Dialoq –
sözü anlama məqamı
Dəyərli
yazarlar Salam Sarvan və Etimad Başkeçidin Azərbaycanın
görkəmli yazıçısı və alimi Kamal
Abdullanı söhbətə çəkdiyi “məclisi-üns”
indiki kimi yadımdadır. Bir məclisdə əlüstü
başlayan bir ədəbiyyat məqamı tədricən 15 məqamlı,
geniş “profilli” kitaba çevrildi. “Məqamlar” adlanan dialoqun
16-cı məqamı (önsözü) istedadlı şair
Aqşin Yeniseyə məxsusdur.
Kamal
Abdulla o yazıçılardandır ki, onun bütün bədii
mətnlərini (hekayə, pyes, roman) bilmədən onun
dünyasına daxil olmaq çətindir.
Əlbəttə,
mətn öz yaradıcısından kənarda yaşayır
və təhlil zamanı müəllif şəxsiyyəti bir
o qədər də vacib olmur, ancaq əsər ətrafında
“ümumi” situasiyanı dəyərləndirmək
bacarığı təhlili asanlaşdıra bilər.
Üç yazarın ünsiyyəti Kamal Abdulla
yaradıcılığı ətrafında situasiyanı
anlamağa xeyli imkan verir.
Böyük
rus filoloqu M.M.Baxtin deyirdi ki, bir düşüncənin işləməsi
üçün başqa bir düşüncəyə, mətnin-mətnə,
mədəniyyətin başqa bir mədəniyyətə
ehtiyacı var. Salam Sarvan, Etimad Başkeçid və Kamal
Abdullanın “Məqamlar” kitabı məhz bu ehtiyacdan
doğulub. Kitab Azərbaycan ədəbiyyatını sevənlərə,
onun təəssübünü çəkənlərə və
faciəli surətdə həlak olmuş unudulmaz
yazıçımız Rafiq Tağının ruhuna
ünvanlanıb.
Dialoq
o zaman mümkündür ki, həmsöhbətlər fərqli
dünyagörüşünə, üsluba və yaş təbəqəsinə
malik olsalar da, onların mövqeyindən gələn səslər,
deyimlər bütövdür və üst-üstə
düşür. Onlar (Kamal Abdulla, Salam Sarvan, Etimad
Başkeçid) bir-birinin üzünə baxaraq, bir-birinin səsini,
sözünü eşidərək, özgə mövqeyi ilə
qane olurlar. Dialoq mexanizmi, ünsiyyət səmimiliyi hər
birinə öz sözünü deməyə imkan verib.
Salam
Sarvan bu söhbəti “dərdləşmək” məqamı
kimi səciyyələndirir, söhbəti “ruhən doğma
olan adamların iç-iç oturub dərdləşmək
ehtiyacı” kimi təqdim edir. Doğrudan da söhbətin
mövzu dairəsinin genişliyi, çağdaş ədəbi
məkanın qayğıları, həllini gözləyən
məsələlər bu ehtiyacın nə qədər gərəkli
olduğunu göstərir. Bunu dialoq
iştirakçılarından biri də etiraf edir: “Ədəbi
imperiyalar, əsgərlər, generallar, savaşlar, ideallar,
şan-şöhrət, “həyat, ya ölüm”,
şüar-çağırışlar... Doğrudan da, biz
sizinlə çox dərdli və xəstə ədəbi məkanın
övladlarıyıq” (Kamal Abdulla)
Kamal
Abdulla bu dialoqların baş qəhrəmanıdır. Onun
obrazı üç ipostasda – yazıçı, alim və
oxucu kimi təqdim olunur, onun nüfuzlu yazıçı
sözü və kulturoloji mövqeyi qabardılır. Məsələn:
“bizim mədəniyyətin vahid müstəqil
bütövlüyə qovuşması prosesi hələ
başa çatmayıb. Çağdaş Azərbaycan mədəniyyətinin,
bədii-estetik fikrinin eklektik xarakteri hədəflərimizin
dürüst bir şəkildə müəyyənləşməsini
əngəlləyir”.
Məqamların
bir önəmli cəhəti dialoqda, sual-cavablarda intellektual səviyyənin
axıracan saxlanılmasıdır. Məişət pafosunun mətnin
toxumasına girməsinə imkan verilmir. Mətnin içindən
qırmızı xətlə Azərbaycan ədəbiyyatının
gələcəyinə, gənclərin yaradıcılıq
axtarışlarına ümid və nikbinlik var, ağsaqqal
narazılığına, nə bilim, cavanlara yuxarıdan
aşağı baxma pozasına yer yoxdur. Əksinə, bu
ümid, bu inam kitabda ədəbi ləyaqət məsələsi
ilə şərtlənir: “O nəslin ədəbi ləyaqəti
daha yüksək olacaq, onlar özlərindən əvvəlkilərin
çiyninə adam kimi, qabiliyyətlə çıxacaqlar”
Kamal
Abdulla suallara cavablarında maraqlı, gözlənilməz
ümumiləşdirmələr edir: “Barrikadanın bu biri tərəfindəkilər
(Anar və başqaları ona görə uzağı görə
bilirlər ki, onların dayaqlandıqları, söykəndikləri
mənəvi sütunlar var və onlar bu sütunları öz
mənəvi sələfləri saymaqdan usanmırlar. Anar
heç nə etməyib, ancaq Üzeyir bəy haqda o filmi
çəksəydi belə, mənəvi çəkisi
indikisindən qətiyyən az olmayacaqdı”. Ədəbiyyatın
inkişaf dialektikası ilə bağlı fikrini aforistik
ümumiləşdirmə ilə təqdim edir:“Normal adamlar
başqalarının çiyninə ona görə
çıxmırlar ki, saçını yolsunlar,
başının yumruqlasınlar, təpikləyib məhv eləsinlər,
ona görə çıxırlar ki, uzağı görə
bilsinlər”
Kitabın
ən maraqlı məqamlarından biri 10-cu məqamdır –
“Dilimizin imkanları və təfəkkürün sərhədləri”.
“Azərbaycan dilinin potensialında yazıram” deyən
yazıçının (Kamal Abdullanın) dilin fəlsəfəsi,
ana dili, ədəbi dil haqqında fikirləri təsəvvürləri
dəyişdirir. Ancaq Kamal Abdulla deyəndə ki, “bu dil millətin
yaratdığı dəyərlər sistemində normal bir bəndənin
hamıdan gizlənə biləcəyi ən birinci və yaxud
ən sonuncu mənəvi məkandır” – bu, məni müəyyən
qədər inandırır. (Poststrukturalistlər (Y.Kristeva) kimi,
mən düşünürdüm, dil varlığın
evsizliyidir. Biz dilin içində didərgin kimi
yaşayırıq...)
Əlbəttə,
“Kitabi-Dədə Qorqud” və “Yarımçıq Əlyazma”
romanı ilə bağlı düşüncə məqamının
bu kitabda ayrıca yeri var. “Kitabi-Dədə Qorqud” (yunan mifləri
ilə yanaşı) Kamal Abdullanın ən çox sevdiyi və
inandığı mətndir.
“Kitabi-Dədə
Qorqud” mətnindən kənar gerçəkliyin bərpası
onun sevdiyi ədəbi priyomlarından biridir. Öz dili ilə
desək “hər boyla bağlı öz assosiativ, virtual məkanı
var”. Bu assosiativ, virtual əlaqə ona qəhrəmanların
“tale mətnini” yaratmağa imkan verib. Adsız personajları (məsələn,
casus obrazı) ad mövqeyinə çıxardır, ikinci dərəcəli
personajların qəribə “şəxsiyyət tarixini”
yazır. Alp Rüstəmin, Bügdüz Əmənin,
Qısırca Fatmanın – hər birinin tarixi mifdir. Oğuz
elinin bədii obrazı bir bütövlük kimi Kamal Abdulla
üçün təsvir etdiyi dövrdə xeyirlə şər,
günahkarla günahsız arasında münasibətlərin
mifoloji işarəsi olur. Kamal Abdullanın assosiativ-virtual məkanı
mifoloji adlara və etnik mədəniyyətə genetik bağlı
potensial simvolik mənalarla zənginləşir.
Bu kitabın bir diqqət çəkən fərqi də mövzunu təqdimetmə üslubundadır. Bədii fəlsəfi ümumiləşdirmələr oxucuya kulturoloji esse, ədəbi traktat təsiri bağışlayır. Bu üslub dialoq vasitəsi ilə Kamal Abdullanın orijinal dünyasına daxil olma imkanlarını göstərir və bir həqiqəti təsdiq edir: “Dialektika dialoqdan doğulur ki, yüksək səviyyədə (şəxsiyyətlərin dialoqu) dialoqa yenidən qayıtmaq mümkün olsun” (M.Baxtin)
Rüstəm
Kamal
525-ci qəzet.-
2012.- 28 yanvar.- S.22.