“Qulaq”
Yazının əksər qəhrəmanları
real adamlardır. Öz qulağımla eşitmişəm
“Kəndçilər”
xəstəxanası adlanan 4 nömrəli xəstəxananın
“LOR” deyilən şöbəsində – bu “LOR” nə şeydisə,
burda qulaq, boğaz və burunu bir yerdə müalicə edirlər
– yaxın qohumumun çıxmağını gözləyirdim
ki, tibb bacılarının, sanitarların, xadimələrin
halallığını edib gəlsin; əslində o,
şöbə müdiri və baş həkimi çoxdan
görmüşdü. Xəstəxananın pillləkanlərindəcə
qərara aldıq ki, yaxın kafelərdən birində onun
bir həftə əvvəd kəsilmiş burnunu-yəni kəsilmiş
“əti”- yuyaq. Əslində qohumun burnu çox böyük
idi. Onu ən azı iki ədəd “Xan”la yumaq daha insaflı
olardı. Amma özü demiş “opres”dən təzə
çıxdığına görə, daha zilə
çıxmamaq qərarına gəldik.
Qohum
rayonda yaşasa da, Bakıda elə bir tin tanımırdı ki,
orda hansı kafedə hansı yeməyin neçəyə
verildiyini bilməsin. O, hətta iddia edirdi ki, “28 may”
küçəsindəki “Qoç” kafesində yaxşı
lülə kabab verirlər, amma tikələri zay olur. Qohum hətta
Bakıda ən yaxşı düşbərənin,
soyutmanın, acikanın belə harda hazırlandığından
xəbərdar idi. Amma uzağa getməyə vaxt da yox idi.
Çünki qohumun gedəcəyi qatar bir azdan yola
düşməli idi. Ona görə də, vağzala yaxın
yerdə bərqərar olduq. Bu da oldu “AZİ”nin
aşağısındakı “podval”. “Burda telefon tutmur,
qulağımız da zəngdən-məngdən rahat olar”.
Buranın
qəribə aurası vardı. Qala divarlarını
xatırladan bu kafedə qohum burnunu ucu ilə iyləyəndən
sonra, qərara gəldik ki, adama bir boşqab yarpaq dolması
yeyək. Qohum bir dənə də “Zolotoye koltso” sifariş
verdi. Mən turşu istəsəm də, başı ilə rədd
etdi. Xırıldaya-xırıldaya dedi ki, buranın
turşusu yaxşı olmur, yaxşısı budur qatıq
götür.
–
Opres yaxşı keçdi. Elə əmioğlu Habil də mənimlə
bir palata idi. Onun da boğazında nəsə şiş
vardı kəsdilər. Bir-iki günə
çıxmalıdır. Bir nəfər də Cəbrayıldan
idi. Yaxşı baməzə kişi idi. Bircə o
oğraş “qulağı” hardan tapıb salmışdılar
yanımıza.
Bunu da deyib qohum iki dolmanı birdən uddu.
“Qulaq”.
Yox! Bu ad, daha doğrusu ləqəb mənə o qədər tanış gəldi ki. Doğrudanmı
o idi?
– “Qulaq” sağdı ki?
–
Sağdı nədi ə, nə vaxtdı rayona gəlmirsən,
getmirsən, nədən xəbərin var ki? Gəlmişdi
qulaqlarını “remont” eləməyə”.
Acı-acı güldü də.
– Yenə....
– (Sözümü kəsdi) Həmin şərəfsizdir. Elə palatada
da dinc dayanmırdı. Medsestra gəlir iynə
vurmağa, o dəqiqə başını balışdan
qaldırırdı. Yazıq qız iynəni xəstənin
dalından çıxarmamış ki, qulaqlarını şəkləyirdi
ki, görəsən kim nə qədər
pul verdi. Sən arağını iç,
hardan yadına düşdü e, bu “Qulaq”.
Yox, “Qulaq”ı unutmaqmı olardı? O, hətta mənim rəhmətlik
bibim Rəfiqəni də şərləmişdi. Bibim təndirin yanında çörəyə
yaxmaq üçün xaş-xaş əkərmiş. Bir dəfə yerli polis kənddə “oblava”
keçirirmiş. “Qulağ”ı da özləri ilə
götürüblərmiş ki, qıraqda dayan
gör o, bu, nə danışır. Bibimgilin həyətinə
gələndə təbii ki heç nə tapa bilmirlər.
Bu arada “Qulaq”da həyət darvazasının qabağında
dayanıb qulaqlarını şəkləyibmiş, kim nə danışır. Qonşu
arvadlardan kimsə qayıdır ki, bunlar nəşəni burda
niyə axtarırlar. Çöldə-biyabanda
axtarsınlar da. İsmayıllı tərəf
doludur o zəhrimarla. Bibim də onların arasında
imiş. Bu vaxt sadəlövhcəsinə
qonşu Nabata deyir ki, bizim qapı pir ocağıdır.
Burda nəşə axtarmaq günahdır.
Bir-iki xaş-xaş əkirəm, o da təndirin
qırağında. E, gəlinlik
vaxtından. Onu istəyirlərsə,
qırıb aparsınlar cəhənnəmə ki?
Bibimin sözü dərhal “Qulağın”
qulağının antenalarından əməliyyatçı
zabitə ötürülür. Və təsəvvür edirsinizmi,
70 yaşlı bibim haqda az qala cinayət
işi qaldırmaq istəyirdilər ki, “uzun müddətdir
narkotik əkib-becərməklə” məşğuldur.
Yaxşı ki rayon polisində bu absurd ideyaya inanmamışdılar...
90-cı illərdə Göyçaya tez-tez gedib-gəlirdim. Ordakı fəal
gənclərlə çox gözəl münasibətlərim
vardı. Şəhərin hansı
çayxanasında, hansı parkında əyləşib
söhbətləşirdiksə, ortaboylu birisi
yanımızı kəsdirib arxası bizə sakitcə
dayanardı. Mən onu üzdən görsəm
belə xatırlamaram. Amma şeşə
qulaqları indiyəcən gözümün önündədir.
Yay-qış başına kepka qoyardı.
Qulaqları hətta kepkadan da vurub
çıxırdı. Amma dostlar deyəsən
öyrəncəliydilər, fikrimi ondan yayındırmağa
çalışırdılar.
“Qulaq”dır, yəqin kimsə göndərib ki, rayona qərib
gələn var, get-gör nə danışırlar. Biz də nə
danışırıq yığıb çilədanına
aparıb qoyacaq kiminsə ovcuna. Hərəkat
vaxtından belədir. İndi demək olar
ki, heç kimə lazım deyil. Yəqin
hə uçastkovıdı orda oturub o, göndərib ki,
görün əllərində qəzet o dörd-beş nəfər
nə müzakirə edirlər.
Bu vaxt
dostum Müşviq sahə müvəkkilinə havadan bir salam göndərdi. Heç iki dəqiqə
keçməmiş sahə müvəkkili də
mehribanlıqla bizə yaxınlaşıb yerli uşaqlarla, mənimlə
hal-əhval tutdu.
“Qulaq” isə ərazini dərhal tərk etdi.
“Qulaq” necə deyərlər özgəsi deyil. Bu
torpağın, Göyçayın yetirməsidir. Deyilənə görə, orta məktəbdə
sinifkom olandan bu vərdiş onda yaranıb. Uşaqların hansı dərsdən saat neçədə
qaçacağı xəbərini dəqiqəsinə kimi
direktora bəlkə Rixard Zorge belə o dəqiqliklə verə
bilməzdi. Tapdıq var, əmioğlu,
“Qulaq”la bir sinifdə oxuyub. Deyir, bir dəfə
cəbrdən qaçmaq haqda hələ
düşünürdük ha? Heç on
dəqiqə keçməmiş zavuç
başımızın üstünü kəsdirdi ki,
gözünüzü çıxardaram dərsdə oturun.
“Qulaq” komsomola da keçib. Amma
həmin ərəfədə bərk qəzaya
düşüb. Üç-dörd ay dərsə
fasilə verib. Bir sözlə sinifə
başqa komsorq seçiblər. “Qulaq” bərpa
olunub gələndən sonra artıq gec imiş. Mövqelərini bərpa etmək isə ona müəssər
olmur. Çünki məktəbdə əlavə
iki peşəkar “Qulaq” “stajı” varmış. Hə, onların biri indi vəzifə sahibidir.
“Qulaq”ınki, əsgərlikdə
də gətirmir. İki ay sonra elektrik dirəyindən
yıxılır, tərxis olunur.
Vətənə
qayıdandan sonra iş tapa bilmir. Və günlərin
bir günü, Məzahirin çayxanasında oturan “Qulaq” eşidir
ki, yaxın günlərdə (hadisə səhv etmirəmsə
1991-ci ildə olub) AXC sədri Əbülfəz Elçibəy
Göyçaya gələcək, cəbhəçilərlə
görüşəcək, həm də məsciddə
dindarlarla söhbət edəcək. “Qulaq”
dinc dayanmır, cəbhənin qərargahından yüzcə
metr aralıda yerləşən MTN-in yerli şöbəsinə
üz tutur. Orda “Qulağ”ı diqqətlə dinləyirlər-əslində
onların bu səfərdən çoxdan xəbərləri
vardı-ona “çox sağ ol” deyirlər...və əmin
olurlar ki, bu qiymətli kadr hələ uzun müddət onlara
lazım ola biləcək. “Qulağ”ın
fərasəti barədə yerli polis, prokurorluq da xəbər
tutur. Və “Qulağ”ın işi başından
aşır. Çayxana və parklarda, kafelərdə,
digər ictimai yerlərdə iki şeşə qulağı
ilə qulaq “falına” çıxmağa başlayır.
İnsafən “qulağın” gətirdiyi
informasiyaların 30 faizi düz çıxırdı.
Amma bir də görürdün “Qulağ”ın
yanındakılar onun qulaqlarını şeşələdiyini
görənlər necə deyərlər “dezo”lar
da ötürürdülər. Və belə
dezolar artdıqca “Qulaq”da kökdən düşürdü.
Onun qulaqları etibarını itirirdi.
“Qulaq”dan ailəsi də bezmişdi. Oğlanları
evdən qovmuşdular. Bir müddət
klubda yatırdı. Sonra kiminsə
yazığı gəldi Qarayazı tərəfdə ona
kiçik bir daxma tikdi. O daxmaya köçəsi iki
gün deyildi ki, yaxınlıqda yaşayan Yasəmən
adlı gəlinə dedi ki, əri İlyas Əşrəfin
çayxanasında bir qızla mırt vururdu. Özü
eşidib. İlyas isə Əşrəfin
çayxanasının yanında maşın təmiri
emalatxanası işlədirdi. Yasəmən “Qulağ”a 5
yumurta, üç “məmməd” də pul verdi
ki, yumurtanı qaynadıb ye, bu üç “məmməd”ə
də axşamacan çayxanada otur gör, İlyas kimlə
danışır. Axşam “Qulaq” olduqca dəqiq
məlumat gətirdi. İlyasın
danışdığı qadın ağdaşlıdır, Bərgüşad
yolunun üstündə Almaz adlı qadının işlətdiyi
kiçik kafedə fahişəlik edir. Yasəmən
bundan əvvəldən də duyuq düşmüşdü.
Çünki İlyas iki gündən bir
axşamlar evə gec qayıdanda deyirdi ki, Bərgüşad tərəfdə
bir kliyenti var, onun motorunu yığıram. “Qulağ”ın proqnozu o qədər dəqiqliklə
düz çıxmışdı ki, Yasəmən əmisioğlu
ilə birgə İlyası ağdaşlı qəhbə ilə
bir yerdə tutmuşdular. Hələ
heç nə baş verməmişdi. Sadəcə
onlar Almazın hazırladığı otağa keçməmişdən
qabaq yumurta pomidorla 5 məmməd”lik “İvanovka” arağı
içirdilər. Amma kor-kor,
gör-gör.
Həmin gün Yasəmən ağdaşlı
qızın bir xışma saçını özü ilə
evlərinə qənimət aparmışdı. İlyas isə
evə getməmişdi. Həmin axşam
“Qulaq” kasıb komasında ilk dəfə ətli yemək yedi.
Yasəmən ona bozbaşla yanaşı iki
“şirvan”da pul göndərmişdi.
Əslində “Qulağ”ın siyasi müstəvidən
ailə-məişət səviyyəsinə enməsi ona da sərf
edirdi. Bu uzaq kənddə nə cəbhəçi
vardı, nə də digər şuluq elementlər. Buralarda heç nəşə-filan da çəkmirdilər.
Üstəlik “Qulağın” şöhrəti
tezliklə qonşu Bığır, Qarabaqqal, Qaraməryəm
kəndlərinə də yayıldı. Onun kəşfiyyatçı
kimi peşəkarlığına söz ola
bilməzdi. Bir dəfə o, Qarabaqqalda toyda müğənni
qıza göz-qaş edən Urusiyetdən gəlmiş bir
cavan oğlanı elə dəqiqliklə ifşa etmişdi ki,
ortada nişan qayıtmışdı.
Elə bilməyin ki, “Qulaq” təkcə arvadların
işinə yarayırdı ha? Əslə ,bəzən
kəndin kişiləri də ondan bəhrələnirdilər.
Məsələn, kiminsə qapısına
alverçi gəlib, nar və xurma almaq istəyir, yazda da tutaq
ki, pomidor və ya paxla behləyirdisə, o biri qonşu
“Qulağ”ı ora ezam edirdi. “Qulaq” əslində
fəhlə kimi ora gedirdi, mal yığırdı, yeşik
bağlayırdı və sonda tərəflər arasında
nisyə və nəğd qiymətlərin,
çürüklərin, irilərin, xırdaların, bir
sözlə tarif cədvəlini onu ora göndərənin
stolunun üstünə qoyurdu.
Qarayazıda
yaşadığı iki il ərzində
“Qulaq” artıq özünə təsərrüfat da
yaratmışdı. Onun 6 qoyunu, iki quzusu, 30-a
yaxın da toyuğu vardı. Quzuların
ikisi bir ay əvvəl Şirvan kanalına
düşmüşdü. Bu da ona yaman pis
təsir etmişdi. Ona görə də
heyvanları kiçik tövbəsindən kənara
buraxmırdı.
Axşama
yaxın daxmasında cır-bır (bilməyənlər
üçün deyim ki, bu sulu yeməkdir,
içində kartof dilimlərinin üstünə bir ədəd
yumurta vurulur üstünə də su tökülür)
bişirərkən qəfil işıq söndü. “Qulaq” kənddə hər yerdə
işığın yandığını görcək
öz sayğacından şübhələndi. Sayğacı təzə qurdalamağa
başlamışdı ki, gözündən yox, sanki
qulağından alov çıxdı. “Qulaq”
təpəsi üstə yerə dəydi. Onu
çoban Əlizadə tapdı. Nəfəsi
gedib-gəlirdi. Tez Qaraməryəm xəstəxanasına
apardılar. Orda da həkim sünnət
toyuna gedibmiş, içib yatıbmış. “Qulaq”ın nəbzi döyünsə də,
qulağından şırhaşırla qan gəlirdi. Xəstəxananın tibb bacısı onun
qulaqlarına pambıq tıxamaqdan yorulmuşdu. Qan kəsilmirdi ki. Zöhrə arvad dərhal
proqnoz verdi: qulaqları partlayıb. Nə olar, “Qulaq” olanda, Asifin maşınına dərhal
5 litr benzin töküb “Qulaq”ı Göyçay xəstəxanasına
çatdırdılar. Ordakı növbətçi
həkim isə sən demə, koordioloq imiş.
“Qulağ”ın təzyiqini ölçəndən sonra dedi
ki, təcili Bakıya çatdırın. Asif “Qulaq”a əl-qolla
başa saldı ki, səni Bakıya aparacam, amma qoyunun biri mənimdir.
“Qulaq” eşitmirdi. Amma
söhbətin nədən getdiyini anladı.
Qulağından qan axa-axa razılığını verdi. Səhərə yaxın
“Qulaq” artıq “Kəndçilər” xəstəxanasında
idi. Əməliyyat da olunmuşdu.
Amma həkimlər ona demişdilər ki, xüsusi
qulaqcıq-aparat olmayınca o, eşidə bilməyəcəkdi...
“Qulaq” kəndə gələndə Asif onun qoyun-quzusunu,
toyuqlarını satmışdı. Özünə də deyirdi ki, bəs
həkimlərin bütün xərcini o, özü çəkib...
“Qulaq” onsuz da heç nə eşitmirdi. Qulaqsız sağ
qalmasına da peşman idi, sanki. O, əlsiz, ayaqsız
yaşaya bilərdi, qulaqsız yox. Son vaxtlar
ümumiyyətlə başı pozulmuşdu. Qonşu heyvanların qulaqlarını burub onları
incidirdi, bundan həzz alırdı. Məktəbdən
qayıdan qonşu uşaqlara hücum çəkib onlara
qulaqburması verirdi. Artıq sahə
müvəkkili də bu barədə məlumatlı idi.
“Qulaq” bu kəndə təhlükə
yaratmışdı. Elə sahə müvəkkilinin
yanında öz qulaqlarını hər iki əli ilə bərk-bərk
sıxıb bağıranda hamıya, hətta sahə müvəkkilinə
də aydın oldu ki, “Qulaq” artıq dəlixanalıqdır.
Onu səhv etmirəmsə Gəncəyə göndərdilər. Üç aydan sonra
Qarayazıya tabut gəldi. Kiminləsə
mübahisədə hansısa dəli “Qulaq”ın
qulaqlarını kəsmişdi. O, da qanaxmadan
ölmüşdü...
Kənd camaatı öz vəzifəsindən vicdanla gəldi. Təkcə
mürdəşir Temir meyidi kəfənləyəndən
sonra heyrətlə camaata tərəf baxmağa
başladı. Səbəbi də aydın idi.
“Qulaq”a bircə gün yas verdilər. Qoyunu Asif gətirmişdi.
Mollanı isə Yasəmənin əri
İlyas.
Səbuhi MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 28 yanvar.- S.28.