Yazıçılar Birliyində Esmira Fuadın “Sözə sevdalılar” kitabının təqdimatı olub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Nizami adına Ədəbiyyat İnsitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri namizədi Esmira Fuadın “Sözə sevdalılar” kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq, müəllif və onun təqdim olunan kitabı haqqında fikirlərini bölüşüb. R.Məcid E.Fuadın görkəmli ədəbi şəxsiyyətlər haqqında qələmə aldığı məqalələrin zaman-zaman mətbuatda çap olunduğunu və ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılandığını bildirib: “Esmira Fuadın “Sözə sevdalılar” toplusu ədəbiyyatla maraqlananlar, filoloqlar üçün dəyərli mənbədir. Kitabda Azərbaycan ədəbiyyatının klassikləri ilə bərabər, həm də çağdaşımız olan müəlliflər barədə yazılar toplanıb. Yeni kitabının nəşri münasibətilə Esmira xanımı təbrik edirəm, inanıram ki, onun həm “525-ci qəzet”lə, həm də Yazıçılar Birliyi ilə ədəbi əlaqələri daha da güclənəcək, bundan sonra da oxucularını yeni yazıları, kitabları ilə sevindirəcək”.

Tədbiri idarə etmək üçün söz filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlıya verilib. M.Qasımlı “Sözə sevdalılar” kitabının müəllifin gərgin əməyi və uzun iş prosesi sayəsində ərsəyə gəldiyini qeyd edib. Esmira Fuadın sözə həm sevdalı, həm məsuliyyətli, həm də ədəbi-estetik duyumla yanaşan bir qələm əhli olduğunu diqqətə çatdırıb: “Ədəbi-estetik duyum və dəyərləndirmə qabiliyyəti heç də hər kəsə verilmir. Zəngin informasiya və biliyə, savada sahib olmaq olar, ancaq ədəbi-estetik duyumdan məhrumsansa, bədii ədəbiyyatı gerçək dolğun mahiyyəti ilə dəyərləndirmək səndə alınmaz. Mən Esmira Fuadın, iriliyindən-xırdalığından asılı olmayaraq, hər bir yazısını oxuyanda, çıxışlarını dinləyəndə ilk növbədə onun ədəbi-estetik duyumuna, sənət zövqünə heyran oluram. O, ədəbiyyatı, sənəti bütün ruhuyla duyan, yaşayan bir qələm adamıdır. 13 il əvvəl Şəhriyarla bağlı bir monoqrafik tədqiqatını oxuyanda milli-mənəvi dəyərlərimizə, folklor və tariximizə, ana dilimizə nə qədər həssas münasibət bəslədiyini görüb ürəyimdə ona alqış yağdırmışdım. Oxuculara təqdim edilən bu məqalələr toplusuna da eyni ruh hakimdir”.

M.Qasımlı müəllifin bu kitabını görkəmli yazıçı Mirzə İbrahimovun 100 illik yubileyinə ithaf etməsini də yüksək dəyərləndirib.

AYB-nin katibi, ədəbiyyatşünas Arif Əmrahoğlu E.Fuadın yaradıcılığının xüsusiyyətlərindən, yazı üslubundan bəhs edib, onun sözü görünən bir yazıçı, fəal və fədakar tədqiqatçı olduğunu vurğulayıb.

Tədqiqatçı Buludxan Xəlilov kitabın adının “Sözə sevdalılar” olmasını maraqlı məqam kimi dəyərləndirib: “Mən bir daha hiss etdim ki, Esmira xanım özünün, xalqımızın tarixinə, köklərinə bağlı insandır. Mən onu daha çox Şəhriyarın tədqiqatçısı kimi tanımışam. Amma bu kitabı ilə sübut olundu ki, Esmira xanım hərtərəfli biliyə və tədqiqat bacarığına malikdir”.

Tənqidçi Vaqif Yusifli E.Fuadın imzasının geniş tanındığını, onun sayılıb-seçilən, maraqla oxunan qələm adamı olduğunu qeyd edib: “Belə bir kitab yazmaq üçün ədəbiyyatşünas gərək həm klassik, həm çağdaş ədəbiyyata, həm də ədəbi prosesə yaxından bələd olsun. Bu baxımdan Esmira Fuadı mahir bir ədəbiyyatşünas adlandırmaq olar”. Vaqif Yusifli müəllifin Şəhriyar, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Bəkir Nəbiyev, Flora Xəlilzadə, İradə Tuncay və başqa ədəbi şəxsiyyətlər haqqında qələmə aldığı məqalələrdə bu cəhətin aydın göründüyünü vurğulayıb.

Tədbirdə Abbas Abdulla, Flora Xəlilzadə, Məlahət Qurbanova, Şəfəq Nasir, Xuraman İsmayılova, Fəridə Hacıyeva və başqa qələm adamları da E.Fuadı təbrik edib, “Sözə sevdalılar” kitabı haqqındakı fikirlərini bölüşüblər.

 

 

GÜNEL

 

525-ci qəzet.-2012.- 25 yanvar.- S.7.