Kamilə Əliyeva:
“Artıq vəziyyət fərqlidir”
Müsahibimiz millət vəkili,
BDU-nun professoru Kamilə Əliyevadır
–
2011-ci il Azərbaycanın həyatında bir çox nailiyyətlərlə
yadda qaldı. İlk olaraq, bildirim ki, ötən ildə də
cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət Azərbaycanın mövqelərini,
dövlətimizin beynəlxalq münasibətlər sistemindəki
yerini daha da möhkəmləndirdi. Uğurlu şəkildə
yürüdülən həm daxili, həm də xarici siyasət
Azərbaycanın modern dövlət kimi sürətli
inkişafını şərtləndirdi.
Vurğulanmalıdır ki, ötən il də
iqtisadiyyatın inkişafı dinamik şəkildə
müşahidə olundu. Sosial sahədə də ciddi
addımlar atıldı. Dünyanın nüfuzlu,
güclü dövlətləri maliyyə və iqtisadi
böhranın yaratdığı çətinliklərdən
çıxış yolu axtardığı bir zamanda, Azərbaycan
dövləti vətəndaşlarının sosial vəziyyətinin
daha da yaxşılaşdırılması, rifah
halının yüksəldilməsi üçün praktik qərarlar
qəbul etdi. Ötən il əvvəlcə pensiyalar 40 faiz
artırıldı, sonra isə dekabr ayından başlayaraq,
Prezident İlham Əliyevin sərəncamlarına əsasən
müxtəlif sahələrdə çalışanların əmək
haqları artırıldı. Digər sahələrdə də
əhəmiyyətli irəliləyişlər oldu. Mədəniyyət,
incəsənət, idman, təhsil və digər sferalarda
böyük işlər görüldü, əhəmiyyətli
nailiyyətlər əldə edildi. Həmçinin, Azərbaycanın
regionlarının inkişafı da keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Yeni müəssisələrin
yaradılması, iş yerlərinin açılması,
insanların rifah halının yüksəlməsi, istirahət
məkanlarının inşa edilməsi və s. bölgələrimizin
simasını tamamilə dəyişdi. Buna misal olaraq,
Zaqatala, Balakən rayonlarını göstərə bilərəm.
Təbii ki, Azərbaycanın bütün bölgələri
uğurlu inkişaf yolu keçir. Prezident İlham Əliyevin
təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” çərçivəsində
rayonlarda görülmüş işlər bir daha Azərbaycanın
ümumi sürətli inkişafını göstərir.
– Əlbəttə
ki, ümumi xarakterizə etsək, 2011-ci il ölkəmiz
üçün uğurlu il kimi yaddaşlara yazıldı.
Nümunə üçün müxtəlif tarixi nailiyyətlərimizi
də qeyd edə bilərik. Belə ki, ilk olaraq, ötən il
Azərbaycan müasir dövlət kimi bütün
dünyanın, eləcə də, Avropanın diqqətində
oldu. Ölkəmizin mədəniyyət təmsilçiləri
qitədə məşhur olan “Eurovision-2011” mahnı
müsabiqəsində birinci yeri qazandı. Bu müsabiqədə
Azərbaycanın qalib gəlməsi isə Avropanın, bütövlükdə
avropalıların ölkəmizə olan marağından,
inamından irəli gəlirdi. Azərbaycan artıq
dördüncü dəfə idi ki, bu müsabiqədə
iştirak edirdi və iştirakçılarımız hər
dəfə də parlaq ifaları ilə seçilirdilər. Yəni,
bu fakt göstərir ki, Avropada Azərbaycanın zəngin mədəniyyətinə,
incəsənətinə maraq var. Azərbaycanın polietnik və
çoxkonfessiyalı ölkə kimi tarix və müasirliyi
özündə birləşdirməsi, ümumbəşəri
ideallara sadiqlik nümayiş etdirməsi, ölkəmizi daha da
cəlbedici edir. Bu mənada, hətta, sadə avropalılar belə,
Azərbaycanla daha yaxından tanış olmağa, Şərq
və Qərb mədəniyyətinin sintezini əyani şəkildə
görməyə can atırlar. Düşünürəm ki,
bu il “Eurovision” yarışmasının tarixinə düşəcək
Bakı müsabiqəsi hər bir avropalıya ölkəmizlə
yaxından tanış olmağa real imkanlar yaradacaq. Azərbaycanın
ikinci tarixi nailiyyəti müstəqilliyimizin 20-ci
ildönümündə ölkəmizin BMT TŞ-nin qeyri-daimi
üzvlüyünə seçilməsilə
bağlıdır. Məlum olduğu kimi, ötən ilin
oktyabr ayının 24-də Azərbaycan 155 dövlətin dəstəyilə
BMT-nin ali orqanına üzv seçildi. Təbii ki, bu da təsadüfi
bir uğur deyil. Çünki 193 dövlətin 155-nin səsini
qazanmaq Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzundan, eyni zamanda, etibarlı tərəfdaşlığı
və əməkdaşlığı ehtiva edən xarici siyasət
yürütməsindən irəli gəlir.
–
Ötən il təhsil sferasında hansı uğurlara imza
atıldı? 2011-ci təhsil ictimaiyyəti üçün
yaddaşlarda necə qaldı?
– Məlum
olduğu kimi, hər bir xalqın, dövlətin gələcək
inkişafı məhz, onun təhsilinin səviyyəsindən
asılıdır. Bu gün dünyanın inkişaf etmiş
ölkələrinin tərəqqi yoluna nəzər
saldıqda görürük ki, təhsil, elm, elmi-texniki tərəqqi
həmin dövlətlərdə əsas yeri tutmuşdur. Azərbaycan
da perspektiv inkişafını bu yolla qurub. Əsası Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
və hazırda Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi təhsil siyasəti Azərbaycanın perspektiv
inkişafı üçün sağlam təməl
formalaşdırıb. Təsadüfi deyil ki, cənab Prezident
İlham Əliyev neft kapitalının intellektual kapitala
çevrilməsi strategiyasını elan edib. Bu siyasət
çərçivəsində həm ölkədə təhsilin
səviyyəsi qaldırılır, bu sferada infrastruktur,
maddi-texniki baza möhkəmləndirilir, həm də azərbaycanlı
gənclər xaricdə nüfuzlu universitetlərdə təhsil
almağa göndərilir. Bu, bir həqiqətdir ki, hazırda
Azərbaycanda həm dövlətin, həm də Heydər Əliyev
Fondunun dəstəyilə 3000-dən artıq məktəb
inşa və təmir edilib. Dövlət Proqramı çərçivəsində
5000-dən artıq azərbaycanlı gənc dünyanın
tanınmış təhsil ocaqlarında təhsil almağa
göndərilib. Bununla yanaşı, ölkəmizdə elmi-tədqiqat
mərkəzlərinin yaradılması, elmin, təhsilin
inkişafı üçün proqramların qəbul edilməsi,
bu sahədə layihələrin həyata keçirilməsi
üçün fondun formalaşdırılması və s. tədbirlər
göstərir ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual
mərkəzinə çevirir. Bu mənada ötən il Azərbaycanın
təhsil, elm sahəsində də yaddaqalan oldu.
–
İndidən 2012-ci il haqqında dəqiq proqnoz vermək
olmaz. Amma istərdik ki, bu barədə ilkin fikirlərinizi də
bildirəydiniz...
–
Anlaşılandır ki, 2012-ci il təzə başlayıb və
cari ilin perspektiv uğurları haqqında dəqiq söz
söyləmək mümkün olmaz. Amma qeyd edildiyi kimi,
ötən ilin uğurlarının bazası üzərində
bu il hansı uğurlu hadisələrin baş verə biləcəyini
müəyyən mənada qeyd etmək olar. Birincisi, ötən
il “Eurovision-2011” yarışmasının qalibi olmuş Azərbaycan
2012-ci ilin may ayında növbəti müsabiqənin
keçirilməsinə ev sahibliyi edəcək. Bu
yarışma ərəfəsində statistik məlumatlara
görə, Avropa ölkələrindən Azərbaycana 70
mindən artıq insan gələcək. Bu o, deməkdir ki, Azərbaycan
bu il də Avropanın diqqət mərkəzində olacaq.
Avropalılar ölkəmizin zəngin tarixi, mədəniyyəti,
mətbəxi, gəzməli və görməli yerlərilə
tanış olacaqlar.İkincisi, ötən il Azərbaycanın
BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi və bu
ilin may ayında TŞ-nin iclasına sədrlik edəcəyini
əsas götürərək deyə bilərik ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
əhəmiyyətli addım atıla bilər. TŞ BMT-nin
ali orqanıdır və onun qəbul etdiyi qətnamələrin
yerinə yetrilməsi məcburidir. Əlbəttə ki, bu
günə qədər BMT TŞ-nin 4 qətnaməsi olsa da,
onlar icra olunmayıb. Amma düşünürəm ki,
artıq vəziyyət fərqlidir və ali orqanın qərarlarından
sonra torpaqlarımızı işğal etmiş Ermənistan
təcavüzkar siyasətindən əl çəkməli
olacaq. Bir sözlə, düşünürəm ki, 2012-ci il
də dövlətimiz, xalqımız üçün
uğurlu olacaq. Cari ildə də əhəmiyyətli hadisələr
baş verəcək və Azərbaycan qarşısına
qoyduğu hədəflərə çatacaq. Bunun
üçün Azərbaycanın bütün imkanları
var: Prezident İlham Əliyevin timsalında güclü, iradəli,
praqmatik düşüncəli lider faktoru, sürətli və
stabil inkişaf edən iqtisadiyyat, maliyyə vəsaiti, hakimiyyəti
dəstəkləyən xalq iradəsi. Bütün bunlar Azərbaycanın
perspektiv inkişafını təmin edən amillərdir.
Kamil Həmzəoğlu
525-ci qəzet.- 2012.- 31 yanvar.- S.5.