Çində
möhtəşəm 10 gün
(Çin
Xalq Respublikası barədə
düşüncələr)
(Əvvəli ötən saylarımızda)
... Ötən əsrin əllinci illərində SSRİ-dən Çin Xalq Respublikasına ixrac edilən müxtəlif sənaye məhsullarının xeyli hissəsi Azərbaycanın payına düşürdü. Bakı cihazqayırma zavodu dərinlik nasosu ilə işləyən neft quyularının işini yoxlamaq və tədqiq etmək üçün dinamoqraflar, Bakı elektrik maşınqayırma zavodu 354 elektrik mühərriki, 100 –dən artıq elektrik stansiyası, ən iri maşınqayırma zavodu olan leytenant Şmidt adına müəssisə 1200 metrədək dərinliyində kəşfiyyat quyuları üçün təkmilləşdirilmiş URB-4 PM markalı səyyar qurğular və s. zəruri avadanlıqları kömək məqsədiylə Çinə göndərmişdir.
Bəli, məhz Bakıdan göndərilən neft avadanlıqlarından bu ölkənin neft sənayesində geniş istifadə olunurdu. Sonralar bu avadanlıqların bir çoxunu çinlilər öz ölkələrində yeni yaratdıqları zavodlarda istehsal eləməyə başladılar. Bu işdə də azərbaycanlı mütəxəssislər çinli dostlarından öz elmi-texniki yardımını əsirgəmədilər. Yadımdadır, o vaxt bizim respublika mətbuatında (“Kommunist” qəzetində) “Çin Bakısından gəlmiş qonaq” adlı bir məqalə dərc olunmuşdu. Məqalədə qeyd olunurdu ki, ÇXR-in neft sənayesi mərkəzi olan Yuymın şəhərinə “Çinin Bakısı” deyirlər. Bütün dünyada şöhrət qazanmış Bakı neftçiləri Yuymın mədənlərinə tez-tez qonaq gedir, öz təcrübələri ilə çinli mütəxəssislərə yardım edirdilər.
O zaman Azərbaycan elmi-tədqiqat neft maşınqayırma institutunda təcrübə keçən Çjou Çjen-şin adlı gəncin dediyinə görə “Çin Bakısı”nın neft ustaları və mühəndisləri iftixar hissiylə özlərini Bakı neftçilərinin şagirdləri və ardıcılları adlandırır və maraqlı bir əhvalat danışır.
Deyir: “Yuymın şəhərində elə mütəxəssislər var ki, onlar vaxtilə Amerikada təcrübə keçiblər. Həmin mütəxəssislər söyləyirlər ki, bizi orada laboratoriyalara buraxmırdılar, görkəmli alimlər hətta bizimlə danışmaq istəmirdilər, bizi yeni texnika ilə tanış etmirdilər. Onların bu hərəkəti təkcə öyünmək və “geridə qalmış” Çinin nümayəndələrinə alçaq nəzərlə baxmaq nəticəsində baş vermirdi, ona görə baş verirdi ki, neft inhisar birlikləri ölkəmizdə neft sənayesinin inkişafına hər vasitə ilə mane olmağa çalışırdılar”.
Bu gün mənim kafedra müdiri olduğum Azərbaycan Dövlət Neft Akademiyasında neçə-neçə çinli tələbə təhsil alır. Şübhə etmirəm ki, onların yaxın qohumları da, (hətta ata-babaları da) bu təhsil ocağında neftçilik peşəsinə yiyələnib. ADNA-nın 92 il yaşı tamam olur. Hazırda bizim akademiya dünyanın 100-ə yaxın ölkəsi üçün neft mütəxəssisləri yetişdirir.
İndi Xəzər sahilindən ucalan qocaman Bakı şəhərindən minlərlə kilometr aralı yerləşən Çin Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlıdır.
Müasir mərhələdə Çin Xalq Respublikası böyük potensiala malik olaraq ən müasir texnologiyalar tətbiq edərək yüksək sürətlə tərəqqi edir. Bu gün Çin Milli Neft Korporasiyası, ümumilikdə Çin şirkətləri Azərbaycanın karbohidrogen ehtiyatlarının işlənilməsində fəal iştirak edirlər. Bu sahəyə böyük sərmayə qoyurlar. Çin şirkətlərinin neft layihələrində iştirakı ilə Azərbaycanda neft hasilatı artır. Belə ki, Çin Milli Neft Korporasiyasının vitse-prezidenti Çou Dzipinin başçılıq etdiyi nümayəndə heyətinin 2004-cü il iyul ayında Azərbaycana səfər etməsi bunu təsdiqləyən faktdır.
Çin Xalq Pespublikası Avropanı iqtisadi tənəzzüldən çıxarmaq üçün yardım təklif edir. Onu da qeyd edim ki, bu gün Çinin PetroChina kimi tanınmış neft şirkətlərinin qazandıqları dünyada ən məşhur və nadir neft şirkətləri ilə müqaysə oluna bilər...
SƏKKİZİNCİ
GÜN
...Mən yuxarıda qələmə aldığım bu cür düşüncələri təkcə səfər proqramında nəzərdə tutulan rəsmi görüşlərdə deyil, həm də proqrama uyğun olaraq, noyabrın 15-də çərşənbə axşamı bir saata yaxın şəhərin ticarət mərkəzlərini, mağazalarını gəzib – dolaşanda və ertəsi gün Şueyt sənaye müəssisəsində, Tunxe fermasında, yeni, müasir kəndə və Tayuanın dəmir-polad emalı ilə məşğul olan zəhmət adamları ilə tanışlıq zamanı qəlbimdən keçirirdim.
...Qaldığımız mehmanxana Xuanxe çayının şərəfinə adlanır. Bu çay mənbəyi şəhəri üç tərəfdən əhatə etmiş dağlardan başlayır. Çərşənbə günü səhər yeməyini mehmanxananın restoranında – özünəxidmət zalında etdik. Menyuda undan hazırlanan qida məmulatları – əriştə, düşbərə, növbənöv kökələr, buğdadan bişirilmiş qoğal, vermişel, şirin peçenye, müxtəlif tərəvəz salatları, toyuq və ördək yumurtaları, yarma, soyadan hazırlanmış kəsmik, sıyıq, buxarda bişirilmiş düyü və s. var.
Yeməklərin demək olar ki, şit tam verir... Süd məhsulları gözə
dəymir. Süd məhsullarına
türk, monqol, tibetlilərə aid restoranlarda
rast gəlmək olar. Menyuda çox çeşidlər
olsa da hər
kəs öz zövqünə uyğun
təamlardan seçir.
Zövq məsələsində
bizə tanış
ədva və xuruşların spesifik ətri, qoxusu da az rol
oynamır.
Səhər yeməyindən sonra Şansi əyalətində
səfər proqramında
nəzərdə tutulan
bir neçə sənaye və kənd təsərrüfatı
müəssisəsində olduq.
Əyalətdə inkişaf etmiş
metallurgiya kombinatları,
kömür mədənləri,
dəmir filizi yataqları, əhəng daşı və odadavamlı gil,
kimya və ağır maşınqayırma
sənayesi sahələrində
on minlərlə adam çalışır.
İlk tanışlığa
Şueyta sirkə müəssisəsindən başladıq. Yeni kəndə
səfərimiz zamanı
burada sənaye və digər müəssisələrin inkişafına,
xüsusilə aqrar sektora xüsusi fikir verildiyinə, çin kəndinə qayğını, şəhərin
kəndə dəstəyini
xarakterizə edən faktlara şahid olduq.
Doğurdan da, çinlilərə zəhmetkeşlik, kollektivçilik,
qənaətçillik ruhu
xasdır.
ÇXR kənd təsərrüfatı
məhsulu istehsalına
görə dünyada
böyük dövlətlərdən
hesab edilir. Ölkə kənd
təssərrüfatı məhsullarının
ixracı üzrə dünyada 5-ci, idxalı üzrə isə 4-cü
yerdədir. Ölkənin kənd təsərrüfatına
ənənəvi olaraq
taxılçılıq istiqaməti
xasdır. Bu gün Çində adambaşına 370 kq –dan çox taxıl istehsal olunur. Bu, 1978-ci il səviyyəsindən
60 kq –dan artıqdır.
Ölkədə dotasiyalar əsasən taxılın, düyünün
elit növlərinin və kənd təsərrüfatı texnikasının
alınmasına verilir.
Əsas düyüçülük rayonları
Xuanxe çayından
aşağı yerləşir.
Tunxe fermasında
düyu ilə yanaşı başqa kənd təsərrüfatı
məhsulları yetişdirilir. Burada tovuz quşları, toyuq və başqa
ev quşları
bəslənilir. Fərdi təsərrüfatın
sahibi bizi qəlyanaltıya dəvət
etdi. Çində belə təsərrüfatlar
yüz minlərcədir.
Akademik Ziyad Səmədzadə yuxarıda adı çəkilən kitabında
Çin mütəxəssislərindən
belər sitat gətirir ki, əgər biz SSRİ dağılandan
sonra yeni yaranmış müstəqil
dövlətlərdə olduğu
kimi, dövləti iqtisadiyyatdan uzaqlaşdırsaydıq,
vəziyyətimiz o ölkələrdəkindən
də çox-çox
ağır olardı.
Məhz dövlətin
köməyi ilə islahatlar prosesində on milyonlarla iş yeri yarandı... Özəlləşdirməyə münasibətdə də Den Syaopin və Çin höküməti çox
düşünülmüş mövqe tutdu. Çinli professorun dedikləri: “Kənardan bizə “özəlləşdirmə
– inkişafın həlledici
amilidir” ideologiyasını
qəbul etdirmək istəyirdilər. Biz buna razı olmadıq”. Özəlləşmədə radikallığa yol verməyəm Çin hökuməti şəhər-kənd probleminin
həlli yollarında düşünülmüş və uğurlu iqtisadi siyasət yeridir.
Rusiyanın bu sahədə sınaqdan keçirdiyi təcrübə göz qabağındadır. Yüzlərcə müəssisəni müflisləşdirib sonra
özəlləşdirmək taktikası islahatların əsl mahiyyətinə, sosial tələblərinə
uyğun deyildir.
Nobel mükafatı laueratı Cozef Stiqlits Cinlə Rusiyanı müqayisə edərək
qeyd etmişdir ki, Çin Beynəlxalq Valyuta Fondunun məsləhətlərinə
qulaq asmamış və ÜDM-i 2 dəfə artmışdır,
Rusiya isə bu qurumun tövsiyələrinə
əməl etmiş və ÜDM göstəricisi
2 dəfə azalmışdır...
(Ardı var)
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı
525-ci qəzet.-
2012.- 27 yanvar.- S.5.