İrəvanda Azərbaycan mətbuatı: 95 yaşlı “Bürhani-həqiqət” jurnalı

  

Bu günlərdə “Bürhani-həqiqət” jurnalının bütün saylarının transfoneliterasiyasını başa çatdırmışam. Məqsədim onu nəfis bir tərtibatla nəşr etdirib, vaxtilə qədim İrəvan quberniyasının ictimai-siyasi mənzərəsini, ədəbi mühitini, zəngin mədəniyyətini, soydaşlarımızın həyat və məişətini aydın əks etdirən bu mədəni-mətbu abidəni yaddaşımızda göyərtməkdir. Zənnimcə, Qərbi Azərbaycanımızın tarixi, mədəniyyəti, milli-mənəvi, əxlaqi dəyərləri, bu qədim yurdumuzla bağlı qaynaqları üzə çıxartmaq, xalqın taleyində başlıca rolu olan sənətkarlarından hər zaman bəhs etmək olduqca vacibdir.

Təəssüf ki, bu gün İrəvanın ədəbi mühiti, görkəmli şəxsiyyətləri barədə yetərincə məlumat toplamaq, onların hər birindən ətraflı bəhs etmək mümkün deyil. Səbəbi məlumdur: üzdəniraq qonşularımızın bizimlə apardığı ədavət üzündən oğuz yurdumuzun bir parçası olan İrəvanda işığa həsrət qalan arxiv sənədlərini (əgər qalıbsa), tarixi-ədəbi qaynaqları aşkara çıxarıb, tədqiq edə bilmədiyimizdən məlumatımız olduqca kasaddır. Buna baxmayaraq İrəvan azərbaycanlılarının həyatı, ictimai-ədəbi mühiti, ziyalıları ətrafında bir sıra tədqiqatlara İsrafil Məmmədov, Əsgər Zeynalov, Əziz Ələkbərli, Cəlal Allahverdiyev, Ziyəddin Məhərrəmov və başqalarının əsərlərində rast gəlmək mümkündür. Lakin bu gün əsirlikdə qalan Qərbi Azərbaycanımızın yaşam tarixinin, mədəniyyətinin azacıq işartısı olan 1 səhifəlik, hətta bir cümlədən ibarət məlumatın da üzə çıxarılması, araşdırılması o yerlərdə əbədi varlığımızın, ruhumuzun, nəfəsimizin yaşam tarixini təsdiqləyən hüquqi bir sənəd gücünə malikdir. Yəni bu sahədə araşdırma aparan hər bir tədqiqatçının məlumatı qiymətli məxəzdir.

 

I YAZI

 

1917-ci il yanvarın 1-də İrəvanda Əli Hacı Zeynalabdinzadə Rəhimovun (Əli Məhzun) müdir-mühərrirliyi və Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə “Bürhani-həqiqət”in ilk sayı çapdan çıxdı. Bu dövrdə İrəvan kimi qədim mədəniyyətə, sənətkarlıq abidələrinə, maarifpərvər şəxsiyyətlərə, şair və ədiblərə malik olan azərbaycanlıların həyatında belə bir jurnalın meydana çıxması ictimai-ədəbi hadisə idi.

Jurnalla ilk tanışlıqdan aydın oldu ki, Əli Məhzun xalqın ictimai həyatına, məişət və mədəniyyətinin inkişafına müəyyən mənada təsir edəcək bir jurnal nəşr etmək barədə xeyli vaxt düşünmüş, sözünün çəkisini, təsir gücünü və sanbalını götür-qoy etmişdir. Bu istiqamətdə şəhərin maarifpərvər ziyalıları ilə ətraflı müzakirələr aparmışdır. Jurnalın əsas aparıcı əməkdaşları olacaq müəlliflərin hər birinin ixtisasına, bilik təcrübəsinə uyğun olan mövzuları da əvvəlcədən müəyyənləşdirmişdir. Ə.Məhzunun “Bürhani-həqiqət”in ilk səhifəsində oxuculara təqdim etdiyi şəxslər, jurnalın mənəvi yükünü onunla paylaşan qələmdaşları, ədibin əqidə, məslək dostları idi.

Cəmi 9 sayı işıq üzünə çıxan “Bürhani-həqiqət”in fəaliyyəti xalqın milli varlığının və düşüncəsinin ədəbi-bədii, elmi-ictimai formada təsvir olunması ilə səciyyəvidir. Bu fikri bütövlükdə açmaq, jurnalın qayəsini, cəmiyyət həyatına təsirini duymaqdan ötrü mövzuları ümumiləşdirmək, fərdi xüsusiyyətlərini aşkarlamaq öz zəruriliyini doğurur. Bütün bunlara keçid almazdan öncə istər-istəməz belə bir sual da fikrimizə hakim kəsilir: Görəsən, Ə.Məhzunun o zaman cəmiyyətdə mövqeyi necə idi? Ədib “Bürhani-həqiqət”i nəşr etməklə ən başlıcası hansı meyara tapınmışdır? Ümumiyyətlə, onun meydana çıxardığı bu məcmuə o zaman xalqın taleyində nə kimi əhəmiyyət kəsb etdi? Bu səbəbdən də onun şəxsiyyətinə, yaradıcılığına və ictimai-ədəbi mövqeyinə qısaca nəzər yetirməyi məqsədəuyğun sayırıq.

Əli Hacı Zeynalabdinzadə Rəhimov (1886-1934) hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir. Elmli, yüksək erudisiyaya malik bir ziyalı, istedadlı qələm sahibi idi. O, adı çəkilən jurnala qədər Qafqazın bir sıra mətbuat orqanlarında şeirləri, ictimai-siyasi mövzuda yazdığı məqalələri, felyetonları ilə çıxış edirdi. Həm də milli ruhda yazılmış roman və hekayələrin müəllifi idi. Cəhaləti, dini-xurafatı tənqid edən əsərlərindən biri olan “Şəriət xadimi” 1927-ci ildə Bakıda “Azgiz”də nəşr olunmuşdu. “Molla Nəsrəddin”in İrəvan müəllifləri sırasında jurnalla ən çox əməkdaşlıq edən müəlliflərdən idi. Türk dili (Azərbaycan) və ədəbiyyatını tədris edirdi. Müəllimlik sənəti ona xalqın qəflət yuxusundan ayılması, gözünün açılmasında, ictimai şüurunun formalaşmasında daha çox işlər görməsinə şərait yaratmışdı. O, İrəvanın tərəqqipərvər ziyalıları ilə qüvvələrini birləşdirərək xalqın cəhalət girdabından azad olması yolunda ideoloji mübarizə aparır, şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edirdi. Maarifpərvər ziyalı, qüdrətli qələm sahibi kimi ictimai-ədəbi fəaliyyətini dilimizin, mədəniyyətimizin, mənəvi-əxlaqi dəyərlərimizin qorunmasına və yeni ənənələrlə inkişafına həsr etmişdir. O, İrəvan quberniyasında baş verən ictimai-siyasi hadisələri, mədəni geriliyi, çar üsul-idarəsinin rəzilliyini, ermənilər tərəfindən evləri talan olan, yurdlarından qovularaq çöllərə səpələnən millətin acı həyatını ürək yanğısı ilə müşahidə edir, real faktlara söykənən publisistik yazılarında bunlara münasibət bildirirdi. Savadsız millətin mədəni inkişafdan, ailə-məişət tərbiyəsindən məhrum olması onu qayğılandır, bu yolda mübarizəyə səsləyirdi. İrəvanda siyasi hadisələrin baş verməsi, cəhalət və nadanlığın xalqı qaranlıqda saxlaması kimi bir çox hadisələr təbii ki, bu insanın fəaliyyətinə maneələr yaradırdı. Buna baxmayaraq o, ictimai-siyasi, ədəbi fəaliyyətini bütünlükdə xalqın maariflənməsinə və kamilləşməsinə həsr edirdi. Həmin dövrdə Ə.Məhzun soydaşlarının böyük inam bəslədiyi şəxsiyyətlərdən idi.

Lakin o, İrəvanda baş verən hadisələrdən xalqın baş çıxartması, haqqını, hüququnu dərk etməsinin yollarını arayır, daha ciddi işlər görməyi düşünürdü. Azərbaycanlıların ermənilərdən dəfələrlə çoxluq təşkil etdiyi dədə-baba yurdlarında ana dilində mətbuatın olmamasından narahatlıq keçirirdi. Məlumdur ki, 1914-cü ildə cəmi 12 sayı işıq üzü görən “Lək-lək”dən sonra İrəvanda bircə səhifəlik də olsa nəşr orqanı yox idi. O, mütərəqqi fikirli ziyalı kimi xalqın milli şüurunun formalaşmasında mətbuatın rolunu yaxşı dərk edirdi. Bu ətrafda düşünür, millətin taleyi ilə bağlı ağrı-acılarını onunla bölüşməyə yollar arayırdı. Elə buna görə də mükəmməl vasitə kimi İrəvanda ana dilində bir məcmuə açmağı qərara alır. O zaman ziyalıların bu sahədə cəhdləri uğursuzluqla nəticələnsə də Ə.Məhzun xeyli yazışmalardan sonra “Bürhani-həqiqət”in nəşrinə icazə ala bilir (Sənəd: Gürcüstan SSR MDTA, qovluq 1183, 680,vərəq 9). Göründüyü kimi jurnal xalqın maariflənməsi, cəhalətin, mədəni geriliyin aradan qaldırılması uğurunda aparılan ideoloji mübarizədən, cəmiyyətdə gedən yeniləşmə prosesinin insanların həyatına təsiri, mənəvi-əxlaqi dəyərlərin yaranmasına təkan vermək məqsədindən yaranmışdır. Ə.Məhzunun ən böyük əsəri də bu gün İrəvanın mədəni abidələri içərisində şərəfli yer tutan “Bürhani-həqiqət” jurnalıdır.

Ə.Rəhimov “Bürhani-həqiqət”in tribunasına xalqın inanıb etibar etdiyi ziyalıları, əliqələmliləri dəvət etmişdi. Diqqəti çəkən amillərdən başlıcası budur ki, jurnalın əsas müəllifləri xalqla onun öz dilində danışmağı bacaran, onu öyrədən, tərbiyə edən ziyalılardı. Onlar xalqın maariflənməsi, tərbiyə olunması yolunda qüvvələrini birləşdirmişdilər. Jurnala məsul olan şəxs də burada elə mövzulara yer vermişdi ki, hər kəs ondan öyrənməyə, onun vasitəsilə tərbiyə olunmağa borclu olsun. Bu səbəbdən də jurnalın səhifələrindəki yazıların hər biri öz tutumunda böyük hikmət, məna və məqsəd ifadə etmişdir. Burada lüzumsuz, yer tutmaq, boşluğu doldurmaq xatirinə bircə sətir də olsun yazı verilməmişdir. İrəvanın bu dövrdə ədəbi-elmi mühiti, ictimai-siyasi mənzərəsi əsərlərin timsalında aydın görünür.

İlkin sətirlərdən “Bürhani-həqiqət”in məsləki açıqlanır: “Haqq və həqqaniyyət tərəfdarı olaraq həqiqətə bürhan olmaq”. Yəni “Bürhani-həqiqət” həqiqətin dəlil və isbatı deməkdir”. Əli Məhzun məhz bu həqiqətin işığında xalqına xidmət edəcəyini vəd edir. Hələlik ayda iki dəfə nəşr olunacağını bildirən müdir yazıların əhatə edəcəyi sahələri açıqlayır: “Qarelərinə (oxucularına) bacardıqca elmi, ədəbi, fənni, tarixi, siyasi, iqtisaditibbi məlumat verərək ümumə nafe məsələlərdən bəhs edəcəkdir”. Bu kiçik bildirişdə məcmuədə verilən yazıların əhəmiyyətli olacağına inam yaranır. “Bürhani-həqiqət”də iştirak edəcək müəlliflərin adları açıqlanır: müəllim Mirzə Cabbar Məmmədzadə, doktor Muğanlı (matematik), hesab elmi müəllimi Şeyxülislamov, riyaziyyat elmi müəllimi Vahid, nəbatat elmi müəllimi Rə-him “Naci”, Türk dili müəllimi “Təhvil” (Bu, jurnalın redaktori Əli Məhzun Hacı Zeynalabdinzadə Rəhimovun imzasıdır Ş.N.) və bir neçə darülfunun tələbələri. Fikir verin, jurnalın əsas yazarları, söz deməyə qadir olan adamlar müəllimlərdir. Quberniyada kifayət qədər tanınan, xalqın balalarının tərbiyəsində, yetişib-formalaşmasında zəhməti, əməyi olan insanlardı. Ə.Məhzun ətrafına bu adamları toplamaqla ilk növbədə jurnalı qəliz, anlaşıqsız ifadələrdən mümkün qədər təmizləməyi düşünmüşdür. Xalqın, öz fikrini asan, aydın ifadə edə bilən, əhəmiyyətli məsələləri öyrətmək iqtidarında olan müəllimlərin sözünə inanacağını bilirdi. Jurnala yazı göndərmək qaydası, abunə qiyməti, illik abunə olanlara üç cild kitab hədiyyə olunacağını bildirməsi ilk baxışda qəzet və jurnallara xas olan ənənəvi məlumat təsiri bağışlasa da, millətin balaları üçün yazılmış dərsliklərdən, bədii əsərlərdən bəhrələnmək çağırışı İrəvanın azərbaycanlı mühiti üçün böyük əhəmiyyət kəsb edirdi. Bəs, Ə.Məhzun jurnalın yaradıcısı kimi bu çətin və gərəkli işi həyata keçirtmək üçün hansı məsələlərə toxunmuş, nələrdən bəhs etmişdir?

Ə.Məhzun ədəbi-jurnalistlik fəaliyyətinə əsasən şeirlə başlamışdır və həmin dövrdə mətbuat aləmində, ədəbi mühitdə əsasən şair kimi tanınırdı. Jurnalda “Ədəbiyyat” səhifəsinin olması onun şeirə doğma münasibətindən, həm də şairlərin özlərini tanıtması, yetişməsi və ədəbi məhsullarını üzə çıxartması üçün yaratdığı imkanın ifadəsi idi. O, burada Cabbar Əsgərzadə, Əli Səidin əsərlərini, darülfunun istedadlı tələbələrinin, ədəbiyyatsevərlərin müəyyən münasibətlərlə qələmə aldıqları şeirlərini oxuculara təqdim edir. Ə.Məhzun özü jurnalda şair, publisist, müəllim və ədəbiyyatşünas kimi çıxış edir. Bu sahənin hər birində də onun kamil biliyə, istedada malik olması aydın görünür. Onun ictimai-siyasi mövzuda qələmə aldığı publisist yazıları uzun illər boyunca İrəvanda davam edən avamlıq və cəhalət mühitində xalqın milli şüurunun, dünyagörüşünün formalaşması və inkişafı pro-sesinə təkan verən mübarizəsinin parlaq nümunəsidir. Bu əsərlərin hər biri bütövlükdə o dövrün ictimai-siyasi mənzərəsini həyat reallıqları fonunda əks etdirir. Onun müəllif yazıları, həm də “Bürhani-həqiqət” imzası ilə verilmiş məqalələrinin hər biri ayrılıqda geniş müzakirə mövzusudur. O, nədən yazırsa yazsın, həmin dövrdə istismara, işğalçılığa, sui-qəsdlərə məruz qalmış soydaşlarının acı aqibəti, erməni vəhşiliyi bu yazıların içindən bir qara yel kimi keçir. Onun mədəni-mənəvi abidələrimiz sırasında İrəvanın milli-mənəvi sərvəti sayılan “Göy məscid”ə sahib çıxmağa çalışan üzdəniraq ermənilərin niyyətini ifşa edən “İrəvan məscidi”i məqaləsində tarixi həqiqət, yazıçının milli təəssübkeşlik hissi sətirlərdə dil açır. Məqalədə oxuyuruq: “Həmin fövqdə basılmış məscid əksi İrəvanda əski binalardan ədd olunan “Məscidi-came”-“Göy məscid”in əksidir. Həmin məscid 1178 səneyi-hicridə bina olunmuşdur. İrəvan şəhəri hənuz İran hökumətinin təhti-idarəsində olduğu zaman 1756-cı səneyi-miladidə İrəvanda hakimlik edən Nəcəfqulu xan Qacarın oğlu Hüseynəli xan tərəfindən həmin məscid bina olunmuşdur. Lihaza (buna görə) bina etdirən şəxsin adı ilə “Hüseynəli xan məscidi” dəxi təsniyə olunur (adlanır). Deməli, Rusiya hökuməti İrəvanı müsəxxəl (zəbt) etmədən 72 sənə müqəddəm həmin məscid bina olunubdur. Hal-hazırda yaşayıb durmaqdadır”.

Lakin müəllifin həmin məscid haqqında məlumatı bununla tamamlanmır. Məqalə müəllifi “Təhvil” bundan sonra böyük narahatlıqla bir erməni müxbirinin həmin məscidlə bağlı cəfəng, uydurma fikirlərindən narahatlığını bildirir. İrəvanın azərbaycanlı ziyalısının narahatçılığı əbəs deyildi. Çünki həmin dövrdə Rusiyada böyüməkdə olan siyasi hadisələr, onun inqilab dalğaları Zaqafqaziyaya da gəlib çatmışdı. Bu siyasi mübarizələrdən öz məqsədləri üçün istifadə edən ermənilər də hər yerdə olduğu kimi İrəvanda da ixtişaşlar törədərək azərbaycanlıları sıxışdırıb, evlərindən didərgin salmağa, onların yerini Türkiyədən gəlmiş ermənilərin zəbt etməsinə nail olmuşdular. Qədim yurd yerlərimizdə təzə-təzə məskunlaşmaqlarına baxmayaraq, kəndlərimizin, qəsəbələrimizin adlarını dəyişir, tarixi-mədəni abidələrimizə qarşı mənəvi qəsdlərə başlayırdılar. Görün, erməni müxbiri bizimGöy məscid” haqqında nələr üydurubmuş. “Təhvil” yazırdı:

Solntse Rossii” jurnalının 279-cu nömrəsində həmin məcmuənin xüsusi müsəvviri (rəssamı) “Ter-yan”ın Bədayei-sənayeyindən (İncəsənət abidəsi) hesab olunaraq həmin İrəvan məscidinin fövqdəki qərar ilə əksi basılaraq “Van məscidi” adlanmışdır. Solntse Rossii” jurnalının həmin hərbi müxbir və müsəvviri “Ter-yanqomşunun bişmiş toyuğu güldürəcək belə müsəvvirliyi həmin məcmueyi-mətinənin nə qədər “doğruçu olduğuna”, qarelərinə “ter-yanlardan alınmış “ən müvəssəq” (doğru) xəbərlər oxutdurduğuna və idinnən (söz verməsindən) alınmış həmin məscid kimi fotoqraf əksləri tamaşa etdirdiyinə şübhə buraxmayır.

Əcəba! Ter-yanqomşunun atkritkalar üzərində basılmış bütün QafqazRusiyada nəşr olunmuş şu İrəvan məscidi fotoqrafını “Van məscidi” deyə “Solntse Rossiya”nın sütununda ənzari-umumun (camaatın) tamaşasına qoyması ümumrusiya əhalisini, daha doğrusu Rusiya müsəlmanlarını kor hesab etmək deyil də, bəs nədir? Zənnimcə, “Ter-yanqomşu “Vanı” yuxusunda belə görməmiş ki, İrəvanın əvvəlki hecasını bəl edərək (udaraq) Van yazmışdır”.

Ter-yanın həyasızlığı o dərəcəyə çatıbmış ki, “Hüseynəli xan məscidi”nin şəklini “Van məscidi” kimi təbliğ etməklə azərbaycanlıların mədəni-tarıxi abidəsini mənəvi unutqanlığa məhkum etməyə çalışırmış. Şübhəsiz, bu çirkin siyasətin arxasında elə o zamandan Daşnaksütyun partiyasının “Böyük Ermənistan” yaratmaq məqsədi dayanıbmış.

Ə.Məhzunun “Bürhani-həqiqət”də siyasi mövzuda qələmə aldığı bir sıra məqalələri yer alıb. Zamanın reallıqlarını olduğu kimi əks etdirən müəllifin əsərlərində qaldırdığı problemlər bu gün də aktuallıq kəsb etdiyindən onların hər birinə ayrılıqda nəzər salmaq da öz zərurətini doğurur.

Fevral inqilabından sonra ölkədəki siyasi vəziyyətə yığcam şəkildə “Hürriyyət, müsavat, ədalət” yazısında münasibət bildirən publisist qeyd edir ki, azadlığı qazanmaq nə qədər çətinsə, onu əldə saxlamaq ondan da çətindir. Vətənin hürriyyət, müsavat, ədalət ziyası ilə işıqlanmasından fərəhlənən müəllif xalqın bundan sonrakı ictimai həyatına həssaslıqla yanaşır. Bununla bağlı ölkədə keçirilən seçkilərə ciddi yanaşmalarını tövsiyə edir. Müəllif yazır: “İntixabatda, heyəti-icrayə və başqa nümayəndələr seçkisində diqqətli olmalı. Layiqli və bacarıqlı əza seçməli və bu ağır, qiymətli gövhərin qabil və qədrini bilib, mühafizəsini bacaran sərraflar əlinə keçməsinə bəzli-himmət etməliyiz”. Müəllifin bu narahatçılığı xalqın taleyini öz taleyində yaşamasının göstəricisi kimi yadda qalır.

Maraqlı yazılardan biri də Ə.Məhzunun qələminə məxsus olan “Ədavəti unutmalı, görməli” məqaləsidir. Müəllif oktyabr inqilabından sonra İrəvanda yaranan cəmiyyətlər və firqələrin xalq üçün faydalı işlər görmək əvəzinə təşkilatçıların bir-biri ilə apardıqları ədavəti, hərc-mərcliyi, ziddiyyəti pisləyir. Bütün bunları müşahidə edən müəllif onları millətə, xalqa xidmət etməyə çağırır. Onun bu müraciətində xalqın paralarına sahiblənən, ancaq onlar üçün heç bir görməyən yalançı millətpərəstlərə qəzəbi açıqca duyulur: “Qardaşlar, yoldaşlar! İş görmək, çalışmaq zamanıdır. İçinizdə qərəz və ədavət toxumu əkib, nifaq salanları arayıb bulunuz! Bu xainləri firqələrinizdən, cəmiyyətlərinizdən ixrac ediniz! (Baykot ediniz!) Müttəfiq, yekrəy olaraq görünüz! Ədavəti unudunuz! İrəvan, 14 aprel 1917-ci il”.

Yenə də mütləqiyyətin süqutundan sonrakı vəziyyətə “Təşkilatımız nə yoldadır?” məqaləsində aydınlıq gətirir. O göstərir ki, İrəvanda hələ də azərbaycanlıların ictimai mənafeyini müdafiə edən bir təşkilat yoxdur. Bunun acı nəticəsi kimi quberniyanın Çəmənkənd, Daşlı, Taytan, Sabunçu, Qəmərli, Qarğabazarda xalqın müdafiəsində duran bir təşkilat olmaması ucbatından xalq üçün heç bir görülmür. Bunun əvəzinə firqələr təşkil olunur ki, bunlar da bir-birinin ziddinə qalxışırlar. Müəllif firqələrin məramnaməsinə diqqət edərək onlardan xalqın azadlıqlarını, inkişafını boğan və zəncirləyən fikirlərə etiraz edir. Bu məqalədə o, firqələri yaratmaqda öz mənafeyini güdən rəhbərləri ifşa edir. Xoşagəlməz vəziyyətin yaranmasında quberniyanın özündə xalqın təhlükəsizliyini təmin edəcək bir təşkilatın olmaması ilə əlaqələndirir. “Şəhərimizdə az-çox məlumat sahibləri küylərimizin halına qalmaqoralarda təşkilat yapmaq çarələrini düşünmək əvəzində hələ firqələr ilə məşğuldurlar. Firqələr də olmayıb, ancaq yenə başına keçmək arzusunda olan bəzi ağaların dəxi əlləri boş deyildir. Onlardan da bəziləri firqə düzəltmək niyyətindəə, bəziləri fəhlə nümayəndəsi olmaq fikrində, bəziləri də Allah bilir nə fikirdədirlər...”. Bu məqalə siyasi mövzuda yazılmış əsərlər içərisində hadisə və faktlara düzgün möyqedən yanaşılması ilə diqqəti cəlb edir.

Ə.Məhzunun İrəvanın ictimai-siyasi həyatında baş verən hadisələr, o cümlədən erməni cəlladları tərəfindən azərbaycanlılara edilən zülmləri onun bir çox əsərlərində olduğu kumu “Azadlıqmı? Əsarətmi?” məqaləsində də cəsarətlə işıqlandırılmışdır. “Hürriyyətpərəst qonşular” tərəfindən azərbaycanlıların vəhşicəsinə döyülməsindən qəzəblənən publisist bu hadisəyə də özünün bir vətəndaş ziyalı mövqeyini bildirir. Bu kimi halların tez-tez baş verdiyini, nəticədə heç bir ölçü götürülmədiyindən vəziyyətin davam etdiyini yazır. Müəllif bunları qəzəblə, ürək ağrısıyla qələmə almışdır. Bu yazıda millətin dərdləriylə yaşayan, qeyrətli bir publisist ürəyinin odu sətirlərdə alovlanır: “Bulvarda, küçədə, bazarda hər gün yüzlərcə müsəlmanlar erməni soldatları tərəfindən təhqir olunurlar. Gecələr saat səkkizdə belə bulvarda bir nəfər də olsun papaqlı müsəlman tapılmayır. Hətta teatroya getməyə belə bir çoxları cürət edə bilməyirlər. Səbəbi isə hər halda təhqir olunub döyülməkdir. Azadlıqmı? Əsarətmi? Əvət, lap da qorxulu bir əsarətdir. Kimə rücu etməli? Və kimdən əlac istəməli?”

Bu yazılarda təsvir olunan hadisələrdən aydın olur ki, bugünkü münaqişələrin kökü ermənilərin “Böyük Ermənistan” yaratmaq iddiaları yolunda törətdikləri qırğınlardan, talanlardano zamankı soyqırım tariximizdən başlayır. Aradan 95 il ötməsinə baxmayaraq İrəvanın köklü sakinləri olan azərbaycanlıların ictimai-siyasi taleyi ilə bağlı Ə.Məhzunun qələmə aldığı əsərləri göz yaşı içərisində yazdığını görməmək mümkün deyil.

Ə.Məhzunun dəyərli əsərlərindən biri də “Bürhani-həqiqət”in ikinci sayından başlayaraq sonadək dərc olunmuş “Ədəbiyyata dair” əsəridir. Bu əsər yaradıcılığa yeni başlayan şair, ədiblər üçün, ümumən ədəbiyyatın qayda-qanunları, növ və xüsusiyyəti, ədəbi terminlər, bədii ifadə və təsvir vasitələri haqqında elmi bir mənbədir. Müəllif ilk yazısında qeyd edir ki, “Ədəbiyyatımıza dair bugünədək Qafqazda bir cildolsun kitab nəşr olunmadığı kimi, bir neçə məcmuə də dəxi az bir müddətdə nəşr olunaraq qapanmışlar”. Elə bu səbəbdən də bunca gərəkli işi öz üzərinə götürən müəllif ağır zəhmətə qatlaşaraq ədəbiyyat elmi barədə sanballı bir əsər yazmışdır. Ədəbiyyat nə deməkdir? Müəllif bu sözün lüğəti mənasını bir müəllim, öyrədici kimi açır. Bundan sonra ədəbiyyatda və sənətdə yaradıcı təxəyyülün növləri, onların tərifi və izahından bəhs edir. Qeyd etmək lazımdır ki, bu yazılar bütövlükdə ədəbiyyat elmi haqqında bitkin bir tədqiqat əsəri, ədəbiyyatşünaslıq nəzəriyyəsidir.

İrəvanın ictimai-siyasi, mədəni həyatında iştirak edən qadınların, zülmətdə tək-tək sayrışan ulduzların öz yaradıcılıqları ilə “Bürhani-həqiqət”də görünməsi böyük hadisə idi. Mövhumatın, cəhalətin qatı hökm sürdüyü bir şəhərdə onları jurnalla əməkdaşlığa həvəsləndirmək, xanımların ədəbi düşüncələri ilə xalqı tanış etmək əslində Ə.Məhzunun adına, şəxsiyyətinə böyük inamın nəticəsi idi. Ə.Məhzun cəmiyyət həyatında qadınların da iştirak etməsinə yol açır, onları öz qanadı altına alaraq inkişaf etmələrinə çalışırdı. Cavan olmasına baxmayaraq (“Bürhani-həqiqət”i nəşr edəndə 31 yaşı vardı) xalqın içində müəllim, şair, ədib kimi böyük nüfuza malik idi. Odur ki, qadın yazarlar həm əsərlərinin işıq üzünə çıxmasından fərəhlənir, həm də onunla ideya birliyi nümayiş etdirməyə cəsarətlənirdilər. Şöhrət xanım, Səri xanım, Nigar xanım, Əbdülhəqq Mehrinnisə, Fatma-Müfidə xanım, Rəmziyyə xanım kimi şairə qadınların adlarının, əsərlərindən nümunələrin jurnalın səhifələrində dərci əlbəttə ki, Ə.Məhzunun tərəqqi yolunda gördüyü işlərinin bəhrəsi idi. JurnaldaTürk-islam xanımlarının asarından bir nümunə” başlığı ilə qadınların yaradıcılığından bir yarpaq təqdim olunub. İnanmaq çətindir ki, həmin dövrdə, bəlkə bir qədər də ondan əvvəl tipik bir müsəlman şəhərində kövrək qanadlı düşüncələrini, həyati yaşantılarını ifadə edən bu qadınların adları, yaradıcılıqlarından nümunələr bu gün ədəbiyyat, sənət aləminə bəlli olsun. Onları üzə çıxardan, əsərlərindən seçmələri saralıb xəzana dönmüş səhifələrində yaşadan yalnız “Bürhani-həqiqət”dir.

 

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2012.- 24 yanvar.- S.6.