Çində
möhtəşəm 10 gün
(Çin Xalq
Respublikası barədə düşüncələr)
(Əvvəli ötən
saylarımızda)
İLK KƏŞF... İLK MƏKTƏB...
İLK MÜƏLLİM
Maraqlıdır,
bizim xalq nağıllarında mifik varlıq olan əjdaha
quraqlığın, açlığın, bir sözlə fəlakətin
rəmzi kimi təsvir edilir. Nağıl qəhrəmanları
suyun qarşısını kəsən yeddibaşlı əjdahaya
qurbanlar verən xalqı xilas etmək üçün
qılınca sarılır, bu əcaib varlıqla
vuruşurlar.
Lakin Çin
mifologiyasına görə əjdaha su ünsürünün
hamisidir. O insanlara su verir, onların tarlasını suvarır,
kəndliləri saysız-hesabsız fəlakətlərdən
qoruyur. Bir sözlə, əjdaha Çin millətinin qədim
totemi, onun mədəni inkişafının
başlanğıcı hesab edilir.
Beləliklə,
təkcə Azərbaycan xalqının deyil, başqa
xalqların mifologiyasından fərqli olaraq Çində əjdaha
xeyirxahlıq, məhsuldarlıq, rəhmdillik rəmzi kimi qəbul
edilir.
Bəlkə elə
buna görədir ki, hər il paytaxt Pekində ənənəvi
“Əjdaha Qayığı Festivalı” keçirilir. Festivalda
əjdaha formalı qayıqların yarışı təşkil
edilir. Bu rəngarəng yarışa tamaşa
etmək üçüın bütün ölkədən
minlərlə adam paytaxta axışıb gəlir. Çinli
aktyorlar imperator geyimi və digər ənənəvi qiyafələrində
çay və göl kənarında bu möhtəşəm
mərasimi keçirirlər. Bununla yanaşı Bahar
bayramında Çində “Əjdahalar rəqsi” kimi məhşur
olan və kökü yeddinci yüzilliyə gedib
çıxan, səsli-küylü kütləvi
nümayişi və yarışı xatırladan qədim bir
rəqs mövcuddur.
Çinlilər
musiqiyə qədim dövrlərdən pərəstiş
edirlər. Qədim Çində mühüm
ictimai məsələləri musiqinin köməyi ilə həll
etməyə çalışarlarmış. Musiqi hökmdarları
doğru yola dəvət etməyə, ümummilli vəzifələri
yerinə yetirmək üçün adamları bir araya gətirmək,
gücünü bir məcraya yönəltməyə qadir
olan qüvvə hesab olunarmış...
Çin
müasir bəşər sivilizasiyasında qədim mədəniyyəti
qoruyub saxlayan unikal ölkə kimi tanınır. Onun qədim
tarixi həm çinlilərə, həm də bura
dünyanın hər yerindən gələn insanlara çox
dəyərli mədəni və təbii gözəllikləri
miras qoymuşdur.
Kağız,
kitab çapı, kompas və barıtın kəşfi bu
ölkəyə aid edilir.
Çində
tarixşünaslıq elmi b. e. ə. I əsrdə
yaranmışdır.
Eramızdan əvvəl
II əsrdə Cində istehsal edilən ipək dəvə
karvanları ilə qərb ölkələrinə
aparılırdı. Deyilənlərə görə, hətta
Roma imperatoru Yuli Sezarın mantiyası da Çin ipəyindən
tikilibmiş.
Çini və
keramika da Çinin ən qədim kəşflərindən
biridir.
Azərbaycan
dilində bu qabların adının “çini”
adlandırılması faktı isə bu ölkənin adı
ilə bağlıdır.
Dünyada ilk dəfə
olaraq Çində çay becərilmiş, burada çay
yarpağının emal texnologiyası icad olunmuşdur. Səkkizinci
yüzillikdə Lu Yuy tərəgindən qələmə
alınmış “Çay haqqında traktat” dünyada
çay haqqında yazılan ilk mükəmməl əsərdir.
VIII əsrdə
Çinin paytaxtında “Paytaxt xəbərləri” ilk gündəlik
qəzet çap olunmağa başladı.
Kalliqrafik
yazının və tuşla çəkilən rəsm əsərlərinin
də ilkin vətəni Çin sayılır. Ölkənin
milli ruhunu – “çin ruhu”nun ən qabarıq şəkildə
memarlıq, bədii ədəbiyyat və təsviri sənət
təcəssüm etdirir.
Çində
müxtəlif sahələrə (əkinçilik, ipəkçilik
və s) dair dərsliklər çap olunurdu. Hər bir
imperatorun dövründə əvvəlki sülalələrin
tarixinə dair çoxcildli kitablar çap edilirdi. Çinlilər
deyirdilər: “Keçmişi unutma, o, gələcəyin
müəllimidir”. Tibb inkişaf etmiş, Xan sülaləsi
dövründə ilk “Farmakologiya kitabı”
yazılmışdı. VII əsrdə alimlər palatası
yaradıldı və sonralar Xan akademiyasına çevrildi.
Qədim
çin mənbələrində ilk poeziya nümunələrinin
eramızdan əvvəl meydana gəldiyi bildirilir. B. e. ə.
XI – VI əsrlərdə “Şitszin” adlı nəğmələr
məcmuəsi yaradılımışdır.
Qədim
Çin fəlsəfəsinin meydana gəlməsində və
çiçəklənməsində beş əsas kitabla
yanaşı bu məcmuənin danılmaz rolu olmuşdur.
Qədim
Çində fəaliyyət göstərən 6 əsas məktəbdən
(konfutsilik, moizm, qanun, daosizm, naturfəlsəfə, adlar məktəbi)
ilki Konfutsinin adı ilə bağlıdır. O, həm təhsilin
və pedaqoji fikrin inkişafına verdiyi töhfələrin əhəmiyyətinə
görə Çinin ilk böyük pedaqoqudur.
Məhz
Konfutsinin sayəsində Çin müasir bəşər
sivilizasiyasında qədim mədəniyyəti qoruyub saxlayan
unikal ölkə kimi tanınır.
Konfutsilik məktəbinin
banisi Kun-fu Tszı (e.ə. 551-479) hesab olunur. Kun –fu müəllim
Kun deməkdir. Konfutsinin əsl adı Tsyudur. Bu da tərcümədə
“təpə” deməkdir.
72 il ömür
sürmüş bu filosof adam gəncliyində məmur
olmuş, Lu knyazlığında şəhər hakimi vəzifəsində
işləmişdir.
Konfutsilik təliminin
əsası “qarşılıqlı məhəbbət” və
“insana sevgi”dir. Bunlar birlikdə isə “doğru yol”u təşkil
edirlər. Bu təlimə görə, hər bir şəxs,
insanları sevməli və valideynlərinə hörmət
etməlidir. Dövlət başında isə yalnız
müdrik adam olmalı və tabelikdə olanları tərbiyə
etməlidir.
Rəvayətə
görə üç mindən artıq şagirdi olan
Konfutsinin diqqət mərkəzində insan, onun ailə və
cəmiyyətdəki mövqeyi durur.
2 min ildən
çox bir müddət içində Konfutsicilik Çini,
yalnız siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində
deyil, davranış və düşüncə tərzində
də təsir etmişdir. Konfutsiciliyin təsirləri
artıq Çin və Asiya xaricinə
daşınmışdır.
Konfutsinin 77-ci nəsildən
törəməsi, professor Kun Teçen yazır: “Konfutsinin
pedaqoji təlimi qədim ənənələrə əsaslanmış
və gələcək nəsillər üçün yol
açmışdır. O, təkcə Çinin intellektual
tarixində deyil, həm də bəşər tarixində,
bütövlükdə, dünyada mühüm yer tutur”.
Bu ilin aprelində Bakıda Konfutsi
İnstitutu yaradıldı. Bu
institut Çin Xalq Respublikasının Anhoy Universiteti və
Bakı Dövlət Universiteti arasında imzalanmış
saziş əsasında fəaliyyət göstərir.
Konfutsi İnstitutu Çin dilinin
xaricdə yayılması üçün mədəni-maarifləndirmə
mərkəzidir. Konfutsi
institutlarının missiyası bütün dünyada
Çinin və Çin mədəniyyətinin daha geniş
tanınmasına imkan yaratmaq, Çinin digər ölkələrlə
dostluq münasibətlərini inkişaf etdirməkdir. Konfutsinin birinci institutu 2004-cü ildə Koreya
Respublikasının paytaxtı Seulda açılıb. Dünyanın 96 ölkə və regionunda 328
Konfutsi İnstitutu fəaliyyət göstərir.
Konfutsiyə görə, ədəbiyyat
(ven) yüksək müdrikliyin yüksək ifadəsidir, qədim
mütləq həqiqətlər haqqında müasirlərə
məlumat verən yaxşı sözdür. Kitab toxunulmaz, müqəddəs bir şeydir.
Din olmasa da, konfutsiçilik sözün əsl
mənasında az qala dindən də
güclüdür. Konfutsiçilik həm
siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial
proseslərin əsas tənzimləyicisi, bir sözlə,
Çin həyat tərzinin özülü idi.Dindən
çox etik-siyasi təlim olan konfutsizm e.ə. III əsrdən
1912-ci ildə respublika elan olunanadək dövlətin dəstəyindən
istifadə edib. Konfutsi fəlsəfəsi
özlüyündə ailə və əxlaq kodeksini birləşdirir.
Konfutsi və onun
ardıcılları belə hesab edirdilər ki, birinci növbədə,
öz qohumlarını sevmək lazımdır. Sonra isə artıq digərlərini. Buna görə də oğulluq ehtiramı (hörməti)
və qardaş məhəbbətinə onlar tərəfindən
insanpərvərlik anlayışının vacib tərəfləri
kimi baxılırdı. Yalnız nümunəvi oğul
və qardaş yaxşı təbəə ola
bilər. Dostlar arasındakı münasibətlərdə
açıqlıq (saflıq) və düzlük vacibdir.
Onda dostluq onları nəcibləşdirir,
yüksəldir və biliklər əldə etməyə və
əxlaqını təkmilləşməyə kömək
edir.
İki min il ərzində
Çin hökmdarları ildə 2 dəfə Konfutsinin məbədinə
gəlib onun heykəli qarşısında diz
çökmüşlər. Bu ənənə
1911-ci ilədək davam edib.
PEKİNDƏ
KONFUTSİ MƏBƏDİ.
Səfər zamanı biz nümayəndə
heyətimizlə Konfutsinin vətənində olduq, onun tər
çiçəklərə qərq olmuş məzarını
ziyarət etdik. Çinli, koreyalı,
yapon zəvvarları üçün sözün əsl mənasında
bu ölkədə ən məşur məbədin olduğu
Syuyfu şəhəri Məkkə kimi müqəddəs
sayılır.
Konfutsi demişdir: “Alicənab adam üçün borc var, alçaq adam
üçün isə gəlir”. Onu qeyd edim ki
2010-cu ilin dekabrında təsis olunmuş Kanfusi
mükafatını çinlilər Nobel sülh
mükafatına alternativ sayırlar. Bu il
Çinin bir qrup ictimai xadimi Rusiyanın baş naziri Vladimir
Putini “Konfutsi sülh mükafatı” laureatı elan edib.
“Konfutsi” mükafatına namizədlər arasında “Microsoft”
şirkətinin yaradıcısı Bill Qeyts, Almaniya kansleri
Angela Merkel, Cənub Afrika prezidenti Yakob Zuma, BMT-nin sabiq baş
katibi Kofi Annan da var. Mükafatın məbləği təxminən
160 min dollardır.
PAYTAXT
3 min ildən artıq tarixə malik
olan Pekin şəhəri hələ 938-ci ildə – Lyao
sülaləsinin dövründə paytaxt olmuşdur. Düzdür, o zaman adını dəyişib
Nantsızin (yəni cənub paytaxt) qoymuşdular. Yuan sulaləsinin imperatoru Xubilayın zamanında paytaxt
dünya miqyasında ən iri şəhər kimi
tanınmağa başladı. Dünyada
analoqu olmayan və çox nadir hallarda təsadüf olunan bir
faktdır ki, şəhərin 700 əvvəlki planı indiyəcən
qalır.
SƏMA MƏBƏDİ–
PEKİNİN SİMVOLU
Çinin ən böyük tarixi
abidələrindən biri olan Səma Məbədi 500 ildən
artıqdır ki, mövcudur. Məbəd
Pekinin mərkəzindən cənubda yerləşir və 270
hektar ərazini tuur. Onun əsas
binalarının damı səma rəngində, mavi minalı
kirəmitlə örtülmüşdür. Səma Məbədi Min sülaləsi dövründə,
1420-ci ildə imperator Yun Le tərəfindən inşa
edilmişdir. Bu Pekində dairəvi şəkildə
olan yeganə məbəddir; ilk vaxtlar bura Göy və Yer məbədi
adlandırılıb. Ona görə də
bir hissəsi dairəvi, digər tərəfi isə
kvadratşəkilli inşa edilmişdir. Çin
inancına görə, dairə göylərin, kvadrat isə
Yerin rəmzidir. Səma məbədi
Çinin keşmişini; çin təqvimini, ölkənin
qədim siyasətini, astronomiyasını, fəlsəfəsini,
incəsənətini, rituallarını öyrənmək
üçün əhəmiyyətli rol oynayır. Hündür dam örtüyü nəhəng
ağac sütunlar və bir-birinə bərkidilən köndələn
türlərlə dirəklər üzərində qərar
tutub. Burada 28 səma bürcünün rəmzi olan 28
sütunun dördü (orta sütunlar) ilin 4 fəslini, orta
sıradakı 12 sütun – 12 ayı, qıraq sıradakı
12 sütun günün 12 saatını bildirir.
Sözün əsl mənasında bu
məbəd çin memarlıq tarixinin əsl şedevrlərindən
biridir.
Səma Məbədi YUNESKO-nun
Dünya mədəni irsi siyahısına daxil edilmişdir.
Pekin dolambac çaylar, gözəl
parklar, əzəmətli qədim səcdəgahlar və məbədlərlə
doludur. Pekin – həqiqətən də
Şərq koloritli möhtəşəm şəhərdir.
Bura “böyü Çin kəndi” də
adlandırılır. Şəhərin
siması demək olar ki, günbə-gün, anbaan dəyişir.
Pekinin füsunkarlığı qədim
şəhərin yeni simasındadır. 1949-cu ildə Pekin ÇXR-in paytaxtı olduqdan sonra
şəhərin görünüşündə çox
böyük dəyişikliklər olmuşdur. Amma qədimdən qorunaraq bu günə qədər
gəlib çıxan abidələr Pekini Çinin ən
vacib turizm mərkəzi kimi məşhurlaşdırıb.
Paytaxt sakinlərinin və qonaqların kütləvi
gəzinti və istirahət yerinə çevrilmişdir.
Tyananmen meydanında Xalq Nümayəndələri Məclisi
Evi, Çinin tarixi Muzeyi, Çin inqilabı Muzeyi, həlak
olmuş xalq qəhrəmanları Abidəsi, Sədr Mao
Tszdunun xatirə Evi və digər möhtəşəm
tikililər vardır. Onu da qeyd edim ki, ötən
əsrin yetmişinci illərinin ortalarında tikilən bu
movzeleydə Mao Tszedun cənazəsi büllur sərdabədə
qoyulub. Tyananmen meydanından şimalda yerləşən
Çanantsze prospekti genişləndirildikdən və
uzadıldıqdan sonra şərqdən qərbə gedən
yeni bir ox kimi qədim şəhərin cənubdan qərbə
gedən oxu ilə kəsişir. Bu
prospektin hər iki tərəfində bir çox yeni müasir
tikililər yerləşir. Ötən əsrin
80-ci illərindən Pekində şəhərsalma son dərəcə
sürətlə aparılır, hal-hazırda Pekində 200-dən
artıq ulduzlu mehmanxana və çoxlu sayda supermarketlər fəaliyyət
göstərir. Bir sıra müasir tikililər
– Dövlət kitabxanası, Mərkəzi televiziya Evi, Beynəlxalq
ticarət mərkəzi, Çin teatrı, Pekin Qərb
vağzalı və s. salınmışdır. Şəhər dairəvi yolları və aeroporta və
Badlinə – Böyük Çin səddi sahəsinə aparan
sürətli avtostradalar fəaliyyət göstərir.
Yeni idman şəhərciyi – Asiya
oyunları kəndi, çin dilində “ Quş
yuvası” adlanan olimpiya stadionu, qərb vağzalı və s.
bir-birindən əzəmətli tikililər qədim Pekinə
yeni gözəllik vermişdir. Bu gün, şəhərin
düz mərkəzindəki Tszinşan parkında
dağın başına qalxıb qədimi Vançuntin
pavilyonunun yanında duraraq ətrafı seyr etdikdə, istər-istəməz
Pekinin qədim hissəsinin çoxsaylı hündür
binalarla əhatələndiyini, keçmiş arxitektura
ansamblının yeni mikrorayonlarla qonşu olduğunu
görürsən.
Bura göydələnləri ilə
diqqəti cəlb edən son dərəcədə gözəl
və möhtəşəm Pekindir.
HÜNDÜRLÜYÜ
234 METR OLAN PEKİN TELEQÜLLƏSİNDƏN PAYTAXTIN
PANORAMASI
“III Çin Dünya Ticarət
Qülləsi” adlanan göydələn Pekinin ən
hündür və çoxfunksiyalı binası hesab olunur. 81 mərtəbəli binanın
hündürlüyü 330 metrdir. Burada
hotel, ofislər, kommersiya meydançaları və
yaşayış evləri yerləşir. Seysmik
davamlı qüllənin fasadı şüşə və
metal təbəqə ilə örtülüb ki, bu da gün
işığını tənzimləyir.
ÜÇÜNCÜ
GÜN
Noyabrin 10-da isə günün birinci
yarısı Ümumçin Xalq qurultayının
(Yığıncağının) nümayəndələri
və ÇKP MK-nın Beynəlxalq şöbəsinin rəhbəri
ilə görüşdük.
Ümumçin Xalq Nümayəndələri
Yığıncağının xarici əlaqələr komitəsindəki
görüşdə iki ölkə və onun qanunverici
orqanları arasında əlaqələrin hazırki vəziyyətinə
və inkişaf perspektivlərinə dair fikir mübadiləsi
aparıldı. Söhbət zamanı
qeyd olundu ki, hər iki ölkənin parlamentində dostluq
qruplarının fəaliyyəti, nümayəndə heyətlərinin
qarşılıqlı səfərləri ölkələrimiz
arasında münasibətlərin genişlənməsi
baxımından faydalıdır.
Xalq Nümayəndələri Yığıncağının
dəftərxana müdrinin müavini, hüquq elmləri
doktoru Van Qiganq bizi bəzi statistik məlumatlarla tanış etdi.
Yuxarıda qeyd etdiyim kimi Çində ali dövlət hakimiyyəti orqanı
umumçin Xalq Nümayəndələri Məclisidir. Səlahiyyət müddəti 5 ildir.
Çin parlamenti 2979 deputatdan ibarətdir. UXNM Çin Xalq Respublikasının sədrini və
sədrin müavinini seçir. Sessiyalar
arasındakı dövrdə ÜXNM-in Daimi Komitəsi fəaliyyət
göstərir. İcra hakimiyyəti
Dövlət Şurasına mənsubdur. Şura
ÜXNM qarşısında məsuldur və ona hesabat verir.
Dövlər Şurasının tərkibinə
onun sədri, sədr müavinləri və üzvləri,
nazirlik və komitələrin rəhbərləri, baş
müfəttiş və məsul katib daxildir. Dövlət Şurası üzvləri iki müddətdən
artıq bu vəzifəni tuta bilməzlər.
lll
Çin Kommunist Partiyasının beynəlxalq
əlaqələr şöbəsində keçirilmiş
görüşdə iki ölkənin hakim partiyaları
arasında əməkdaşlığın əhəmiyyətindən
bəhs olundu, qeyd olundu ki, hakim partiyalar arasında əlaqələrin
genişlənməsi iki ölkə və xalq arasında
münasibətlərə müsbət təsir göstərir.
Görüşlərdə Əli Əhmədov Azərbaycanın
dinamik inkişafı, düzgün iqtisadi siyasət sayəsində
əhalinin rifah halının yaxşılaşması, həyata
keçirilən modernləşmə xətti barədə ətraflı
məlumat verdi.
Saat 12-də ÇKP MK –nın
Beynəlxalq şöbəsinin rəhbərliyi adından
nümayəndə heyətimizə ziyafət verildi.
Həmin gün – yerli vaxtla saat 15.00
–da Azərbaycan nümayəndə heyətinin Çin
Kommunist Partiyası Siyasi Bürosu Daimi Komitəsinin
üzvü Xı Quoçyan ilə görüşü oldu. ( Onu da qeyd edim ki, Çinlə bizim aramızda
təqribən 4 saat fərq var)
Ötən il Azərbaycana
səfərini və ona göstərilmiş qonaqpərvərliyi
məmnunluqla xatırlayan Xı Quoçyan böyük
imkanlara sahib olan ölkəmizin ümummilli lider Heydər Əliyevin
və Prezident İlham Əliyevin rəhbərliyi altında
böyük uğurlara imza atdığını dilə gətirdi.
XI Quoçyan Azərbaycan tərəfini
dövlət müstəqilliyin bərpasının 20-ci
ildönümü münasibəti ilə də təbrik etdi. O, gələn
il Azərbaycan ilə Çin arasında
diplomatik əlaqələrin yaranmasının 20 ilinin tamam
olacağını vurğulayaraq, ötən müddətdə
siyasi, iqtisadi, mədəni və digər istiqamətlərdə
əlaqələrin inkişaf etdiyini bildirdi.
XI Quoçyan bildirdi ki, Çin Azərbaycanın
ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcək.
Çinin əsas maraqları – “Vahid Çin” siyasətini dəstəklədiyinə
görə Azərbaycan tərəfinə minnətdarlıq
edən Xı Quoçyan qeyd etdi ki, BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
Azərbaycanın iki ölkə
arasında əlaqələrə böyük əhəmiyyət
verdiyini bildirən Əli Əhmədov dedi ki, əməkdaşlığımızın
inkişafı üçün böyük imkanlar vardır. Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi
daha yüksək səviyyəyə qaldıraq. Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə
görə Çin tərəfinə təşəkkür
edən Əli Əhmədov bildirdi ki, Azərbaycan Çinin
BMT-də irəli sürəcəyi təşəbbüsləri
dəstəkləməyə hazırdır. Əli Əhmədov Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini aydın və
ardıcıl dəstəklədiyinə görə də
Çin tərəfinə təşəkkür edib. Azərbaycan hesab edir ki, müasir dövrdə
ölkələrin ərazi bütövlüyü vacib
prinsipdir. Azərbaycan həmişə
“Vahid Çin” siyasətini dəstəkləyib və bundan
sonra da dəstəkləyəcək.
Bəli, bu gün Çin dövləti
sülhsevər siyasət yeritməklə beynəlxalq aləmdə
böyük nüfuz qazanıb. Bu
nüfuzu artıran amillərdən birincisi onun iqtisadi
potensialını möhkəmləndirməsi ilə
bağlıdır. İqtisadçıların
proqnozuna görə yaxın dövrdə Çin istehsal həcminə
görə dünyada birinci olacaq. Hazırda
adambaşına ümumi daxili məsulun artımı il ərzində orta hesabla 8-9 faiz təşkil
edir. Bu göstərici Avropanın və ABŞ
–ın göstəricilərini bir neçə dəfə
ötüb keçir.
Ötən ilin mlumatına görə
Çin büdcəsinin gəlirləri 1 trln. dolları keçib.
Bir faktı qeyd edim ki, ekspertlər
(bu fakt akademik Z. Səmədzadənin adı çəkilən
kitabında xüsusi vurğulanır) Çin tərəfindən
iqtisadi islahatlar sahəsində toplanmış təcrübəni
dünya iqtisadi inkişafında yeni hadisə
adlandırırlar. Dünya Bankı, Beynalxalq Valyuta
Fondu bu ölkədə aparılan islahatlara nə müəlliflik
edib, nə də məsləhətçi olub! Beynəlxalq
maliyyə qurumlarının bu ölkədə at
oynatmasına imkan verilməyib. Təbii ki,
hər yerdə olduğu kimi onlar Çinə sərt təkliflərlə
“yardım” etmək təşəbbüsündə olublar.
Lakin Çin rəhbərliyi onların deyil,
öz xalqının mentalitetini, qədim zamanlardan ona xas olan
dinclik, zəhmətsevərlik, mütəşəkkillik, vətənpərvərlik
kimi xüsusiyyətlərini nəzərə alıb.
İqtisadi islahatlara xalq arasında deyildiyi kimi: “təzə gəldi
bazardan, köhnə düşdü nəzərdən”
prinsipi ilə yanaşılmayıb.
Z.Səmədzadənin qeyd etdiyi kimi,
çinlilər qərb təcrübəsini inkar etmir və
eyni zamanda fetişləşdirmirlər, həmin təcrübəni
milli mənafelərin qorunması baxımından qiymətləndirir,
bu incə, lakin tale yüklü məsələyə
çox diqqətlə yanaşırlar...
(Ardı var)
Hüseynbala
MİRƏLƏMOV,
Milli Məclisin
deputatı
525-ci qəzet.- 2012.- 24 yanvar.- S.5.