Sənət fədaisi
Musiqişünas, dramaturq, rejissor, respublikanın Xalq artisti Kərim Kərimovun adı çəkiləndə ilk növbədə əsl ziyalı anlayışı yada düşür. Görəsən əsl ziyalı nə cür yetişir? Bəlkə xalqın min illər ərzində qazandığı əxlaqi, mənəvi sərvətləri macal tapıb bircə ömür içində mənimsəyə bilməklə, xalqın kamalından süzülən işığı, enerjini damla-damla, misqal-misqal gözlərinə yığıb, ürəyinə toplamaqla! Yəqin ki, əsl ziyalı elə bu cür yaranır. Böyüklüyü, nəcibliyi, fədakarlığı mənimsəyə-mənimsəyə.
Musiqidən keçən böyük bir ömrün, musiqi ilə döyünən böyük bir ürəyin son dəfə döyündüyü vaxtdan, son akkordlarının vurulduğu andan 12 il ayırır bizi. Rəşid Behbudov adına Mahnı Teatrının Kərim müəllimin cənazəsi qoyulmuş səhnəsindən ətrafa yayılan həzin, hüznlü musiqi indiyədək qulaqlarımdan çəkilməyib və bu gözəl insanın cismani yoxluğuna hələ də inana bilmirəm. İnana bilmirəm ona görə ki, dünyasını dəyişən dəqiqələrdə də artıq heydən düşmüş titrək barmaqları yenicə yazmağa başladığı növbəti kitabın yazı makinasında yarımçıq qalmış səhifəsinə can atırdı. Ömrünün son anına qədər qocalığa, xəstəliyə əyilməyən, ürəyi yazıb-yaratmaq eşqilə coşub-daşan bu insanın yoxluğuna necə inanasan?
Mənzilindəki iş otağının divarlarını xalı kimi bəzəyən dünyanın 20-dən artıq ölkəsində onun Azərbaycan musiqisini təbliğ, tərənnüm etdiyi anları əbədiləşdirən, onun Üzeyir Hacıbəyov, Qara Qarayev, Niyazi, Mstislav Rostropoviç və onlarla digər musiqi karifeyləri ilə ünsiyyətdə olduğu dəqiqələri əks etdirən foto şəkillərə, ”Çahargah fantaziyası”, “Xanəndənin taleyi” əsərlərinin yubiley tamaşalarının afişalarına baxdıqca belə bir insanın musiqi ilə yoğrulan ürəyinin artıq döyünmədiyinə necə inanasan? Deyiblər “Həyat bir pəncərədir, hər gələn baxar, gedər”. Kərim müəllim də taleyin ona ayırdığı zaman kəsiyində həyat pəncərəsindən baxıb getdi, lakin qəlblərdən silinmədi yaddaşlara həkk olunub getdi, çünki bir amalla yaşadı, Azərbaycan musiqisini həm ürəyində, həm yazdığı əsərlərdə, tamaşalarda, rejissoru olduğu tədbirlərdə, hətta adicə söhbətlərində belə yaşatdı. Həmişə deyərdi ki, dünyada gözəl əsər yaratmaqdan böyük səadət yoxdur. İnsan bu məqamda Tanrı səviyyəsinə yüksəlir.” Sonralar möhkəmlənən bu qənaətinin ilk qığılcımları bəlkə də o zaman düşüb könlünə. Bəlkə də yeniyetməlik və gənclik çağlarında neçə böyük sənət xadimlərini, dahilərini görüb, onları özünə nümunə seçib, “Vaqif” pyesi ilk dəfə tamaşaya qoyulanda yüyürüb əlindəki çiçək dəstəsini Səməd Vurğuna təqdim edəndə, dünya şöhrətli “Koroğlu” operası ilk dəfə tamaşaya qoyulanda zərli lojada sənət taxtında musiqi hökmdarı kimi əyləşmiş Üzeyir bəyi alqışlayanlar içərisində olan on-on bir yaşlı Kərimin ovucları gizildəyəndə yaranıb onun qəlbində incəsənətə tükənməz məhəbbət?
Kərim müəllimlə ilk tanışlığımızdan onun həyatdan köçməsinə qədər keçən illər sanki göz qırpımında ötüb keçdi. Bu tanışlıq Kərim Kərimovun artıq təqaüddə olduğu ahıl dövrünə təsadüf etdiyi üçün o mənim yadimda elə o cür də qalıb. Gülərüz, zarafatcıl, çəliyə söykənərək yeriyərkən ayaqlarının ağrısından əziyyət çəkdiyi aydın sezilən yaşlı bir insan kimi.
Hər il fevral ayının 4-ü yaxınlaşanda içimdə qəribə hisslər yaranır, xatirimdə Kərim müəllimin onun öz evində son yubileyini qeyd etdiyimiz gün canlanır. Nərdtaxta həvəskarı olduğunu bildiyim üçün üzərində onun portreti həkk olunmuş nərd qoltuğumda qapılarındakı zəngin düyməsini basdım. Qapı açılarkən heyrətimdən donub qaldım. Hərbi səhra geyimində, başında qara hərbi beret olan Kərim müəllim nizami addımlarla yaxınlaşaraq əlini gicgahına aparıb hərbi salam verdi:
“ Cənab mayor! Bütün qonaqlar Kərim Kərimovun yubileyinə toplaşmışlar. Məruzə etdi yubilyar.” Sonra qəhqəhə çəkərək məni qucaqladı. Mənim təəccübümü görüb “ Hərbi geyim həmişə arzum olub. İnsan yaşlaşdıqca uşaqlaşır. Ömrə vəfa yoxdur. Ona görə bu hərbi geyimi aldım ki, bu gün geyib səninlə bir xatirə şəkli çəkdirim.”-deyə izah etdi.
Kərim müəllimin ad günü ərəfəsində
ürəyimə dolan onun
özü tək kövrək xatirələri
kağıza köçürmək qərarına gəldim.
Özü də təkcə özümün deyil, Kərim
müəllimlə vaxtilə ünsiyyətdə olmuş bir çox insanların da
xatirələrini qələmə aldım.
Yalçın
Rzazadə, Xalq artisti:
– Azərbaycanın musiqi sənətinin təbliğində əvəzsiz xidmətləri olmuş əməkdar incəsənət xadimi, bilicisi, çox gözəl insan olan Kərim Kərimovu şəxsən tanıyan, hətta onunla cəmi bir dəfə ünsiyyətə olan hər bir şəxs onu yəqin ki, heç vaxt unutmaz. Kərim müəllimlə tanışlığım onun Azərbaycan Televiziyasında Musiqi verilişləri redaksiyasının Baş redaktoru işlədiyi zamanlara təsadüf edir. O vaxt mən televiziyanın solisti idim və biz musiqi verilişlərinin çəkilişləri zamanı bilavasitə ünsiyyətdə olurduq. Radio və televiziyanın efirinə hər hansı musiqi nömrəsi yalnız Kərim Kərimovun müsbət rəyindən sonra çıxa bilərdi və bu zaman yalnız və yalnız istedad, professionallıq əsas meyar kimi rol oynayırdı.
Kərim müəllim Respublika
Sarayına direktor təyin edildikdən sonra da mütəmadi
ünsiyyətdə olurduq. Belə ki, bu sarayda
keçirilən əksər tədbirlərin baş
rejissorluğunu o özü həyata keçirirdi
və mənim iştirak etdiyim
tədbirlərin məşqləri zamanı biz
həmişə yaradıcı ünsiyyətdə olurduq. Yüksək mədəniyyətə malik kübar bir insan idi.
Söyləmək istədiyi iradları da
elə tərzdə çatdırırdı ki,
ondan heç kim incimirdi. Mənim
ifamı bəyənirdi. Həmişə deyirdi
ki, “Yalçın, özünə
qarşı həmişə belə tələbkar, məsuliyyətli
olsan, səndən əla müğənni
olacaq.” Təbəssümü
üzündən əskik olmazdı. Musiqi
biliyi isə onu dinləyənləri
həmişə valeh edirdi.
Azərbaycan Televiziyasının musiqi
verilişləri redaksiyasında bu sahədə
ona bərabər tutulacaq
ikinci bir şəxs yox idi və həmin işdən
gedəndən sonra da
onun yeri indiyədək
görünür. Musiqidən
danışanda sanki özünü
unudurdu. Şəxsən mənim xatirimdə
bu gözəl insan elə
beləcə də qalıb. Gözəl, təvazökar, mədəni
bir insan kimi.
İlhamə Quliyeva, Xalq artisti:
– Mən sənətçilər ailəsində boya-başa çatmışam. Kərim müəllimi məndən əvvəl mənim valideynlərim tanımışlar . Bu gözəl insan barəsində ilk təəssüratlarım da elə valideynlərinin söhbətlərindən yaranmışdı. Kərim müəllim o vaxtlar Azərbaycan Dövlət Televiziyasının Musiqi verilişləri redaksiyasının Baş redaktoru vəzifəsində çalışırdı və onlar tez-tez ünsiyyətdə olurdular. 1965-ci ildə mənim sənətə ilk addımlarım bilavasitə Kərim Kərimovun gözü qarşısında atılıb. Onunla şəxsi tanışlıqdan bir müddət sonra məndə belə bir əminlik hasil oldu ki, onun haqqında “Kərim müəllim Baş redaktor vəzifəsində işləyirdi”-kəlməsini işlətmək günah olardı. Çünki o heç bir vaxt tutduğu vəzifədə sadəcə işləmirdi, özünü işinə fəda edirdi, ürəyinin yağını əridirdi. Çox gözəl musiqi bilicisi idi. İşində həddindən artıq tələbkar idi. İstedadsızların ekrana yol tapmasına hər vəchlə mane olmağa çalışar, istedadlılara isə əlindən gələni əsirgəməzdi. Sözün düzünü deyən idi. Müsbət fikir söyləməyə tələsməzdi, söyləyəndə isə dediyinin üstündə durardı. Çox dərin musiqi savadı olduğu üçün onun rəğbətini bir ifaçı kimi qazanmaq çox çətin idi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, mənim ifamı bəyənirdi. Həmişə zarafatyana mənə deyərdi ki, sən əlbəttə ki, yaxşı oxumalısan, səhnə mədəniyyətinlə yaxşı mənada fərqlənməlisən. Çünki sənin boya-başa çatdığın ev kiçik bir musiqi akademiyasıdır.
Yaxşı yadımdadır, mən o vaxt Azərbaycan Dövlət
Universitetinin filalogiya
fakultəsinin birinci kursunda
oxuyarkən Universitetin “Sevinc”
özfəaliyyət ansamblının tərkibində Moskvada keçirilən universitetlərarası
musiqi festivalından laureat
kimi qayıtdım və məni Azərbaycan
Dövlət Televiziyasına solist kimi qəbul etdilər. Mənim Kərim müəllimlə
bilavasitə tanışlığım həmin vaxtdan başladı. O vaxt
Kərim Kərimov televiziyanın musiqi
verilişləri baş redaksiyasının
Baş redaktoru idi. Bildiyiniz kimi o vaxtlar
bütün musiqi
nömrələri canlı ifa olunurdu, fonoqram deyilən bir şey yox
idi. Kərim müəllim kimi
tələbkar bir musiqişünasın musiqi süzgəcindən keçib
efirə vəsiqə almaq hələm-hələm
insana nəsib olmurdu. Mənim yaradıcılığımın həmin
dövrlərində Kərim müəllimin həm məharətlə,
ustalıqla söylənmiş iradlarını qəbul etmək,
həm də çox möhkəm dəstəyini
hiss etmək mənə nəsib olmuşdu. O qədər kübar,
aristokrat bir insan idi ki,
onun tərəfindən söylənən
iradlardan heç vaxt inciməzdim. Çox
sirayətedici təbəssümü var idi. Mənə çox
qayğı ilə yanaşırdı. İfa
tərzimi çox bəyənirdi. Təbii
ki, yeri gələndə
məsləhət və iradlarını da
üzümə deyirdi. Xoşu
gəlməyən ifaya və
ifaçıya qarşı çox prinsipial idi. Onun üçün
musiqidə yalnız bir meyar
var idi, o da yalnız və
yalnız istedad idi.
Habil Əliyev, xalq
artisti:
– Musiqi sənətinin gözəl bilicisi, görkəmli muşiqişünas, təvazökar, mədəni bir insan olan Kərim Kərimovla bilavasitə tanışlığım və ünsiyyətim onun Azərbaycan televiziyasının Musiqi verilişləri baş redaksiyasının Baş redaktoru işlədiyi dövrə təsadüf edirdi. Efirə çıxacaq hər bir musiqi nömrəsi Kərim müəllimin peşakar musiqişünas süzgəcindən keçəndən sonra təqdim olunurdu. Azərbaycan musiqi sənətini çox sevir və dərindən bilirdi. İstedadların irəli getməsinə, səhnəyə yol tapmasına həmişə dəstək olardı. Yaranmış hər bir imkandan istifadə edərək Azərbaycan musiqisini təbliğ etməkdən zövq alırdı. Moskvada keçirilən Azərbaycan günlərinin proqramını Kərim müəllim hazırlayardı. Yaxşı yadımdadır, 1967-ci ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyünün açılışı Kreml Teatrının binasında, bağlanışı isə Qurultaylar sarayında oldu. Həmişəkindən fərqli olaraq bu dəfə opera və balet tamaşaları göstərilmədi. Kərim müəllim proqramda əsas yeri Azərbaycan ədəbiyyatının son illərdə yaradılmış nümunələrinə və musiqi ifaçılarının nailiyyətlərinin nümayişinə vermişdi. Konsertlərdə Müslüm Maqomayev, Zeynəb Xanlarova, Rauf Atakişiyev, Fərhad Bədəlbəyli, Nodar Şaşıqoğlu, Rumiyyə Kərimova, Hacı Məmmədov, Nazim Rzayevin idarəsilə Kamera Orkestri, Simli Kvartet, Dövlət Xor Kapellası, “Qaya” vokal kvarteti və b. uğurla çıxış etdilər. Mən də bu ongünlükdə iştirak etmişdim. Bu ongünlükdən sonra ədəbiyyat və incəsənət xadimlərinin böyük bir qrupuna, fəxri adlar, o cümlədən də Kərim Kərimova musiqi mədəniyyətimizin təbliğində uğurlu fəaliyyətinə görə “Azərbaycanın əməkdar incəsənət xadimi” fəxri adı verildi.
Kərim müəllimlə ünsiyyətimiz onun Azərbaycan Dövlət Filarmoniyasında
və Respublika Sarayında direktor
işlədiyi dövrlərdə də davam
etdi. Keçirilən bütün
tədbirlərin rejissoru kimi
Kərim Kərimov bütün məşqlərə
özü nəzarət edirdi.
Tədbirlərin bədii hissəsinin
proqramı da onun tərəfindən
tərtib olunurdu. Çox
mədəni, aristokrat bir
insan idi. İrad və göstərişlərini də
həmişə çox mülayim
tərzdə qarşısındakına çatdırardı
ki, heç kimin xətrinə dəyməsin. Həm
də çox ürəyi yumşaq idi. Belə bir əhvalat xatırlayıram. Mən
unudulmaz sənətkarımız, tarzən
Həbib Bayramov və Kərim Kərimovla
birgə Fransaya konsert-mühazirələr
vermək üçün səfərə
getmişdim. İki həftə
ərzində Parisin Sorbona
universitetində, Strasburq, Vişi,
Kleman şəhərlərinin universitetlərinin
müəllim və tələbələri
qarşısında çıxışlar
etdik və bu səfər
çox böyük maraqla qarşılandı. Azərbaycanın musiqi sənəti, onun tarixi kökləri haqqında Kərim müəllimin
necə böyük zövqlə, bir sevgilə söylədiyi mühazirələr
fransızların musiqimizə, milli musiqi alətlərimizin səslənməsinə,
ifamızda onlara çatdırılan musiqi nömrələrinə marağı
indiyədək gözlərimin önündədir.
Səyavuş Aslan, Xalq artisti:
– Kərim müəllim dahi sənətçi idi. Mən lap gəncliyimdən onu tanıyırdım. Kərim müəllim sarayda işlədiyi illər məni həmişə rəsmi bayram tədbirlərinə dəvət edərdi. Nədənsə bir sənətçi kimi xətrimi çox istəyirdi. Teatra da o vaxtlar tez-tez gəlib-gedərdi. Teatrın hörmətli aktyorlarından biri, rəhmətlik Kamal Kərimov Kərim müəllimin doğma qardaşı idi. Kamal Kərimov bizim Musiqili Komediya Teatrında, həmişə baş rollarda çıxış edib. Onun səsinin məlahətinə bütün Azərbaycan bələd idi. Bir qardaşı da xorda oxuyurdu, adı deyəsən, Şamil idi.
Ümumiyyətlə, bu qardaşlar, bu nəsil musiqisevər olublar. Kərim Kərimov o qədər talantlı adam idi ki, bir çox yaradıcı sahələrdə eyni səviyyədə fəaliyyət göstərməyi bacarırdı. Onun çox maraqlı yazı qabiliyyəti var idi. Yəni həyatı olduğu kimi, rəngsiz-boyasız, necə varsa o cür əks etdirməyi bacarırdı. Bir vaxtlar televiziyanın sevilən verilişlərindən olan “Komediyalar aləminə səyahət” üçün kiçik həcmli əsərlər yazardı, biz də sevə-sevə bu obrazları yaradardıq. Özü də təkcə televeziyada deyil, radioda da bu əsərlər səslənərdi. Kərim müəllim Akademik Dram Teatrına “Çahargah fantaziyası” adlı əsərini təqdim etdi və tale elə gətirdi ki, yenə də mən bu tamaşada obraz yaratmalı oldum – milis polkovniki obrazını. Mənfi obraz idi, amma mənim üçün maraqlı, həm də əhəmiyyətli bir iş idi. Çünki talantlı insanlarla ünsiyyətdə olmaq, nə isə öyrənmək yaradıcı insana ancaq və ancaq xeyir gətirə bilər və mən deyə bilərəm ki, Kərim müəllimlə yaradıcı münasibətimizdən çox şey qazanmışam.
Kərim müəllim həm də gözəl
insani keyfiyyətlərə malik şəxsiyyət idi.
Elə yeri gəlmişkən bir xüsusiyyətini qeyd
etmək istərdim. Etiraf edək ki, sənətlə, yaradıcılıqla məşğul
olan insanlar bir az tənhalığı
xoşlayırlar, tez-tez qonaq
qarşılamağı sevmirlər. Amma
Kərim müəllim ailəcanlı, dostcanlı, qonaqsevər,
baməzə söhbətləri ilə olduğu
hər yerdə, hər məclisdə şuxluq,
xoş ovqat
yaradardı.
Ramiz Mustafayev, bəstəkar:
– Kərim Kərimov mənim ən yaxın dostum olub. Hər şeydən əvvəl deyim ki, o, çox istedadlı şəxsiyyət idi və yaxından tanıdığıma görə bilirdim ki, 4 qardaş, 3 bacı çox əziyyətlə böyümüşdülər.
Kərimi 48-ci ildən tanıyırdım. Mən Konservatoriyanın vokal fakultəsinə daxil olanda Kərim orada oxuyurdu. Elə həmin illər radionun xoruna xormestr kimi işə dəvət olundum. O vaxt xorun bədii rəhbəri Cahangir Cahangirov idi. Kərim də xorda oxuyurdu və yaxın dostluğumuz da o vaxtdan başladı. Hər gün Türkiyə, İran və Bakıya yayımlanan çıxışlarımız olurdu. Konsertlərdən sonra Kərimlə gəzməyə çıxar, söhbətləşərdik. O vaxt Kərim hələ Konservatoriyada oxuyurdu və tələbə ikən Üzeyir Hacıbəyov haqqında kitab yazmaq istəyirdi. Bu fikrini çoxlarından gizlətsə də, mənə danışırdı. Demək olar sirrimiz-sözümüz bir idi. O vaxt Məryəm xanıma yamanca vurulmuşdu. O da Sabir Əliyevin bacısı idi və qorxurdu ki, verməsinlər. Sabir Əliyev məşhur violençelist idi, Konservatoriyada dərs deyirdi, ailələri də çox ciddi idi. Həhayət ki, Kərimin bu sevdası baş tutdu və Məryəm xanımla evləndilər, iki gözəl qız övladları dünyaya gəldi.
Kərim böyük iddialarla, böyük həvəslə sənətə gəlmişdi. Həm yazmaq qabiliyyəti var idi, həm musiqini gözəl bilirdi, eyni zamanda teatr aləminə bələdçiliyi var idi.
1956-cı ildə Televiziya yaradılanda gözəl şairimiz, həm də ki, sədrimiz Ənvər Əlibəyli mənə təklif etdi ki, musiqi redaksiyasının baş redaktoru işləyim. Bir il işləyəndən sonra radio ilə televiziya birləşdirildi və Teymur Əliyev rəhbər təyin edildi. O vaxt məni televiziyanın xoruna bədii rəhbər və baş dirijor kimi qəbul etdilər, Kərimi isə teleradionun musiqi redaksiyasına baş redaktor. O, xeyli vaxt bu vəzifəni çox bacarıqla idarə etdi və az vaxt içində maraqlı iş üslubu, ciddi musiqi proqramları ilə özünə geniş auditoriya qazandı. Sonralar isə Mərkəzi Komitənin mədəniyyət şöbəsində, Filarmoniyada işlədi. Kərimi vəzifədən-vəzifəyə dəvət edirdilər. Bu da şübhəsiz ki, onun bacarığına, istedadına olan inamdan irəli gəlirdi.
Ümumiyyətlə, savadlı, incəsənətin bütün sirrlərini bilən adam idi. Onun mətbuatdakı çıxışları belə maraqla qarşılanırdı. Ömrünün son illərində xəstə olmasına baxmayaraq, yenə də əlini yazı-pozudan çəkməmişdi. Yadıma gəlir, maestro Niyazi ilə bağlı mətbuatda dərc olunmuş xatirə yazısında onunla bağlı qastrol səfərlərindən, musiqimizin təbliğindəki xidmətlərindən söhbət açırdı.
Bütün uğurları ilə yanaşı Kərim çox sadə insan idi. Mən onu həmişə işinə, ailəsinə bağlı ziyalı bir insan kimi tanımışam.”
Yəqin ki, Kərim müəllimi yaxından tanıyanların hər birinin yaddaşında bu gözəl insan, Azərbaycan musiqi sənətinin vurğunu olan sənət fədaisi ilə bağlı neçə-neçə belə xatirələr var. Onu tanıyanların, sevənlərin qəlbində, xatirələrində elə belə də yaşayacaq Kərim müəllim. Pak, mehriban, təvazökar bir sənət fədaisi kimi.
Eldar HƏSƏNOV,
təqaüddə
olan ədliyyə
polkovnik-leytenantı
525-ci qəzet.- 2012.- 31 yanvar.- S.6.