Müasir jurnalistika məktəbinin
işıqları
Cahangir Məmmədli-70
Azərbaycan ziyalılığını böyük ləyaqətlə və yüksək elmi səviyyədə təmsil edən Cahangir Məmmədlinin keçdiyi yol və onun çoxcəhətli fəaliyyəti həyat, insanlıq və yaratmaq eşqi dərsidir. Cahangir müəllimin qırx ilə yaxın dövrdə yazdıqları ilə düşündükləri və yaşadıqları arasında təbii bir tarazlıq vardır. Cahangir Məmmədli yaşadığı kimi yazır, yazdıqları tərzdə yaşayır. Çağdaş Azərbaycan ziyalılığında bütövlük, halallıq və səmimiyyət nümunəsi ola bilməyin nümunəsini göstərən Cahangir Məmmədli cəmiyyətə elmi təfəkkürlə mənəvi zənginliyi vəhdətdə təqdim edir.
Azərbaycan ictimaiyyətinin Cahangir Məmmədli ilə tanışlığı onun hələ otuz il əvvəl yeni nəsr haqqında yeniləşən təfəkkür işığında yazdığı elmi əsərlərlə başlamışdır. Cahangir Məmmədlinin tədqiqatlarında Azərbaycan nəsrinin altmışıncı illər nəslinin bədii düşüncəsinin nəbzi döyünür. Cahangir Məmmədli də Azərbaycan filologiya elminin altmışıncı illərinin layiqli təmsilçisidir. O, keçmiş ideoloji mühitin çətin dövrlərində elmi düşüncənin bədii təfəkkürə və gerçək həyata doğru inkişafına məsuliyyətlə xidmət etmişdir. Cahangir Məmmədli nəsrə həsr edilmiş əsərləri ilə filoloji elmin altmışıncı illərdə meydana çıxan yeni təhkiyəsinin formalaşmasına təkan vermişdir.
Artıq uzun müddətdir ki, Cahangir Məmmədli müasir jurnalistikanın problemlərindən yüksək elmi-nəzəri səviyyədə yazılmış əsərləri ilə jurnalistika sahəsinin yeni nəsillərinin hazırlanıb ərsəyə gəlməsinə məsuliyyətlə xidmət edir. Cahangir Məmmədlinin zəngin elmi-təcrübi dünyagörüşündən yoğrulmuş “Jurnalistikaya giriş” və “Müasir jurnalistika” dərslikləri müstəqillik dövrü Azərbaycan ali məktəb jurnalistikasının bünövrəsini təşkil edir. O, ölkəmizin yeni epoxasının universitet səviyyəsində elmi jurnalistikasının əsas yaradıcılarından biridir. “Jurnalistikanın müasir inkişaf meylləri” monoqrafiyası professor Cahangir Məmmədlinin jurnalistikaya qlobal baxışla ümummilli yanaşmalarının üzvi sintezi əsasında yaratdığı fundamental elmi əsər kimi mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, Cahangir müəllimin jurnalistikaya həsr olunmuş elmi əsərləri mətbuatşünaslığa dair müasir nəzəri-təcrübi konsepsiyanın əməli ifadəsidir.
On il əvvəl Naxçıvan Dövlət Universitetində “Jurnalistika” ixtisasının açıldığı ilk vaxtlarda Cahangir müəllimin əmək haqqı barəsində belə düşünmədən tələbələrimizə oxuduğu mühazirələr, sonralar bu sahəyə dair ünvanımıza göndərdiyi elmi-metodiki ədəbiyyatlar universitetimizdə jurnalistika ixtisasının formalaşdırılması yollarında apardığımız işlərə bəslənilən xeyirxah münasibətin ifadəsi kimi yaddaşlarda yaşamaqdadır.
Professor Cahangir Məmmədli beynəlxalq miqyaslı peşə sahəsi və elmi istiqamət olan Jurnalistikanın Azərbaycan standartlarının yeni epoxadakı əsas yaradıcılarından biri olaraq bu sahədə üzərinə düşən şərəfli missiyanı uğurla həyata keçirməkdə davam edir. Mətnşünaslıq sahəsində olduğu kimi, zaman-zaman müasir publisistikanın da orijinal nümunələrini təqdim etməklə Cahangir Məmmədli jurnalistika meydanında söz deməyin, iz salmağın da örnəklərini nəzərə çarpdırır. Beləliklə, mətbuatşünaslıq, jurnalistika və publisistika, ədəbiyyatşünaslıq və üslubiyyat sahələri inkişaf edir, genişlənir və zənginləşir. Bütün bunlar isə mətbuatşünaslıq, ədəbiyyatşünaslıq və jurnalistika sahəsində çalışan yeni nəsillər üçün məktəbdir. Cahangir Məmmədli məktəbi insanlıqla istedadın, sadəliklə halallığın, müdrikliklə zəhmətin vəhdəti ilə səciyyələnir. Elmdə, jurnalistikada və pedaqoji fəaliyyətdə onunla yanaşı çalışan çoxsaylı qədirşünas yetirmələri açılmış yolların işığında yeni-yeni xidmət nümunələri göstərməklə məktəb düşüncəsinin mahiyyətini dərinləşdirir, üfüqlərini genişləndirirlər.
Uğur olsun, Cahangir müəllim!
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik
525-ci qəzet.- 2012.- 26 yanvar.- S.4.