Andrey Platonov Elçin Hüseynbəyli tərcümələrində

 

XX əsrin 80-ci illərindən yenidənqurma siyasəti altında Sovet İttifaqında, o cümlədən onun döyünən ürəyi Rusiyada ədəbi-bədii nümunələrin yayılması, nəşri və təbliği istiqamətində aparılan işlərdə Zamyatin, Bulqakov, Pasternak, Axmatova və digər bu kimi sənətkarlarla yanaşı Andrey Platonov yaradıcılığı da diqqət mərkəzinə çəkildi və onun “Dövlət sakini”, “Kotlovan”, “Çevenqur” və b. orijinal əsərləri əldən-ələ keçərək oxundu. Azərbaycanda oxucu istimaiyyəti A.Platonovla əsasən rus nəşrləri vasitəsilə tanış olurdu. Bu yazıçıya münasibət Sovet siyasi rəhbərliyində birmənalı olmadığından, onun əsərlərinin milli respublikalarda yayılması da o zamanlar arzuolunmaz idi. Əlbəttə, belə orijinal dəst-xətli yazıçının əsərləri ilə Azərbaycan oxucusunun da tanış olmasına, hər şeydən öncə, mənəvi-estetik ehtiyac vardı və Elçin Hüseynbəyli, fikrimizcə, bu ehtiyacı qismən də olsa, öz tərcümələri ilə ödəyə bildi.

Mütərcim bu kitabçada Andrey Platonovun həyatı, xüsusən onun yaradıcılığının mövzu, ideya, problematika istiqamətləri haqqında dolğun məlumat verdikdən sonra bu rus yazıçısının yaradıcılığının spesifik xüsusiyyətləri, onları tərcümə zamanı hansı “üslubi açarlar”la açıb oxucuya düzgün təqdim etmədən danışır. Bu və ya digər əsərin tərcüməsi üzərində işin neçə illər davam etdiyini və nə üçün belə olduğunu oxucuya çatdırır. Elçin Hüseynbəyli Platonovun bəlkə də dünyada ən maraqlı yazıçı olduğunu qeyd etməklə, onun əsərlərinin tərcüməsinə gətirən yolu incələdikdən sonra ədibin dörd hekayəsini (“Adsız çiçək (nağıl-rəvayət)”, “Fro”, “Üçüncü oğul”, “Artyomun anaları”) oxucuların ixtiyarına verir.

A.Platonovun ilk yaradıcılıq nümunələri olan şeirlər kitabından tutmuş (“Mavi dərinlik”) başlamış hekayə və povestləri “Yepifan şlüzləri”, “Qradov şəhəri”, “Yamsk qəsəbəsi”, “Müqəddəs adam”, “Qum-müəllim”, “Ehtiyat”, “Şübhələnmiş Makar”, “Potudan çayı” kimi əsərlərində sənətkar müraciət etdiyi mövzuları sentimentallıq və irreallıqdan daha çox müasirlərinin mənəvi-estetik tələblərinə uyğun yaradırdı. Hətta onun XX əsrin 30-cu illərində qələmə aldığı “Yüksək gərginlik” və “Puşkin liseydə” adlı pyesləri kəskin dramatizm, Puşkin dövrünün koloritini yaratmaq baxımdan təzə-tər qavrayış və təsirlə bağlı olsa da, bu pyeslər səhnə həyatına həsrət qaldı. Bəzi əsərlərini nəşr etməkdən imtina edən M.Qorki A.Platonova ünvanladığı məktublarından birində (fevral, 1934) çəkinmədən və qorxmadan: “Siz olduqca möhkəm və aydın yazırsınız”, – deyə bildirmişdi.

Bu fikirləri dilə gətirməkdə məqsədimiz A.Platonovun Sovet sistemi üçün bir daha “Persona non-qrata”, əsərlərinin isə son dərəcə dəyərli inci olduğunu vurğulamaqdan ibarətdir. Məhz belə oduğu halda Platonov kimi məsuliyyətli və orijinal yazıçının əsərlərinin də ana dilimizdə məsuliyyətlə səsləndirilməsindən söhbət gedə bilər. Yaxşı haldır ki, mütərcim bu məsuliyyəti (tərcümədən göründüyü kimi – N.T.) yetərincə anlaya bilmişdir.

A.Platonovun “Fro” hekayələr məcmuəsinə daxil edilmiş əsərlərin dördünü də oxuduq. Tərcümə nəzəriyyəsinin, praktikasının, metodikasının və eləcə də bədii tərcümənin (burada nəsr tərcüməsinin – N.T.) əksər xarakterik xüssuiyyətlərini lazımınca mənimsədiyimizdən və bildiyimizdən biz Elçin Hüseynbəyli çevirmələrinin əksər yerlərini adi oxucu yox, mütəxəssis kimi nəzərdən keçirdik, zəruri olduqda qeydlər, səhifənin kənarında bəzi istilahlar və s. etdik. Elçin Hüseynbəylinin tərcümələri, fikrimizcə, orijinalın hərfini yox, zəruri ruhunu Azərbaycan oxucusuna düzgün çatdırmışdır. Heç şübhəsiz ki, buradakı hekayələrdən hər birinin tərcüməsinin konkret təhlili aparılmaqla onlar tədqiqat obyekti olmağa layiqdir. Bu, ilk növbədə məxəz (orijinal) mətnin keyfiyyəti ilə bağlıdırsa, digər tərəfdən hədəf (tərcümə) mətninin orijinala uyğunluğu ilə bağlıdır. Fikrimizi, “Üçüncü oğul” hekayəsinin orijinalının tərcüməsi ilə tutuşdurmaqla sübut etməyə çalışaq: “Sınovya molça plakali redkimi, zaderjannımi slezami, iskala svoi liüa, çtobı bez zvuka sterpet peçal. Otes ix uje ne plakal, on otplakalsə odin ranşe vsex, a teperğ taynım volneniem, s neumestnoy radostya poqlədıval na moquçuya poldöjinu svoix sınovey” (A.Platonov. Rasskazı. –M. Qoslitzdat, 1962, s. 65). Bu isə tərcümədir: “Oğlanları hərdən bir gözlərinin qarasını sıxa-sıxa astadan ağlayırdılar. Bu dərdə səssiz dözmək istəyirdilər. Ataları daha ağlamırdı. O, hamıdan əvvəl ağlayıb ürəyini boşaltmışdı. İndi isə gizli bir həyəcanla, yersiz bir sevinclə yarım düjinlik oğlanlarına baxırdı” (A.Platonov. Fro. –Bakı, Mütərcim, 2010, s. 39).

Tərcüməçi bu parçanın çevrilməsində heç bir halda məxəz mətndən kənarlaşmamış, onu nə pisləşdirməyə, nə də yaxşılaşdırmağa meylli olmamışdır. Təhlil göstərir ki, mütərcim hədəf dilinin əksər incəliklərini bildiyi kimi məxəz dilin də incəliklərinə yaxşı bələddir. E.Hüseynbəyli orijinaldakı “plakali redkimi zaderjannımi slezami” fikrini tərcümədə “hərdən bir gözlərinin qarasını sıxa-sıxa astadan ağlayırdılar” kimi verir, “a teper s taynım volneniem” ifadəsini “indi isə gizli bir həyəcanla” kimi adekvat tərcümə etməyə müvəffəq olur.

Mütərcimin tərcümə sənətinin nə olduğunu doğru-düzgün başa düşdüyü hədəf mətni oxuduqca daha yaxşı müəyyənləşir. Elçin Hüseynbəyli də məxəz mətndə olduğu kimi təhkiyəni müxtəlif ziddiyyətlər, obrazlar və əhval-ruhiyyələrin gərginləşdiyi müstəvidə aparır. Qoca qarının oğulları dünyasını dəyişmiş analarının başına yığışıblar, onlar bu xəbəri eşidib ölkənin müxtəlif şəhərlərindən evə hərəsi bir sənət sahibi, ad-sanı yiyəsi kimi qayıtmışlar.

Hekayədə birbaşa təsvirlər olmasa da, biz burada təqdim olunmuş insanların iç dünyasını, mənəvi aləmini və ölümün özünün nə olduğunu yaxşı görürük: “Pop prişel s voennoy komandirskoy sumkoy na bedre; v ney on prines svoi duxovnıe prinadlejnosti: ladan, tonkie sveçi, kniqu, epitraxil i malenkoe kadilo na epoçke. On bıstro ustavil i vozjeq sveçi vokruq qroba, razdul ladan v kadile i s xodu, bez preduprejdene, zabormotal çtenie po kniqe” (s.66) Tərcümə: “Keşişin çiynində komandir çantası vardı. Çantada o öz dini şeylərini gətirmişdi. Dini şeylər ətirli qətrandan, nazik şamlardan, kitabdan, zəncirdən asılmış balaca qətran qabından və yepitraxildən ibarət idi. Keşiş şamları təlim-tələsik tabutun ətrafına düzdü, yandırdı, qətranı odladı və xəbərdarlıqsız-zadsız dodağının altında kitabdan oxumağa başladı” (s. 40). Mütərcim mətnin bu parçasında orijinalda işlənmiş dini terminlərin “epitraxil”, “kadilo” və “ladan” kimi ifadələrin Azərbaycan dilində ekvivalentini ümumiyətlə düzgün olaraq “Yepitraxil”, “balaca qətran qabı”, “ətirli qətran” kimi tərcümə etmişdir. Bununla belə “kadilo” sözünü mütərcim “buxurdan” kimi də verə bilərdi. “Yepitraxil” sözünü tərcümə etməyən mütərcim ana dilində onun transliterasiyasını vermiş və bu, parçanın ümumi ruhuna uğurla uyğunlaşdırılmışdır.

Bir sıra tərcümə üsullarının mövcudluğundan çıxış edərək, belə qənaətə gəldik ki, Elçin Hüseynbəyli iş prosesində “sərbəst”, “adekvat” və “orijinalın ruhunu verən” tərcümə üsullarından istifadəyə daha böyük üstünlük vermişdir.

E. Hüseynbəyli kitabın “Tərcüməçidən” hissəsində belə bir fikir söyləyir: “Platonovu orijinalda olduğu kimi tərcümə etmək olmaz. Ona görə də bəzən sərbəstliyə qaçmağa məcbur olmuşam. Kim desə ki, Platonovu olduğu kimi tərcümə edər, ya edib, ona şübhə ilə yanaşın. Bununla belə, Platonovun ruhunu, üslubunu saxlamağa çalışmışam”.

Doğrudan da “Üçüncü oğul” hekayəsinin tərcüməsi ilə tanış olduqca mütərcimin əsər müəllifinin üslub və ruhuna sadiq qaldığının şahidi oluruq.

Platonov nəsrinin xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, o, daim özünəxas bir dillə danışır və belə priyom bu və ya digər personajın, hadisənin, yaxud təsadüfün özündən daha çox asılı olur. Onun hekayələrini oxuduqca bizdə belə bir nəticə hasil olur ki, xarakter təsvirində, onun varlığının müxtəlif tərəflərini çevrələməkdə, dünya, ətraf aləmlə, sözlə, təbiətlə rəngarəng, müxtəlif və mürəkkəb əlaqələrinin təsvirində onun istedadının özünü büruzə verdiyini görürük.

Söylədiyimiz baxımdan məhz A.Platonovun digər əsərləri ilə yanaşı “Fro” hekayəsi zəngin material verir. Adı çəkilən hekayədə müəllif ilk növbədə mənəvi-əxlaqi problemləri diqqət mərkəzinə çəkməyinə çalışır.

Fro obrazında – olduqca işıqlı, romantik bir materialda müəllif, bizcə, xüsusi hisslərlə dolmuş qəlbin kədərini əks etdirir. Fronun tək bir arzusu var. “Özü üçün insanı həyatdan oğurlayasan. Və elə məhz belə bir məqamda böyük bir qorxu ortaya çıxır. Hisslərdən doymanın da hədləri olmalıdır, çünki ondan sonra insan qəlbinin boşluğu, məhvi gündəmə gəlir. Sevgi eqoizmi hər hansı digər insanın hisslərinin eqoizmi kimi qəlb “səhrası”na bənzəyir. Fro sanki öz qəlbinin instinkti ilə bunu başa düşür və elə buna görə də uşaqlar haqqında, analıq barədə fikirləşməklə, öz sevimlisi ilə ikinci ayrılığa güclə də olsa dözür.

Elçin Hüseynbəyli, bizə söylədiyinə görə, “Fro” hekayəsinin tərcüməsinə az qala on beş il vaxt sərf etmişdir. Həcmcə A.Platonovun digər hekayələrindən fərqlənən bu əsərdə kommunizmin bəşər övladına xoşbəxtlik gətirəcəyini düşünən bir insanın mənəvi aləmi əks olunmuşdur.

Məxəz mətnlə hədəf mətnin əksər parametrləri leksik, semantik, morfoloji, üslubi, sintaktik əlaqələr və s. müstəvilərdə, demək olar ki, tam üst-üstə düşür. Mütərcim orijinalın bütün komponentlərinə sayğı və qayğı ilə yanaşır. Bu və ya digər sözün, anlamın tərcüməsini uyğun şəkildə verməyə çalışır və bu işin öhdəsindən layiqincə gələ bilir. E. Hüseynbəyli ilkin mətndəki elementləri bu və ya digər transformasiyaların – modifikasiyanın, əvəzləmənin, transliterasiyasının, kalklamağın köməyi ilə yaxşı həyata keçirir. Müvafiq leksik priyomları tətbiq etməklə qeyri-standart dil vahidlərini söz, söz birləşməsi, frazalar səviyyəsində yaxşı nümayiş etdirir. Bütün bu söylədiklərimiz E.Hüseynbəylinin səriştəli mütərcim olduğunu sübut edir.

Bununla belə bu qədər uğurlu tərcümə mətni və parçasında, fikrimizcə, bəzən yerinə düşməyən sözlərdən və ifadələrdən də istifadə olunmuşdur ki, onlar nə sözün, nə cümlənin, nə də parçanın mahiyyətinə uyğun deyildir. Burada orijinal müəllifi tərəfindən işlənmiş “sedoy” sözünün “gümüşü” kimi tərcümə edilməsi, fikirlərimizin təsdiqi üçün əsas verir. Çünki “sedoy” sözü “ağ, çal saç, saçı ağarmış, tükü ağarmış, saçı çallaşmış” mənalarını verdiyi halda, “gümüşü” “serebristı tsveta serebra” kimi işlənir və, zənnimizcə, “gümüşü” sözünün burada yerinə düşmədiyi aydın görünməkdədir. Bu olduqca oxunaqlı, kifayət qədər bədii tərcümənin keyfiyyət göstəricilərinə az da olsa kölgə salır. Eyni zamanda qeyd edək ki, Elçin Hüseynbəyli tərcüməsində bu tipli məqamlar, demək olar ki, yox dərəcəsindədir. Hekayənin tərcüməsində biz struktur-forma, məna-məzmun dəyişikliyinə gətirib çıxarası hər hansı digər məqamlarla rastlaşmırıq.

A.Platonovun “Fro” hekayələr məcmuəsinə daxil edilmiş digər “Adsız çiçək” və “Artyomun anaları” əsərlərinin tərcümələri də diqqətəçəkənliyi ilə yanaşı, həm də Elçin Hüseynbəylinin mütərcimlik bacarığını nümayiş etdirir. Elçin Hüseynbəyli kitabçanın “Tərcüməçidən” hissəsində tərcümənin nə qədər məsuliyyətli bir sənət növü olduğunu göstərməklə, hər bir yazıçının, o cümlədən A.Platonovun fərdi yaradıcılıq xüsusiyyətlərini bilmədən onu müvəffəqiyyətlə tərcümə etməyin mümkünsüzlüyünü xüsusilə qeyd etmişdir. Elçin Hüseynbəylinin A.Platonovun “Fro” hekayələr məcmuəsinin tərcüməsi Azərbaycan oxucusunun bu rus yazıçısının əsərlərini orijinala müvafiq dərk etmədə mühüm rol oynayır. Elə bu baxımdan mütərcimin digər rus yazıçılarının əsərlərinə də tərcümə məqsədi ilə müraciət edəcəyinin yaxşı nəticələr verəcəyi fikrini ortaya qoyur.

 

 

Nizami Tağısoy

 

525-ci qəzet.- 2012.- 26 yanvar.- S.7.