CƏMİL HƏSƏNLİ – 60

 

Əziz Cəmil müəllim,

60 yaşınızın bu ilin yanvar ayında tamam olduğundan tamamilə təsadüfən, ötən həftə “525-ci qəzet”in şənbə nömrəsini vərəqləyəndə xəbər tutdum. Sözün doğrusu, Sizi daha yaşlı bilirdim. Zahiri görkəminizə, vaxtından əvvəl ağarmış saçlarınıza görə yox, Sizi tanıyandan bəri şəxsiyyətinizdə duyduğum ağsaqqallığınıza, səbr və təmkin dolu təbiətinizə, qədim Şərq alimlərinə xas olan həlimliyinizə görə. Birbu günə qədər ərsəyə gətirdiyiniz neçə-neçə sanballı elmi əsərlərinizə, Azərbaycanın ictimai-siyasi tarixinin və görkəmli şəxsiyyətlərinin gizli səhifələrini açan dəyərli tədqiqatlarınıza görə...

Əziz Cəmil müəllim! Bu gün ölkəmizdə “alim” adını, “ziyalı” titulunu daşıyan çoxlu sayda insanlar, elm orduları var ki, onlar uzun-uzadı illərlə Akademiya şəhərciyi adlanan xiyabanda məskən salmış elmi institutlarda çalşır, qalaq-qalaq elmi əsərlər yazır, illər ötdükcə bu yorucu zehni məşğuliyyətdən bezib usanır, belləri bükülür, saçları ağarır və bir gün dünyalarını, “alimsözünün mahiyyətinə varmadan, əslində, nə eləməli olduqlarını bilmədən dəyişib əbədiliyə qovuşurlar. Bu adamların əksər çoxluğu daşıdıqları bu şərəfli adın, elmi nəzəriyyələrə əsaslanan kitab biliyi üzrə qazanılmadığından, alimliyin, ziyalılığın tək bir elmi biliyə dayaqlanmadığından buya digər mənada xəbərsiz olduqları səbəbindən, alimliyin mənasını işlədikləri elmi institutların planı üzrə yazdıqları elmi-nəzəri işlərin çoxluğunda, aylar və illərlə yazıb nəşr etdikləri kitabların qalınlığında, müəyyən dövrdən sonra institutların tozlu arxivlərində üst-üstə qalanıb yatacaq cild-cild əsərlərin – sırf elmi şüur məhsullarının müəllifliyində, bu müəllifliyə görə qazana biləcəkləri, yaxud artıq qazandıqları yüksək elmi dərəcələrdə, fəxri adlardasair və ilaxırda görürlər və bu səbəbdən dünyalarını faciəvi sonluqlabütün həyatlarını bu adın orijinal daşıyıcıları kimi yox, onun surətləri kimi yaşadıqlarını bilmədən başa vururlar.

Alimlik isə vergidir və sənət növləri kimi, ilk növbədə, insandan İlahi bilik, istedad və şəxsiyyət kamilliyi tələb edir. Ayrı sözlə desək alimlikkitab biliyi ilə qazanılmış elmin insanlığa, sahibinin şəxsiyyət süzgəcindən keçirilib çatdırılması, əldə olunmuş bilgilərə öz ali “Mən”in işığından qatılmasıdır, əgər əlbəttə ki, O varsa...

Azərbaycanın nadir alimlərindənsiniz ki, kitablarınız məhz belə bir İşığın – haqq və ədalətdən, xeyirxahlıq və ali vətəndaşlıqdan yoğrulan aydınlaşdırıcı bir İşığın daşıyıcısıdır və bu səbəbdən həmişə canlı, oxunaqlı və maraqlıdır. Bəlkə də məhz bu səbəbdən bu gün “Azərbaycan alimi” deyəndə, çoxlarının gözləri önündə, ilk növbədə Sizin simanız canlanır. Səbr və dözüm, məslək və əqidə saflığı, yuksək amallar uğrunda canından keçmək əzmi, elmə, maarifə, insanlığa dinməz-söyləməz xidmət... – Cəmil Həsənlinin alimlik kredosu budur.

İstəyirəm biləsiniz ki, Sizinlə fəxr edir, kitablarınızı oxumağa daim ehtiyac duyuram. Və ən əsası, aydınlıqlar dolu İşığınızı ən çətin və çıxılmaz məqamlarda ən yaxın məsafələrdə hiss edirəm...

Həmişə var olun, öz aydınlaşdırıcı və şəfqətli işığınızdan bol-bol saçın!

Sizə uzun-uzadı şərəfli ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzu edirəm...

 

 

Hörmətlə: A.MƏSUD

 

525-ci qəzet.- 2012.- 28 yanvar.- S.16.