Aldanmışların ömrü intiharla bitir: çuvaş şairi Mişşi Sespel kimi

 

Ölüm yalnız qocalıqdan və xəstəlikdən olmur. İnsanın inamı qırılanda da ölüm çox fəallaşır. Ya hiss olunmadan insanı içərisindən çürüdərək xəstəlik şəklində özünə çəkir, ya da açıq-aşkar intihar kimi. Həkimlər, psixoloqlar bu mövzuda çox yazsalar da, necə deyərlər, hələlik inam “dərmanını” tam tapa bilməyiblər. Fitri istedadı ilə seçilən, ədəbiyyatda yenilikçi kimi tanınan, çılğın inqilabçılığı ilə başqalarına da güclü təsir edən çuvaş şairi Mişşi Sepselin də inamı qırıldığından intiharı yeganə çıxış yolu kimi görmüşdü.

Mişşi Sespel kimi tanınan şairin adı, atasının adı və soyadı sənədlərdə Mixail Kuzmiç Kuzmin kimi yazılmışdır. Türk soyundan gəlməsinə baxmayaraq, babaları XVIII yüzildə bölgəni işğal edən Rusiya tərəfindən zorla xristianlaşdırılmışdır. Nə yaxşı ki, qaqauzlar da xristian olmalarına baxmayaraq, onlar türk soyadlarını bu günədək qoruyub saxlaya bilmişlər. Rusiya əsarəti altına aldığı xalqların çoxunu xristianlaşdıranda onların ata adlarını və soy adlarını da dəyişdirmişdir. Bu zorakılıqlara baxmayaraq, həmin xalqlarda iki adlılıq bu gün də davam etməkdədir. Bunlardan biri sənədlərdə yazılan adlar və soyadlar, o biri də evdə, ailədə, xalq arasında çağırılan ad və soyadı olur.

Xristianlaşdırılmış, kilsədə ad qoyulmuş şairin sənədlərində Mixail Kuzmiç Kuzmin yazılmasına baxmayaraq, onu dünyanın hər yerində əsasən çuvaş adıyla Mişşi Sespel kimi tanıyırlar. Çuvaşlarda [s] səsinin [ş] səsilə əvəzlənməsi yayğın olduğundan bəzən, xüsusən də Türkiyədə onun soyadını Şeşpel kimi yazırlar.

Mişşi Sespel 1899-cu il noyabrın 16-da Kazan quberniyası Tsivil qəzasının çuvaşlar yaşayan Kazakkası kəndində kasıb bir ailədə doğulmuşdur. Fiziki cəhətdən zəif və cılız olan Mixaili atası 1910-cu ilin payızında Şuqurav kilsəsi yanındakı məktəbə qoyur. O, burada rus dilində yazıb- oxumaqla yanaşı, xiristian dininin ehkamlarını da öyrənir.

1911-ci ilin yayında ailə üzvləri arasında münaqişə yaranır və faciə ilə nəticələnir. Mixailin atası həbs edilərək Sibirə göndərilir. Kasıb ailənin vəziyyəti daha da ağırlaşır. Atasını böyük məhəbbətlə sevən balaca Mixail bu hadisədən bərk sarsılır. Lakin o, təhsilini yarıda buraxmır. 1914-cü ildə kilsə məktəbini əla qiymətlərlə bitirdikdən sonra qonşu Şixazanax kəndindəki ikisinifli dövlət məktəbində təhsilini davam etdirir. Sonralar şagird yoldaşları Mişşi Sespel kimi məşhurlaşan Mixail haqqında xatirələrində yazırlar ki, onun məktəb kitabxanasında oxumadığı kitab yox idi.

Təhsil illərində Mixail rus dili və ədəbiyyatı dərslərinə daha çox maraq göstərir. Müəllimləri P.A. Lomonosovun təşəbbüsü ilə ikinci sinif şagirdləri “Zvezdoçka” (Ulduzçuğaz) adlı əlyazma jurnalı hazırlayırlar. Bu jurnalın redaktoru və ən çox yazı hazırlayanı Mixail olur. 1917-ci ildə yazdığı “Yenə də məktəbdə” adlı ilk şeirini də oxucular bu jurnalda görürlər.

Burada onu da qeyd edim ki, çuvaşlar türk soyundan olsalar da, özlərini Volqa bulqarlarının varisi sayırdılar. Eyni zamanda, onlar öz babalarının ədəbi mirasına da sahib çıxmırdılar. Çünki Çuvaşiya ərazisində bulqarlar zamanından qalan qəbir daşlarının üzərləri ərəb əlifbası ilə yazılmış idi. Kağıza köçürülmüş şeir, poema, nəsr və folklor nümunələri isə qıpçaq ləhcəsində, ərəb əlifbası ilə yazılmışdı. Çuvaşlar da XVIII yüzildə zorla xristianlaşdırıldığından 200 ilə yaxın idi ki, kiril əlifbasından istifadə edirdilər. Ərəb əlifbası ilə yazılanları da müsəlmanların, onların qəbul etmədikləri bir dinin abidəsi sayırdılar. Çuvaş dilində yazılı mətnlər çox sonralar, XIX yüzilin ikinci yarısında qələmə alınan İncildən çevirmələr, dua kitabçaları, xristian müqəddəsləri haqqında yazılar idi.

1905-ci ildə həftədə bir dəfə çap olunan və iki ildən sonra hökumət məmurları tərəfindən bağladılan “Hıpar” (Xəbər) qəzeti də yazı dilinin formalaşmasına təsir göstərmişdi. Mixail də bu kitab və qəzetin pərakəndə saylarını oxuya-oxuya çuvaş yazı dilini öyrənmişdi. Amma onun şeirlərinin dili həmin dövrün yazı dilindən ifadələrinin zənginliyi ilə seçilirdi. Səbəbi isə onun folklora, xalq arasında geniş yayılmış nəğmələrə böyük maraq göstərməsi olmuşdu. Mixail ilk təhsilini kilsə yanındakı məktəbdə alsa da, yeniyetməliyindən ateist kimi böyümüş, redaktoru olduğu əlyazma jurnalda din xadimlərini tənqid edən məqalə yazmışdı.

Birinci Dünya Savaşı Rusiyadakı daxili qarışıqlığı daha da dərinləşdirir. Ac-yalavac xalq idarəolunmaz hala gəlir. İmperiya vəziyyətdən çıxarmaq, narazı toplumu sakitləşdirmək üçün Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulur. Çar II Nikolay taxtdan əl çəkməyə məcbur edilir. Lakin bu tədbirlər də ölkədə dinclik, firavanlıq yaratmır. Kerenskinin rəhbərlik etdiyi Müvəqqəti hökumət zamanında, nədənsə, çuvaş dilindəki kitabların oxunmasına qadağa qoyulur. Bu da xalqın müxtəlif təbəqələrini incikliyinə səbəb olur.

Ölkədə yaranmış qarışıqlıqdan məharətlə yararlanan bolşeviklər 1917-ci il oktyabrın 25-də, yeni təqvimlə noyabrın 7-də silah gücünə hakimiyyəti ələ alırlar. Bu hakimiyyət dəyişikliyi Rusiyadakı qarışıqlığı daha da dərinləşdirir. Bir tərəfdən, Rusiya işğalı altında olan xalqlar azadlıqlarına qovuşmaq üçün mübarizəyə atılırlarsa, o biri tərəfdən də, hakimiyyəti zorla ələ almış bolşeviklərin yeritdiyi siyasətdən narazı qalanlar silahlı birləşmələr yaradırlar.

Bolşeviklərin kəndlilərə torpaq verəcəkləri, əsarət altındakı xalqları zülmdən qurtaracaqları, sülh, əmin-əmanlıq, firavanlıq və bərabərlik yaradacaqları, “dünya inqilabı” edərək kommunizm quracaqları haqqında şirin vədlər çoxları kimi gənc Mixail Kuzmiçi də bir maqnit kimi özünə cəlb edir.

Ağqvardiyaçılarla bolşeviklərin ölüm-dirim savaşına girdiyi zamanda Simbirsk şəhəri yaxınlığındakı Tetiyuş qəsəbəsində açılmış müəllimlər seminariyasında oxuyan Mixail Kuzmiç bolşeviklərə böyük maraq göstərir. Tələbə dostu Pavel Bekşanski ilə birlikdə bolşeviklərin qəza mərkəzindəki qərargahına gedərək onlarla əməkdaşlıq etmək istədiklərini bildirirlər. 1918-ci ilin yazında məktəbdə inqilabı ruhlu gənclərin ilk təşkilatı yaranır. Bu təşkilata çılğın xasiyyəti, bəlağətli söhbətləri, çağırış ruhlu şeirləri ilə seçilən Mixail Kuzmiç Kuzmin rəhbər təyin edilir. Yavaş-yavaş o, Mixail Kuzmiç Kuzmindən çox Mişşi Sespel kimi tanınır. Şeir və məqalələrini də Mişşi Sespel imzasıyla çap etdirir.

Mişşi Sespel və Pavel Bekşansi məktəbdə bolşevik ideyalarını yaymaq üçün, gənclər təşkilatı yaradır, ilk dəfə divar qəzeti, sonra isə əlyazma jurnal hazırlayırlar.

Bolşeviklər ideyalarını yaymaq üçün 1918-ci ildə çuvaş dilində “Kommunizm yalovyo” (Kommunizm bayrağı) və 1917-ci ildə “Sovetskaya Çuvaşiya” qəzetlərini nəşr etməyə başlayırlar. Mişşi Sespel şeir və məqalələrini “Tetyuşinskiye izvestiya”, “Znamya revolyutsii”, “Kanaş” qəzet və jurnallarında çap etdirməklə kifayətlənmir, gənclərin bolşevik əsgəri birliklərinin sıralarında ağqvardiyaçılara və vətənə getmək istəyən çex əsirlərinə qarşı döyüşlərdə səfərbərliyə alınmasında fəal iştirak edir. Qaynaqların verdiyi bilgiyə görə, 75 min çuvaş gənci bu səfərbərlikdə iştirak edir.

Fəallığına görə Tetyuşski Qəza Partiya Komitəsi 1919-cu ilin əvvəlində onu Moskvaya, rəhbər partiya işçisi hazırlayan kursa oxumağa göndərir. Moskvada Lenini görməsi gənc şairə olduqca güclü təsir göstərir. O daha cılğınlıqla inqilabi ruhlu şeirlər yazmağa başlayır. Ana dilində Lenin haqqında yazdığı şeir çuvaşlar arasında geniş yayılır və bolşevik təbliğatının ən gözəl nümunəsinə çevrilir.

1919-cu ilin payızında qəza komsomolçularının qurultayında iştirak edən Mişşi Sespeli Rusiya Kommunist Gənclər İttifaqı qəza komitəsi katibinə müavin seçirlər. İctimai – təşkilati işlərdə fəal iştirakı ilə yanaşı, o, ardıcıl bədii yaradıcılıqla da məşğul olur. “Həyat və ölüm”, “Uzaq tarlada”, “Ötən əsr” şeirlərini qəza qəzeti, “Krasnıy luç” və komsomol qəzeti “Yunıy kliç”də çap etdirir.Ana dilində elə bir ciddi yazılı ədəbiyyatı olmayan çuvaşların nəzərində o bir qəhrəmana çevrilir. Çünki onun şeirlərində əsas mövzu çuvaş dilinin qorunması, dilin inkişaf etdirilməsi olur. Milli ruhlu “Çuvaş! Çuvaş!”, “Çuvaş dili”, “Uzaqdan axşam gəlincə” və başqa şeirlərini yazan şair deyir:

 

Sən inan, bunu yazan yer altında yatacaq,

Yetim kimi üzərindəki torpaq onu basdıracaq.

Sənin şöhrətini görmək üçün qalxa bilməyəcək,

Yer üstündə Çuvaş dili şöhrətli olacaq.

Torpağında səslənəcək azadlıq nəğməsi,

Sonra ölülər rahat uyuyacaq.

Rahat, xəfif olacaq üstündəki torpaq!

 

Mişşi Sespel yazdıqlarına ürəkdən inanır. 1920-ci ilin iyununda Çuvaşiya Muxtar Vilayəti yaradılması Mişşi Sespelin və onun kimi gənclərin böyük sevincinə səbəb olur. Onlar bolşeviklərin varlı-kasıb arasındakı bərabərsizliyi aradan qaldıracaqları, xalqlara azadlıq verəcəkləri, hamını firavan yaşadacaqları haqqındakı şüarların həyata keçməsi üçün bütün çətinliklərə sinə gərirdilər. Onun bu inamından bolşeviklər bacarıqla yararlanır. 21 yaşlı şairi hərbi tribunala sədr təyin edirlər. 1920-ci il noyabrın 11-də isə Mişşi Sespeli Kazan Vilayət Xalq Deputatları Sovetinə seçirlər.

Ana dilində ümumtəhsil məktəbləri, qəzet və jurnallar, teatr açılması, kitablar nəşri Mişşi Sespel kimi romantik ruhlu gənclərə yeni güc, enerji verir. O, sanki sümük vərəmi xəstəliyinə tutulduğunu unudur, sağlam bir insanın görə bilməsi çətin olan işlərin öhdəsindən gəlir. Arzu və istəklərinin tez reallaşması üçün ağılla deyil, hisslərilə hərəkət edir. Bolşeviklərə qarşı çıxan hər bir insanı vətəninin və millətinin xaini hesab etməklə qalmır, bu yolda onlarla yürüməyənlərə də düşmən kimi baxır. “Uzaqda tarlada” şeirində yazır:

 

Niyə ruhum dalğalanır? Sarı qızı

Görüncə qamaşdı gözlərim.

Buludlar ruhu oxşuyurlar?

Yox, yox...

Ölkəm dirilir!

Kiçik evli kəndlərdə,

Çuvaş çöllərindəki tarlalarda

Yeni hava qanad açıb əsir.

Yeni yol! Həyat! Yeni gün gəlir...

 

Mişşi Sespel yalnız ana dilində şeir yazmaqla, bu dilin söz xəzinəsini zənginləşdirməklə kifayətlənmir. Dərin elmi biliklərə yiyələnə bilmədiyindən, xarici dillərdə yaradılan poeziya nümunələrindən xəbərsizliyindən öz xalqının folklorundan səmərəli şəkildə bəhrələnir. Formanı da, bədii ifadə vasitələrini də oradan alır. Rus dilində təhsil almış çuvaş aydınlarının əksəriyyəti Mişşi Sespelin şeirlərindəki bədii ifadə vasitələrini və formaları, ən zəngin ədəbiyyat saydıqları Rus ədəbiyyatında görmədikdə heyrətlənirlər.

M.Sepselin şeiriləri isə böyük xalqın içərisində əridilən çuvaşların üsyanı, yaşamaq uğrunda mücadiləsi təsiri bağışlayır. O, “Uzaqdan axşam gəlincə” şeirində yazır:

 

Əski yüzillərin kölgəsi arasında,

Çuvaş ölkəsi görünür,

Mənim ölkəm qızıl qanlı xaç önündə

Asılı, bağlı durur.

Kömürlənmiş əzablı çuvaş ürəyindən,

Qan damır, qan damır, qızıl qan.

Çuvaşın başında qapqara soyuq gün

Fışqırıq qalaraq hər tərəfdən...

 

Şairə görə, bolşeviklərin gəlişilə “sevgili yurdu ölümdən dirilmiş, o əzablı xaç önündən qurtarmış”dır.

Heç bir hüququ təhsili, hətta ali təhsili belə olmayan, məhkəmə orqanlarının işindən xəbərsiz bir gəncin xalq arasındakı nüfuzundan istifadə edərək hərbi tribunala rəhbər təyin edirlər. Çuvaş xalqının savadlı, ağıllı, təcrübəli və məntiqli insanlarına “əksinqilabçı” adı qoyaraq çılğın və dəliqanlı şairin əlilə məhv etməyə çalışırlar. Mişşi Sespel ilk günlər bolşeviklərə inanıb onların istəklərini yerinə yetirsə də, getdikcə içindəki insan sevgisi, humanizm baş qaldırır. Bolşeviklərin sözü ilə əməlinin uyğun gəlmədiyini görür. Açıq-aşkar anlayır ki, Rusiyanın müstəmləkə siyasəti yeni formada davam etdirilir. Xalqının vətənsevər və cəsur övladlarının məhv edilməsinə dözmür. “Bu haqsızlığı durdurun!” demək istəyir, amma ona imkan vermirlər. Özünü həbsə atırlar. Üç aylıq həbsdən sonra dostlarının yardımıyla qurtula bilir.

İnandığı bolşeviklərin onu necə aldatdıqlarını, xalqının cəlladına çevirmək istədiklərini anlayan şairin sabahkı işıqlı gələcəyə, kommunizm quruculuğuna inamı itir, aldandığını başa düşür. Onda da anlayır ki, xəstəliyi getdikcə şiddətlənir. Mübarizənin önündə olanda xəstəliyini tamam unutmuş şair müalicə olunmaq üçün Krıma yollanır.

Cənnətmisal Krımı savaşlar nəticəsində dağılmış, xarabalığa dönmüş görür. Vrangelin rəhbərlik etdiyi Rus hərbçiləri-ağqvardiyaçıların milli azadlıq hərəkatında fəal iştirak edən Midat Refatovu, Xasan Urmanovu, Reşit Asanovu, Useyin Sakayevi, Abdulla Baliçiyevi və b. bolşevik kimi 1920-ci ilin aprelin 21-də güllələdiklərindən xəbər tutur.

Təsərrüfatı dağıdılmış, iqtisadiyyatı çökdürülmüş, aclıq bürümüş Krımda müalicə olunmağın, iş tapmağın çətinliyi şairi Kiyevə getməyə məcbur edir. Mişşi Sespel Kiyevdə işləməklə yanaşı, bədii məktəbdə də oxumaq istəyir. Lakin buna imkan vermirlər, onu Sovet Ordusunda əsgəri xidmətə aparırlar. Xəstə olduğundan orduya yaramadığını görüb azad edirlər. O, isə vətənə dönmür, ukraynalı şair F.H.Pokrışnyanın köməyi ilə 1922-ci ilin martından Oster qəzasında torpaq şöbəsində işləməyə başlayır. Şair Taras Şevçenkonun “Kobzar” poemasını ana dilinə çevirir, “Dəniz”, “Dan sökülür”, “Coşmuş dəniz” və b. şeirlərini yazır.

Mişşi Sespel bir tərəfdən ağır xəstəlik və maddi çətinliklər sıxırsa, o biri tərəfdən də yolunda canından keçməyə hazır olduğu hökumətin törətdiklərinə, haqsızlıqlara dözə bilmir. Ümidi üzülmüş, inamı qırılmış gənc şairin xəstəliyi getdikcə şiddətlənir. Xəstəliyin ağrılarından çox, cəmiyyətdəki özbaşınalıq, sözlə işin düz gəlməməsi, zorakılığa qanun donu geydirilməsi onu ağrıdır.

Mişşi Sespel 1922-ci il iyunun 15-də Osterdə cavan canına qıymaqla qurmaq istədiyi cəmiyyətə üsyan etmiş olur. Mişşi Sespelin intihar etdiyi və dəfn olunduğu yer indiki Ukrayna Respublikasının Çerniqov vilayətindəki Staraqorodka kəndidir. Kənddəki parkda şairin qəbirüstü abidəsi ucaldılıb.

Fitri istedadıyla sağlığında belə yalnız Çuvaş ədəbiyyatçılarının deyil, Rusiya, Ukrayna şair və ədəbiyyatşünaslarının diqqətini çəkən Mişşi Sespeldən söz açan araşdırıcılar onu Çuvaş sovet ədəbiyyatının banilərindən biri, sillabo tonik şeirin, çuvaş poeziyasında vurğulu heca vəznində yazılmış şeirin banisi adlandırırlar. Əslində, çuvaş dilində yazılı ədəbiyyatın tarixi o qədər də uzaqlara getmədiyindən Mişşi Sespel qədim türk şeirinin Çuvaş şifahi xalq ədəbiyyatında yaşayan formasından bacarıqla yararlanaraq dərin köklərlə keçmişinə bağlı olduğunu bir daha isbatlayır. Bununla da yeni formalaşan Çuvaş sovet poeziyasını da qədim türk şeir ənənəsinə bağlamış olur.

İntihar etdiyini əldə əsas tutaraq bir ara Mişşi Sespel yaradıcılığı üzərinə kölgə salsalar da, əsərlərinin çapını və haqqında yazılanları əngəlləsələr də həqiqəti durdura bilmədilər. Kiçik çuvaş xalqının 22 yaşında intihar etmiş şair oğlunun şeirləri 60-a yaxın dilə çevrilərək yayınlandı. Mişşi Sespel həyat və yaradıcılığının öyrənilməsinə maraq günü-gündən artır. Sovetlər Birliyi çökdükdən sonra bu proses daha da sürətlənmişdir. Həqiqətən də, haqq gec ya tez öz yerini tapır. Yetər ki, biz öz yurdsevər insanlarımızı, qəhrəmanlarımızı unutmayaq.

 

 

Əli ŞAMİL

 

525-ci qəzet.- 2012.- 31 yanvar.- S.7.