Maarif fədaisi
ALİM-PEDAQOQ VƏ JURNALİST
TEYMUR HÜSEYNOVUN 120 İLLİYİNƏ
Görkəmli
şəxsiyyət, dilçi alim, gözəl jurnalist, pedaqoq
və əvəzsiz ədəbiyyatşünas Teymur
Hüseynov 1892-ci il yanvar ayında Şamaxı şəhərində
dünyaya göz açmışdı. Ailələrinin
keçirdiyi ağır həyat balaca Teymuru Bakıya gətirir.
O, Bakıda yaxın qohumu olan inqilabçı Əlicabbar
İsmayılovun himayəsinə sığınır. Bu,
Teymur Hüseynovun həyat yolunu müəyyən edir.
Teymur
Hüseynov 1906-cı ildə Bakıda “Rus-tatar” məktəbini
bitirib. 1907-ci ildə ona himayədarlıq edən Ə.İsmayılovun
köməyi və məsləhəti ilə Qori
Seminariyasına daxil olur. (Ə.İsmayılov özü də
Qori Seminariyasını 1892-ci ildə bitirmişdir). 1911-ci ildə
Qori Seminariyasını bitirən üç tələbədən
biri də Teymur Hüseynov idi. Seminariyanı başa vuran
T.Hüseynov Bakıya gəlib müəllimlik fəaliyyətinə
başlayır. 1916-cı ildə inqilabçılarla
tanışlığına görə T.Hüseynov
şübhə altına düşərək müəllimlikdən
kənarlaşdırılır. 1916-cı ilin sonlarında o,
Qafqaz cəbhələrindən gələn qaçqınlara
kömək təşkilatına üzv olur. Bu təşkilatda
o, N.Nərimanov, M.Əzizbəyov, İ.Fioletov və başqa
tanınmış inqilabçılarla birlikdə
çalışır və bu da onun bir inqilabçı kimi
formalaşmasına böyük təsir göstərir.
Teymur
Hüseynov 1917–1919-cu illərdə Tiflisdə müəllimlər
institunda təhsil almış, bolşevik “Hümmət” təşkilatının
bərpa olunmasında iştirak etmişdi.
Azərbaycanda
Sovet hakimiyyətinin qələbəsindən sonra Bakı
inqilab komitəsinin katibi, AK PMK-də şöbə
müdiri, Azərbaycan SSR MİK-nin katibi, Xalq torpaq
komissarı, AK (b) RMK-də şöbə müdiri, FKM
komissarının müavini, Gəncə mahal Soveti icraiyyə
Komitəsinin sədri, 1931–36-cı illərdə
Gürcüstan SSR KPMK-nın orqanı olan “Yeni yol” qəzetinin
redaktoru, YİK (b) PZÖK-də şöbə müdirinin
müavini, Bakı İcraiyyə Komitəsi Xalq Maarif
Şöbəsinin müdiri və s. vəzifələrdə
çalışmışdır.
O,
ömrünün sonuna kimi partiya və dövlət vəzifələrində
çalışsa da, maarif və məktəb, təlim və
tərbiyə məsələləri onun fəaliyyətinin
ayrılmaz tərkib hissəsini təşkil etmişdir.
T.Hüseynovun qəzet və jurnallarda çap olunmuş
çoxsaylı məqalələrinin əsas mövzusunu məktəb,
təhsil məsələləri təşkil edirdi: məktəblərin
sayca artması, qadınların təhsilə cəlb edilməsi,
məktəblərin dərs vəsaitləri ilə təmin
olunması Teymur Hüseynovu narahat edən problemlər idi.
Latın əlifbasının tətbiqi uğrunda
apardığı mübarizə də onun fəaliyyətində
əsas yerlərdən birini tuturdu. T.Hüseynov 1920-ci ildən
1925-ci ilədək yeni latın əlifbasını həyata
keçirən komitənin sədr müavini olmuşdur. O
“Yeni türk əlifbası”, “Yeni yol” qəzetinin 10 illiyi adlı
məqalələrində yeni əlifbanın qısa müddətdə
kadr hazırlamaq üçün əlverişli şərait
yaratmaqla bərabər, dilimizi ərəb və fars təsirindən
təmizləməkdə, ədəbi dilimizi inkişaf etdirməkdə
də əvəzsiz rol oynadığını qeyd edirdi.
O,
“Salyan” adlı məqaləsində rayon təşkilatlarının
diqqətini kəndlərdə mədəni-maarif işlərini
yüksəltməyə yönəltmişdir. 1931–1936-cı
illərdə məktəb proqramlarının yenidən
hazırlanması, tədris planlarının təkmilləşməsi,
pedaqogikanın müasir mərhələdə rolunun yüksəldilməsi
kimi bir sıra qərarların qəbul olunmasında
T.Hüseynovun böyük rolu olmuşdur. Onun “Maarif templəri
və keyfiyyət” adlı məqaləsi də elə bu
mövzuya həsr olunmuşdu. O, məqaləsində maarif
komissarlığını müəllimlərin iş təcrübəsini
zəif öyrənmək və qabaqcıl iş təcrübəsini
yaymamaqla bağlı ciddi tənqid etmiş və baza məktəblərinin
yaranması fikrini irəli sürmüşdür. 1931-ci ildə
T.Hüseynovun “Məktəblərin təminat və metodiki
işlərini gücləndirmək” adlı iki məqaləsi
dərc olunmuşdur. O, bu məqalələrdə təlim
işlərini gücləndirmək məqsədi ilə
metodik birləşmələrin təşkilini, bu məsələlərə
aid müşavirə və kofransların
çağırılmasını təklif etmişdir.
1933-cü
ildə dərc olunan “Kommunist tərbiyəsi və təhsilinin
əsas məsələsi” adlı məqaləsində gənc
nəslin beynəlmiləlçi tərbiyəsinə, məktəbin
intizam məsələlərinə, pedaqoji kadrların
ixtisasını artırmaq, müəllimin həlledici rolunun
artırılmasına xüsusi diqqət yetirməyin
vacibliyini vurğulayırdı.
Onun
“Yeni yol”, “Gənc işçi”, “Kommunist” və s. qəzetlərdə
dərc olunmuş “Məktəb və müəllimə
doğru”, “Mədəni elmə”, “Məktəblərin təlimat
və metodiki işlərini möhkəmləndirmək”, “Mədəni
qüvvələrimiz haqqında”, “Məktəb islahatı
haqqında”, “Maarif-templər və keyfiyyət”,
“Proqramların və dərs kitablarının unifikasiyası
haqqında” və s. məqalələri məktəblərin
yenidən qurulmasına təkan vermişdir.
O,
ömrünün son illərində Bakı Şəhər
İcraiyyə Komitəsinin Xalq Maarif Şöbəsinə rəhbərlik
etmişdir. Bütün fəaliyyəti boyu harada və
hansı vəzifədə işləməsindən
asılı olmayaraq, bütün həyatını Azərbaycan
xalqının mədəni həyatının yüksəlişinə,
savadlanmasına, xoşbəxtliyinə və
firavanlığına sərf etmişdir.
T.Hüseynov
1938-ci ildə dünyasını dəyişmişdir.
Ruhu
şad olsun!
Məleykə QASIMQIZI
525-ci qəzet.- 2012.- 25 yanvar.- S.8.