Soyuq müharibənin müəllifi kimdir – Uilyam Çörçil, yoxsa Əbdürrəhman
Fətəlibəyli – Düdənginski?
Bu
tarixi məktub əslində dünyada soyuq müharibənin
başlanmasını əks etdirir. Bu ideyanın müəllifi
İngiltərənin tanınmış dövlət xadimi
U.Çörçil sayılsa da əslində azərbaycanlı
Ə.F.Düdənginskinin İngiltərənin baş naziri
Klement Etliyə yazdığı məktub az əhəmiyyəti
olmayıb. Böyük tarixi əhəmiyyətini nəzərə
alıb həmin məktubdan bir hissəni oxuculara təqdim edirəm.
Cənabınıza məlumdur ki, bolşevizm tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı və s. güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu. Bolşeviklərin müharibə qabağı planları hər kəsə məlumdur: Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-biri ilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi. Bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokrat xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu “yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yerin 1/6 hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər. Stalin cənab Çörçilə cavabında bolşevizmin ingilis dünyasına olan nifrət və kinini ümumi şəkildə göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığı və qazanmayacağı ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə Harri Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına (xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə baxmayaraq, kommunistlərə səs vermədiklərinə görə hirslənmirmi? Stalin deyir: “Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər: qısa olaraq isə Hitler köləliyindən ingilis-amerikan köləliyinə”. Biz də deyirik ki, xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin-kommunist köləliyinə düşsünlər”. Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi, Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin uğrunda vuruşmaq istəmirdi: ilk növbədə isə ruslar, ukraynalılar, türk-müsəlmanlar. Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta bilmişdi. I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi?
Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə vuruşmadı? Çünki onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik ən’ənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var. Çünki İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox ki, keçməzsiniz. Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir.Bəs kommunizm və dünya proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukrayna və xüsusən türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır. Ümumiyyətlə isə, kommunizmin heç bir xalqın gerçəkliyi ilə ümumi nöqtəsi mövcud deyil, çünki kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının, vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla vicdanlı zəhmətkeşin məhv edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş satılması deyildimi? 1939-cu ildə bizim xalqların mənafeyi tələb edirdi ki, müharibənin dəf edilməsi üçün Fransa və İngiltərə ilə müqavilə bağlansın. Yaxud müharibə başlanarsa, 1-ci gündən onların tərəfindən iştirak edilsin. Əgər bizdə demokratik hökumət və xalq rəhbərləri olsaydı, onlar elə belə də hərəkət edərdilər. Bizim ölkələr milli rəhbərlər tərəfindən idarə olunmur. Əvəzində dünya proletar inqilabı maraqlarından çıxış edərək, İngiltərə, Fransa və bütün dünya xalqlarının axıdılmış qanı üzərində kommunist diktaturası qurmaq və yeni qüvvələrlə çıxış etmək fikri ilə dünya yanğını alovlandırmaq üçün Hitlerlə ittifaq bağlayan bir dəstə beynəlmiləl fırıldaqçı hökmranlıq edir. İndi bizim həmvətənlər Polşa, Rumıniya, Macarıstan, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Finlandiya, Estoniya, Latviya, Litva, Avstriya, Almaniya, həmçinin Çin xalqları üzərində jandarm rolunu oynayır və öz süngüləri ilə bu ölkələrdə kommunizmi yaymaq məcburiyyətindədirlər. Bütün bunlar bizim xalqların, ilk növbədə rus, ukraynalı, türk-müsəlmanların mənafeyinə uyğun deyil. Rus torpaqları və onların var-dövləti 300 milyon rus üçün kifayətdir. Ukrayna torpaqlarını və var-dövlətini sayıb qurtarmaq olmaz. Biz türk-müsəlmanlara və qafqazlılara gəldikdə isə, bizim torpaqların genişliyi və zənginliyi sözə gəlmir. Odur ki, bizim xalqların ac və sıx əhalisi olan Avropanın torpaqlarına ehtiyacı yoxdur. Yuxarıda adları çəkilən Avropa xalqlarının torpaqları və onların zorla bolşevikləşdirilməsi dünya proletar inqilabı maraqlarına uyğun olaraq, beynəlmiləl fırıldaqçılar dəstəsinə ingilis-amerikanlara qarşı yeni müharibəyə hazırlaşmaq üçün lazımdır. Biz türk-müsəlmanları, həmçinin rus və ukraynalıları dünya proletar inqilabı maraqlandırmır. Biz bir qəpik, ya da bizim oğulların bir damcı qanını belə bu iş üçün könüllü surətdə vermədik. Biz heç vaxt bütün dünyadan təcrid olunmaq və on illərlə “kapitalist mühasirəsi”ndə qalmaq istəməmişik. Biz də ingilislər kimi istəyirdik ki, bizim də hökumət və rəhbərlər xalqımızın içindən çıxsın. Biz həm də parlamentimizi sərbəst surətdə özümüz seçmək istəyirik. Biz dünyanın bütün xalqları ilə dostluq və sıx ünsiyyət şəraitində yaşamaq istəyirik. Biz istəmirik ki, bütün dünya kommunistləri bizim ata və oğullarımızın qanı, ana-bacılarımızın, arvad-uşaqlarımızın göz yaşı hesabına yaşasınlar. Cənab Baş nazir, biz bunun üçün bolşevizmə qarşı vuruşurduq. Vlasov və heç bir rus heç vaxt Rusiyanı, rus xalqını, milli hökuməti, milli rəhbərliyi satmayıb. Ukraynalılar da, xüsusən türk-müsəlmanlar da vətənlərinə münasibətdə elə belə də hərəkət edərdilər. Heç olmasa bir nəfər ingilis Stalini doğma ata, Beriya, Mikoyan, Tevosyan, Bela-Kuna, Kusinena və onlar kimi digər cinayətkarları rəhbər adlandırarmı? Əlbəttə yox. Bəs onda niyə İngiltərə və Amerika bunu bizim xalqlardan tələb edir? Kim, harda, nə vaxt görüb, yaxud eşidib ki, rus, ukraynalı və türk-müsəlmanların atalarının ad və soyadları Soso Cuqaşvili (İosif Stalin), Anastas Mikoyan, Mkırtıç Tevosyan, Maliko Qoqlidze, Bela-Kuna və s. olsun. Belə quldur dəstəsini və “SSRİ”ni dəyişmirlər, əksinə, onlara nifrət edir və ilk imkan düşən kimi bu beynəlmiləl quldur dəstəsini və onların yaratdıqları SSRİ-ni məhv etmək üçün yaşayırlar. Cənab Çörçilin hesabatından isə məlum olur ki, Siz onlarla 50 illik müqavilə bağlamaq fikrindəsiniz. Düzdür, Siz deyə bilərsiniz ki, onların içində Molotov, Kalinin, Voroşilov kimi ruslar da var. Doğrudur, onlar rusdurlar. Onlar bu quldur dəstəsinin əlində rus xalqına göstərmək üçün örtükdürlər. Yəni SSRİ-ni ruslar da idarə edir. Bolşevik rəhbərləri içində ağıllı ruslar da olub ki, Stalin onları məqsədli şəkildə məhv edib. Məgər o və onun quldur dəstəsi ağıllı rus, ukraynalıları və türk-müsəlmanları hakimiyyətə yaxın qoyardımı? Molotov, Kalinin və Voroşilovun əqli qabiliyyətlərinin məhdudluğu o qədər üzdə idi ki, hətta nasional-sosialist təbliğatı da onların rus əslli olmasını inkar etməyə cəsarət etmədi. Siz özünüz Molotovu Londonda görmüsünüz. Artıq 2-ci dəfə Stalin onu Kremldən kənara buraxmadı. Əvəzində Vışinski kimi “rus”u, Manulski kimi ukraynalını göndərdi. Rus, ukrayna və türk xalqlarının oğulları bu qəddarın qarşısında əyilməyə və onları ata və rəhbər adlandırmağa layiqdirmi? Biz onların hökmranlığına qarşı vuruşmalı deyilikmi? Siz bolşevizmin düşməni olan bizləri niyə İngiltərə və Amerikanın düşməni hesab edirsiniz? Biz türk-müsəlmanlar 6-10 noyabr 1943-cü il Berlində keçirilən Azərbaycan Konqresində öz demokratik proqramımızı elan etmədikmi? Biz alman dostlarımızın bu proqrama İngiltərə və Amerikanın əleyhinə maddə salmaq təklifini rədd etmədikmi? Bizim legionerlərin Qərb cəbhəsinə göndərilməsinə qarşı etiraz edərək, İngiltərə və Amerikanın bizim xalqların düşməni olmadıqlarını bildirmədikmi? Bütün bunları gestapodan qorxmadan öz müttəfiqimizin üzünə deyirdik. Biz türk-müsəlman kimi həqiqətin əksinə gedə və Almaniyanın xeyrinə olaraq, İngiltərə və Amerikanı bizim xalqların düşməni adlandıra bilməzdik. Vlasov və ukraynalılar da elə belə hərəkət etdilər. Çünki biz bolşevik-kommunist deyilik və Almaniyanın, yaxud hər hansı ölkənin xeyrinə öz xalqımızın şərəf və mənafeyi ilə alver edə bilməzdik.
Biz SSRİ-nin
əvəzinə Rusiya, Ukrayna,
Türküstan, Azərbaycan, Ermənistan,
Gürcüstan və Şimali
Qafqaz yaratmağa can atırıq. Təəssüf ki, Qərb demokratiyası “SSRİ”
anlayışı ilə “Rusiya”, “Ukrayna”, “Türküstan”,
“Azərbaycan”... anlayışlarını səhv salır. Yaxud “bolşevik”
anlayışı “rus”, “ukraynalı”, “türk” anlayışları ilə
qarışıq salınır.
23 MART
1946-cı İL,
İTALİYA
Nəsiman YAQUBLU
525-ci qəzet.- 2012.- 28 yanvar.- S.18.