Yazıçılar Birliyində şair-publisist Zərəngiz Dəmirçinin yubileyi qeyd olunub

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şairə Zərəngiz Dəmirçi Qayalının 50 illik yubileyilə bağlı tədbir keçirilib. Tədbiri AYB-nin üzvü, şair Qəşəm Nəcəfzadə açaraq yubilyarın yaradıcılığı haqqında məlumat verib. Onun yaradıcılığını “kol dibində görünməyən bənövşə”yə bənzədərək, şairənin, bir sıra digər həmkarlarından fərqli olaraq, daima göz önündə qalmağa can atmadığını deyib. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Zərəngiz Dəmirçinin jurnalistlik fəaliyyətindən bəhs edərək, onun həm jurnalist, həm də şair adını ləyaqətlə daşıdığını qeyd edib.

Tənqidçi Vaqif Yusifli xalq şairi Fikrət Qocanın Zərəngiz Dəmirçi haqqında dediyi fikiri sitat gətirərək, onun şeirlərinin heç də özü kimi sakit təsir bağışlamadığını vurğulayıb: “Mən Zərəngiz xanımı səmimi, mehriban, kövrək bir insan kimi tanıyıram. Amma onun şeirləri müəllifin özü kimi səmimi və kövrək olmaqdan əlavə, həm də qaynar ruhludur, insanı yerindən tərpədəndir”.

Yazıçı-publisist Salatın Əhmədli də yubilyarın səmimiyyətindən, onun bir insan kimi məziyyətlərindən bəhs edib.

Şairə Fəridə Ləman Zərəngiz Dəmirçinin insana, ailəyə, sözə dəyər verən, müdrik düşüncəli insanların əhatəsində böyüdüyünü dilə gətirib, onun qəlbində vətənə məhəbbətin, torpaq sevgisinin tükənməzliyindən danışıb.

Şair-publisist Fəxrəddin Meydanlı yubilyarı təbrik edib, ona həsr etdiyi şeiri səsləndirib.

Z.Dəmirçinin şeirlərində Vidadi kövrəkliyi olduğunu vurğulayan şair İlyas Taptıq onun həm də bugünün hadisələrinə öz şeirlərində fərdi münasibət bildirdiyini, düşüncələrini özünəməxsus tərzdə ifadə etdiyinivurğulayıb.

Şair Oqtay Rza, şairə Mahirə Abdullayeva, İnam Ata Ocağından İşıqlı Atalı da yubilyar haqqında fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 28 yanvar.- S.16.