Universitetimiz zəngin ənənələri olan bir sənət ocağıdır

  

Bu yaxınlarda Azərbaycanda teatr təhsilinin 90 illiyi tamam olacaq. Vaxtilə teatr məktəbi, sonra Azərbaycan Dövlət Teatr İnstitutu, Azərbaycan Dövlət İncəsənət İnstitutu, nəhayət, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu təhsil sistemi ilə Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrini sıx əməkdaşlıq, qarşılıqlı yaradıcılıq əlaqələri birləşdirir. Məhz bu istək bizi universitetin rektoru, professor Timuçin Əfəndiyevlə görüşdürdü. Söhbətimiz də elə ədəbiyyatımızla, incəsənətimizlə və onların inkişafına təkan verən, çiçəklənməsinə kömək edən teatr, daha sonra mədəniyyət və incəsənət təhsili ilə bağlı oldu.

 

 – Timuçin müəllim, artıq 90 ildir ki, Azərbaycan teatr təhsili mövcuddur, bu az tarix deyil. Eyni zamanda bu təhsilin bazası əsasında ölkəmizdə mədəniyyət və incəsənət təhsili yaranıb. Şübhəsiz ki, teatr məktəbi yarandığı gündən ta bu günədək həmişə ədəbi aləmlə, ədəbi mühitlə bağlı olub. Elə bilirik ki, bu bağlılığı, qarşılıqlı təsiri öyrənməyin, araşdırmağın vaxtı çoxdan çatıb.

– Şübhəsiz, hər tamaşanın bünövrəsində onun ədəbi mətni durur. Ədəbi mətni isə aktyorlar, rejissorlar və s. yaradıcı şəxsiyyətlər canlandırırlar, ruh verirlər. Bu “ruh verənlər” yüksək hazırlıqlı, təhsilli olmalıdılar və 90 ildir ki, teatr təhsili bu fəaliyyətini həyata keçirir. Yəni burada yetişən sənətkarlar Azərbaycan və dünya ədəbiyyatının, dramaturgiyasının təbliği, onların əsərlərinin ürəklərə daha yaxından yol tapması ilə məşğuldular. Bu, məsələnin bir tərəfidir.

Məsələnin ikinci tərəfi isə ədəbiyyat xadimlərinin birbaşa bu təhsillə əlaqəli olmasıdır. Hüseyn Cavid, Cəfər Cabbarlı kimi sənətkarların yaradıcılığını araşdıranlar onların bizim bu təhsil ocağımızla əlaqələrini yaxşı bilirlər. Sonrakı dövrlərdə bir çox yazıçılarımız orta ixtisas, yaxud ali təhsillərini bizim təhsil sistemimizdə almışlar. Onların sırasında Əzizə Cəfərzadənin, Adil Babayevin, Hüseyn Abbaszadənin və digərlərinin adlarını çəkə bilərəm. Kimi burada təhsil almış, kimi isə dərs demişdir.

Mən bu siyahıya Azərbaycan Yazıçılar Birliyinin üzvləri olmuş tənqidçilərin də adlarını əlavə edə bilərəm: Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Cəfərov, Məmməd Cəfər Cəfərov, Əkbər Ağayev, İslam İbrahimov, Təhsin Mütəllimov, Məmmədəli Əsgərov və digər ədəbiyyat xadimləri bizim auditoriyalarda mühazirələr oxumuş, seminarlar aparmışlar. Bu ənənə bu gün də davam edir. Mehdi Məmmədovun isə həm aktyorların, rejissorların, həm də teatrşünasların yetişməsində mühüm əməyi olub.

Bu gün universitetimizin sənətşünaslıq fakültəsində ədəbi yaradıcılıq və ekran dramaturgiyası kafedrası da fəaliyyət göstərir. Bu ixtisas üzrə təhsil almış ssenaristlər artıq bu sahədəki yaradıcılıqlarını davam etdirirlər. Kafedraya tanınmış yazıçı, dramaturq və ədəbiyyatşünas Aqşin Babayev başçılıq edir. Bu ssenaristlərin yetişməsində dramaturq Əli Əmirlinin, ədəbiyyatşünas alim Nizaməddin Şəmsizadənin və digərlərinin əməyi böyükdür.

Tələbə rejissorlarımız və aktyorlarımız kurs, diplom işi kimi görkəmli yazıçıların əsərlərini tamaşaya hazırlayır, nəzəri fakültədə oxuyanlar onların yaradıcılığından diplom işləri yazırlar. Bir sözlə, ədəbi aləmlə bizim tədris ocağımızı qırılmaz tellər bağlayır. 90 il əvvəl ilk dəfə teatr təhsili ocağı kimi fəaliyyətə başlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu illər ərzində ədəbi mühitlə, bütün mədəniyyətimizlə qaynayıb-qarışmış, öz profilini genişləndirərək bu gün demək olar ki, incəsənətimizin bütün sahələri üzrə mütəxəssislər hazırlayır.

– Azərbaycan teatr sənətinin bir çox görkəmli xadimlərinin taleyi, həyat və sənət yolu bu səhnə ocağı ilə bağlı olmuşdur.

– Şübhəsiz, Azərbaycan Teatr Məktəbinin yaradıcılarından biri və onun ilk müdiri, görkəmli sənətkar, məşhur opera müğənnisi Şövkət Məmmədova olub. Sonralar SSRİ xalq artisti adına layiq görülmüş bu xanım İtaliyada təhsil almışdı. Yəni dünya teatr təhsilinin tələblərini, strukturunu bilirdi. Məhz bunun nəticəsidir ki, yarandığı gündən burada istər tələbələrin seçimində, istərsə də hazırlanmasında böyük tələbkarlıq olmuşdur. Onun ilk məzunlarının içərisində Fatma Qədiri, Rza Əfqanlı, Hacıməmməd Qafqazlı, Mollağa Bəbirli, Musa Hacızadə, sonrakı illərdə Adil İsgəndərov, Mehdi Məmmədov, Ələsgər Ələkbərov, Gülxar Həsənova, Nəcibə Məlikova, Hökümə Qurbanova, Əfrasiyab Bədəlbəyli kimi sənətkarlar olmuşlar. Əlbəttə, teatr təhsili öz bəhrəsini tez bir zamanda vermişdi. Belə ki, ötən əsrin 20-ci illərinin sonunda Bakıdakı Türk İşçi Teatrı tamaşaçılar arasında böyük nüfuz qazanmışdı. 30-cu illərdən başlayaraq Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı o zamankı Sovet İttifaqında ən tanınmış teatrlardan biri idi. Hər iki teatrın səhnəsində çıxış edənlərin əksəriyyəti teatr təhsillərini respublikamızda almışdılar. O zaman teatr məktəbi SSRİ ərazisindəki müsəlman, türk respublikaları arasında yeganə təhsil ocağı idi. Türkmənistandan, Özbəkistandan və digər respublikalardan da bizim teatr texnikumumuzda təhsil alanlar az deyildi, bəzən onlar üçün xüsusi kurslar təşkil olunurdu. İndi müstəqil dövlətlərə çevrilmiş bu respublikaların səhnə xadimləri teatrlarının formalaşmasında, peşəkarlıq səviyyəsinin yüksəldilməsində Azərbaycan teatr təhsilinin köməyini minnətdarlıqla xatırlayırlar. Axı necə xatırlamaya bilərlər. Onlar teatr təhsillərini Aleksandr Aleksandroviç Tuqanov, Mir Seyfəddin Girmanşahlı, Kazım Ziya, Rza Təhmasib kimi sənətkarlardan almışdılar.

Teatr məktəbinin bazası əsasında isə 1945-ci ildə Bakıda ilk ali səhnə tədrisi ocağı – Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. Sonralar texnikum adlanan teatr məktəbi isə 1948-ci ilə kimi fəaliyyət göstərdi.

– Yəqin ki, Teatr İnstitutu öz sələfi olan teatr məktəbinin ənənələrini yaşadırdı.

– Şübhəsiz, ümumiyyətlə, universitetimiz zəngin ənənələri olan bir sənət ocağıdır. Burada ənənə və varislik münasibətlərinə həmişə sədaqət olmuş, ona riayət edilmişdir. Yuxarıda adlarını çəkdiyim sənətkarlarla yanaşı, universitetimizdə Adil İsgəndərov, Mehdi Məmmədov, Məhərrəm Haşımov, Soltan Dadaşov, Tofiq Kazımov, Rza Sarabski, İsmayıl Dağıstanlı kimi sənətkarlar rejissor və aktyor sənəti fənnini tədris etmişlər. Onların yaradıcılıq ənənələrini Ağakişi Kazımov, Cənnət Səlimova, Azər Paşa Nemət, Bəhram Osmanov kimi sənət ustaları davam etdirirlər. Kino sahəsində isə bu ənənələri davam etdirmək Eldar Quliyevin, Oqtay Mirqasımovun, Vaqif Mustafayevin, Tofiq İsmayılovun, Yalçın Əfəndiyevin, Tariyel Vəliyevin öhdəsinə düşür.

Vaxtilə Müxlis Cənizadə, Əli Zeynalov, Məlik Dadaşov, Hamlet Xanızadə, Həsən Turabov sənətlərini gələcək aktyorlarımıza öyrətmişlər. Bu gün aktyor sənəti kafedrasında çalışanlar onların yetirmələridir. Bu sənətkarların bir çoxu eyni zamanda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında fəaliyyət göstərir, oynadığı rollarla böyük tamaşaçı rəğbəti, xalq arasında böyük nüfuz qazanmışlar.

Ötən əsrin 60-cı illərindən başlayaraq universitetimizdə rəssamlıq fakültəsi də fəaliyyət göstərmişdir. Vaxtilə burada Mikayıl Abdullayev, Tahir Salahov, Böyükağa Mirzəzadə, Nadir Qasımov, Nadir Əbdürrəhmanov, Lətif Kərimov, Yusif Hüseynov kimi istedadlı sənətkarlar fəaliyyət göstərmişlər. Onların bir çoxu dünya şöhrətli rəssamlardır. İndi də bir çox tanınmış rəssamlar universitetimizdə pedaqoji fəaliyyət göstərirlər.

Musiqi sənəti xadimlərindən maestro Niyazi, Aleksandr Milovanov, Hacı Xanməmmədov, Lütfiyar İmanov, Rəhilə Cabbarova, Qulu Əsgərov, Gülarə Əliyeva, Mirzə Babayev və b. bizim pedaqoqlar olmuşlar. Ümumiyyətlə, sənətdə ənənə və varislik bir-birindən ayrılmazdır.

– Son dövrlərdə, universitetdə müəllimlər pedaqoji fəaliyyətlə yanaşı, elmi işlər aparır, tələbələrimizin çox yerdən xoş sədaları gəlir.

– Uğurlarımızın hamısını sadalamağa imkan yoxdur. Onların bəziləri haqqında qısa məlumat verə bilərəm. Elmi işlərlə universitetimizdə əsasən nəzəri kafedraların professor-müəllim heyəti məşğul olur. Yalnız son beş ildə 49 monoqrafiya, 53 dərslik, 227 proqram və metodiki vəsait nəşr olunmuşdur. Elə bilirəm, bu rəqəmlər çox şey deyir. Bunun üzərinə müəllim və tələbələrimizin respublika və xarici mətbuatda çap etdirdikləri məqalələri, resenziyaları da gəlsək, böyük rəqəm alınar. Axı son beş ildə onlar tərəfindən 800-ə yaxın məqalə və resenziya işıq üzü görmüşdür. 100-dən artıq beynəlxalq və respublika elmi-nəzəri konfransları keçirilmişdir. Göründüyü kimi, elmi nailiyyətlərimiz az deyil.

Bizim ən başlıca vəzifəmiz şübhəsiz, yüksək hazırlıqlı tələbələr yetişdirməkdir. Ona görə tələbələrimizin hər uğuru bizi daha çox sevindirir. Onlar son beş ildə bir çox beynəlxalq müsabiqələrin, festivalların iştirakçısı olmuş, Vətənə mükafatlarla qayıtmışlar. Kino sənəti üzrə Strasburq şəhərində keçirilən Beynəlxalq Monumental foto müsabiqəsində iki tələbəmiz – Camal Atakişiyev və İlkin Həsənli birinci yerləri, daha bir tələbəmiz – Seymur Sadığov isə üçüncü yeri tutmuşdur. 2011-ci ildə “Amirani” Tiflis Beynəlxalq Tələbə film festivalında tələbəmiz Rəşad Səmədovun “Səkkiz” adlı sənədli, “Yuxu” adlı bədii filmi isə diploma layiq görülmüşdür. Bu ilin aprelində Qazaxıstanda keçirilən “Bastan” I Beynəlxalq Tələbə Debüt filmləri Kinofestivalında Murad Muradov “Kənar” filminə görə mükafat almışdır. İranda keçirilmiş “100 saniyəlik filmlər festivalı”nda tələbəmiz Röyal Əliyevin “Başdaşı” adlı filmi yüksək dəyərləndirilmişdir. ABŞ, Kuba, İtaliya, Serbiya, Latviya və digər ölkələrdə keçirilən festivallardan da tələbələrimiz əli dolu geri dönmüşlər.

Teatr sənəti sahəsində də tələbələrimiz həm ölkə, həm də beynəlxalq miqyasda uğurlar qazanmışlar. Ötən ilin noyabr ayında Qazaxıstanın Almatı şəhərində keçirilən tələbələrin I Teatr festivalında universitetimizin aktyor sənəti fakültəsinin II və III kurs tələbələri iştirak etmiş, festivalın ali mükafatı Qran-pri ilə geri dönmüşlər. Tələbə-aktyorlarımız Vaqif Əzizov, Səbinə Namazova və Aytən Hacıyeva xüsusi sertifikatlarla mükafatlandırılmışlar. Xarici ölkədə Qran-prinin alınması, onun ölkəmizə gətirilməsi çox böyük hadisədir. Bu, Azərbaycan təhsilinin, o cümlədən bədii təhsilin nüfuzundan, onun beynəlxalq aləmdə tanınmasından soraq verir. Tiflisdə keçirilən Beynəlxalq Tələbə Etüdləri festivalında tələbələrimiz “Təmas” adlı tamaşa ilə uğur qazanmış, daha doğrusu, festivalın sertifikatını almışlar. 2010-cu ildə Türkiyədə, İstanbul Kültür Universitetində keçirilən Beynəlxalq Tələbə Tamaşaları festivalında “Dram teatrı və kino aktyoru” ixtisası üzrə IV kurs tələbələri mükafat almışlar.

Tələbəmiz Mehriban Məmmədhüseynzadə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi “Xalq teatrı” festivalında “Ən yaxşı rejissor işi” nominasiyasında birinci yerə layiq görülmüşdür. Dekabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi I Teatr festivalında isə aktyor sənəti fakültəsinin I kurs tələbəsi Vasif Həsənli birinciliyi əldə etmişdir.

Tələbələrimiz musiqi müsabiqələrində də xeyli uğurlar əldə ediblər. 2007-ci ildəki “Muğam” müsabiqəsində Rəvanə Ərəbova laureat adını qazanmış, “Yeni ulduz” müsabiqəsində Azad Şabanov qalib olmuşdur. Norveçdə keçirilən Avrovision musiqi müsabiqəsində beşinci yeri tutmuş Safurə Əlizadə hazırda universitetimizdə təhsil alır. Ötən ilki “Muğam” müsabiqəsində isə “Musiqi sənəti” fakültəsinin tələbəsi Nigar Şabanova laureat adını qazanmışdır.

Universitetimizdə təhsil alan gənclərin rəssamlıq sahəsində də uğurları az deyil. 2006-cı ildə İstanbul Uluslararası öyrənçi Trenalı sərgisində, 2009-cu ildə İstanbul Tələbə sərgisində, 2010-cu ildə Marmara Universiteti gözəl sənətlər fakültəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Rəsm sərgisində tələbələrimiz iştirak etmiş, sertifikatlara layiq görülmüşlər. Universitetimizdə təhsil alan gənclərimiz 2011-ci ildə keçirilmiş “Narkomaniyaya yox” sərgisində də müxtəlif mükafatlara layiq görülmüşlər.

Məlum olduğu kimi, universitetimizdə bədii yaradıcılıqla yanaşı, nəzəri biliklər də tədris olunur. Bu sahə üzrə kulturologiya və sənətşünaslıq fakültələri məşğul olur. 2008-ci ildə tələbəmiz Ülviyyə Qasımova kulturoloqların I forumunda məruzə ilə çıxış edərək birinci dərəcəli diploma layiq görülmüşdür. 2009-cu ildə isə başqa bir tələbəmiz Çiçək Teymurova tələbələrin 22-ci Elmi konfransında ikinci yerə layiq görülmüşdür.

– Rəhbərlik etdiyiniz universitet hansı xarici əlaqələrə malikdir və bu əlaqələr necə gerçəkləşdirilir?

– 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə iş birliyi qurmaq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə də aiddir.

Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü göstərir. Mədəniyyət, elm və təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

Universitetimiz dünyanın bir çox ölkələrində yerləşən ali təhsil, elm və mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə elə bu faktı bildirmək kifayətdir ki, hal-hazırda universitetimiz 20 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 21-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Universitetimizdə Türkiyədən, bir çox digər xarici ölkələrdən çoxlu sayda tələbə təhsil almış və almaqda davam edir. Əcnəbi tələbələr həm bakalavr, həm də magistratura pillələrində təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir. Universitetimiz Yaponiya hökumətinin təklif etdiyi “Ot kökləri” layihəsində, Yaponiyanın “Mitsubisi Korporeyşn” şirkəti tərəfindən təklif olunmuş mədəniyyət üzrə layihədə, Almaniyanın təhsil üzrə nümayəndəliyinin “DAAD” proqramında, YUNESKO – ASCHBERG proqramında, Bakıdakı Yunanıstan səfirliyinin təklif etdiyi Aleksandr Onasis fondunun proqramında, ABŞ səfirliyinin vasitəçiliyi ilə Nyu-York Universitetinin irəli sürdüyü mədəniyyət proqramında, “TEMPUS – TASİS” proqramında və bir çox digər beynəlxalq layihələrdə iştirak edir. Bizim Nyu-York Siti Universiteti, Çikaqo Universiteti, Viskonsin Medison Universiteti (ABŞ), Paris Musiqi Akademiyası, Düsseldorf İncəsənət Universiteti (Almaniya), Drezden İncəsənət Akademiyası (Almaniya), Sankt-Peterburq Dövlət Teatr Akademiyası, Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti, Belqrad İncəsənət Universiteti (Serbiya), Misir İncəsənət Akademiyası, Ş.Rustaveli adına Teatr və Kino Universiteti (Gürcüstan) və bəzi digər nüfuzlu bədii təmayüllü ali məktəblərlə münasibətlərimiz, əlaqələrimiz vardır. Bu sırada qardaş Türkiyə universitetləri ilə əlaqələrimizi xüsusi vurğulamaq istərdim. Memar Sinan Universiteti, Marmara Universiteti, Sakarya Universiteti, Trakiya Universiteti, Beykənd Universiteti və başqa ali məktəblərlə münasibətlərimiz inkişaf etdirilir.

– Yəqin ki, bu işləri görəndə problemləriniz də az olmur.

– İş özü problemlərin həlli deməkdir. Bilirsiniz ki, təhsilin daha da səmərəli, keyfiyyətli olması bir çox amillərlə yanaşı, həm də maddi-texniki bazanın müasir tələblərə cavab verməsi ilə bağlıdır. Xüsusən bizim universitetimiz üçün bu məsələ həlledici amillərdən biridir. Çünki əgər biz kino rejissoru, kino operatoru və ya televiziya rejissoru hazırlayırıqsa, bu işi keyfiyyətlə yerinə yetirmək istəyiriksə, onda bizdə müasir tələblərə cavab verən, ən yeni texnika ilə təchiz olunmuş tələbə kinostudiyası, telestudiyası, montaj otaqları, səsyazma studiyaları olmalıdır. Əgər biz teatr kadrları hazırlayırıqsa və ildə 30-dan artıq tamaşa təhvil veririksə, o zaman müasir tələblərə cavab verən Tədris teatrı, xüsusi avadanlıqlar, rekvizit, geyim və s. tələb olunur. Mən hələ başqa ixtisaslarla bağlı (xoreoqrafiya, musiqi və s.) üzə çıxan digər problemləri demirəm. Lakin biz, təbii ki, ruhdan düşmürük. Öz gücümüzlə, teatrlarda, kino və televiziya qurumlarında işləyən dostlarımızın köməyi ilə dərslərin normal keçirilməsi üçün köhnə də olsa, müəyyən avadanlıqlar əldə etmişik. Öz xüsusi vəsaitimiz hesabına Tədris teatrı tikmişik. Hal-hazırda bu teatr səmərəli fəaliyyət göstərir və tədrisin peşəkarlığının artmasına yardım edir. Bu yaxınlarda universitetdə öz imkanlarımız hesabına Tələbə televiziya və kino studiyası yaratmışıq. Studiyada kino və televiziya sahəsində təhsil alan tələbələrimiz yaradıcılıqla məşğul olurlar. Lakin mən arzu edərdim ki, bizim imkanlarımız mənim Nyu-Yorkda, Çikaqoda, Viskonsində, Londonda, Parisdə gördüyüm tələbə studiyaları kimi (hələ teatrları demirəm) olmasa da, heç olmasa Moskva, Sankt-Peterburq, Kiyev və ya Almatıda gördüyüm studiyalar səviyyəsində olsun. Elə bilirəm əlaqədar təşkilatlar, naziriklər səsimizi eşidəcək, bu sahədə bizə köməklərini əsirgəməyəcəklər.

Bütün bu çətinliklərə, problemlərə baxmayaraq, bizim milli-mədəni ənənələrimizin zənginliyi, xalqımızın çox istedadlı xalq olması, nəhayət, universitetdə çalışan böyük sənətkarların və pedaqoji heyətin fədakarlıqları nəticəsində yetişdirdiyimiz kadrlar heç də yuxarıda qeyd etdiyim şəhərlərdə bədii təmayül üzrə təhsil alan mütəxəssislərdən geri qalmır.

Bizi narahat edən başqa bir problem də var. Əvvəla, çox yaxşı haldır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il 120 saylı “Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyəsində hər bir təhsil alana düşən təhsil xərclərinin miqdarı” göstərilmişdir. Bizi sevindirir ki, musiqi ixtisaslarının bir çoxunun illik maliyyələşdirilməsi yeddi min manat miqdarında nəzərdə tutulmuşdur. Lakin nədənsə yuxarıda qeyd etdiyim, daha çox məsrəf tələb olunan rejissorluq, aktyorluq, kino operatoru, xoreoqrafiya sənəti ixtisaslarına kitabşünaslıq və digər bu tipli ixtisaslarda olduğu kimi, illik cəmi min beş yüz manat nəzərdə tutulmuşdur. Əlbəttə, bu paradoksal bir haldır. Çünki təkcə kino və televiziya şöbələrində oxuyan tələbələrin hər biri ildə 1000 metrdən artıq lent istifadə edir. Mən hələ başqa texniki avadanlıqlardan istifadə olunmasını demirəm. Və yaxud aktyorluq ixtisası üzrə təhsil alan tələbələrin tamaşa hazırlaması üçün (təhsil müddətində ən azı 30 tamaşa hazırlanır) görün nə qədər paltar tikdirmək, rekvizitlər, qrim ləvazimatları almaq lazım gəlir. Mən inanıram ki, yaxın gələcəkdə bu məsələyə bir də baxılacaq və bu anlaşılmazlıq aradan qaldırılacaqdır.

Başqa bir məsələni də vurğulamaq istərdim. Biz bu ilin may ayında Təhsil Nazirliyi rəhbərliyi ilə razılaşdırıldıqdan sonra beynəlxalq tələbə teatr festivalı keçirməyi planlaşdırmışdıq və 20-yə yaxın xarici ölkənin mədəniyyət təmayüllü universitetlərinin bu tədbirdə iştirak etmələri haqqında razılığa gəlmişdik. Respublikamızın bədii təhsilinin, ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından vacib olan bu tədbirin reallaşdırılması üçün biz Təhsil Nazirliyinə rəsmi müraciət etdik. Təhsil Nazirliyi öz növbəsində bizimlə birlikdə tədbirin smetasını tutaraq Nazirlər Kabinetinə müraciət etdi. Nazirlər Kabineti də Maliyyə Nazirliyinə məktub göndərdi. Maliyyə Nazirliyi isə öz növbəsində Təhsil Nazirliyinə məktub göndərdi. Xeyli yazışmadan sonra, son nəticədə bizə rəsmi şəkildə bildirdilər ki, qoy bu beynəlxalq tələbə festivalını universitet öz vəsaiti hesabına keçirsin, çünki festivalın reallaşdırılması nazirliyin imkanı xaricindədir. Təbii ki, universitetin vəsaiti olmadığından biz bu festivalı keçirə bilmədik. Bizdən sonra isə belə bir tələbə teatrı festivalı Qazaxıstanın Almatı şəhərində baş tutdu. Maraqlıdır ki, bir çox ölkələrdən gəlmiş çoxsaylı tələbə teatr kollektivləri içərisində birinciliyi məhz bizim universitetimizin tələbələri əldə etdilər və Azərbaycana Qran-pri ilə döndülər. Məgər bundan öncə belə bir möhtəşəm teatr festivalını biz keçirsəydik, bədii təhsilimizin dünya miqyasında tanınması üçün daha yaxşı olmazdımı? Əlbəttə, yaxşı olardı. Lakin ümid edirik ki, gələcəkdə belə tədbirlərin keçirilməsində müvafiq təşkilatlar öz köməklərini əsirgəməyəcəklər.

Onu da deyim ki, bütün uğurlarımız ölkəmizdə aparılan düzgün siyasi, iqtisadi və mədəni nailiyyətlərin nəticəsidir. Azərbaycanın yaxın iki il ərzində BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi uğurlu xarici siyasətimizin nəticəsidir. Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezidentimiz İlham Əliyev mədəniyyətimizə də böyük diqqət ayırır. YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın istər təhsil, istərsə də mədəniyyət sahəsində gördüyü işlər məni olduqca fərəhləndirir. Bu gün Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Biz öz təhsil sistemimizi bugünkü Azərbaycanın, onun rəhbərliyinin tələb etdiyi səviyyədə qurmağa çalışırıq.

 

 

Hazırladı: Atababa İsmayıloğlu

 

525-ci qəzet.- 2012.- 27 yanvar.- S.4.