Azərbaycan mətbuatında “Şərurun səsi”: 80 yaşlı qəzetin dünəni və bugünü

 

Müsahibimiz “Şərurun səsi” qəzetinin redaktoru,Azərbaycanın Əməkdar jurnalisti, Naxçıvan Mətbuat Şurası İdarə Heyəti sədrinin müavini Elman Məmmədovdur.

 

– Elman müəllim istərdim ilk öncə 80 yaşlı qəzetin keçdiyi inkişaf yoluna nəzər salaq....

– Bu gün “Şərurun səsi” adı ilə nəşr olunan rayon qəzetinin ilk nömrəsi 1931-ci ilin oktyabr ayında buraxılıb. O vaxt qəzetin adı “Pambığa doğru” idi və cəmi iki əməkdaşı var idi: Naxçıvan şəhər sakini Qasım Tağıyev redaktor, sədərəkli Qədim Qədimov isə ədəbi işçi işləyirdilər. İlk nömrələrindən başlayaraq xidmət elədiyi ictimai-siyasi quruluşdakı əyintiləri kəskin tənqid edən israfçılığa, bürokratizmə, bir sözlə, bütün mənfi hallara qarşı mübarizə aparan “Pambığa doğru” həm də gündəlik həyatımızda baş verən yeniliklərlə oxucularını tanış edirdi. Dan yeri (keçmiş Danzik) kəndindən Hüseyn Vəkilov, Dəmirçi kəndindən Abdulla Qənbərov və Musa Zeynalov, Mahmudkənddən Həsən Hüseynov, Əbülfəz Abbasquliyev, Dərvişlər kəndindən Qasım Qasımov, Şahtaxtı kəndindən Hüseyn Əsədov, Yengicə kəndindən Xəlil Məhərrəmov vaxtaşı olaraq qəzetdə müxtəlif mövzulu yazılarla çıxış edirdilər. Bir neçə nömrə çıxdıqdan sonra qəzetin redaktoru Qasım Tağıyevi rayon partiya komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkirlər və Qarabağlar kənd sakini Nemət Əhmədovu redaktor təyin edirlər. Həmin illərdə fəhlə-kəndli müxbirlərin qəzetçilik hazırlığına ciddi diqqət yetirilir, ən yaxşıları redaksiyalarda işə qəbul edilirdilər. Nemət Əhmədov da bu ənənəyə sadiq qalaraq fəal müxbir İsa Xudiyevi məsul katib, Əbülfəz Abbasquluyevi ədəbi işçi vəzifələrinə götürür. Qəzetlərin vaxtlı-vaxtında, lazımi səviyyədə çıxması üçün mətbəələrin təşkili və onların maddi-texniki bazasının möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edirdi. “Pambığa doğru” qəzetinin də ilk nömrələri mətbəənin olmaması üzündən Naxçıvanda – “Şərq qapısı” qəzetinin mətbəəsində çap edilirdi. Artıq 1932-ci ildə Azərbaycanın bir neçə rayonunda, eyni zamanda Şərurda da mətbəə təşkil olunur. Lakin kadr çatışmazlığı işi yenə də çətinləşdirirdi. Bu məqsədlə mərkəzdə xüsusi kurslar təşkil edilir və 1934-cü ildə birillik kurs keçənlər sırasında Çomaxtur kənd sakini Yəhya Nəcəfov da var idi. O, ömrünün sonuna – 1973-cü ilə kimi qəzetin mürrətibi işləyib. “Pambığa doğru” qəzetinə 1937-ci il aprelin 25-dən oktyabrın 18-dək sonralar Xalq yazıçısı fəxri adına layiq görülmüş Süleyman Rəhimov, 1937-1939-cu illərdə Yengicə kənd sakini Xəlil Məhərrəmov redaktorluq ediblər.

– İkinci Cahan Müharibəsi illərində və Qələbənin əldə olunmasından sonrakı müddətdə qəzetin fəaliyyəti necə olub?

– Alman-faşist işğalçılarının ölkəmizə hücumu zamanı qəzetin hər bir nömrəsi rayon zəhmətkeşlərini düşmənlə mübarizəyə səsləyirdi. Həmin illərdə Yengicə kənd sakini Novruz Nəcəfov, mahmudkənli yazıçı Əbulfəz Abbasquliyev redaktor olublar, Xəlil Babışov (sonradan müharibəyə gedib və qayıtmayıb) məsul katib, Sultan Mehdiyev kütləvi işçi, Nağı Məmmədov çapçı, Yəhya Nəcəfov mürəttib idilər. O illərdə Yuxarı Daşarx kənd sakini Hüseyn Əbdülhüseynov da qəzetlə əməkdaşlıq edib və bir müddətdən sonra müharibəyə göndərilib. Müharibə illərində qəzetin əməkdaşları arxa cəbhədə görülən işləri işıqlandırır, cəbhədən təzə xəbərlər, həmyerlilərimizin şücaətindən bəhs edən materiallar və foto-şəkillər dərc edirdilər. Qələbədən sonra müharibənin vurduğu yaraları sağaltmaq, iqtisadiyyatı dirçəltmək üçün ölkədə geniş hərəkat başlandı və bizim rayon qəzeti də bu hərəkata qoşuldu, ideoloji sahədə yeni dövrün aparıcılarından birinə çevrildi. 1945-1952-ci illərdə müxtəlif vaxtlarda Hüseynqulu Ağayev və Həsən Hüseynov (hər ikisi Mahmudkənd sakinləri idi), Məhərrəm Xudiyev və çomaxturlu Ələşrəf Tahirov qəzetin redaktoru olublar. 1952-ci ilin axırlarında qəzetə Hüseyn Əbdülhüseynovu redaktor təyin ediblər. Qədim Qədimov, Əli Kazımov, Musa Məmmədov, Əli İsmayılov, Abbas Həsənov, Səfər Sultanov, Əpruz Qəhrəmanova, Rza Rzayev, Ümbülü Orucova, İslam Əliyev və başqaları fəal müxbir kimi qəzetlə yaxından əlaqə saxlayıblar. Rayonda pambıqçılıqla yanaşı, kənd təsərrüfatının digər sahələri də sürətlə inkişaf etdirilirdi. Belə bir dövrdə təbii ki, qəzetin adının dəyişdirilməsi zərurəti meydana çıxır. 1954-cü il yanvar ayının 14-də Azərbaycan KP MK-nın qərarı ilə “Pambığa doğru” “Noraşen kolxozçusu” adı ilə fəaliyyətini davam etdrir. Qəzet kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrinin işıqlandırılması ciddi diqqət yetirir. Sov.İKP.MK-nın 1959-cu il 31 iyul tarixli qərarıyla isə Azərbaycan, Gürcüstan, Tacikistan və Özbəkistan kommunist partiyalarının mərkəzi komitələrinə tapşırılır ki, muxtar vilayətlərdə rayon qəzetlərinin buraxılmasının məqsədəmüvafiq olub-olmaması məsələsinə baxsınlar. Həmin qərara müaviq olaraq, 1959-cu ilin sentyabr ayında “Ordubad işçisi”, “Sovet Culfası”, “Noraşen kolxozçusu” və “Sosializm maldarlığı” (Şahbuz rayonu) qəzetlərinin fəaliyyətləri dayandırılıb. 1966-cı ilin yanvar ayından rayon qəzetləri yenidən bərpa olunub. Həmin il yanvar ayının 27-də Cəfər Məmmədovun redaktorluğu ilə “Pambığa doğru” və “Noraşen kolxozçusu” qəzetlərinin davamçısı olan “İşıqlı yol”un ilk nömrəsi çapdan çıxıb. 1991-ci ilin yanvar ayında qəzetin adı dəyişdirilərək “Şərurun səsi” qoyulub. Müstəqillik illərində də rayon qəzetinin əməkdaşları əvvəlki sələflərinin ənənələrini yaşadaraq oxuculara bir-birindən maraqlı nömrələr çatdırmağa çalışıblar. Ümumiyyətlə, respublikamızda bütün dövri mətbu orqanlarının fəaliyyəti 1969-1982-ci illərdə daha parlaq hiss olunmağa başlanıb. Həmin illərdə mətbuat dördüncü hakimiyyət funksiyasını tam şəkildə yerinə yetirib və əslində bunun üçün gözəl imkan və şərait mövcud olub. “İşıqlı yol” da Heydər Əliyevin rəhbərliyi dövründə hörmətli, nüfuzlu qəzetlər sırasına çıxıb. Həftədə üç dəfə və yüksək tirajla nəşr olunan qəzetdə Cəfər Məmmədov, Hüseyn Əbdülhüseynov, Nəriman Nəcəfov, Nailə Hacıəhmədzadə, Çingiz Nağıyev, Arif Həbibov, İbrahim Seyidov, Qəzənfər Baxşəliyev, Samur Nağıyev, Mirhüseyn Seyidov, Məmməd Abdullayev, Yaşar Ələkbərov, Məmməd Vəliyev, Ağa Ağayev, Cəfər Əliyev, İslam Əliyev, Məhlüqə Abdullayeva, Mikayıl Əliyev kimi bacarıqlı, peşəkar yaradıcı işçilər fəaliyyət göstəriblər. Qəzetin nəfis şəkildə hazırlanıb çap olunmasında mətbəə işçilərindən Yəhya Nəcəfov, İsmayıl Həsənov, Kərim Cavadov, İsmayıl Tağıyev, Yaqub Mahmudov, Tovuz Babayeva, Sərvinaz Qurbanova, Rəfiqə Rüstəmova, Hidayət Quliyev, Məryəm Cəfərova, Məhbubə Rzayeva, Mehparə Əzizova, Mütəllim Əliyev, Firəngiz Əliyeva, Nazim Babayev və başqalarının əməyi çox olub.

– Elman müəllim, sizin jurnalistikaya, eləcə də bu qəzetə gəlişiniz necə olub?

– Qəzetə və qəzetçiliyə hələ orta məktəb illərindən marağım çox olub. Dərsdən sonra həmişə kəndimizdəki kitabxanaya gedir, yeni bədii ədəbiyyat seçməmişdən əvvəl kitabxanaçı İsmayıl Şirəliyevdən icazə alıb, təzə qəzet-jurnalları vərəqləyirdim. “Şərq qapısı”nda və respublika qəzetlərində həmkəndlilərim Çingiz Nağıyevin, İslam Əliyevin, Samur Nağıyevin imzalarına tez-tez rast gəlirdim. Həmişə arzulayırdım ki, kaş mən də jurnalist olaydım. İş elə gətirdi ki, Çingiz müəllimlə səmimi münasibətimiz yarandı və arzumu ona bildirdim. 1966-cı ildə rayonumuzda qəzetin yenidən nəşrə başlaması xəbəri isə bəlkə də mənim qədər heç kimi sevindirməmişdi. Daha bir qəzet oxumaq imkanı keçmişdi əlimə, həm də elə bir qəzet ki, əsasən rayonumuzdan yazır, yerli xəbərlər, foto-şəkillər dərc edirdi. Həmin il orta məktəbi bitirdim, bir müddət rayon pambıqtəmizləmə zavodunda fəhlə işlədim, sonra kəndimizdəki kolxozda təsərrüfat briqadasının üzvü oldum. 1968-ci ilin oktyabr ayında isə Çingiz müəllimin köməkliyi ilə “İşıqlı yol” (indiki “Şərurun səsi”) qəzetinin mətbəəsinə çapçı köməkçisi təyin edildim. Onda qəzetin redaktoru Cəfər Məmmədov idi. Cəfər Məmmədov 1954-cü ildə Azərbaycan Dövlət Universitetini jurnalistika ixtisası üzrə bitirmişdi. Elə həmin ildən “Noraşen kolxozçusu” qəzetində əmək fəaliyyətinə başlamışdı. 1959-cu ildə qəzet bağlandıqdan sonra o, Qarxun kəndindəki Mehdi Hüseynzadə adına kolxozda partiya təşkilat katibi işlədi, 1963-cü ildən yerli radio verilişlərinin təşkilatçısı-müxbiri, 1966-cı ildən 1969-cu ilə kimi “İşıqlı yol”un redaktoru oldu. Nəcib və xeyirxah insan, ağıllı və uzaqgörən ziyalı, cəsarətli jurnalist idi. 1969-cu ildə Cəfər Məmmədovu raykomun büro qərarı ilə Arpaçay Su Tikinti İdarəsinə partkom göndərdilər. Redaksiya heyətinə bir müddət redaktor müavini Nəriman Nəcəfov rəhbərlik etdi və 1969-cu ilin avqust ayında Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin məzunu, əslən Cəlilabaddan olan Rafiq Həsənovu təyinatla rayon qəzetinə redaktor göndərdilər. Az müddət ərzində qəzet səhifələrinə çıxarılan yazıların keyfiyyətində, mövzuların rəngarəngliyində, səhifələrin tərtibatında xeyli müsbət dəyişikliklər oldu, yeni açılan rubrikalar altında rayonumuzun tarixini, sosial-iqtisadi həyatını əks etdirən maraqlı məqalələr dərc olundu. Gənc redaktorumuzun təşəbbüsü ilə rayonda olan istedadlı yaradıcı qüvvələri bir yerə yığmaq, onların fəaliyyətlərini istiqamətləndirmək üçün qəzetin nəzdində “Şərur qönçələri” (indiki “Şərur”) adlı ədəbi birlik yaradıldı. 1970-ci il noyabr ayının 17-də Rafiq müəllim “Kommunist” qəzetində məsul vəzifəyə irəli çəkildi. Uzun müddət rayon partiya komitəsində və qəzetdə məsul vəzifələr tutmuş Hüseyn Əbdülhüseynov redaktorumuz oldu. Hüseyn müəllim savadlı, ağır təbiətli, geniş dünyagörüşə malik insan, həm də gənc jurnalistlərin həyat müəllimi idi. Onun təqdimatı ilə mən 1974-cü ildə qəzetə ədəbi işçi, bir il sonra isə şöbə müdiri vəzifəsinə təsdiq edildim. Hüseyn Əbdülhüseynov 1979-cu il avqustun 2-də qəflətən vəfat etdi. O zaman Cəfər Məmmədov raykomun büro qərarı ilə yenidən redaksiyaya qyıtmışdı və redaktor müavini işləyirdi. O, bir müddət redaktoru əvəz elədi və həmin ilin payızından 1992-ci ilin avqustuna kimi rayon qəzetinə Mikayıl Əliyev redaktorluq etdi. Mikayıl müəllim ştatdankənar müxbir kimi əvvəldən redaksiya kollektivinə yaxından bələd idi, ayrı-ayrı əməkdaşlarla səmimi münasibət saxlayırdı. Bu, redaktor işlədiyi elə ilk günlərdən onun daha çox karına gəldi. Mikayıl Əliyev iş vaxtı redaktorumuz, dara düşəndə arxamız, müdafiəçimiz, işdən sonra isə dostumuz, sirdaşımız idi. 13 ildən sonra, yəni 1992-ci ildə o, öz ərizəsi ilə işdən çıxdı, Şərur şəhərindəki 2 nömrəli orta məktəbdə direktor müavini oldu. Hazırda isə təqaüdçüdür. Mikayıl müəllimdən sonra redaksiya heyətinə rəhbərliyi rayon sovetinin qərarı ilə mənə həvalə etdilər.

–“Şərurun səsi”nə redaktor təyin olunanda Sizinlə birlikdə bu mətbuat orqanında kimlər çalışırdı?

– Mən qəzetə redaktor təyin olunanda Cəfər Məmmədov yenə də redaktorun müavini, Cəfər Əliyev məsul katib, Çingiz Nağıyev, Məhluqə Abdullayeva şöbə müdirləri, İslam Əliyev isə müxbir idilər. 1970-ci ilin may ayından rayon qəzetində məsul katib kimi əmək fəaliyyətinə başlayan Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin məzunu Cəfər Əliyevin müxtəlif mətbuat orqanlarında yüzlərlə dadlı-duzlu, təsirli, dəyərini, qiymətini uzun müddət itirməyən yazıları dərc olunurdu. O, bu gün də qəzetimizin məsul katibidir. Cəfərin başı qələmini tuşladığı “sözükeçənlərin” ucbatından çox bəlalar çəkib. Müxtəlif vaxtlarda qəzetimizin əməkdaşları olmuş Samur Nağıyevin, Mirhüseyn Seyidovun, Məmməd Abdullayevin, Qəzənfər Baxşəliyevin, Ağa Ağayevin də özlərinə məxsus yaradıcılıq qabiliyyətləri, şəxsi keyfiyyətləri olub. Yubiley ərəfəsində və yubileydən sonra qəzetimizdə qələm yoldaşlarımızın bir neçəsi haqqında müəllif yazıları, yaxud onların öz xatirələrini dərc etmişik. Yeri gəldikcə, digərləri ilə də bu günkü oxucularımızı tanış edirik. Beləcə, sevimli qəzetimizdə əsas bələdçilərim məni 1969-cu ildə bu kollektivlə birləşdirən Cəfər Məmmədov, ilk dəfə əlimdən tutub yazmağa alışdıran, bi işə daha çox həvəsləndirən Çingiz Nağıyev, onun göstərdiyi yolu bir az da hamarlaşdıran, cilalayan Rafiq Həsənov, Hüseyn Əbdülhüseynov, Mikayıl Əliyev, qəzet tərtibi texnikasını öyrədən Nəriman Nəcəfov, Cəfər Əliyev olublar. Bu gün sevinir, qürur hissi keçirirəm ki, 80 yaşlı qəzetimizin 43 ilini Azərbaycan Milli Mətbuat tarixində xüsusi yeri, dəst-xətti olan onlarca jurnalistlə yol yoldaşı olmuşam, onlardan çox şey öyrənmişəm. Və bu yaşımadək jurnalistika sahəsində nə qazanmışamsa, nəyə nail olmuşamsa, hamısı bu şərəfli yolda mənə bələdçilik edən, heç vaxt unutmayacağım qələm dostlarımın hesabınadır.

– Siz 1988-1993-cü illəri qəzetin ən çətin dövrləri kimi xarakterizə etdiniz. Bilmək olarmı həmin çətinliklər nədən ibarət idi?

– Həmin illərdə respublikamızdakı əsas kütləvi informasiya vasitələrinin vəziyyəti eyni dərəcədə acınacaqlı idi. Aparıcı mətbuata dövlət səviyyəsində fikir verilmirdi. Bir-birinin ardınca meydana atılan, demokratiya pərdəsinə bürünərək istədikləri kimi yazıb-pozan, yalnız özlərinə sərf eləyən, lakin jurnalist etikasından və jurnalist sətənkarlığından tamamilə xəbərsiz müxalifət qəzeitləri isə “meydan sulayardılar”. Hələlik bu gün, “nə edək, kimin arxasınca gedək, kimə inanaq?” sualları qarşısında özünə nicat yolu axtaran kütlənin böyük əksəriyyətini “bulanıq suda balıq tutmaq” üçün əllərinə imkan düşmüş bu cür “mətbuat orqanları” ilə çaşdırmaq, istənilən tərəfə çəkmək daha asan idi. Axı, mətbuata olan inam hələ itməmişdi, elə bilirdilər ki, yazılanlar da, radio dalğalarından, televiziya ekranlarından hər gün eşitdikləri də real faktlardır, həqiqətdir. Yağışdan sonra çıxan göbələk kimi, hər gün artan, çoxalan təzə qəzet və jurnallar bu fürsətdən yaxşıca istifadə edirdilər. Bir faktı da qeyd edim ki, məhz o dövrdə əvvəllər müəyyən cinayət törədərək vəzifədən qovulmuşlar, hətta müxbirə “muxbir”, qəzetə “qazet”, məqaləyə “maqalə” deyənlər, jurnalist kəlməsini də olduğu kimi tələffüz edə bilməyənlər yeni açılan kütləvi orqanlarda özlərinə yaxşıca mövqe tutur və qələmlərini birbaşa kütləyə tuşlayırdılar. Belə qəzetlər və “qəzetçilər” cəbhədən də xəbərsiz idilər. Onları bir-birinin ardınca itirilən torpaqlar, tökülən şəhid qanları, xalqın düçar olduğu bəlalar yox, şəxsi mənafe daha çox düşündürürdü. Bütün çətinliklərə baxmayaraq, “Şərurun səsi” yenə də öz düzgün yolunda idi. Əməkdaşlarımız əsasən xalqı düşündürən məsələləri qələmə almağa çalışır, vicdanlı, dəqiq və qərəzsiz mövqe nümayiş etdirirdilər. 1990-cı il yanvar ayının 18-dən başlayaraq Sədərək kəndi Ermənistan tərəfdən müxtəlif çaplı silahlarla atəşə tutulmağa başladı. Onlar artıq Kərki bütünlüklə erməni nəzarətinə keçmişdi. Ayın 19-dan 20-nə keçən gecə və səhər əks tərəfdən Sədərəyə top və raket mərmiləri yağmağa başladı. Bu, elə vaxta təsadüf edirdi ki, rus ordusu Bakıda da həmvətənlərimizə divan tutmuşdu. Dəmiryolu işləmirdi, elektrik enerjisi kəsilmişdi, qəzet, jurnal gəlmirdi, əhali informasiyadan tamamilə məhrum olmuşdu. Gündəlik hadisələr barədə redaksiyamıza çoxlu materiallar daxil olurdu, özümüz də sərhəd bölgəsindənm yazılar hazırlayırdıq. Lakin həmin materialları o vaxtkı hökumətin və partiyanın orqanında bizim düşündüyümüz və yazdığımız kimi dərc etmək imkan xaricində idi. Ermənilərin, rus imperiyasının azğınlığına etiraz əlməti olaraq redaksiya və mətbəə işçilərinin nümumi yığıncağını çağırdıq, rayon qəzetinin çapını dayandırmaq barədə qərar qəbul elədik. Əlbəttə, müharibə şəraitində əhalini mətbuatsız, informasiyasız qoymaq da olmazdı axı. Odur ki, elə 1990-cı il yanvarın 20-dən “Şərur cəbhəsi” adlı bülleten buraxmağa başladıq. Əvvəlcə, təklif belə idi ki, bülleten rayon qəzetinə əlavə kimi nəşr edilsin. Lakin, bu mümkün olmadı, çünki qeydiyyatı yox idi. Ona görə də müstəqil nəşr kimi fəaliyyətinə başlandı. Qeyd edim ki, erməni işğalçılarına qarşı rayon əhalisini səfərbərliyə almaqda hər gün kiçik formatda və 8-12 səhifə həcmində buraxılan “Şərur cəbhəsi” bülleteni əvəzsiz rol oynayırdı. Bülletendə o dövr üçün dəyərli, sanballı materiallar çap edilirdi. Təkcə bu faktı göstərmək kifayətdir ki, Şərur Rayon XDS İK-nın “1990-cı il yanvar ayının 20-nin rayonda Matəm günü elan edilməsi barədə” 20 yanvar 1990-cı il tarixli qərarı ilk dəfə “Şərur cəbhəsi” bülletenində dərc olunmuşdu. Həmçinin bu, 20 Yanvarın Matəm günü elan edilməsi ilə bağlı Azərbaycan Respublikasında kütləvi nəşr vasitəsilə yayımlanan ilk rəsmi sənəd idi. “Şərur cəbhəsi”nin buraxılması məsuliyyətini gizli imza ilə (“Mirzə Namlem”) rayon qəzetinin şöbə müdiri kimi mən və rayon mədəniyyət şöbəsinin o vaxtkı müdiri, hazırda Azərbaycan Müdafiə Nazirliyində məsul vəzifədə çalışan, polkovnik, yazıçı-publisist Abdulla Qurbani (Yanar Ocaq) öz üzərimizə götürmüşdük. Bülletenin bir hissəsi 10-15 qəpiyə satılıb, hər gün gecəni-səhərəcən mətbəədə onu yığanların, səhifələyənlərin, çap edənlərin yeməyinə-çayına xərclənirdi. Qalanını isə kəndlərdə, mitinqlər zamanı meydanda, müdafiə mövqelərində yayırdıq. Şəhid olanların şəkillərini də Naxçıvan mətbəəsindəki sinkoqrafiya sexində kilişeyə salıb bülletendə çap edirdik. Hamı bu təşəbbüsü alqışlayırdı. Bir məsələni də deyim ki, indinin özündə də həmin bülletenin guya xalq cəbhəsinin orqanı kimi, onların təsiri iləb buraxılması barədə əsassız uydurmalar vardır. Bu, yalnız və yalnız gözügötmürəyənlərin söz-söhbətidir. “Şərur cəbhəsi”ni Şərurun döyüşən, vuruşan cəbhəsindən, torpaqlarımızı müdafiə edənlərin gündəlik fəaliyyətindən bəhs edən, hadisələri operativ şəkildə çatdırmaq məsuliyyətini boynuna götürən orqan kimi ərsəyə gətirmişdik. Bülletenin 11 sayı nəşr olunandan sonra qəzet fəaliyyətini bərpa edə bildi. Amma bu dəfə də maliyyə imkanlarının məhdudluğu üzündən qəzetin bağlanmaq təhlükəsi ilə üzləşdik. Lakin özümüzü oda-közə vurduq, o çətin zamanlarda aylarla maaş almasaq da rayon əhalisini informasiyasız qoymamağa çalışdıq, sevimli peşəmizdən uzaqlaşmadıq. Qəzet çox çətinliklə də olsa nəşr edilirdi. Düzə-düz, əyriyə-əyri dediyimizə, rayonun ictimai-siyasi həyatında baş verən hadisələri olduğu kimi yazdığımıza, boşluqdan istifadə edib talançılıqla məşğul olanların hərəkətlərini qələmə aldığımıza görə “meydan qəhrəmanları” dəfələrlə redaksiyanın qarşısında piket keçirir, qanunsuz tələblər irəli sürür və qapıları bağlayıb, idarənin fəaliyyətinin onların tələbləri yerinə yetirilməyincə dayandırmağa cəhd göstərirdilər. Lakin qapılara mıxça ilə bərkidilən taxtaları qorxmadan və çəkinmədən çıxarıb atır, işimizi davam etdirirdik. Bütün bu çətinliklər ümummilli lider Heydər Əliyevin ikin ci dəfə hakimiyyətə gəlişinə qədər çəkdi. Ulu öndərin Ali Məclisin sədri olduğu müddətdə həyata keçirdiyi tədbirlər nəticəsində vəziyyətimiz yaxşılaşmağa başladı. Bu, təbii ki, hər birimizi sevindirdi və artıq tam şəkildə əmin olmağa başladıq ki, daha “mənəm-mənəmliyə” son qoyulur, haqq-ədalət bərpa edilir. Tarixi qayıdış respublikamızın həyatında yeni mərhələnin başlanğıcını qoyduğu kimi, milli mətbuatımızın və jurnalistikanın inkişafında da əsaslı dönüş yaratdı. Ulu Öndərin göstərişi ilə mətbuatın sərbəst fəaliyyətini təmin edən və nizamlayan bir sıra qanunlar, fərman və sərəncamlar hazırlanıb təsdiq olundu. 1993-cü ildən sonra, xüsusilə 1995-ci ildən respublikamızda yaranan sabitlik bizim üçün də sərbəst fəaliyyət göstərməyə yaşıl işıq yandırdı.

– Bəs bu gün necə, 80 yaşını qeyd edən “Şərurun səsi” qəzeti, eləcə də muxtar respublika mətbuatı dövlətin diqqət və qayğısını öz üzərində hiss edirmi?

– Respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli lider Heydər Əliyev milli mətbuatımızın inkişafına böyük qayğı göstərib, bu sahədə çalışan jurnalistlərə inam ə etibar nümayiş etdirib, onların qaldırdığı problemlərin həllinə çalışıb. Heydər Əliyev kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçiləri üçün əlverişli fəaliyyət mühitinin yaradılması, cəmiyyətdə demokratik dəyərlərin və prinsiplərin dərin kök salması, fikir və söz azadlığının təmin olunması istiqamətində də mühüm işlər görürdü. Məhz onun sayəsində Azərbaycan milli mətbuatı həmişə qabaqcıl ideyaların carçısı, dövrün, ictimai-siyasi həyatın güzgüsü olub. Ulu öndərin bu istiqamətdə həyata keçirdiyi tədbirləri eyni siyasətə uyğun olaraq ardıcıl və yaradıcılıqla davam etdirən, demokratik cəmiyyət-demokratik mətbuat, azad cəmiyyət-azad mətbuat anlayışını daim önə çəkən Prezident İlham Əliyev də bütün çıxışlarında bu fikri bəyan edir ki, Azərbaycanın daha qüdrətli, demokratik, sivil, müasir dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Muxtar respublikamızda da mətbuatın inkişafı, kütləvi informasiya vasitələri işçilərinə diqqət və qayğı, peşəkar jurnalistlərin yetişdirilməsi üstün istiqamət verilən sahələrdən biridir. “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il mart ayının 29-da Ali Məclis sədri Vasif Talıbovun imzaladığı sərəncam regionumuzda mətbuatın inkişafı sahəsində yeni mərhələnin başlanğıcını qoyub. Qəzet işçilərinin normal fəaliyyət göstərməsi üçün yaradılan hərtərəfli şərait, redaksiyaların kompyuterlərlə təmin olunması, maliyyə məsələlərinin həlli məqsədilə hər il dövlət büdcəsindən ayrılan yardımlar, şəhər və rayon qəzetləri redaksiyalarının nümunəvi ştat vahidlərinin təsdiq edilməsi, bu hesaba yaradıcı işçilərin sayının artırılması bir daha onu göstərir ki, muxtar respublika rəhbəri mətbuatın inkişafına nə dərəcədə maraqlıdır. Göstərilən diqqət və qayğı təkcə maddi-texniki bazanın möhkəmləndirilməsi ilə məhdudlaşmır. Fəal jurnalistlərin də əməyi daim yüksək qiymətləndirilir, onlar fəxri adlarla, medallarla, yeni mənzillə, digər yüksək dövlət mükafatları ilə təltif edilirlər. Qəzetlərdə çalışan işçilərin zəhməthaqqılarının ilbəil artırılması, “Şərurun səsi” qəzeti redaksiyasının yeni binada fəaliyyətə başlaması, digər rayon və şəhər qəzetləri üçün də hərtərəfli iş şəraitinin yaradılması, “Şərq qapısı” qəzeti və “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsi, nəşriyyatın müasir çap avadanlıqları ilə təmin olunması kütləvi informasiya vasitələrinə göstərilən qayğının daha bir təzahürüdür. Ali Məclisdə kütləvi informasiya vasitələri işçilərinin iştirakı ilə keçirilmiş müşavirələr, bu tədbirlərdə səslənən fikirlərə həssaslıqla yanaşılması, verilən tapşırıq və tövsiyələr bu sahənin inkişafına xeyli müsbət təsir göstərib. Bütün bunlar belə deməyə əsas verir ki, muxtar respublikamız Azərbaycanın digər regionları ilə müqayisədə hər sahədə olduğu kimi, milli mətbuatın və jurnalistikanın inkişafına göstərilən qayğıda da ölçülür. Bu gün muxtar respublikamızda nəşr olunan bütün mətbu orqanlar kimi “Şərurun səsi” qəzetinin redaksiyasında çalışan jurnalistlər də bütün diqqət və qayğılardan yararlanırlar. Redaksiyamız ali təhsili olan jurnalist kadrları ilə komplektləşdirilmişdir. Qəzetimizin dövriyəliliyi artırılıb ki, bu da həm xəbərlərin oxucuya operativ çatdırılmasına imkan yaradır, həm də yerli mətbuat orqanına marağı artırır. Bütün bunlar qəzetin tirajının da əsaslı şəkildə yüksəlməsinə səbəb olur.

 

 

Rufik İSMAYILOV

 

525-ci qəzet.-2012.- 25 yanvar.- S.6.