Alimin elmi-ədəbi, ictimai dünyası

 

Azərbaycan ədəbi fikri və jurnalistika sahəsində bir sıra məhsuldar və ictimai rəydə öz yeri olan alimlər sırasında Cahangir Məmmədlinin də adı hörmətlə çəkilir. Mən bu sətirləri C.Məmmədlinin ədəbi fikirdə yerini qəsdən jurnalistikadan əvvələ salıram. Çünki o, uzun müddət ədəbi-bədii hadisələrə, ədəbiyyatşünaslığa daha artıq önəm vermişdir. İmperiya senzurasının Azərbaycanda da tüğyan etdiyi dövrün müəyyən bir qismi – 1960-1990-cı illər dövrü C.Məmmədlinin məhsuldar, şüurlu, bir elm adamı və bir praktik kimi yetişdiyi zamanı əhatə edir. Belə bir dövrdə mətbuat üzərində dövlət senzurasının gücü o qədər təsirli idi ki, demokratik fikirli adamlar öz sözünü az- çox bədii ədəbiyyatla, bir sıra hallarda isə bu ədəbiyyatı təhlilə çəkən ədəbi tənqidlə deyə bilirdi. Ədəbiyyatşünaslıqda “altmışıncılar” adlandırılan yeni nəslin nümayəndələrinin, yaratdıqları yeni nəsr nümunələri Yaşar Qarayev, Aydın Məmmədov, Kamil Nərimanoğlu, Şamil Salmanov, Kamal Abdulla... kimi ədəbi tənqid ustalarını ortaya qoydu. Bu adamların heç də hamısı birbaşa ədəbiyyatçı deyildilər. Onların bəziləri dilçilikdən tənqidə keçmişdilər və bunun da səbəbi yaranmış demokratik ovqat çağında söz demək imkanının az-çox bədii söz dünyasında mümkünlüyü ilə bağlı idi. Bu tənqidçilər sırasında bu gün Məmmədli kimi tanıdığımız Cahangir Məmmədov da vardı.

Cahangir Məmmədli 1942-ci ildə Ağdamın Novruzlu kəndində doğulub. Atası onun doğulmasından on gün əvvəl müharibəyə gedib və geri qayıtmayıb. Anasını da cəmi altı aylığında itirib. 1942-1960-cı illər arasında aclıq, kasıblıq, çörək problemi ilə yaşayan bacılarının, qardaşlarının himayəsində böyüyüb. Əsgər gedib, qayıtdıqdan sonra Bakı Dövlət Universitetinin jurnalistika ixtisasına qəbul olunub. Bu peşəni də elə-belə seçməyib. Hələ şagird vaxtlarında Ağdam rayon qəzetində, orduda olanda “Tixookeanskaya vaxta” qəzetində müntəzəm yazılarla çıxış edib. Bakıda jurnalistika fakültəsini bitirəndə müəllimi kimi ən çox söykəndiyi Şirməmməd Hüseynovun Universitet rəhbərliyinə təkidi ilə universitetdə qalıb. Baş müəllim, dosent, professor vəzifələrini tutub. Namizədlik, doktorluq dissertasiyaları müdafiə edib, 10- a yaxın elmi-nəzəri kitabın, beş yüzdən çox elmi-publisistik məqalənin müəllifidir.

Yuxarıda qeyd etdiyimiz kimi, C.Məmmədli Azərbaycan bədii söz sənətinə, xüsusilə müasir nəsrə diqqətlə yanaşan bir alim kimi bir sıra hallarda ədəbi-bədii yaradıcılığın bu sahəsini jurnalistikadan, yəni ilkin peşəsindən qabağa çəkmişdir. Onun ilk kitabı da “Nəsrimiz: düşüncələr, axtarışlar” adlanır. Bir az keçəcək və C.Məmmədli jurnalistikanın nəzəri, praktik sahələrini əks etdirən neçə-neçə fundamental dərs vəsaitinin, dərsliyin müəllifi olacaq. Amma axı nədən özünün ilkin ixtisası olan jurnalistikadan öncə C.Məmmədli daha çox nəsri tədqiq etmişdir? Onun əsərlərini oxuduqca, xarakterinə yaxından bələd olduqca bu suala cavab tapmaq olur. Əsas səbəblərdən biri budur ki, C.Məmmədli yaranışından demokratik meyllərə bağlı adamdır. 60-80-ci illərdə isə, yuxarıda qeyd etdiyimiz kimi, sovet mətbuatında senzuranın sərtliyi azad, açıq, demokratik söz demək çətin idi, yaxud da heç mümkün deyildi. Azad fikir, azad yaradıcılıq təfəkkürünün işartısı, heç olmasa, bədii ədəbiyyatda, ədəbiyyatşünaslıqda “altmışıncılar” kimi adlandırılan nəslin nümayəndələrində özünü göstərirdi. Anarın, Elçinin, Maqsud, Rüstəm İbrahimbəyovların, Əkrəm Əylislinin, İsi Məlikzadənin, Mövlud Süleymanlının, Ramiz Rövşənin və bir çoxlarının yeni nəsri C.Məmmədlinin məqalələrinin, tədqiqatlarının obyekti idi. Bu nəslin nəsrində qoyulan milli problemlər onun interpretasiyalarında da təbliğ olunurdu. Onun o illərdə yazdığı “Sənət və bədii həqiqət”, “Kiçik janrın böyük imkanları”, “İnsan qəlbinin dərin qatlarına...”, “Biri vardı, biri yox”dan üzü bəri...”, “Bir nəsrin poetikası”, “Zaman və sənətkar mövqeyi” kimi məqalələri çox zaman ədəbi hadisə kimi qiymətləndirilirdi. 1990-cı ildə onun bədii nəsrimiz haqqında “Sənətkar gözü, nəsrin sözü” adlı kitabı nəşr olundu. Bütövlükdə sənətə və tənqidə çox ciddi yanaşması ilə, saxta, konyuktur ədəbiyyatla mübarizə aparması ilə də tanıdığımız yazıçı Elçin Azərbaycan Yazıçılar Birliyindəki məruzəsində bu kitaba istinadən C.Məmmədlinin məqalələrini həmişəyaşar, həmişə aktual əsərlər kimi qiymətləndirmiş və demişdir: “Cahangir Məmmədovun yeni kitabı bizi müasir tənqidimizdəki ciddi və səriştəli “nəsr mütəxəssisi” ilə görüşdürür, onun elmi-nəzəri mülahizələri, qiymətləri... lazımi nəzəri-estetik səciyyə daşıyır, onlar fikir mübadiləsinə, sağlam ədəbi mübahisələrə çağırır. Kitabın ən görümlü cəhətlərindən biri budur ki, o, Azərbaycan nəsrini məhdud coğrafi sərhədlər çərçivəsində yox, ittifaq, bəzən də dünya ədəbi prosesi kontekstində araşdırır və bu mənada Cahangirin özünün yaradıcılıq miqyası genişdir”.

Bu dünyadan vaxtsız köçən istedadlı tənqidçi Nadir Cabbarlı C.Məmmədlinin məqalələrində Azərbaycan ədəbi mühitini dünya ədəbi mühiti kontekstində təhlil etdiyini xüsusi vurğulayırdı.

1990-cı illərin təlatümlü siyasi hadisələri C.Məmmədlini bədii nəsrimizin tədqiqindən bir müddət ayırdı. Bu illərdə C.Məmmədli Moskva və Bakı mətbuatında Qarabağ dərdini yaşayaraq, yeni yaranan “525-ci qəzet”də özünün bu səpkidə yüzlərlə yazısını dərc etdirmişdir. Qəzetin baş redaktor müavini Yusif Rzayev bu dövrü C.Məmmədlinin ”ikinci nəfəsi” adlandırmışdı. Ancaq dünya, zaman dəyişdikcə, publisistin, alimin mövzu dünyası da dəyişir. Azərbaycanda da dünya belə getməyəcəkdi. Belə getmədi də. Hər şey haçansa arınıb durulduğu kimi, Azərbaycan da müstəqilliyini qazandı və sənət dünyası, sənətkarlıq, bədii sözün gücü özünü yeni təkanla göstərdi. C.Məmmədlinin özünün çox sevdiyi “Çağdaş Azərbaycan nəsrinin inkişaf meylləri” kitabı da o zaman – 1998-ci ildə nəşr olundu. Müasir Azərbaycan povestinin janr xüsusiyyətlərini, onlarda sosial-mənəvi problemlərin qoyuluşunu, povestin sənətkarlıq xüsusiyyətlərini, nəsrin inkişafında ədəbi-tənqidin yerini tədqiq edən bu əsəri görkəmli ədəbiyyatşünas və dilçi alim, AMEA-nın müxbir üzvü Nizami Cəfərov belə qiymətləndirirdi: “C.Məmmədlinin indiki kitabında da Elçinin dəqiq duyduğu keyfiyyətlərlə rastlaşırıq. Burada da müəllif 1960-1990-cı illər nəsrimizin tədqiqində o zamankı ümumittifaq, habelə dünya ədəbi prosesindən çıxış etmişdir. Metodoloji cəhətdən daha məqbul sayılan bu istiqamət nəsrimizin otuz illik bütöv bir çağının panoramını yaratmışdır”. C.Məmmədlinin nəsrlə bağlı bütün əsərləri ona verilən bu qiymətlərin dəqiq olduğunu göstərir.

1990-cı illər də sona yetir və Azərbaycan Prezidenti Heydər Əliyevin yeni mətbuat konsepsiyası – senzuranın birdəfəlik ləğvi, mətbuat azadlığı, müstəqil mətbuat, müstəqil jurnalistika ideyaları tam gerçəkləşir. Bu zaman C.Məmmədli artıq Azərbaycanda yeni jurnalistikanın yaradıcıları sırasında dayanır. “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin sədri Əflatun Amaşov, “Ayna”, “Zerkalo” qəzetlərinin Baş redaktoru Elçin Şıxlı, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid, görkəmli telejurnalist Mirşahin Ağayev... kimi yeni jurnalistlər nəslinin arasında yaşca onlardan xeyli böyük olan bu adamın öz yeri, öz bəhrəsi oldu. Belə bir vaxtda artıq azad sözü, müstəqil düşüncəni birbaşa mətbuatda demək imkanı yarandı və bu prosesin nəzəri əsaslarına ehtiyac duyuldu. Yeni jurnalistika yeni yanaşma tələb edirdi və bu zaman C.Məmmədli özünün “Jurnalistikaya giriş” dərs vəsaitini və “Müasir jurnalistika” adlı dərsliyini ortaya qoydu. 2005-ci ildə nəşr olunan “Müasir jurnalistika” Azərbaycan jurnalistika təhsili sahəsində ilk dərslik oldu.

“Müasir jurnalistika” dərsliyi C.Məmmədlinin fundamental əsərləri sırasındadır və bu kitab indi Azərbaycanın jurnalistika ixtisası tədris edilən bütün universitetlərində tələbələrin köməyinə çatır. Bu kitab mətbuatın yaranması, onun inkişaf mərhələləri, yeni dövrün mediasının əsas xüsusiyyətləri, jurnalistikanın beynəlxalq nəzəri konsepsiyaları, kütləvi informasiya vasitələrinin ictimai institut xarakteri, peşənin etik və hüquqi aspektləri, KİV-in tipologiyası, jurnalistikanın beynəlxalq standartları, televiziya, radio yaradıcılığının problemləri və bir sıra digər sənətkarlıq, peşəkarlıq cəhətlərini tələbələrə öyrədir.

Cahangir Məmmədli doktorluq dissertasiyasını öz elmi imkanları müqabilində çox gec müdafiə edib. O, hələ 1975-ci ildə Moskva Dövlət Universiteti jurnalistika fakültəsinin ədəbi tənqid kafedrasının doktorantı olmuşdur. MDU jurnalistika fakültəsi kollektivinin yaxşı tanıdığı C.Məmmədli məşhur dissident yazıçı Andrey Belının qızı, həm də Puşkin adına Dünya Ədəbiyyatı institutunun şöbə müdiri Qalina Belayanın məsləhəti ilə bu mövzunu az qala işləyib bitirmişdi. Lakin zamanın dəyişməsi, mətbuat azadlığının gerçəkləşməsi, yuxarıda dediyimiz kimi, C.Məmmədlinin tədqiqatçılıq istiqamətini jurnalistikanın nəzəri problemlərinə çevirdi. C.Məmmədli, əslində üç dəfə doktorluq dissertasiyası yazmış, ancaq sonuncunu- 2000-ci illərdə işlədiyi “Azərbaycanda jurnalistikanın inkişaf meylləri” mövzusunu müdafiə etmişdir.

“Doktor olmaq üçün gərək elmi, ədəbi-ictimai mühitdə sənin aydın yerin ola. Təkcə gərək doktorluq dərəcəsinə görə deyil, bütövlükdə elmi dünyagörüşünə görə qəbul ediləsən.” Bu fikir C.Məmmədlinin gəldiyi nəticədir. Və özünün dediyinə görə, əməkdaşlıq etdiyi, həmmüəllifi olduğu, tərtib etdiyi çap məhsullarında bir çox hallarda onu “elmlər doktoru” kimi göstərmişlər və o da “əlacsız qalıb” nəhayət ki, doktorluğunu rəsmiləşdirmişdir. Onun doktorluq dissertasiyasını akademik İsa Həbibbəyli, akademik Vasim Məmmədəliyev, akademik Tofiq Hacıyev, professor Əli Həsənov, professor Rəbiyyət Aslanova kimi elmi ictimaiyyətdə yaxşı tanınan alimlər yüksək qiymətləndirmişlər.

Akademik İsa Həbibbəyli dedim, onun bir fikri yadıma düşdü: Naxçıvan Dövlət Universitetində jurnalistika şöbəsi açılanda kadr qıtlığı vardı. O zaman İ. Həbibbəyli C.Məmmədlini bizim universitetdə dərslərə dəvət etdi. Bir neçə il Cahangir müəllim müntəzəm olaraq hər semestrdə iki dəfə Naxçıvana dərsə gəldi. Universitetimizdə tədrisin, hətta jurnalist müəllimlərin formalaşmasına kömək etdi. İndi Naxçıvan Dövlət Universitetinin jurnalistika şöbəsində böyük bir istedadlı müəllim kollektivi çalışır. Ancaq İ.Həbibbəyli C.Məmmədlinin jurnalistika şöbəsinə dəstəyini daim yüksək qiymətləndirir və onun bu fəaliyyətini vətəndaşlıq ləyaqəti hesab edir.

C.Məmmədli Naxçıvanda olarkən həm də yeni yaradılmış Özəl Universitetlə də əlaqə saxlamağa vaxt tapdı. Burada da tələbələrə, müəllimlərə əməli köməklik etdi. Diplom işlərinin yazılmasında tələbələrə lazımi köməkliyini əsirgəmədi.

Bütövlükdə Naxçıvanda jurnalistika sahəsində kadrlar hazırlanmasında, dissertasiya yazılmasında və müdafiə olunmasında yaxından iştirak etdi və etməkdədir.

Mən Cahangir müəllimlə Naxçıvana səfər günlərindən birində tanış olmuşam. Aradan 15 ilə qədər vaxt keçib. Bu uzun müddətdə həm Naxçıvanda, həm də Bakıda görüşlərimizdə Cahangir Məmmədlinin bir alim, müəllim, ziyalı kimi həm elmi səviyyəsini, həm də şəxsi keyfiyyətlərini dərindən öyrənmişəm.

Sadəlik, səmimilik, təvazökarlıq onun şəxsiyyətini ucaldan, ləyaqətini ilk baxışdan göstərən məziyyətlərdir.

C.Məmmədli Bakı Dövlət Universitetində Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiridir. Ömrünü bu universitetə, bu fakültəyə bağlayıb. Ümumuniversitet Elmi Şurasının üzvüdür. Fakültə Metodşurasının sədridir. Yazılarından, müsahibələrindən görünür ki, Bakı Dövlət Universiteti onun üçün müqəddəs bir yerdir.

Mən C.Məmmədli barədə bu qeydləri yazarkən araşdırdığım materiallar içində onun 65 yaşının kafedranın balaca, darısqal bir otağında fakültə müəllimlərinin iştirakı ilə qeyd edilən anların videokaseti əlimə keçdi. Görüntülərdə belə bir səhnə var. Cahangir müəllimin dostları oturub, balaca qəşəng bir məclisdir. Birdən qapı açılır və Universitetin rektoru, akademik Abel Məhərrəmov özünün ətrafında olan bir neçə rəhbər heyətlə içəri girir. Hiss olunur ki, deyəsən, heç kim rektorun bu gəlişini gözləmirmiş. Ancaq Abel müəllim gəlir, xeyli oturur, təbriklərini, hədiyyələrini təqdim edir və mən Abel müəllimin aşağıdakı sözlərini oxucuya çatdırmağı lazım bilirəm: “Mənim hər belə ildönümünə gəlməyə vaxtım olmur. Ancaq mən Cahangir müəllimin 65 yaşını təbrik etmək üçün bu gün bura gəlməyə bilməzdim... Bəzən adamlar, kollektiv daim yanında olan şəxsiyyətlərə elə öyrəşirlər ki, onun böyüklüyünü, gərəkliliyini o qədər də dərk etmirlər... Gəldim kollektivin üzvlərinə bildirəm ki, onlar kimin yanında olduğunu, kiminlə bir yerdə işlədiklərini dərk etsinlər”. Bu sözlər 20 minlik kollektivə rəhbərlik edən bir başçının bu 20 minin içində seçdiyi və dərin hörmət bəslədiyi Cahangir müəllimə böyük sayğının ifadəsi idi.

C.Məmmədli jurnalistdir, ədəbiyyatşünasdır və həm də ictimai xadimdir. 2005-ci ildə Azərbaycan dövlətinin iradəsi və Prezidentin xüsusi qayğısı ilə yaradılan İctimai Televiziya və Radio Yayımları Şirkəti bu gün ölkədə aparıcı telekanal imici qazanmışdır. Bu telekanal hələ texniki cəhətdən yaranmamışdan əvvəl Cahangir müəllim onun qanununun formalaşmasında Milli Məclisdə ekspert kimi iştirak etmiş, sonra bu televiziyanın Yayım Şurasına sədr seçilmiş, telekanalın kadr potensialının formalaşması işində ayrıca rolu olmuşdur.

Azərbaycan jurnalistikası sahəsində xüsusi xidmətlərinə görə Prezident təqaüdü ilə təmin edilmiş C.Məmmədlinin 70 yaşı tamam olur. Amma o, 60, 65 illik yaş tamamlarında olduğu kimi 70 yaşını da sakitcə bir guşədə – çox sevdiyi kafedrasında və nəvələrinin arasında keçirmək fikrindədir. Səssiz-küysüz, sakit bir ailə ocağında.

Ədəbiyyatımızın, jurnalistikamızın, bütövlükdə ədəbi-ictimai mühitimizin yaxşı tanıdığı bu adamın 70 yaşını birinci təbrik etməkdən məmnunuq.

 

 

Yavuz Axundlu,

filologiya elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2012.- 26 yanvar.- S.4.