Litva-Azərbaycan əlaqələri tarixindən qoparılmış səhifələr

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Beləliklə, unutmaq olmaz ki, Bakıdakı Litva konsulluğu o zaman yalnız rəsmi yazışmalar aparmırdı, təkcə Litva əsilli şəxslərə sənədlər verməklə, etibarnamələri qanuni şəklə salmaqla və digər vacib kağızları leqallaşdırmaqla məşğul olmurdu. Eyni zamanda, Azərbaycandakı həmvətənlərin həyati qayğılarına qalırdı, onların ən adi məişət problemlərinin həlli üçün çalışırdı. Müxtəlif ixtisas sahibi olan litvalılar – həkimlər, dərzilər, çəkməçilər, baytarlar, rabitəçilər və başqaları Litva konsulluğunun ünvanını göstərməklə Bakı qəzetlərində elanlar verir və əhaliyə öz xidmətlərini təklif edərək heç olmazsa, çörək pulu qazanmağa çalışırdılar.

Oxuculara qəribə görünə bilər ki, biz Litva-Azərbaycan dövlətlərarası əlaqələrindən yazmaqla, indiyə kimi yalnız Litvanın Qafqaz dövlətləri üçün Tiflisdə açdığı ortaq nümayəndəlikdən və Bakıda təsis etdiyi konsulluğun fəaliyyətindən danışdıq. Lakin, Azərbaycan Respublikasının Litva dövlətindəki hər hansı bir rəsmi nümayəndəliyi barədə nədənsə söhbət açmırıq. Təəssüflər olsun ki, o cür nümayəndəlik barədə yazıb-yazmamaq heç bir vəchlə bizim istəyimizdən asılı deyildir. Çünki elə bir nümayəndəlik heç açılmağa macal tapmadı. Daha doğrusu, onun açılmasına Azərbaycanın səmasını o zaman tutmuş qara buludlar, yeni ictimai-siyasi təlatümlər və məcburi tarixi dəyişikliklər mane oldu.

Azərbaycan Respublikasının Parlamenti 1920-ci ilin aprel ayının 22-də Avropa ölkələrində və Amerikada Azərbaycanın diplomatik missiyalarının təsis edilməsi barədə, müvafiq maliyyə xərcləri də nəzərdə tutulmaqla, qərar qəbul etdi. Həmin qərarın qəbul edilməsi ilə bağlı, ADR Xarici işlər naziri Fətəli xan Xoyski (1875-1920) aprelin 14-də Parlamentə təqdim etdiyi açıqlamada göstərirdi ki, Azərbaycanın Polşada təsis ediləcək diplomatik nümayəndəliyi bir sıra orta Avropa ölkələri ilə yanaşı Litva dövlətində də akkreditə olunacaqdır.

Heyflər olsun ki, bu qərarın qəbul edilməsindən cəmi altı gün sonra həyata keçirilmiş aprel çevrilişi və Azərbaycanın işğalı ADR hökumətinin diplomatik nümayəndəliklər açmaq barədə qərarın icrasını alt-üst etdi.

Hadisələri bir qədər qabaqlayaraq, qeyd etmək istərdik ki, aprel devrilişindən sonra bolşeviklər onlara qədər Bakıda fəaliyyət göstərmiş bir sıra xarici ölkələrin diplomatik nümayəndələrini həbs etdilər. Lakin yeni bolşevik hakimiyyəti Litva konsulluğuna toxunmadı. Bəs bu, niyə belə oldu? Bu sualın cavablandırılması və həmin qaranlıq tarixə aydınlığın gətirilməsi nisbətən geniş izahlar tələb edir ki, bu da əlahiddə bir məqalənin mövzusudur.

Hələlik isə baxaq görək, çevrilişdən sonra Azərbaycanın Xarici işlər idarəsində nələr baş verir. ADR Xarici İşlər Nazirliyi tələsik surətdə bağlanır və onun əvəzində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) adlandırılan qurum işə başlayır. Aprel çevrilişinin fəal icraçılarından biri, “inqilab komitəsi” sədrinin müavini Mirzə Davud Hüseynov (1894-1938) 1920-ci ilin mayın 2-də rusca tərtib olunmuş belə bir əmr imzlayır:

“Prikaz po Komissariatu po İnostrannım Delam Azerbaydjanskoy SSR ot 2-qo maya 1920 qoda.

Seqo çisla ya vstupayu vremennoe upravlenie Komissariatom po İnostrannım Delam, o çem obyavlyayu. Komissar Quseynov.”

Azərbaycan Respublikası Dövlət Arxivinin “Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı” fondunda saxlanılan həmin sənədin mətnindən göründüyü kimi, aprel çevrilişinin tanınmış “xadimi” siyasi hakimiyyətin proletariat diktaturası forması barədə marksizm-leninizm nəzəriyyəsinin klassik direktivlərindən birini dürüst şəkildə həyata keçirərək öz-özünü “Xalq Xarici İşlər Komissarı təyin edir.”

Elə həmin gün – yəni mayın 2-də Litva konsulluğu Xalq xarici işlər komissarlığına 356 saylı Nota ilə müraciət edir və “Azərbaycan SSR hökumətindən Litva dövləti ilə indiyə qədər olduğu kimi, bundan sonra da dostluq münasibətlərində qalmağı xahiş edir.”

Həmin Notanın məzmunundan göründüyü kimi, Litva konsulluğunun belə “tədbirli” hərəkət etməsini və devriliş yolu ilə yaradılmış bolşeviklər hakimiyyətini dolayısı yolla tanımasını başa düşmək üçün heç də xüsusi bir uzaqgörənlik tələb olunmur.

Çətinliklə də olsa qəbul etmək olar ki, Litva konsulluğunun belə hərəkət etməsi, yəqin ki, ilk növbədə Azərbaycandakı Litva vətəndaşlarının hüquq və maraqlarının yeni hakimiyyət tərəfindən təmin edilməsi ilə bağlı olubdur. Amma, bolşeviklər hakimiyyətinə belə dəm tutmaq, qorxulu manevrlər etmək olduqca riskli bir addım idi və bunun nəticəsində Litva – Azərbaycan dövlətlərarası münasibətlərinə, eləcə də uzunmüddətli siyasi maraqlara xələl gətirildi.

Şübhəsiz ki, Litva dövlətinin Bakıdakı nümayəndəliyinin bolşeviklər hakimiyyətinə belə loyal münasibət nümayiş etdirməsi Azərbaycan SSR hökuməti tərəfindən məmnunluqla qarşılanmışdı. Sonrakı siyasi hadisələrin inkişafı göstərdi ki, bolşeviklər hakimiyyəti sözügedən loyallıqdan məharətlə istifadə edərək, Litvanın Azərbaycan SSR ilə dövlətlərarası əlaqələrini rəvan bir şəkildə daha yaxın münasibətlər müstəvisinə keçirə bildilər. Əlbəttə ki, o cür “yaxın münasibətlərin tənzimlənməsi” prosesi Moskvanın ciddi nəzarəti altında və Kremlin müvafiq təzyiqləri ilə müşayiət olunurdu.

Bütün bu hərəkətlərin qismi nəticəsi olaraq, 25 sentyabr 1920-ci il tarixində Tiflis şəhərində “Azərbaycan Sovet Sosialist Respublikası Hökuməti ilə Litva Demokratik Respublikası Hökuməti arasında Saziş” bağlandı. Bu beynəlxalq saziş Azərbaycan SSR ərazisində yaşayan Litva vətəndaşlarına və Litva Respublikası ərazisində yaşayan Azərbaycan SSR vətəndaşlarına qarşılıqlı şəkildə hüquqi təminatların verilməsi haqqında idi. Həmin saziş Azərbaycan SSR Hökuməti adından Xalq xarici işlər komissarı M. D. Hüseynov, Litva Respublikası Hökuməti adından isə Litva Respublikasının Qafqaz respublikaları hökumətləri yanında diplomatik nümayəndəsi P. Daylide tərəfindən imzalanmışdı.

Belə bir sazişə əlbəttə ki, o zaman ehtiyac vardı və onun imzalanması zahirən müsbət hal idi. Belə ki, Litva tərəfdən bu addımın atılması onun Azərbaycan SSR-də yaşayan təbəələrinin vətənlərinə dönmək istəkləri ilə bağlı idi. Lakin həmin dövrdə Litva Respublikasında yaşayan Azərbaycan SSR vətəndaşlarının sayı yox dərəcəsində idi. Ona görə də, Azərbaycan SSR hökuməti tərəfindən belə bir sazişin imzalanmasını şübhəsiz ki, onun Litvada yaşayan vətəndaşlarının hüquqlarının təmin edilməsi ilə bağlamaq sadəlövhlük olardı. Sözügedən sazişin gerçəklənməsində Sovet Rusiyası və Azərbaycan SSR hökumətinin ilk növbədə başqa siyasi məqsədləri vardı. Həmin məqsədlərdən biri Azərbaycan SSR-nin beynəlxalq aləmdə hələlik de-jure “müstəqil” dövlət kimi tanıtmaq, bununla da, Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində həyata keçirilmiş aprel çevrilişi həqiqətlərini arxa plana çəkmək, Kremlin Cənubi Qafqazda atacaq addımları pərdələmək və nüfuzlu xarici dünya dövlətlərinin qınaq və narazılıqlarını yumşaltmaq idi. Sovet Rusiyası Azərbaycan SSR ərazisində yaşayan Litva vətəndaşları faktorundan geosiyasi məqsədində girov kimi istifadə etdi və göstərilən təzyiqlər nəticəsində Azərbaycan SSR ilə Litva Respublikası arasında həmin saziş bağlandı. Vurğulamaq vacibdir ki, sazişin preambulasında göstərilibdir ki, “bu müqaviləni hər iki Respublika biri digərinin müstəqilliyini qeydzis-şərtsiz olaraq tanımasını əsas kimi qəbul edərək imzalayırlar.”

Amma bolşeviklər “müstəqilliyin tanınması” cidasını çuvalda heç cür gizlədə bilmədilər və sazişin sonrakı bəndində istər-istəməz öz paxırlarını açdılar. Belə ki, iki bənddən ibarət olan bu sənədin elə ilk bəndində təsdiq olunurdu ki, “Azərbaycan SSR Hökuməti öz ərazisində yaşayan Litva vətəndaşlarının o hüquqlarını təmin etməyi üzərinə götürür ki, hansı ki, həmin hüquqlardan Sovet Rusiyası ərazisində yaşayan Litva vətəndaşları RSFSR ilə Litva arasında 12 iyul 1920-ci il tarixində bağlanmış sülh müqaviləsinə uyğun olaraq istifadə edirlər.” Bununla da Azərbaycan SSR-nin müstəqil dövlət olmadığı və Sovet Rusiyasından asılı olduğu bir daha üzə çıxırdı.

Beləliklə, qeyd etmək olar ki, 25 sentyabr 1920-ci ildə imzalanmış Tiflis müqaviləsi Litva – Azərbaycan dövlətlərarası əlaqələri inkişaf tarixinin müəyyən mərhələsində ziddiyyətli rol oynadı. Görünür ki, bu ziddiyyətli addımın siyasi zərərini Kaunasda çox tezliklə anlamışdılar. Və litvalılar onda çox gözəl başa düşdülər ki, aprel çevrilişi nəticəsində yaradılan Azərbaycan SSR-nin bolşevik hakimiyyəti ilə onların bağladıqları dövlətlərarası müqavilə Litvanın mövqeyini Şərqdə xeyli zəifləndirir. Elə məhz bunun əyani nəticəsidir ki, Litva Respublikası Xarici işlər nazirliyinin Şərq ölkələri Departamentinin direktoru Andryus Lisauskas (1879-1949) Litvanın Sovet Rusiyasındakı Fövqəladə və Səlahiyyətli səfiri Yurgis Baltruşaytisə (1873-1944) 1922-ci ilin sentyabr ayının 8-də yazdığı məxfi məktubda göstəriş olaraq qeyd edirdi ki, “...Moskva ilə danışıqlar aparılan zaman Tiflis müqaviləsi barədə susmaq, üzərindən sükutla keçmək və onu hərtərəfli yaddan çıxarmağa çalışmaq lazımdır.”

Bu müqavilə ilə əlaqədar olaraq, bir məsələni də əlavə etmək qalır ki, Sovet Rusiyasının göstərdiyi səylərə və böyük təzyiqlərə baxmayaraq, Moskva həmin dövrdə Estoniya və Latviyanı Azərbaycan SSR ilə analoji müqavilələr bağlamağa məcbur edə bilmədi.

Ümumiyyətlə, çox qəribə idi ki, o zaman Türkiyənin Azərbaycan SSR-ni rəsmi tanımasına baxmayaraq, sözükeçən Avropa dövlətləri Bakıda yaradılmış bolşeviklər hakimiyyətini nə səbəbdənsə gözübağlı tanımağa tələsmirdilər...

 

48 saat ərzində Azərbaycanı tərk etmək tələbi

 

Bolşeviklərin hakimiyyəti ələ keçirdikdən sonra da Bakıda fəaliyyətini davam etdirməkdə olan Litva konsulluğuna və habelə Azərbaycanda SSR-də yaşayan Litva vətəndaşlarına yeni quruluş, ADR Hökuməti dövründə olduğu kimi, sivil münasibətlər bəsləmir və humanist dəyərlər nümayiş etdirmirdi. Bizə belə bir mühakiməni yeritməyə Litva konsulluğu tərəfindən Azərbaycan SSR XXİK-na ünvanlanmış çoxsaylı yazılı müraciətlərin məzmunu əsas verir. Həmin sənədlərdə, Litva konsulluğunun normal fəaliyyətinə maneçilik törədən adi məişət sualları, rabitə məsələləri və kommunal qayğılardan tutmuş, Litva konsulunun şəxsi toxunulmazlığını təmin etmək probleminə qədər olan spektri ehtiva edən vacib problemlər qaldırılmışdı.

 

(Ardı var)

 

 

Mahir HƏMZƏYEV,

1992-95-ci illərdə Azərbaycan

Respublikasının Litvada

səlahiyyətli nümayəndəsi

 

525-ci qəzet.- 2012.- 28 yanvar.- S.25.