Məşhur elmi məktəbin tanınmış nümayəndəsi
Əsası məşhur akademik Həsən Abdullayev tərəfindən qoyulmuş yarımkeçiricilər fizikası məktəbi yalnız respublikamızda deyil, onun hüdudlarından kənarda da tanınır. Bu elmi məktəbin nümayəndələri AMEA Fizika İnstitutunda illərdən bəri elmi-tədqiqatlar apararaq dünyanın məşhur elmi mərkəzlərinin böyük maraq və diqqətlərinə layiq olmuşlar. Buna misal fiziklərimiz tərəfindən çox nüfuzlu jurnallarda çap olunan məqalələr və onların işlərinə xarıcı tədqiqatçılar tərəfindən verilən istinadlardır.
Belə fədakarlıqla, elmi axtarışlarla məşğul olan alimlərimizdən biri də Fizika İnstitutunda laboratoriya rəhbəri kimi fəaliyyət göstərən, professor Elmira xanım Kərimovadır.
E.Kərimova 1942-ci il yanvarın 1-də Vətənimizin gözəl təbiətə malik olan guşələrindən biri – Goranboy rayonunun Qızıl-Hacılı kəndində ziyalı ailəsində anadan olub. Elmira xanımın atası Məmmədəli müəllim respublikamızın ilk sayılıb – seçilən ziyalılarından olmuşdur. Elə ona görə də onun ailəsindən 3 nəfər elmlər doktoru və 2 nəfər elmlər namizədi çıxmışdır.
E.Kərimova 1958-ci ildə orta məktəbi gümüş medalla bitirərək elə həmin il Azərbaycan Dövlət Universitetinin fizika fakultəsinə daxil olmuş və 1963-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Universitetdə təhsil aldığı dövrdə E.Kərimova öz əməksevərliyi və məqsədyönlülüyü ilə tələbə yoldaşlarından seçilirdi. Elə bu xüsusiyyəti onu universiteti bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına gətirdi. İki ilə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olan E.Kərimovanı elmə və tədqiqatçılığa olan tükənməz həvəsi Fizika İnstitutunun aspiranturasına gətirib çıxardı. Aspiranturada təhsil aldığı illərdə o, böyük həvəs və əzmkarlıqla çalışdı, mürəkkəb yarımkeçirici birləşmələrin alınma texnologiyasını mənimsədi, ölçü metodlarını öyrəndi, qiymətli nəticələr alaraq bunları tanınmış dövri mətbuatda çap etdirdi. 1970-ci ildə Elmira xanım namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi aldı.
O, bununla kifayətlənməyərək öz elmi axtarışlarını davam etdirdi və 1992-ci ildə Ukraynanın Çernovtsi şəhərində müvəffəqiyyətlə doktorluq dissertasiyasını müdafiə etdi. “Kiçik ölçülü yarımkeçirici materialların fiziki əsasları” mövzusunda doktorluq dissertasiyasına keçmiş ittifaqda çox məşhur olan fizik alimlər böyük qiymət verdilər.
Elmira xanım 1993-cü ildən “Kristallofizika” laboratoriyasına rəhbərlik
edir. Onun rəhbərlik
etdiyi laboratoriyada, əsasən, zəncirvari
və laylı kristal quruluşuna
malik mürəkkəb
halkogenli yarımkeçiricilərin
sintezi və monokristallarının göyərdilməsi
texnologiyasının işlənib
hazırlanması, xarici
faktorların təsiri
altında fiziki xassələrinin tədqiqi
ilə məşğul
olurlar. Laboratoriyada alınan elmi nəticələr əsasında
rentgen, qamma, neytron, tenzo datçiklər, təzyiq
çeviricilərinin cihazları
hazırlanmışdır.
Elmira xanımın bu istiqamətdə apardığı
elmi-tədqiqat işlərinin
nəticələri bir
sıra tanınmış
xarici və yerli jurnallarda dərc edilmişdir. O,
400-dək elmi əsərin,
16-dan artıq müəlliflik
şəhadətnaməsinin və patentin müəllifidir.
Elmira xanımın kadr hazırlığı sahəsindəki
fəaliyyəti də
təqdirəlayiqdir: o, iki
elmlər doktorunun dissertasiya işinin məsləhətçisi olmuş,
bir neçə elmlər namizədi yetişdirmiş, hazırda
aspirantlara rəhbərlik
edir.
E.Kərimova aldığı elmi
nəticələrlə bir
sıra xarici ölkələrdə keçirilən
beynəlxalq konfranslarda
iştirak edərək
ixtisasçı alimlərin
böyük marağına
səbəb olmuşdur.
Deyilənlərin nəticəsidir
ki, o, dünya elmi ictimaiyyəti tərəfindən tanınır
və qəbul edilir. Onun işlərində
olunan istinadlar dediklərimizə parlaq misaldır.
Hələ gənc yaşlarında
elmi məqaləsi məşhur alim E.Moozerlə birgə çap olunaraq ona böyük şöhrət gətirmişdi.
Bütün bunlara görədir
ki, E.Kərimovanın
adı İngiltərə
və ABŞ Beynəlxalq
Bioqrafiya mərkəzləri
tərəfindən nəşr
olunan “XX əsrin görkəmli şəxsiyyətləri”
və “XXI əsrdə
kim kimdir” məcmuələrinə daxil
edilmişdir. Həmin
bioqrafiya mərkəzləri
tərəfindən “İlin
qadını” tituluna layiq görülmüşdür.
Elmira xanımı başqalarından
fərqləndirən cəhət
onun çox zəhmətsevər olması,
qarşısına qoyduğu
məqsədə çatmaq
üçün heç
bir çətinlikdən
qorxmamasıdır.
Özünün yüksək insani
keyfiyyətləri, elmi
və təşkilatçılıq
qabiliyyətinə görə
respublikamızın ziyalıları
arasında böyük
hörmət qazanmış
belə alimlərimizin
həyatı və yaradıcılığı bizdən
sonra gələcək
nəsil üçün
əsl həyat məktəbi ola bilər.
Görkəmli alim, gözəl
və qayğıkeş
insan olan E.Kərimova müstəqillik
əldə etmiş vətənimizin dünya
elm mərkəzlərində tanınmasında böyük
xidmətləri və
payı olan qadınlarımız arasında
birincilərdəndir.
Biz – dostları, həmkarları
və tələbələri
Elmira xanıma uzun və sağlam ömür, ailə səadəti, elmi işlərində yeni-yeni
uğurlar arzulayırıq.
Ayaz BAYRAMOV,
AMEA-nın fizika-riyaziyyat
elmləri doktoru, professor
525-ci qəzet.-
2012.- 31 yanvar.- S.6.