Anarın söz dünyası
Xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi,- bir sözlə, insan ruhunun ali və xırda duyğularını nəsr səviyyəsinə qaldırmaq ehtirası Anarın fitrətindədir.
Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür.
Dünya ədəbiyyatında elə yazıçılar var ki, onların qələmindəki axıcılıq, dilin gözəlliyi, obrazların zənginliyi və genişliyi oxucunu valeh edir. Elə sənətkarlar da var ki, onlardakı bədii xəyalın yüksəkliyi, konfliktlərin kəskinliyi bizi cəlb edir. Bir qisim sənətkarlarda süjet qurmaq bacarığı, başqa bir qismində isə xarakterlər yaratmaq məharəti, bəzilərində hadisələrlə xarakterləri bağlamaq tərzi, digərlərində insan psixologiyasına dərindən nüfuz etmək qabiliyyəti bizi heyran qoyur. Bütün bunlar və yaradıcı şəxsiyyətin digər fərdi xüsusiyyətləri bir yerə toplananda biz böyük istedadla üz-üzə gəlirik. Məhz belə hallarda hər bir istedad öz çaları ilə ortaya çıxanda, bədii yaradıcılıq tarixində rəngarənglik yaranır, ədəbiyyatın nəfəsində həyatın ətri duyulur, ictimai varlığın bir səhifəsi canlanır, insan şəxsiyyətinin, ayrı-ayrı fərdlərin, qrupların və ya zümrələrin cəmiyyətdəki yeri, mövqeyi görünür. Həyatın dialektikasının bədii fikirdəki təzahürü mədəniyyətimizin inkişafı ilə müşahidə olunur. Sevindirici hal odur ki, məhz bu səviyyədə olan ensiklopedik yazıçılardan Azərbaycanda da var. Azərbaycan nəsrini dünya səviyyəsində tanıdaraq ona yeni imic və nəfəs gətirən yazıçılarımızdan biri də Anardır. O, böyük istedadların cərgəsindədir, amma onun bu cərgədə tutduğu yerin də öz xüsusiyyəti var. Onun əsərlərini oxuyanda bilmirsən nəyə çox diqqət edəsən: müəllifin yüksək bədii istedadına, oxunaqlı yazı üslubuna, yoxsa təsvir rəngarəngliyinə? Yazıçı mədəniyyəti vacib məsələdir və böyük istedad sahibinin yaradıcılıq işində bu məsələ həmişə ön planda dayanır. Çünki fitri istedad nə qədər böyük nemət olsa da, onun parlaması, tələb olunan istiqamətdə hərəkətə gəlib inkişaf etməsi yazıçının mədəniyyətindən, onun həyatla qarşılaşmaq və onu əks etdirmək üçün nə dərəcədə hazır olub-olmamasından asılıdır. Bu hazırlıq onun mədəni səviyyəsi ilə qırılmaz tellərlə bağlıdır. Məhz Anar kimi böyük sənətkarlarda istedad, yüksək yazıçı mədəniyyəti ilə birləşdiyinə görədir ki, onlar öz zəmanələrinin bədii aynasına çevrilə biliblər.
Mövzu rəngarəngliyinə baxmayaraq, Anarın demək olar ki, bütün əsərlərində insanın daxili aləmi əsas diqqət mərkəzindədir. Həm də Anar psixoloji halın təsvirini məqsədə çevirmir, onun vasitəsilə insana müraciət edir, şəxsiyyətlə cəmiyyətin qarşılıqlı münasibətlərindəki bir sıra ziddiyyətləri göstərir.
Anarın müasir nəsrimizin inkişafında, yeni ruhlu ədəbiyyatın yaranmasında, lirik-psixoloji üslubun daha da qabarıq şəkil almasında xidmətləri böyükdür. O, hekayə, povest, romanları ilə Azərbaycan nəsrini zənginləşdirən, ona yeni ruh, məzmun, əhval-ruhiyyə gətirən görkəmli yazıçıdır, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Evləri köndələn yar”, “Sizsiz”, “Ağ qoç, Qara qoç”, “Dantenin yubileyi”, “Mən, sən, o və telefon” kimi əks-səda yaratmış, adı Azərbaycan Ədəbiyyatı Tarixinə düşmüş dəyərli əsərlərin müəllifidir. “Anlamaq dərdi”, “Dədə Qorqud” kimi dərin elmi-publisistik araşdırmaları da maraqla qarşılanıb. Həmçinin o, Azərbaycan publisistikasının inkişafında xüsusi rola malik olan “Qobustan” jurnalının yaradıcısı və baş redaktoru olub. Əsərləri dünyanın ən aparıcı dillərinə tərcümə edilərək, sevə-sevə oxunur. Doğrudan da bu, bir azərbaycanlı kimi şəxsən məni qürurlandırmaya bilməz.
Anar əsərlərində öz dövrünün ən aktual problemlərini qabardıb, onun həssas nöqtələrinə toxunduğundan bu əsərlər təbii ki əhatəli ədəbi-tənqidi münasibətlərə, diskussiyalara hədəf olur, estetik qavrayış çevrəsini formalaşdırır. Onun yaradıcılığı haqqında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yazılan çoxsaylı məqalələr, aparılan tədqiqatlar yəqin ki bu zərurətin bəhrəsidir. Anarın qələmindən çıxan əsərləri oxuyandan sonra həmin əsərlər haqqında yazılmışları göz önünə gətirdikcə, belə bir qanunauyğunluq meydana çıxır: Azərbaycanın klassik və çağdaş mədəniyyəti, xüsusilə ədəbiyyatı küll halında Anar yaradıcılığında bu və ya digər formada öz əksini tapıb ortaya qoyduğu ictimai problemləri, əxlaqi-mənəvi dəyərləri, bədii-estetik zövqü və yönləri ilə.
Çağdaş ədəbiyyatımızın, tənqidimizin və mədəniyyətimizin elə seçkin nümayəndəsi yoxdur ki, Anar yaradıcılığına bu və ya digər formada, səviyyədə müraciət etməmiş olsun. Anar yaradıcılığı Azərbaycan mədəniyyətinə tarixilik və müasirlik baxımından elə oturuşub ki bu vəhdətdəki harmoniyadan yalnız heyrətə gəlmək olar.
Məhz Anarın vaxtında AYB professionallaşaraq sivil ölkələrdəki tipli yazıçı qurumuna çevrilib. Bu gün AYB-ni tənqid edənlər bir çox mühüm məsələlərin üstündən nədənsə sükutla keçirlər. Onlar unudurlar ki, məhz Anarın dəstəyi və diqqəti nəticəsində Güney Azərbaycan şöbəsi yenidən bərpa olunub və Güneydəki soydaşlarımızın ədəbi-mədəni ehtiyaclarını ödəməyə çalışır. Güney Azərbaycan şöbəsinin əhəmiyyətini başa düşən hər bir insan, məhz bu xidmətə görə Anara minnətdar olmalıdır. Bu gün AYB-ni tənqid edənlər bilməlidirlər ki, 1500-üzvün içində İlqar Fəhmi kimi yazıçılar da var. İlqar kimi yazıçılar hər bir xalq üçün böyük nailiyyətdir. Rusca yazan yazıçılar var ki bütün dünya onların istedadını təsdiqləmiş və təqdir etmişdir. Təkrarçılıq olmasın, mən çox istərdim ki, 1500 nəfərin içərisində rusca yazanlar öz yerində, qoy fransızca, ingiliscə, ispan və ya alman dilində yazanlar da olsun. Nəyi pisdir ki?! Natiq Rəsulzadə Rusiyada Ostrovski adına mükafata layiq görüləndə tanınmış yazıçı Valentin Katayev ona ünvanladığı məktubda “Siz rus dilində bizim yazıçılardan qat-qat yaxşı yazırsınız və bu dili onlardan yaxşı bilirsiniz”- deyə yazmışdı. Dəfələrlə qeyd olunduğu kimi, əgər ermənilərin Çingiz Abdullayev kimi yazıçısı olsaydı, onu qaldırıb dağ başına qoyardılar. Ancaq bizdə Çingizə, eləcə də ümumən AYB-yə tez-tez hücumlar olur, hər yerindən duran məntiqə sığmayan pafosçuluğa baş vurur. AYB-də elə gözəl nəzm nümunələri yaradanlar var ki, mən deyərdim, tayları-bərabərləri yoxdur. Əlbəttə, mən bütün bunları oxumuşam və dünya ədəbiyyatına yaxından bələd olan birisi kimi deyə bilərəm ki bizim bir çox şairlər marka kimi tanınmış, titullu dünya şairlərindən heç də geri qalmırlar.
Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyası fəaliyyəti ilə uzlaşdıra bilən tək-tük sənətkarlardandır. Onun istər Sovet illərindəki, istərsə də müstəqillik çağındakı bütün yaradıcı fəaliyyətinin başlıca məqsədi milli-mənəvi tərəqqiyə yönəlib. Onun Azərbaycan Yazıçılıar Birliyinə rəhbərlik etdiyi dönəmlərdə bu təşkilatın nəzdində “Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi”, “Dədə Qorqud Ensiklopediyası” kimi mədəniyyət tariximizdə iz qoymuş layihələr həyata keçirilib. Birliyin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu – Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan bölməsi yaradılıb, Rusiya, Türkiyə, Gürcüstan və Polşanın yazıçı təşkilatları ilə ikitərəfli müqavilələr bağlanıb. Beynəlxalq aləmdə maraqla qarşılanmış “Dünya ədəbiyyatı” jurnalı fəaliyyətə başlayıb, bu seriyadan onlarla kitab, eləcə də Azərbaycan şair və yazıçılarının saysız-hesabsız publisistikası nəşr olunaraq oxucuların diqqətinə çatdırılıb.
Anarın nəsri, şübhəsiz, onun çoxşaxəli yaradıcılığının nüvəsini təşkil edir. Yazıçının nəsri 60-cı illərdən ta günümzədək özünəməxsus zənginləşmə, dərinləşmə yolu keçib, bu axtarışlarda yeni çalarlar, özəl keyfiyyətlər üzə çıxıb. Bu əsərlərdə insan məhəbbəti, ləyaqəti, arzu və istəkləri qələmə alınıb. Qəhrəmanların və aparıcı obrazların hamısı öz yüksək daxili ehtirasları, həyat eşqi, azadlıq və ədalət, həqiqət və səadət arzuları ilə çırpınırlar. Və demək olar ki onların hamısı bu yolda böyük sıxıntılara tuş gəlir, sınaqlarla, çətinliklərlə üzbəüz qalırlar. Anarın özünəməxsus süjet xətti bəzən hadisələri romantik və estetik mühitə keçirir.
Yazıçı Anarın “Seçilmiş əsərlər”ində toplanmış yazıların demək olar ki hamısında qüdrət, aydınlıq və müdriklik müşahidə olunur. Müəllifin təlatümü, inkar və təsdiqi qabartması söz oyunundan deyil, adi ehtirasdan, əks-sədadan, daxili inamdan doğur. Bizi əhatə edən aləmdəki xırda detallar belə, yazıçını dərindən düşündürür.
Anarın özü ilə qarşılaşan, onun yaradıcılığı ilə az-çox tanış olan hər bir insan onun necə bir estetik zövqə və intellekt düşüncəyə malik olduğunu, elə ilk cümlələrdən tuta bilir. Hal-hazırda Anar sənətinin ucalığındadır. Bu söz sarayını ucaldan əllər mahir və qüdrətli əllərdir. Əminəm ki, o heç vaxt yorulmayacaq, Azərbaycan ədəbiyyatına yeni-yeni əsərlər bəxş edəcək.
Sayman ARUZ
525-ci qəzet.-2012.-
25 yanvar.- S.7.