Elçinin folklor dünyasına bir baxış

 

Elçin haqqında düşünəndə göz önünə ilk olaraq XX əsr Azərbaycan ədəbiyyatının görkəmli simaları – akademiklər Səməd Vurğun, Mirzə İbrahimov, ilk ensiklopediyamızın yaradıcısı Rəsul Rza, Mir Cəlal, Mehdi Hüseyn gəlir. Bu, səbəbsiz deyildir.

Elçin böyük ədəbiyyata gəldiyi gündən bu günə qədər ədəbi prosesdə fəal iştirak edən, ədəbiyyatşünaslıq elmimizin, xüsusən də ədəbi tənqidin inkişafına töhfələr verən, onun istiqamətləndirilməsində böyük xidmətləri olan, nüfuzlu söz sahibi kimi etiraf edilən, az adama qismət olan görkəmli yazıçı, alim və ictimai xadimdir.

Ədəbi mühitdə Elçin bir qayda olaraq nasir, ədəbiyyatşünas, publisist, ssenarist, dramaturq və tərcüməçi kimi təqdim edilir. Görkəmli ədəbiyyatşünas alimlərin Elçin yaradıcılığına həsr olunan məqalələrinin toplandığı kitablarda da, Elçinin yalnız müsahibələri daxil edilən “Seçilmiş əsərləri”nin 10-cu cildində də, Yaşarın keçən ilin noyabrından başlamış və hələ də davam edən “525-ci qəzet”də Elçinlə apardığı “Ədəbiyyat söhbəti”ndə də eyni mənzərənin şahidi oluruq. Yazıçının yaradıcılıq diapozonu o qədər geniş, o qədər çoxşaxəli, o qədər zəngindir ki, onun eyni zamanda folklor sahəsində də nüfuzlu söz sahibi olduğu unudulur. Və bu təkcə folklorla ilgili əsərlər, neçə-neçə nağıllar, məşhur “Mahmud və Məryəm” romanı ilə bitmir. Fərqinə varanda görürük ki, Elçin folklor sahəsində bir çox gərəkli tədqiqatların müəllifidir.

Elçin şifahi xalq ədəbiyyatını dərindən sevən, folklorumuz və aşıq yaradıcılığı sayəsində bəzi qələm sahiblərinin mübtəla olduğu eqoizm, özünəvurğunluq və s. kimi naqisliklərdən kənar olan yazıçı və araşdırıcıdır.

Hər şeydən əvvəl qeyd etməliyəm ki, yazıçının “Seçilmiş əsərləri”nin oncildiyi ilə tanışlıq mənə qəti qənaətə gəlməyə imkan verdi deyəm ki, onun yaradıcılığının gücü-qüdrəti, məhək daşı yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatının qovşağında bərqərar olmasındadır. Folklora o məhəbbət, o istək ona gətirib çıxarmışdır ki, yazıçının şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı ilə ilgili fəaliyyəti bir neçə istiqamətdə aparılmışdır.

Biz bu yazımızda başlıca olaraq aşağıdakılardan bəhs edəcəyik:

1. Yazıçının bədii əsərlərindən, daha doğrusu yazıçının nağılları və “Əsli və Kərəm” dastanının motivləri və süjeti əsasında yazılmış “Mahmud və Məryəm” əsərindən;

2. Yazıçının “Klassik aşıq poeziyasında “Dünya” obrazı monoqrafiyasından;

3. Prof. Vilayət Quliyevlə birgə yazdığı, folklorşünaslığa və ədəbiyyatşünaslığa həsr etdiyi “Özümüz və sözümüz” əsərindən;

4. “Kitabi-Dədə Qorqud aliliyi” monoqrafiyasından və Dədə Qorquda həsr etdiyi silsilə məqalələrindən;

5. Yazıçının folklorumuzun müxtəlif janrlarına və aşıqların yaradıcılığına həsr etdiyi məqalələrindən;

6. Elçinin publisistik yazılarında folklor və aşıq yaradıcılığının yerindən və s.

Məqsədimiz bütün bu istiqamətlərdən ayrı-ayrılıqda danışmaq və bu sahədə Elçinin elmimizə verdiyi töhfələrdən, örnək ola biləcək işlərindən söz açmaqdır.

Elmi publisistik yazı aşağıdakı bölmələri əhatə edir: “Elçinin nağıl dünyası”, “Kərəm yanğısı ilə”, “İkiyə bölünmüş ürəyin həsrət nəğmələri”, “Aşıq poeziyasının açılmamış qatı”, “Bilik əmələ çevriləndə çiçək açır”, “Əbədi abidəmiz, müdriklik məktəbimiz”, “Yazılı və şifahi ədəbiyyatımız haqqında düşüncələr”, “Sənətin zirvəsində bərqərar olan filosof aşıq”, “Əsl məhəbbət ötərgi olmur”.

 

ELÇİNİN NAĞIL DÜNYASI

 

Sevimli şairimiz Səməd Vurğun xalqın bədii təfəkkür çeşməsindən – folklordan yaradıcı şəkildə öyrənməyi tövsiyə edir və deyirdi ki, geniş xalq kütləsinin zövqünü nəzərə almalıyıq, əks təqdirdə ədəbiyyatımız geniş xalq kütləsinin malı ola bilməz. O, sözünə davam edərək xüsusi vurğulayırdı ki, əfsanə və nağıllar xalq dühasının məhsuludur. Yazıçı yalnız əfsanəyə, nağıla müraciət etsə belə, müasir həqiqətləri realistcəsinə əks etdirə bilər.

Dahi Səməd Vurğunun bu sözlərini yada saldıqca göz önünə Elçin və onun fəlsəfi düşüncələr məqamında olan nağılları gəlir. Elçin o yazarlardandır ki, onun üçün kiçik, böyük janr problemi yoxdur. O hansı janrda yazır yazsın, uğur qazanır (İstedadlı yazıçılar həmişə belə olublar).

Elçinin 2011-ci ildə “525-ci qəzet”də çap olunan silsilə nağıllarını oxuduqca alman alimləri Qrimm qardaşlarının nağılları, məşhur ingilis riyaziyyatçısı Luis Kerolun “Alisa möcüzələr aləmində” əsəri, italiyalı Karlo Kallodinin “Pinokionun macəraları”, Danimarka yazıçısı Hans Xristian Andersenin dünya ədəbiyyatında məşhur olan nağılları ətrafında düşünürdüm. Yazıçının nağıllarında sözü fikrə çevirmək istedadı adamı heyrətləndirir. Elçinin müşahidələri dürüst, dəqiq və sərrastdır. Folklora sonsuz məhəbbət onu nağıllar aləminə gətirib çıxardı. Elçinə görə folklor ruhlu nağıllar yığcam olmalıdır. Yazıçının qənaəti belədir: “Bizim zəmanəmizin nağılı gərək müxtəsər olsun”.

Yazıçının oxuduğum bütün nağıllarında sözü ilə əməlinin üst-üstə düşdüyünün şahidi oldum. “Qoca Palıdın nağılı”, “Qara qarğanın nağılı”, “Söyüd çubuğu ilə gözəl oleandrın nağılı”, “Məhkum qaysı ağacının nağılı”, “Tarzənin və köhnə tar ilə təzə tarın nağılı”, “Ağlayan böyürtkənin nağılı”, “Üzmək istəyən ağ qovağın nağılı”, “Bütün dərdlərdən azad qoca Şeyxin nağılı”, “Arzunun nağılı”, “Muxtar kişinin və göy göyərçinin nağılı”, “İki müdrik balıq ailəsinin və axmaq qu quşunun nağılı”, “Taleyindən razı zoğal ağacının nağılı” və s. yığcamlığı və ibrətamizliyi ilə seçilir. Onları həyəcansız oxumaq olmur. İnsan istər-istəməz düşüncələrə qərq olur. Bu nağıllardakı xalq hikməti adamı heyran edir.

Akademik Məhəmməd Arif vaxtilə Elçinin hekayələrindən danışarkən göstərirdi ki, yazıçı adi məişət əhvalatlarını adilikdən çıxarıb qəribələşdirməyi bacarır. Gözlənilməzliklər fonunda baş verəcək hadisələri görmə, duyma, təhlil və qiymətləndirmə məharəti onları təbii məcraya yönəldir və oxucu olayları təbii qəbul edir. Görkəmli alimimizin bu səmimi və qiymətli sözlərini Elçinin nağıllarına da aid etmək olar.

Elçinin “İki Çal papağın və bir Qara Kepkanın nağılı” və “Qırmızı ayı balası” ayrılıqda nə hekayədir, nə də nağıl. Mənə belə gəlir ki, Elçin bu tip əsərlərlə yazılı ədəbiyyatımıza yeni bir janr – “nağıl-hekayə” janrını gətirmişdir.

 

KƏRƏM YANĞISI İLƏ

 

Elçinin “Mahmud və Məryəm” romanı vəfa və sədaqət simvolu olan, ideya və məzmununa görə “Yanıq Kərəmi”, “Hicran Kərəmi”, “Quba Kərəmi”, “Kərəm gözəlləməsi” kimi aşıq havaları ilə zəngin olan nakam məhəbbət dastanı “Əsli və Kərəm”in motivləri əsasında yaranmışdır. Xalq arasında geniş yayılan, ən çox sevilən dastanın motivləri əsasında əsər yazmağa girişmək özü böyük cəsarət tələb edirdi. Həm də bu əsər roman kimi Elçinin ilk qələm təcrübəsi idi. Əsər o qədər uğurlu alındı ki, hətta başqa yazıçılar, məsələn, Fərman Eyvazlı “Qaçaq Kərəm” dastanının motivləri əsasında eyni adlı romanını “Mahmud və Məryəm”in təsiri altında yazdı. Kamal Abdullanın “Dədə Qorqud”la bağlı romanı da sonralar işıq üzü gördü.

“Mahmud və Məryəm” romanında folklor qatı lap dərinliklərdən boylanır. Təsadüfi deyildir ki, Elçin yaradıcılığına doktorluq dissertasiyası həsr edən prof. Nərgiz Paşayeva yazır: “Folklorda dastan hansı məqamdadırsa, hansı yeri tutursa, bədii əsərdə də roman o yeri tutur”.

Yazıçının “Mahmud və Məryəm” əsərini sevdirən, oxunaqlı edən həm də onun dilidir. Elçinin məna tutumu və bədii kəsəri ilə seçilən, oxucuya mənəvi zövq aşılayan dili ədəbi dillə xalq danışıq dilinin qovşağında bərqərar olmuşdur. Onun dili büllur bulaq kimi axan, qəlbə yatan, insana rahatlıq gətirən saf, duzlu, şirin, zəngin bədii dildir. “Mahmud və Məryəm”i oxumağa başlayanda ayrıla bilmirsən, az qala birnəfəsə oxuyursan. Yeri gəlmişkən, Elçinin bu əsəri birnəfəsə – 18 günə yazdığını deyənlər haqlıdırlar. Belə olmasa idi, onun hər səhifəsi adamı belə cəlb etməzdi. Yazıçının ürək döyüntüləri əsərdə hiss olunmazdı. Əsər Kərəm yanğısı ilə yazıla bilməzdi. Əgər yazıçı mövzu ətrafında illərlə fikirləşməsəydi, təfəkkür süzgəcindən keçirməsəydi, folklor motivlərini müasir dövr problemləri ilə araşdırmaq üzərində düşünüb-daşınmasaydı, yəqin ki, belə bir əsər ərsəyə gəlməzdi. Maraqlıdır ki, bu sanballı əsərə girişməzdən çox-çox əvvəl yazıçı “Əsli və Kərəm” adlı lirik-yumoristik povest yazaraq, çap etdirmişdi. Elçinin yaradıcılığını izləyəndə açıq-aşkar görünür ki, “Mahmud və Məryəm” təsadüf nəticəsində yazılmamışdır. Həqiqətən də millilik və müasirliklə bərabər, folklor yazıçının əsərlərinin ana xəttini təşkil edir. Elçin bir çox əsərlərində xalq yaradıcılığından bəhrələnmiş, yeri gəldikcə bu tükənməz xalq müdrikliyinə həm nəzəri, həm də təcrübi cəhətdən nüfuz etmişdir. Elçinin istedadı imkan verir ki, həyatın hər yazıçıya qismət olmayan qatlarına enə bilsin. “Mahmud və Məryəm”in böyük uğur qazanmasını şərtləndirən amillərdən biri, bəlkə də birincisi budur.

Elçin bu əsərlə müqəddəs bir missiyanı yerinə yetirmişdir. Yazıçı romanda insan talelərinin bədii təsvirini verməklə yanaşı, böyük sələfləri M.F.Axundov və C.Məmmədquluzadədən nümunə götürərək kütləni xalqa, xalqı millətə çevirmək uğrunda çalışaraq “Camaat” obrazını yaratmağa nail olmuşdur.

“Mahmud və Məryəm”in nakam məhəbbətindən söz açan bu roman da, qara sevda dastanı “Əsli və Kərəm” də oxucular tərəfindən eyni məhəbbətlə qarşılanır və sevilir.

 

AŞIQ POEZİYAMIZIN AÇILMAMIŞ QATI

 

Uşaqlıqda mənəvi qidam saz-söz olub. O vaxt Azərbaycanın bütün bölgələri kimi Qərb bölgəsində də nə radio, nə də televiziya vardı. Gözümüzü açıb gördüyümüz aşıq, saz-söz olub. Bütün məclisləri, toy-düyünü yalnız aşıqlar aparırdılar. Dastanları və bir çox aşıq mahnılarını biz gənclər əzbər öyrənmişdik. Bəlkə də folklora marağım, taleyimi folklorla bağlamağım oradan başlayıb. Dəqiq deyə bilmərəm. O saat ortaya sual çıxır. Bakıda dünyaya gələn, əksər camaatın rus və başqa dillərdə danışdığı qaynar qazan kimi qaynayan paytaxtda boya-başa çatan xalq yazıçısı Elçində folklora sonsuz məhəbbət necə formalaşıb? Yəqin irsi məsələdir. Axı yazıçının atası, xalq yazıçısı İlyas Əfəndiyev Qarabağın zəngin folklor mühitində yetişib. Elçinin folklorumuza dərin məhəbbətini “Klassik aşıq poeziyasında “Dünya obrazı, “Kitabi-Dədə Qorqud aliliyi”, “Mən sizdən ayrılmazdım”, “Əsli və Kərəm” dastanının motivləri əsasında yazılmış, Türkiyədə, Azərbaycanda, İraqda dönə-dönə çap olunan, sevilən “Mahmud və Məryəm” romanını, çox maraqlı silsilə nağıllarını, nağıl-hekayələrini (termin bizimdir), “Qorqud məhəbbətilə”, “Dədə Qorqud” bəşəriliyi!, “Karvan yola düzülür”, “Təşrif buyur, gedək bağa”, “Hüseyn Saraclı dastanı haqqında düşüncələr”, prof. V.Quliyevlə birgə yazdığı böyük həcmli “Özümüz və sözümüz” kimi sırf folklorumuza həsr olunmuş monoqrafiya və məqalələrini oxuyaraq duymuşam. Odur ki, tədqiqatçının “Klassik aşıq poeziyasında “Dünya obrazı” monoqrafiyasını elmi-publisistik, oxunaqlı dildə yazıldığına, aşıq yaradıcılığına dair orijinal və gərəkli əsər olduğuna görə maraq və məhəbbətlə oxudum.

Müəllif mövzuya dair demək olar ki, bütün məxəzlərlə ciddi tanışlıqdan sonra tədqiqata başlayıb. Diqqətə şayan odur ki, Elçin bəzən elə aşıqlardan söz açır ki, bir çox folklorşünaslarımızın belə, onlar haqqında demək olar ki, təsəvvürləri yoxdur (Məsələn, Aşıq Əmir Əli, Aşıq Əsmər, Qul Allahqulu, Aşıq Sona və başqaları).

Maraqlı odur ki, Qul Allahqulunun “Qaldı” adlı bircə ustadnaməsi qalıb. Aşıq Sonanın isə ikicə qoşması vardır. Ehtimal olunur ki, o, XIX əsrdə yaşayıb. Hümmət Əlizadə onun hər iki qoşmasını 1929-cu ildə çap etdirdiyi “Aşıqlar” kitabına daxil etmişdir. Qul Allahqulunun ustadnaməsinə isə prof. Qara Namazovun “Aşıqlar”, I kitab (Bakı, 2004) əsərində rast gəlirik. Maraqlıdır ki, Elçinin monoqrafiyası 1996-cı ildə, Qara müəllimin kitabı isə 2004-cü ildə çıxıb. Elçinin o ustadnaməni haradan əldə etdiyi sirri xuda olsa da təsdiq edir ki, Elçin monoqrafiyasının üzərində çox ciddi çalışmış, keşməkeşli dünyamızla bağlı aşıqlarımızın yazdıqlarını ciddi şəkildə araşdırmış, onlardan nümunələr vermişdir.

Monoqrafiyada tədqiqatçı “aşıq” sözünün etimologiyasına nəzər salır, bu terminlə bağlı bütün mülahizələri nəzərdən keçirir, səmimiyyətlə deyim ki, deyilənlər onu qane etmir. Çünki bunlar, Elçinin haqlı olaraq göstərdiyi kimi, fərziyyələr və mülahizələrdir. Mənə belə gəlir ki, hansı zəmin əsasında yarandığını göstərməsə də, Üzeyir Hacıbəyli “aşıq” sözünün “aşiq” sözündən əmələ gəldiyini göstərməkdə haqlıdır. Məlumdur ki, əvvəllər “ozan” termini işlənmiş, lakin Qurbaninin, Tufarqanlı Abbasın zamanında birdən-birə “ozan” deyil, “aşıq” termini işlənməyə başlanmışdır. Məsələ burasındadır ki, bu görkəmli aşıqlarımızın dövründə məhəbbət dastanları meydana gəldi. Dastanın qəhrəmanlarına buta verildi. Onlar aşiq oldular. Aşiq olduqdan sonra əllərinə saz alıb oxumağa başladılar. Haqq aşığına çevrildilər. “Abbas və Gülgəz” dastanında olduğu kimi. Buradan da aşıq termini yarandı. Bu bizim qənaətimizdir.

Elçin monoqrafiyada aşıq sənətinə, aşıqlara yüksək qiymət verir. Ustad aşıqların şair, bəstəkar, xanəndə, saz çalan ifaçı, rəqqas, bədii qiraətçi, aktyor olduğunu göstərir və qeyd edir ki, aşıq sənəti sinkretik sənətdir və bu sinkretizm hadisəsini Azərbaycan incəsənətində yalnız aşıq sənəti yaradır. Tədqiqatçı doğru olaraq aşıq sənətinin Şah İsmayıl Xətai dövründə çiçəkləndiyini göstərir. Elçin klassik aşıq poeziyasının klassik Azərbaycan poeziyasından təcrid olunmuş halda öyrənilməsini məqbul saymır. O, Vidadi, Vaqif, Zakir kimi şairlərimizin yaradıcılığı ilə Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Ələsgər, Molla Cüma və başqa ustad aşıqların yaradıcılığı arasında üzvi bir doğmalıq, bəzən isə eynilik görür.

Buna bənzər fikrə akademik Mirzə İbrahimovda da təsadüf edilir:

“... Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır, o biri tərəfdən yazılı ədəbiyyata, həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri folklordan, xalq yaradıcılığından su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır” (Bax: Mirzə İbrahimov. Aşıq poeziyasında realizm. Bakı, 1966, s.17).

Görün poeziyamızın zirvələrindən biri S.Vurğun dahi Füzulinin “Məni candan usandırdı” qəzəlini gəraylı şəklinə salaraq “20 bahar” şeirinin vəzninə necə məharətlə uyğunlaşdırmışdır:

 

...Möhnət çəmənindən gül dərə-dərə,

Ucaldı şairin ahı göylərə:

“Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım,

Oyadar xalqı əfğanım,

Qara bəxtim oyanmazmı?”

Füzuli yurdunun qəm səsidir bu,

Pərişan bir elin naləsidir bu.

 

Maraqlıdır ki, xalq şairi Xəlil Rza da “Məni candan usandırdı” qəzəlini gəraylı şəklinə salaraq öz cinaslı misralarını da əlavə etməklə xalqımızın əbədi arzusunu bəyan etmişdir:

 

Şəbi-hicran yanar canım,

Tökər qan çeşmi-giryanım,

Oyadar xalqı əfğanım,

O sahildə, bu sahildə.

Birləşib bir can olmalı,

Bütöv Azərbaycan olmalı,

O sahil də, bu sahil də.

 

Elçinin “Klassik aşıq ədəbiyyatı ilə klassik ədəbiyyatımızın (göründüyü kimi elə çağdaş ədəbiyyatımızın da) qarşı-qarşıya duran iki qütbün deyil, ana xətdən ayrılan iki doğma qolun təcəssümüdür” – deyə hökm verməsi bir həqiqətdir. Bu, bütün monoqrafiya boyu öz təsdiqini tapır.

Tədqiqatçı qeyd edir ki, klassik aşıq poeziyamızın poetik formaları yaxşı araşdırılmışdır, lakin onun mövzu və məzmununun, fəlsəfəsinin poetik atributları diqqətdən kənarda qalmışdır.

Bütün toy-büsat məclislərində aşıqlar dünyadan söz saldıqları, onun keşməkeşlərini göz önünə gətirdikləri halda (xüsusən də ustadnamə və divanilərdə), aşıq poeziyasının poetikasında və fəlsəfi ideoloji məzmununda böyük əhəmiyyət kəsb edən obrazlardan olan “Dünya” obrazı tədqiq edilməmişdir. Halbuki klassik aşıq poeziyasında bu obraz, Elçinin xüsusi vurğuladığı kimi, özünün ən kütləvi ifadəsini tapmış və onun estetik-fəlsəfi tərkib hissəsinə, məxsusi faktına çevrilmişdir.

Bu, çağdaş ədəbiyyatımızda da belədir. Təəssüf ki, Elçinin qaldırdığı “Dünya” – İnsan (Zəmanə) problemlərindən hətta klassik və çağdaş ədəbiyyatımızdan bəhs edən tədqiqatçılar belə yan keçmişlər.

Səməd Vurğunun “Dünya” şeirindən verdiyimiz misralar deyilənlərə dayaq olur:

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin, bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Sevimli şairimiz Məmməd Arazın şeiri də “Dünya” dərk etmək, tədqiqata cəlb olunmaq baxımından keçərlidir: “Dünya sənin, dünya mənim, dünya heç kimin”.

Dondan-dona girən, hərəni bir cür şirnikləndirərək yoldan edən, çox Süleymanlar yola salan dünya, bəndələrinin başını o qədər qatır ki, hətta onlar onun “Gəlimli-gedimli, son ucu ölümlü” olduğunu belə unudaraq çarpışırlar. Onu yalnız müdriklər duyur və yeri gəldikcə onun iç üzünü tam çılpaqlığı ilə açıb göstərirlər. Belə müdriklərin arasında Elçinin söz açdığı Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Aşıq Bəsti, Ağ Aşıq, Aşıq Bilal, Şəmkirli Hüseyn, Aşıq Alı, Ələsgər, Molla Cüma, Bozalqanlı Hüseyn, Aşıq Şəmşir, Mikayıl Azaflı və başqaları da vardır. Dünyanı dərindən dərk edən bu müdriklər insan oğlunu ona aldanmamağa “neçə min yol dolub, neçə min yol boşalan dünya”nın vəfasına inanmamağa çağırır:

 

Məleykə boyludu, şirin ləhcəli,

Əzəldən tamaşa olan bu dünya.

Qoca cadugərdi, aldadar səni

Cavanlıq donunda qalan bu dünya

(Aşıq Bəsti)

 

Tədqiqatçı göstərir ki, “Dünya”obrazı həyatda əhd, vəfa, ilqar, dərd, sevinc, gündəlik güzərandan tutmuş xəyallar, arzular aləminəcən mənəvi (bəzən hətta maddi) dəyərlər ilə bağlı bədii suallar doğurur, cavab isə yoxdur. Həmin bədii sualları doğuran zəmin isə müəllifin göstərdiyi kimi, “Dədə Qorqud”dan üzü bu yana “Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” ovqatından, düşüncəsindən, fəlsəfəsindən ibarətdir.

 

Xəstə Qasım qalıb naçar.

Bu sirri bəs kimlər açar?

Gələn qonar, qonan köçər,

Hey salarsan talan dünya

 

Aşıqlar “Dünya”nın faniliyindən çox söz salırlar. Eyni zamanda mərdlik, igidlik, etibar, saz, söz “Dünya”da qalır – deyərək təsəllini bunda tapırlar. Aşıqlar Dünyada insanları vara-dövlətə uymamağa, nəfsini saxlamağa, yaxşılıq etməyə, zülmdən, hiylədən, xəyanətdən uzaq olmağa, nikbin olmağa, səsləyir! Bütün bunlar barədə Elçinin əsərində yerli-yataqlı danışılmış, onun müddəaları ustad aşıqlardan verilən nümunələrlə əsaslandırılmışdır.

Yeri gəlmişkən onu da deyim ki, Elçin klassik aşıq poeziyasının yaratdığı və vəsf etdiyi əsas bədii surətlərdən biri, bəlkə də birincisi “Dünya” obrazı ilə sıx əlaqədə olan “Gözəl” obrazından da söz açır, lirik qəhrəmanın Gözəldən ötrü dünya varidatından keçməyə hazır olduğunu xüsusi vurğulayır. Yazıçı Qurbani, Tufarqanlı Abbas, Aşıq Alı, Ələsgər, Hüseyn Bozalqanlı, Molla Cüma, Əlimərdanlı Aşıq Nəcəf, Aşıq Şəmşir və bir çox başqa aşıqlardan gətirdiyi nümunələrlə tədqiqatını daha da sanballı, daha da oxunaqlı edir.

 

BİLİK ƏMƏLƏ ÇEVRİLƏNDƏ ÇİÇƏK AÇIR

 

Elçin folklorşünaslıq və ədəbiyyatşünaslıq sahəsindəki gərəkli və qiymətli “Özümüz və sözümüz” əsərini prof. Vilayət Quliyevlə birgə yazmışdır. Hər şeydən əvvəl onu deyim ki, əsərin adı onun məğzini əks etdirmir. İllər, ağır zəhmət tələb edən, gərgin əməyin bəhrəsi olan sanballı tədqiqat əsərini iki fəsildə: “Ədəbiyyatşünaslığa dair tədqiqlər” və “Folklorşünaslığa dair tədqiqlər” adı altında vermək və ayrı-ayrılıqda araşdırmaq daha münasib olardı.

Biz bu yazımızda müəlliflərin folklorşünaslığa dair tədqiqlərindən söz açacağıq. Giriş məqaləsində müəlliflərin göstərdiyi kimi, bu əsərdə mövsüm mərasimi və nəğmələri, yas mərasimi və nəğmələri, uşaq folkloru, arxaik janrlar, epik və lirik növ, onların janrları, lirik növdə bayatılar, xalq mahnıları, beşik nəğmələri, epik növdə nağıllar, atalar sözü və məsəllər, tapmacalar, lətifələr və s. tədqiqata cəlb olunur. Əsərdə aşıq poeziyasına, bu poeziyanın forma və janr xüsusiyyətlərinə, şeir şəkillərinə, sənətkarlıq xüsusiyyətlərinə xüsusi diqqət yetirilir. Giriş məqaləsində müəlliflər uzaqgörənliklə yazırlar: “Aşıq poeziyasının forma və janr zənginlikləri, sənətkarlıq xüsusiyyətləri də cild-cild kitabların mövzusu ola bilər. Qoşma, təcnis və s. haqqında kitablar yazmaq olar və belə kitablar mütləq yazılmalıdır.

Deyə bilərəm ki, müəlliflərin bu təbii arzusu artıq yerinə yetib. Qoşma və təcnisə dair məxsusi dissertasiyalar yazılıb və monoqrafiyalar çıxıb. Folklor terminləri lüğəti də işıq üzü görüb. Ayrı-ayrı aşıqların sənətkarlıq xüsusiyyətlərinə dair tədqiqatlar aparılıb, monoqrafiyalar çap olunub. Lakin “Özümüz və sözümüz” əsəri yazılanda bunların heç biri yox idi. Bu əsərin ən böyük qiyməti ondadır ki, folklorumuzun inkişafına kömək etdi, folklorla məşğul olanlara bələdçi rolunu oynadı. Onu da deyim ki, tədqiqatçılar əsəri yazarkən Azərbaycan folkloru nümunələrini istinad nöqtəsi kimi ortaya qoymuş, onlardan və aşıq poeziyasından bol-bol bəhrələnmişlər.

Müəlliflər adı çəkilən növ və janrlara dair elmi izahat və konkret misallar vermişlər. Bu, həqiqətən də böyük zəhmət tələb edən, “iynəynən gor qazmağa bənzər” tədqiqat işidir. Bu ağır zəhmətə qatlaşmağın bircə anlamı var: Folklorumuza sonsuz məhəbbət!

Əsər lüğət formasında yazıldığına görə terminlər əlifba sırası ilə verilib. Əsərin şərti olaraq “Folklorşünaslığa dair tədqiqlər” adlandırdığımız bölməsində tədqiqata cəlb olunan məsələlərin sayı hesabı yoxdur. Həm nəzm, həm də nəsr şəklində olan ağılardan, ağıçılardan təfsilatı ilə danışılır, çoxlu misallar verilir. Arxaik və ya ilkin janrlar: alqış, qarğış, and, inanclar və s. gündəmə gətirilir. Atalar sözlərindən, acıqvermə aşıq sənəti, bağlamalar, balıqçı nəğmələri, bənzəmə, cığa, cığalı təcnis, dastan, dastan məclisi, deyişmə, divani, divani-müxəmməs, dodaqdəyməz, duvaqqapma, əmək nəğmələri, əlif-lam, ərz-hal, əfsanə, əsatir, gəraylı, gözəlləmə, gop, lətifə, layla, qaravəlli, qıfılbənd, qoşma, mahnılar, meyxana, məsəllər (deyimlər), məclis (dastanlarda “boy”, “qol” terminlərinin sinonimi. Məsələn, “Koroğlu” eposunun Gürcüstan Əlyazmaları İnstitutunda saxlanılan əlyazması 28 məclisdən ibarətdir), möhürbənd, folklorumuzda geniş yayılmış mükalimə (Məsələn, məşhur “Sandığa girsəm neylərsən”), müxəmməs (aşıq poeziyasında, həm də yazılı ədəbiyyatda geniş işlənir), nağıllar, nağıl başı, pişrovdur ki, ona nağıl yaraşığı, nağıl bəzəyi də deyirlər. Nəğmə – Azərbaycan şifahi xalq poeziyasının şəkillərindən biri, ovsun, ovçu nəğmələri, ozan, oxşamalar, rəvayət (məsələn: “Qız qalası” poeması rəvayət əsasında yaranmışdır), sağın nəğmələri, sayalı sözlər, sınanmalar, sicilləmələr, söyüşlər, təcnis, ustadnamə, halay mahnıları, hana nəğmələri, haxışta, hərbə-zorba, holavarlar, şəbədə, şivən, vəsfi-hallar, vücudnamələr, yanıltmaclar və s.

Bütün bu sadaladıqlarımız haqqında əsərdə təfsilatı ilə danışılıb. Çoxunun etimologiyası barədə söhbət açılıb, şərhlər verilib. Bu, Elçinin folklor və aşıq yaradıcılığı, aşıq sənəti barədə gördüyü gərəkli işin az bir hissəsidir.

 

(Ardı var)

 

 

Qəzənfər PAŞAYEV,

Filologiya elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2012.-28 yanvar.-S.20-21.