Rahim Sadıqbəyli: “Araz
TV”nin fəaliyyətini bərpa etmək
ölkəmizin təbliği baxımından vacibdir”
Müsahibimiz
İsveçdə yaşayan soydaşımız, ixtisasca
rejissor olan Rahim Sadıqbəylidir. R.Sadıqbəyli 2010-cu ildə
İsveçin 3-cü böyük şəhəri olan
Linköping bələdiyyəsində web tv prodüseri və
2011-ci ildən İctimai Tədris kanalı olan R-də
süjetlər prodüseri kimi fəaliyyətdədir. Ötən
ilin sonlarında İsveçdə ilk dəfə olaraq onun təşəbbüsü
ilə swedenaz.se saytı fəaliyyətə başlayıb.
Onunla söhbətə bu saytın hansı məqsədlə
yaradılması ilə başladıq.
–Saytın
əsas məqsədi həmyerlilərimizin İsveç həyatında
daha fəal iştirakına yardım edib, onların problemləri
ilə yaxından tanış olmaqdır. Saytı həm
şəxsi hesabıma və həm də texniki imkanlarım
hesabına yaratmışam. Hər gün sayta ən
azından 10-15 nəfər insan baxır. “Twitter”də və
“Facebook”sosial şəbəkələrində də
saytın öz səhifəsi var.Eyni zamanda ötən ilin
iyun ayında “Araz TV” fəaliyyətə başlayıb. “Araz
TV” Azərbaycan və “Online WebTV” artıq 1 ildən
çoxdur ki, qeydiyyatdan keçib. Hətta burda lisenziya da
almışıq. Əvvəl sayt düzəltdim və bir
neçə vaxt canlı yayım etdim. Amma sonra bu işə
çox maraq görmədim. Öz şəxsi vəsaitim
hesabına bu iş çox getmədi və ona görə
dayandırmaq məcburiyyətində qaldım. Amma lisenziya və
professional kollektivimiz var. Nə vaxt maddi vəsait olarsa, onda TV
yenidən fəaliyyətə başlayacaq. Görünür,
bu gün Avropada Azərbaycan TV-sinin olması kimlərisə
narahat edir. Baxmayaraq ki, bizim fikrimiz burda heç bir siyasi
ambisiyalı olmayan ictimai və tanıtım TV idi. Hətta
verilişlərimizin yarıdan çoxunu həm isveç , həm
də ingilis dilində efirə verməyi
planlaşdırmışdıq. Çünki çox
zamanlar Azərbaycanda olduğu kimi burdakı təşkilatlarımız
da özümüz üçün nəzərdə
tutulmuş proqramlar və tədbirlər edirlər.
–İsveçdə
hazırda rejissoru kimi fəaliyyətinizi davam etdirirsinizmi?
–Onu
deyim ki, gələn gündən həm dil öyrənmişəm,
həm də ayrı-ayrı kurslara getmişəm. Artıq 6
aydır ki, İsveçin İctimai Tədris Kanalında
süjetlər prodüseri kimi fəaliyyət göstərirəm.
İlk dəfə fəaliyyət göstərdiyim “Dünya
dilləri” proqramında Cənubi Azərbaycandakı
soydaşlarımızın dil haqlarının pozulması
haqqında süjet efirə getdi. Bu vaxta qədər iki povest
və üç kinossenari yazmışam. Povestlərimin biri
alman, o biri isveç dilindədir. Kinossenarilərimin ikisi
isveç, biri isə azərbaycan dilindədir. Azərbaycanca
olan ssenari müasir həyatımızdan tarixə bir səyahətdir.
Məşhur “Əli və Nino” əsərinin motivləri əsasında
30 seriyalı bir televiziya filminin ssenarisidir. Hadisələr
müasir dövrdə Stokholmdan başlayır və sonra qəhramanlardan
biri bizi Bakıya və Tiflisə səyahətə apararkən
, 19-cu əsrlərin sonu 20-ci əsrlərin əvvəllərindəki
“Əli və Nino” dastanı nəql edilir. Ssenarinin adı
“Avropa və Asiya şəhəri” adlanır. Hazırda Nobellərin
Bakı fəaliyyəti haqqında çox maraqlı bir kitab
oxuyuram. Bu İsveç yazıçısı Brita Osbinkin
“Ludvig Nobel: Neft üfüqdə görünən
işıqlı gələcəkdir” adlı tarixi essesidir.
Faktlar əsasında yazılmış əsərdir. Amma mən
yeni bir kinoroman yazmağı düşünürəm. Mənbə
kimi həm bu əsərdən, həm də o dövrdən bəhs
edən başqa əsərlərdən istifadə etməyi
planlaşdırıram. Artıq eskizlər yavaş-yavaş
canlanmaq üzrədir.
–Siz
Azərbaycan Federasyonu İsveç Təşkilatında təmsil
olunursunuz. Bu barədə nə deyə bilərsiniz?
–Biz
nəinki AFİ-nin, hətta burda fəaliyyət göstərən
Azərbaycan, Türk və başqa millətlərin də dərnək
və federasiyaları ilə əməkdaşlıq edirik, elə
məhz 20 Yanvarda “Yeni Azərbaycan” dərnəyinin təşəbbüsü
ilə keçiriləcək “20 Yanvar”a həsr olunmuş ədəbi-bədii
gecənin ssenarisini və aparıcılığını
öz boynumuza götürmüşük. Bu proqramı mən
və professional teleaparıcı, artıq bir neçə
ildir ki, İsveçdə yaşayan Sevinc Abbasova ilə
birlikdə aparacağıq.
Düşünürəm
ki, xaricdə yaşayan hər bir soydaşımız Azərbaycanın
tanıdılması, həqiqətlərimizin təbliği
üçün çalışmalıdır. Yuxarıda
qeyd etdiyim kimi, “Araz TV” məhz buna xidmət etmək əzmində
idi. Baxın, keçən ilin sonunda İsveçin SVT ictimai
kanalı “Avroviziya”dan qabaq Azərbaycandan bir 30 dəqiqəlik
proqram elədi. Proqramda Bakı barədə mənfi məqamlar
yer almışdı. Əgər siz swedenaz.se saytına
baxsanız, mən o proqramın həm qısa məzmununu və
həm də tam videosunu qoymuşam. Bir il öncə mən
İHA-nın (İhlas Haber Agentliyi) Skandinaviya nümayəndəsi
Mətin Altın İşıkla birlikdə bir proyekt
yazıb, həm səfirliyə, həm də Diaspor Komitəsinə
verdim. Amma hələ də xəbər yoxdur. Bizim proyektə
görə İsveçdə akkreditasiya olan müxtəlif
ölkələrdən 20-ə qədər jurnalist Bakıya
gəlib, ordan reportajlar hazırlamalıydılar. Bilirsiniz, hərdən
mən öz-özümə sual verirəm “Niyə kürdlərin,
suriyanilərin, assurilərin elə götürək ermənilərin
diasporları belə güclüdür? Axı onların
heç dövlətləri belə yoxdur , düzdür, ermənilərin
dövləti var, amma inanmıram ki, hökumətləri
onlara yardım edir. Biz diaspora sahəsində daha da güclənməliyik.
–Azəri
diasporunun genişlənməsi üçün sizcə, nə
kimi addımların atılması zəruridir?
–
Düşünürəm ki, vətənimizə pul və gəlir
mənbəyi kimi baxmamalıyıq. Hər kəs fikirləşməlidir,
vətən bizim nəyimizə lazımdır? Axı vətənimiz
olmasa biz nəyə, kimə lazımıq? Məşhur filmdə
deyildiyi kimi, “Biz anasız böyüyə, yaşaya bilmərik.
Bizim hamımızın bir anamız var, o da Vətəndir. Vətənsiz
olmaq bayaq saydığım toplumlar kimi, anasız-atasız
olmaqdır. Yetim olmaqdır. Yetimə isə gəl-gəl deyən
çox olar. Hər yerdə yad olarsan.
Pərvanə
525-ci qəzet.- 2012.- 31 yanvar.- S.5.