxa onun bədəninə geyindirilsə, bundan görünməmiş əzablar çəkərdi. Onun iradəsi, ruhu isə elə immunitet dəbilqəsinə sığınmışdır ki, belə məkrli silahı da təhlükə mənbəyi kimi qəbul etməyəcəkdir.

Boyu-buxunu o qədər də gözə çarpmayan, düşüncələrdəki pəhləvan təsəvvüründən çox uzaq olan bu vücudun sahibinə hətta xoş münasibət bəsləməyənlər də onun nəhəng, bəlkə də hippotik iradə gücünə təəccüb qalmaya bilmirlər. Onun nüfuzu, hətta vəziyyəti üzərində qorxulu küləklər əsməyə başlayanda, ağlı və təbiəti böyük sınaqlara məruz qaldıqda da o, özünü itirmir, çaşqınlıq əlamətləri nümayiş etdirmir. Onun ikinci dəfə baş nazir işlədiyi dövrdə ölkədə çox sayda fövqəladə hadisələr baş verdi – Xakasiyadakı Sayano-Şuşenskaya su elektrik stansiyasında görünməmiş ağır qəza, təyyarələrin vaxtaşırı yerə çırpılıb məhv olması, raketlərin hesablanmış trayektoriyadan çıxıb itirilməsi,gəmilərin batması, böyük miqyaslı meşə yanğınları onların tam olmayan siyahısına daxildir. Bu fəlakətli hadisələr insan həyatı qurbanları ilə yanaşı, ağır maddi itkilərlə müşayiət olunurdu. Putin bu hadisələrin çoxuna özünü təcili yardım həkim kimi yetirir,mövcud itkinin ağırlığını bütünlüklə dərk etsə də, heç vaxt bunu bədbinlik hisslərinə təslim etmirdi, əksinə bütün mənəvi gücünü toplayıb adamlara təskinlik verir, hər şeyin bərpa ediləcəyini vəd edirdi.İtkini bərpa etmək mümkün olmasa da, bu vədlər hökmən həyata keçirilirdi, qəza yerində söylənilən və nikbinlik bəxş edən ifadələr heçboş sözlər olaraq qalmırdı. Elə bil ki, onun başı üzərində parlayan ulduz işıq saçmaqda davam edərək, onu zərbələrdən, məhvedici sınaqlardan qorxmamağa, iradəsinin sarsılmazlığını itirməməyə çağırır, daha böyük təşəbbüslərə imza atmağa ruhlandırırdı.

Bəs Putinin əleyhdarları nə ilə öyünə bilərlər, nifrət dalğası yaymaqdan başqa onlar hansı əməllərini sərgiləndirə bilərlər? Vaxtilə baş nazir kimi Putinə silahdaşlıq etmiş Mixail Kasyanov hələ həmin vəzifəni tutduğu dövrlərdə «Mişa – 2 %» ləqəbi ilə mükafatlandırılmışdı, bu onun əlinin natəmizliyinə işarə idi. İndi bu adam bir-birinə zidd olan bayraqlar altında Putinin əleyhinə uğursuz çıxış cəhdləri edir, xalqa guya yaxın olduğunu göstərməyə çalışır. Daxil olduğu xırda müxalifət qrupunda belə, etimad qazana bilməyən bir adam görən nəyə görə özünü xalq arasında nüfuz qazanmaq xülyası ilə qidalandırır.

Bir vaxtlar «NTV» kanalındakı «Kuklalar» verilişində Putin N.V.Qoqolun «Şinel» povesti əsasında çəkilmiş eyni adlı filmdə Rolan Bıkovun oynadığı baş personaj Akaki Akakiyeviçə bənzər bir cılız obrazda təsvir edilirdi. İndi bəzi müxalifət liderləri bu obraza daha çox uyğun gəlirlər, şineli(oxu: hakimiyyəti) itirdiyindən depressiyaya qapılan, onu tapmaq arzusu ilə çox sayda qapılar döyən və itkinin xiffətinin ağırlığına dözməyib, həyatdan gedən həmin biçarə qəhrəmanı xatırladırlar. Onlar hansısa bir mitinqi təşkil etmələri və orada təhqir xaşxaşı səpilmiş çıxışların baş alıb getməsi ilə öyünürlər.

Müxalifət cərgəsinə qoşulmaq heç də əxlaq üzərindən xətt çəkmək, vicdanı itirmək demək deyildir, belələri az qala «Xalq divan tutması» cəmiyyətinin yaratdıcısı S.Q.Neçayevi yada salırlar.Mitinqdən bir başa Kremlə hücum etmək barədə çağırışla çıxış edən yeni lider məgər adamları inqilaba səsləmirmi? Neçayev bu cəmiyyətin nizamnaməsində – «İnqilabçının katexizisində» yazırdı ki, «inqilabçı məhvə məhkum edilmiş insandır, onun nə marağı, nə işi, nə hissləri, nə nəyəsə bağlılığı, nə də adı yoxdur... O, yalnız dağıtmaq elmini bilir. Onun ictimaiyyətdən zəhləsi gedir, indiki əxlaqa nifrət edir. Ona mane olan hər şey pozğun və cinayət xarakterlidir».

F.M.Dostoyevskinin «Şeytanlar» romanının qəhrəmanı Pyotr Verxovenskinin prototipi məhz Neçayev idi. Şeytanlar isə insanlara, cəmiyyətə bəladan başqa nə təklif edə bilər?

Çox təəssüf ki, bəzi müxalifət liderləri bu köhnəlmiş katexizisin prinsiplərinə yaxın olan bir mövqedə dayanmaqdan çəkinmirlər. Bir əsr yarım bundan əvvəlki iyrənc irsi indi gündəmə gətirmək hecböyük ağıldan xəbər vermir. İnqilablardan görünməmiş əziyyətlər çəkmiş Rusiyada bu kabusun yenidən ayaq açması, dolaşması heçxeyir vəd edən bir şey deyildir.

Əlbəttə, siyasət böyük rus yazıçısının dediyi kimi, heçNeva prospektinin səkisində gəzişmək deyildir. Siyasətin bəhrələrinin qabarması, çəkilməsi də mövcuddur, burada heç də hər şey uğurla nəticələnmir, uğursuzluq anlarının kədərini də yaşamaq, onları öz əsəblərindən keçirmək lazım gəlir. Putin də, yəqin ki, özünü qəhrəmanlıq seriyası ilə mifologiyanı zənginləşdirən Herakl hesab etmir. Ancaq bu məsələdə məlum zəifliklərdən də xali deyildir. Qərb qaydalarının təsiri altında müasir piarın tələblərini də diqqətsiz buraxmır, bəzi həyat səhnələrində özünü «maço» obrazında təqdim etməyi qəbahət saymır. Bu səhnələr istisna olmaqla, o, təvazökarlığını, sadə ünsiyyətini itirmir. Müşahidələr göstərir ki, dahi dövlət xadimləri qalereyasına qayıtmaq xülyası da onu o qədər cəzb etmir, özündən, əməllərindən razı qalmaq xüsusiyyəti ona yaddır, qədim yunan müdriklərinin vəsiyyətinə əməl edərək, hər şeydə ölçü hissini gözləməyə çalışır.

Çoxlarına elə gəlir ki, qəribə bir təsadüf onu siyasətin ön səhnəsinə gətirib çıxarmışdır. Onları qınamaq da düzgün olmazdı. Lakin Engelsin məşhur ifadəsindən istifadə edərək, demək lazımdır ki, zaman öz axtarışında onu tapmışdır. Və o da zamanın bütün amansız çağırışlarına cavab verməyə qadir olduğunu artıq arxada qalmış təcrübəsi ilə sübuta yetirə bilmişdir. Bundan sonra onu hansı uğur ya uğursuzluqlar gözləməsindən asılı olmayaraq, ən yeni Rusiya tarixində onun diqqəti cəlb edən dövlət və hökumət başçısı kimi mövcud portretinin heç bir retuşa ehtiyacı yoxdur.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2012.- 20 yanvar.- S.8.