Fransa Senatı “İfadə azadlığı cinayətdir” qərarını verir

 

İNSAN HAQLARI SAHƏSİNDƏ BEYNƏLXALQ TƏŞKİLATLAR İSƏ SUSUR

 

Fransa senatının qərarına insan haqları sahəsində mövcud olan onlarla beynəlxalq təşkilatın reaksiyası necədir?

 

“İnkarçılığın Cəzalandırılmasına Dair” Fransa senatının nəinki bu Avropa ölkəsində, bütövlükdə Qərbdə demokratiyanın gələcəyini şübhə altına alan qərarı azadlıq və demokratiya keşikçilərinin təəssübkeşlərinin lal-dinməz sükutu ilə qarşılanmışdır. Sual olunur: dövri olaraq demokratiyanı, insan hüquq və azadlıqlarını dəyərləndirən beynəlxalq təşkilatlar-Freedom House, “Transparency İnternational”, “Human Rights Watch”, “Artikl 19” (ARTICLE 19: Global Campaign for Free Expression), və s. və i.a. niyə susur? Yaxud bəlkə onları Fransada deyil, yalnız başqa dövlətlərdə demokratiyanın vəziyyəti maraqlandırır?

Dünyada azadlığın səviyyəsini ballar və şkallarla ölçən və mütəmadi olaraq “mühasibat uçotunu” apararaq məruzələr təqdim edən, başqa dövlətlərdə ifadə azadlığının pozulmasını əldə bayraq edərək “ani və vaxtında” bəyanatlar verən çoxsaylı təşkilatlar senatın qərarından artıq bir neçə gün keçməsinə, ona münasibəti üçün cəmi 15 gün vaxt olduğunu bilməsinə baxmayaraq hələ də susmaq mövqeyində durmuşlar.

Əgər Fransa senatının qərarı: 1.beynəlxalq konvensiya və hüquqi aktlarla; Ümumdünya İnsan hüquqları Bəyannaməsi ilə; 2. Kontinental-Avropa insan hüquqları Konvensiyası ilə ziddiyyət təşkil edirsə; 3.Konkret olaraq Fransada milyonlarla insanın hüquq və azadlıqlarını kütləvi şəkildə pozursa o zaman növbəti ildə bu təşkilatlar hansı demokratiyanı dəyərləndirəcəkdir?

Hələlik bu gün üçün yalnız 2 təşkilat məsələyə münasibət bildirib. Mərkəzi Londonda yerləşən “Amnesty International” İnsan hüquqları təşkilatı “erməni genosidi”ni inkara görə cəza verilməsi barədə qanun qəbul edən Fransa Senatına etiraz bildirirək, bunun ifadə azadlığını təhdid etdiyini bildirib. Sitat: “Əsas məsələ 1915-ci ildə baş verənlərin “soyqırım” olub-olmaması deyil, əsas məsələ Fransa rəsmilərininin söz azadlığını məhdudlaşdırmasıdır. Fransa hökuməti beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirə bilmir. Qanun lahiyəsinin həyata keçirilməsi ictimai debatlara güclü təsir göstərəcək və Fransanın söz azadlığını qorumaq barədə götürdüyü beynəlxalq öhdəliklərə zidd olacaq”.

Yanvarın 26-da isə “Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı və ifadə azadlığını müdafiə təşkilatı Fransa parlamenti üzvlərinə Senatın təsdiq etdiyi erməni soyqırımının inkarına görə cəza tətbiqi haqqında qanundan Konstitusiya Məhkəməsinə şikayət vermək çağırışı ilə açıq məktub göndərib.

Məktubda qanunu pozduğu çoxsaylı hallar sırasında bəziləri, sitat: “ifadə azadlığı hüququna zidd olması, cinayət və cəza arasında mütənasiblik olmaması, parlamentin səlahiyyətlərini pozması və təfsirində aydınlıq olmaması, hakimiyyət bölgüsü prinsipinə uyğun olmaması, tarixin “təhrikçi inkar” kimi şərh edilərək təhlükəli pozuntulara yol açması, onun Avropa İnsan Hüquqları Konvensiyasına, ATƏT prinsiplərinə və digər beynəlxalq öhdəliklərə ziddir. “Konstitusiya Fransa parlamentinə tarixi faktı müəyyən etmək səlahiyyəti verməməsi, demokratiyanın mürtəce qanunla, xüsusən, başqa ölkədə qəbul edilmiş qəbul etdirilə bilməməsi”- qeyd edilir.

 

Demokratiyanı dəyərləndirməklə məşğul olan beynəlxalq təşkilatların öz obyektivliklərini göstərmək üçün sınaq dövrüdür

 

Proseslər bir daha onu göstərir ki, demokratiya qeyd edilən beynəlxalq təşkilatların hansısa ölkələrə verdiyi adlar deyil, hər gün davam edən ardıcıl prosesdir və onun yeganə meyarı siyasi rəhbərliyin qəbul etdiyi qərarlarda əksini tapan demokratik prinsiplərə sadiqlikdir. Buna görə də “mütərəqqi və qabaqcıl demokratiya idealı olan ölkələr “anlayışına yenidən baxılmalıdır.

Bəzi ölkələri qüsursuz nümunə kimi, Azərbaycan da daxil olmaqla digərlərinin isə stereotiplərlə təqdim edən bu təşkilatlar məhz Fransanı azad ölkə, demokratiyanın beşiyi mifinə o dərəcədə inandıra bilmişdir ki, bu ölkədə qanunverici orqanda qərar qəbul edilərkən onun nə qədər antodemokratik ruhlu olduğunu düşünməyə, ehtiyac duymur.

Avropa Komissiyasının tapşırığı ilə tanınmış ekspetlər qrupu Avropada plyuralizmin təhlilini həyata keçirmişdir. Ekspert qrupu yanvarın 24-də nəticələri elan edərkən Fransanın bu sahədə gerilədiyini, onun “Avropa üçün pis nümunə” olduğu nəticəsinə gəlmişdir. Bununla belə mətbuat azadlığını dəyərləndirən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının son reytinqində 179 ölkə sırasında Fransanı 38-ci yerdə, Türkiyəni 148-ci, Azərbaycanç 168-ci, Ermənistanı isə 77-ci yerdə yerləşdirmişdir. Necə deyərlər, şərhə ehtiyac yoxdur. Azərbayan dövləti “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramını” təsdiq etməklə, demokratiyanın dövlətin həyata keçirdiyi siyasətin prioritetlərindən olduğunu da bir daha təsdiq edir.

Bu qərara münasibət bildirməyən beynəlxalq təşkilatların bundan sonra demokratiya və insan hüquqları haqda danışmağa mənəvi haqqı olmayacaq. Buna görə də, dünya ictimaiyyəti, xüsusilə də türk dövlətləri beynəlxalq təşkilatlara müraciət ünvanlamalı və bəyanatla çıxış etməlidir. Birmənalı olaraq vurğulanmalıdır ki, əks təqdirdə növbəti illərdə demokratik dəyərləndirmələrə dair hesabatların dəyəri bu qərara reaksiya ilə ölçüləcəkdir. Beynəlxalq təşkilatlar susarsa bu qərbin və Avropanın demokratiya ideallarının artıq boş ifadə olduğunu sübut edəcək. Çünki yalnız demokratik ideal və prinsiplərə sadiq olduğunu sübut etməklə başqa ölkələri dəyərləndirmək və ya onlara qiymət vermək olar.

“İnkar qanununa” münasibətdə beynəlxalq təşkilatlar susarsa o zaman bu ifadə azadlığının cinayət hesab edilməsinə onların birbaşa şahidliyi və dəstəyi kimi dəyərləndiriləcəkdir.

 

Demokratiyanın bərqərar olması üçün əsrlər,antidemokratik qanunun qəbulu üçün illər, onun qarşısının alınmasına isə 15+ 3 gün...

 

Fransa xalqı demokratik hakimiyyətin mənbəyinin xalq olduğunu bir daha göstərmək üçün tarixi şans –daha 3 gün vaxt əldə etmişdir. Fransa prezidenti dövlətlərarası münasibətləri zərbə altına qoymaqla, demokratiyanın və insan hüquqlarının onun üçün boş bir şüar olduğunu sübut etməklə siyasətdə kobud, “sərt” güc adlanan mövqeyini sərgilədi. Bunun qarşılığında beynəlxalq təşkilatlar və Fransa xalqı ona qarşı “yumşaq gücünü” səfərbər etməklə çox şeyə nail ola bilər. Təkcə Amnesty International öz cərgələrində 140 ölkədən 1,8 milyon fəal birləşdirir. Bu az deyil. Yalnız bu halda Fransa xalqı və onu təmsil edən senatorlar demokratiyanın siyasi hakimiyyət uğrunda mübarizənin vasitəsi deyil, əsrlər boyu çətinliklə əldə etdiyi ümumbəşəri dəyər olduğunu, əsrlərlə yaşı olan “azadlıq, bərabərlik və qardaşlığın” yalnız şüar olmadığına bir daha dünyanı inandıra bilər.

Fransa qanunlarına görə Senatda qəbul edilən qanun prezident tərəfindən 15 gün ərzində təsdiqlənməlidir.Qanunun Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilməsi üçün cəhdlərə başlanmışdır. Fransanın Konstitusiya Şurası qanuna müxalif olan senatorların qanununa rəsmi prosedurla müdaxilə etməsindən və sənədin əleyhinə imzatoplama kampaniyasından xəbər tutaraq, onlara 3 gün əlavə vaxt vermiş, layihənin prezidentə göndərilməsinin ləngitmişdir. Azacıq görünən bu 3 gün antidemokratik qanunun əleyhinə yeni qüvvələri səfərbər etmək üçün çox böyük imkan verə bilər.

 

Beynəlxalq təşkilatların hansı prinsipləri rəhbər tutmasını aşkar edəcək zaman

 

Bu qərarın yalnız Türkiyəyə, yaxud türk dünyasına aid olduğunu düşünənlər dərindən yanılırlar. Dünyanın aparıcı, klassik demokratiya nümunəsi hesab edilən dövlətləri də məsələyə mütləq prinsipial münasibətini bildirməlidir.

Tarixdə belə presedentlər çox təhlükəli proseslərin başlanğıcını qoyub. 2-ci dünya müharibəsi ərəfəsində Berlində Sudetdə yaşayan almanların müdafiəsi barədə çağırışlar tez-tez səslənirdi. Belə fəlsəfənin məntiqi sonluğu isə tarixidən məlum olduğu kimi fəlakətli müharibə olmuşdur. “İnkar qanununun” N.Sarkozinin imzalayacağı təqdirdə presedent yaratması da çox təhlükəli perspektivlərdən xəbər verir. İnsanların ədalətə dair təsəvvür və inamlarının, demokratiyanın Qərb-Avropa idealı və onun konkret Fransa modelinin puç olmasından xəbər verir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın işğalçı və təcavüzkar ölkə olması qətnamələrində əksini tapan BMT-nin nizamnaməsində insan hüquqları və demokratiyanın ümumən qəbul edilmiş beynəlxalq standartların olması rəsmən təsbit edilmişdir. Elə isə beynəlxalq dövlətlərarası təşklatlar: BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, BMT-nin İnsan Hüquqları Şurası, ATƏT-in və Avropa Birliyinin insan Hüquqları üzrə Komissarı, Beynəlxalq İnsan Hüquqları Liqası,İnsan Hüquqları üzrə Helsinki Fondu və s. bu qəbildən olan onlarla qurumlar məsələyə prinsipial münasibət bildiməlidirlər.

Qarşıdakı müddət demokratiyanı dəyərləndirmək səlahiyyətinə iddia edən, istənilən statusda olan beynəlxalq təşkilatların birgə səy və əzmlərinin maksimum istifadə etmək üçün həqiqi sınaq zamandır. Beynəlxalq təşkilatlar bir nəfər kimi həmrəylik nümayiş etdirərək demokratiyanın siyasi ambisiyalara qurban verilməsinə, qanun layihəsinin N.Sarkozi tərəfindən imzalanmasına mane olmalıdırlar.

Bu onu göstərir ki, insan haqları və demokratiya sahəsində özlərini “səlahiyyət sahibi” elan edən beynəlxalq təşkilatların onlara “olan-qalan” etimadı itirmək istəmirlərsə, yaxud ayrı-ayrı mərkəzlərin göstərişi və ya subyektiv mülahizələr əsasında fəaliyyət göstərmədiklərini sübut etmək istəyirlərsə, səylərini artırmalı, qarşıdakı qısa zaman müddətini mümkün qədər səmərəli istifadə etməlidirlər.

Yalnız bu halda məlum ola bilər ki, insan hüquqları və demokratiya bu gün siyasi hakimiyyət uğrunda mübarizənin siyasiləşmiş və ideoloji aləti olmayıb real işlərlə qiymətləndirlən kateqoriyadır. Belə olmadığı təqdirdə, beynəlxalq səviyyədə qəbul edilmiş qanunların subyektiv qərəzlərə qurban verildiyini, demokratiyanın deyil, onun görüntüsünün, ikili standartların mövcudluğunu etiraf etməlidirlər.

 

 

Tahirə ALLAHYAROVA,

Strateji Araşdırmalar Mərkəzi,

Daxili siyasətin təhlili şöbəsinin

müdiri, fəlsəfə elmləri doktoru

 

525-ci qəzet.- 2012.- 28 yanvar.- S.7.