VAXT VƏ BAXT
SINAĞINDAN KEÇƏN ŞAİR
Müdrik
babalarımız Tanrıya dua edib üç şey diləmişlər:
güc, səbir, bir də müdriklik. Gücü ona görə
istəmişlər ki, dünyada dəyişə biləcəklərini
dəyişməyə qüvvələri çatsın. Səbri
ona görə diləmişlər ki, dəyişməyə
iqtidarı, gücü çatmayacaq şeylərə dözə
bilsinlər. Müdrikliyi onunçün istəyiblərlər
ki, birincilərlə ikinciləri dəyişik salmasınlar,
onları bir-birindən ayıra, seçə bilsinlər.
Elman Tovuzun acılı –şirinli, nisgilli – göynərtili, Dərdin Dağını yaradan, amma həyat eşqi bitməz-tükənməz poeziyası ilə tanış olarkən biz də Tanrıdan o qədim duadakı üç şeyi dilədik: güc, səbr və müdriklik. Amma nə dünyanı dəyişməkçün, nə dəyişə bilmədiklərmizə səbr edə bilməkçün, nə də onları dəyişik salmamaqçün… Bu, “vüsal pıçıltılı”, “həsrət haraylı” poeziyanın, dörd əllə dərd oynadıb fələklə nərd atan sənətkarın qüdrətini anlaya bilmək üçün, anlada bilmək üçün…
Göz yaşı yuya bilməz,
Dərdim tökmədi mənim!
Hər gələn duya bilməz,
Dərdim köhnədi mənim.
-deyən, E.Tovuz, qaynasa da çökməyən dərdin əlindən çəkdiklərini heç Dərd özü də çəkməyib. Bu yerdə Che Guevanın sözlərini xatırladım: ”Həyatın şərtlərini dəyişdirə biləcək qədər güclü deyiləm, amma şərtlərə boyun əyməyəcək qədər güclüyəm.” Həyatın şərtlərinə, taleyin yazısına boyun əyməmək onun yaradıcılığının ana nöqtəsini təşkil edir.
Elə bilmə qardı yağan –
Ağarıbdı saçım mənim.
Gözlərimdən qordu yağan,
Göynədikcə içim mənim.
Oxucunun sənətkarlıqla yaradılmış sənət nümunələrinə vurğunluğu, əslində, bu əsərlərdəki mənaya, qəlbə, ruha heyranlığındandır. Kəməndi ələ gəlməyən, ömrü fələyin çarxına düşən, büdrəyəndə özünü sevda arxında tapan şairin eşqə səyahəti qeybdən başlayır. Lakin bu qeyb, reallıqdan kənarda deyil. “Elman Tovuz dünyası” yaratdığı söylənilən şair, böyük insanlara məxsus təvazökarlıqla, saf aləminə səslədiyi oxucusuna pıçıldayır ki, beş- on cızmaqara eləmişəm və dost-tanışın dediyinə görə, “guya, sözlə azca aram var mənim.” Bu arada kədər yüklü, qəm naxışlı yazılarına görə oxuculardan üzrxahlıq edir şair.
Şeir – səma, şeir –dərya, şeir – çöl,
Şeriyyətin yox bucağı, yox ucu…
Mənim şerim – dağ kəndindən gələn yol
Yormaz səni, qorxma, yeri, oxucu.
Xəlil
Cibrana görə :–“Həqiqət iki insana
möhtacdır: biri onu dilləndirənə, digəri isə
onu anlayana.”
Elman Tovuz məhz həqiqəti dilləndirən
şairdir.
Şeirləri ilə deyil, onları yaradan fikirlərlə həmsöhbət
olan, ruhu “Yetim segah”a köklənmiş bu adam,
öz dərdini oxucuya “yamamır”. Eyni zamanda onu
gizlətməyə, pərdələməyə də
çalışmır. O qədər həssadır ki,
bu mövzuya, hətta dəliqanlıya xoş olsun deyə,
kitabını vərəqləyib şeir gəzən
qıza belə deməyi unutmur:
Kədər
topa-topa, qəm yığın-yığın
Yazmışam tufanla, yağışla, gözəl.
Yoxdur bu
kitabda sən axtardığın,
Sən
Allah, sən məni bağışla, gözəl.
“Şairlər
dərd əhlidir”- deyənlərə “Mən bu dərdi tapmamışdan
da yazırdım” söyləyən şair, yoluna daş-kəsək
atan azmış kimi, onu hədəfləyən fələyə,
gəzə bilmədiyi yollara, ulduz dərə bilmədiyi o məchul
qıza təsəllini yenə özü verir:
Məni
bir Habilin dizi üstdəki,
Bir də
içimdəki kaman ağladır…
İşıq dolu poeziyasının sirlərindən
birinin cavabına müsahibələrində rastladıq, Elman
Dədənin.
“Şerlərimlə daha çox onların ahəngini,
axıcılılığını, asan tələffüzünü
və s. bir daha nəzərdən keçirmək
üçün əksər hallarda sazla müşayiət edərkən
həmsöhbət oluram”. Amma ən
böyük gücü, əlbəttə doğma dilimizin
istifadə imkalarını açmasıdır, fikrimizcə.
Ana dili E.Tovuz şeirlərində dil
açır sanki. Poetik imkanların istifadə
hüdudları da genişdir. Amma dil
“qanadlı”dır, qalxıb qabarır, dərya kimi ləngər
vurur. “Ədəbi vicdanı olan” heç kəs ritm,
intonasiya, obrazlar sistemi, söz təzəliyi, deyim tərzi,
ifadə orijinallığı ilə seçilən bu
poeziyanın bənzərsizliyini təkzib edə bilməz:
Sən
getdin, saraldı bir günə gülüm,
İstəməm solasan bir gün, a gülüm.
Mən
aşiqəm bir günə,
Bir gecəyə, bir günə.
Ağlar
qalsın zəmanə,
Qoyub məni
bir günə…
Yüz
gecə qurbandı bir günə, gülüm,
Zülmətdən
əlini üz, günə qayıt!
Zəngin
təsvir və təsəvvür verən bədii portretlər
E.Tovuz yaradıcılığının canına- qanına
elə hopmuşdur ki, idrakdan kök alan bu
bədii təfəkkür məhsulundan danışmamaq olmaz.
Portret poetikasına görə “lirik ricət,
müəllifin epik reportajvari təsviri, məcazlaşdırma,
təqdimin lirik hissi emosionallığı, təşbeh və
ştrixlə canlandırma, analoji təhlil və bədii
müqayisə vasitəsi ilə canlandırma” (İsmayıl
Vəliyev. Ədəbi portret və
xarakter.) poetik portretləşmənin
əsas xüsusiyyətidir. Hər şeirində bədii
lövhə, bədii portret, yüksək informativliyə malik
müəllif təsviri yaradan şairin, bircə poetik
nümunəsinindəki, əslində təfsilata ehtiyacı
olmayan mənzərə yaratmaq bacarığına nəzər
salaq:
Məni
ürəyində dəfn elə, gülüm,
Dəfn elə, yerimi bilən olmasın.
Bağla
qəlb evinin qapısını da,
Məzarım üstünə gələn olmasın.
–deyən lirik qəhrəman, məzarıma əkdiyin
gülləri də, silmədiyin göz yaşıyla sula–
deyib, şeirin obrazına bir az da həzinlik gətirir. Amma bu dünyadır– “Ölənlə
ölünmür, gedənlə gedilmir”. Qəlb
evinin qapısını bağla, ora girən olmasın — desə
də, bir narahatçılığı var, könül
aşiqinin. Odur ki, elə bir bədii
lövhə yaradıb, mənzərə canlandırır ki,
bir anlıq cismi halını itirib, ruh halına keçir,
oxucu. Sözün heykəlinin qabağında donub
qalır…
Yaxın
düşən olsa, işdi gizlicə,
Qəbrimdən keçəcək qəlbindən
keçən.
Görüb
məzarımı ürəyindəcə
Bir daha dərdindən ölən olmasın.
Böyük folklorşünas alim, muəllimim Mürsəl
Həkimovun mühazirələrin birində qəmli-qəmli
“Mən “Dilqəmi” çalınanda qəbrə salladılan
Dilqəmi görürəm”- deməyini unutmamışam. Nədənsə, bu gözəl
poetik parçanı oxuyanda mənə elə gəldi ki,
“Dilqəmi”ni eşitdim…
Az
sözlə bütöv bir tablo yaradana “Nə oldu tapanda
gözü dörd idin, atanda gözünü yumub
atırsan?”, “Səni xatirələr daş-qalaq eylər,–Qayıtma
o məni atdığın yerə…”, “Yağ-bal adı ilə
göndərilənlər, anamın şorunun dadını
vermir”, “Yaralı qartalam – ayağı bağlı, Sən isə
uçursan qaranquş kimi”, “Kefimdən gəlmirəm
yanına sənin, Mən sənin əlindən sənə
qaçıram”, “Nə “gəlim” deməyə gümanım
yoxdu, Nə əlin əlimdən gül alasıdı”, ”Mən
səndən qaçmağa yer axtarırkən, Sən məndə
gizlənə bilmisən–əhsən!”, “Bu, sevgi deyilən nəymiş,
İlahi, Yar canım olunca, can yarım oldu.” və s. bu kimi
poetik nümunələr, həm də ədəbi kamilliyin əsas
şərtlərindən olan forma və məzmunun, məna və
emosiyanın vəhdətini də ortaya qoyur.
Şairin
ən böyük qüdrəti təkcə könül
kövrəkliyi, avaz yüyrəkliyi ilə ruhumuza hopan,
minilliklərdən boy göstərən xalq hikmətlərindən
istifadə deyil, həm də bu zəngin xəzinəyə
öz töhfəsini verməsidir: “Atalı-analı olsa da
insan, Yenə də yetimdir Vətən olmasa.”, “Dərddən
çəkdiklərimi, Dərdim çəkmədi mənim.”,
”Dərmanın içində bəlanın özü, Bəlanın
içində çarə varıymış.”, ”Dünən
bu dünyanın yiyəsi səndin, Bu gün bu dünyaya
qonaq kimisən.”, “Qorxuram bir xətər yetirə sənə,
Ürək dərmanı da ata bilmirəm.”, “Nə deyirik –
balabanda deyirik, Tütək bizdən inciməsin, neyləsin?”,
“Biz ki, ev yıxmağa alışmamışıq,
Barışıb yıxmayaq dərdin evini…”, “Anası
layladır, atası sevgi, Bəs nədən yetimdir, bu segah
belə?”— sırasını
artırdıqca şirinliyindən doymadığımız
belə xəlqiləşmiş E.Tovuz aforizmləri, bu
baxımdan, onun yaradıcılığının
üfüq genişliyinin göstəricisidir.
Səmimiyyət qəlbin, həqiqət zəkanın
böyüklüyünü əks etdirir. (N.Şəmsizadə)
E.Tovuz, lirik sevgi şerlərində nə qədər səmimidirsə,
Vətən ağrısı ilə göynəyən ürək
çırpıntılarında, bir o qədər acı həqiqətin
yanındadır:
Ata bilməsəm
də mən
“Əlil”
arabasını,
Tutan deyiləm
də heç,
Köhnə
ilin yasını…
Qarabağdı
dilimdə -
Ondan böyük yaram yox.
Şeirlə
Vətənin coğrafi xəritəsini çəkə bilən
şair (“Gəlirəm”), el-obanın bayram
qarşılayıb sevindiyi günlərdə belə, Xankəndi,
Xocalı, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər,
Ağdərə,Ağdam,Cəbrayıl,Füzuli, Qubadlı,
Zəngilanla hal-əhval tutur, onlarsız keçən
bayramı özünə haram sayır(“Bayramınız
mübarək”).
Bax, “təzə
il” gələn kimi,
Sözdən
bir “yolka” bəzəyib,
Ən hündürdən qeyrət asdım.
Gözə
girən hər budaqdan
Rəngli
işıqlar əvəzi,
Çılpaqca
həqiqət asdım…
Tanrı
da baxıb göylərdən,
Bu yalana
bar vermədi.
Qara
üzümə çəkməyə
Bircə
ovuc qar vermədi…
Arxa-arxaya verib düşmən tapdağına dözən,
yad əllərdə ola-ola bizdən daha “mehriban, həmrəy
olan” əsir dağlarımızı yada salan, qəlbi Vətən
həsrətilə çırpınan E.Tovuz
üçün “Bir qayanın ortasında yorğun dizik –Vətənsiz.”
Vətənin
gözəlliklərini başının tacı sayan müəllif,
onun təbiətini, dağını, daşını
, meşəsini, otunu, çiçəyini , yiyəsiz
quşunu, arısını , çölünü,
düzünü, yolunu və s. vəsfə çəkməkdən
yorulmur. Şairlik onun da ”stixiyası”
olduğundan, gözəl bilir ki, Vətəni sevmək,
yalnız torpağı deyil, onun üstündəkilərini də
sevməkdir. Ədəbiyyatşünasların dili ilə desək,
“Sənətkar insan varlığı və aləmi ilə məşğul
olduğuna görə, bu varlığın zəruri məqamı
sayılan məkan durumu, zahiri hüdudları ilə də məşğul
olmalıdır”(M.Baxtin.)
Poeziyası — təbiət təravətli, saz musiqili, saf
nəsihətli, poetik tutumlu şair E.Tovuz “yerlə, göylə
əlləşməsə” də, yeri, göyü — sətir-sətir,
misra-misra söz boğçasına yığa bilən
böyük söz ustası, söz sənətkarıdır.
Ay Elman, sən
deyən haqqın səsidir,
Şeir –
kainatın “SÖZ” nəfəsidir…
Dünyanın
ən böyük möcüzəsidir -
Milyonlar
yığışar söz işığına!
Həyat bir pianodur. Ağ dilləri xoşbəxtlik və
sevinc, Qara dilləri isə qəm, kədərdir. Amma yaxşı musiqi ifa etmək üçün hər
ikisinə toxunmaq lazımdır – deyirlər. Vaxt və
Baxt sınağından keçən Elman Tovuz məhz ağ və qara dillərin yaratdığı əvəzsiz
musiqisi ilə qəlbləri sehrləyir. Bir yeniyetmə qədər
utancaq, bir ahıl qədər müdrik bu söz adamının
şeirlərində pozitiv enerji o qədər müsbət
aura yaradır ki, tanış olan oxucu daim
o işığa can atır. İradə və
əzmkarlıq mücəssəməsidir E.Tovuz — həm həyatda,
həm poeziyada.
Böyük şairimizə Ulu Tanrıdan şəfalar
diləyir, saf sözü, özünəməxsus ədəbi
nəfəsi ilə çağdaş Azərbaycan
poeziyasını yeni-yeni töhfələrlə zənginləşdirməsini
arzulayırıq.
GÜNAY ŞİRVAN
525-ci qəzet.-
2013.- 2 aprel.- S.8.