Sözün şəkli

 

... Nədən onu bu qədər sevirlər?... Onu görəndə təbəssüm qonur dost-tanışların, tanıyanların üzünə. Nədən ona bu qədər yaxın, lap yaxın olmaq istəyirlər?

Məgər hər adama  bu qədər can atarlarmı, məgər hər adama  onun kimi dost, arkadaş demək olurmu?

Olmur!

Onda bu nə sirdir, qardaş?

Tanrıdan və özündən başqa bu sirri, bu sehri heç kim  bilmir. Yəni heç mən   bilmədim ötüb keçən bu qırx ildən çox uzun bir ömür yolunda.

Yazıçı, publisist, millət vəkili Aqil Abbas! Rəsmi tanıtım belədir. Axı insanın  xarakterini, özəlliyini də  onun ictimai  statusu kimi rəsmiləşdirmək olmur. Məsələn, bu cür təqdimatlarda “... ən demokratik qəzet sahibi”, “...ən  yaxşı dost”,  “...ən  əliaçıq qarabağlı”, “...gözlərində  bir damcı da yaş görünməyən... ən  kövrək kişi” və başqa bunlara bənzər gözəl, qəribə ifadələri onun peşəsi və vəzifəsi kimi  sadalamaq  mümkün deyil. Doğrudan da, “ən yaxşı  dost” adlı vəzifə  yoxdur axı bu dünyada. Bu, sadəcə  o insanın xarakteri  və mənəvi  üstünlüyüdür. Bir vaxtlar mən əbəs yerə  Aqil Abbas haqqında bu sözləri  yazmamışdım: “... Çünki  onun həyat tərzinin və dünyagörüşünün indi çox nadir hallarda  rast gəlinən unikal bir özəlliyi başqa sualların da  yükünü  azaldaraq sadələşdirir. Dövran elə gətirib ki, indi əsl dostluq, sonadək sədaqətlilik  daha çox keçmişlərə aid  məsələlər kimi  xatırlanır. Dostluq da  limitləşir, müəyyən haqq-hesablar üzərində  qurulur və deməli, özünün  əsilliyini, ecazkar  funksiyasını  itirir. Bu cür  metamorfozların Aqil Abbas  kimi şəxsiyyətlərə  dəxli yoxdur. ... Aqil Abbas ömrü  mənəviyyatı  bir dostluq  akademiyasıdır.

... Və o bir  təcili yardım” simvoludur. Çətinə düşən, haqsızlığa düçar  olan, kədər üz verən dost-tanışları hələ özünə gəlməmiş Aqil Abbasın  əlinin  istisini  kürəklərində hiss edirlər. Bu əllərin istisi  onun  həmin  insanlara  arxalarında  bir dağ  ucalığını yada  salır. O, harada lazımdırsa, mütləq özünü  yetirəcək, orada  olacaq...”.

Bax, bu mənada Aqil haqqında pafosla  danışmaq təbii çıxmaz da. Onu olduğu kimi tanımağın, təqdim  etməyin  yolları da, aydınlığı, sadəliyi qədər... mürəkkəbdir. Çünki o, həm də qeyri-adiliyin  şəxsiyyəti, qeyri-adiliyin  yazıçısı və publisistidir. Onun təmkinli, həm də üsyankar qarabağlılığı, vətənpərvərliyi, türkçülüyü bəzən ən çox sevib  hörmət bəslədiyi adamlara da  güzəşt tanımır. Hər halda Aqil Abbas şəxsiyyəti, təbii ki, xüsusiləşmiş halda  deyil, adi, lap adi  bir insan  şəxsiyyəti  ilə sanki öz fəaliyyətindən və yaradıcılığından  da yüksəkdə dayanır.

... Zəruri bir ricət bu yazıya müdaxilə  etməkdədir. Çarəm yoxdur, razılaşmalıyam. Mən Aqil Abbasın  60 illik  yubileyi  münasibətiylə  1 apreldən bir həftə  əvvəlki “yaz tətilində” qələmə aldığım məqaləni ənənəvi  üslubdan fərqli  olaraq  birnəfəsə  tamamlamaq istəyirəm. Bilirəm ki, sevimli dostlar çoxlu yubiley  təbrikləri yazacaqlar, ürək sözlərini, arzularını  bildirəcəklər. Mən öz  məqaləmi 1 apreldən sonrakı  günlərdə dərc etməyi  düşünmüşəm. İstəyirəm Aqil Abbas haqqında  yazmağı, danışmağı arzulayanlar üçün gecikmək anlayışı olmasın. Qoy bu yubiley təəssüratları  bir az uzun sürsün, lap elə ilboyu davam etsin. Bunu təkcə Aqil Abbasın layiq olduğu statusla simvollaşdırmıram.  Başqa səbəblər də var. Aqil Abbas mövzusu təmənnasız istək və münasibətlə oxuculara və bütövlükdə cəmiyyətə bir daha aşılansın. O, elə mükəmməl bir xarakterə malikdir  ki, xoş sözlərlə yanaşı, yubileyində də tənqidi  yanaşmadan inciməz. Bunları xatırlatmağı özümə  bir qardaşlıq  borcu bilirəm. Yaxın çevrimizdə hamı bilir ki,  biz Aqil Abbasla  dost deyilik. O, müraciətlərində də, yazılarında da  mənə  həmişə  qardaş  deyir. İndi mən də bir qardaş imtiyazı ilə arzulayıram ki, Aqil Abbası yaxşı oxumayanlar, yaxşı  tanımayanlar diqqətli  olsunlar. Bir yazıçıya, bir dosta, bir insana olan sevgilərində də.

... Çünki bəziləri onun səmimiliyindən, şöhrətindən, sağlamlığından, ailə səadətinə  ailə  rahatlığına  hesablanmış duyğularından  müəyyən  məqsədlərlə istifadə etməklə ömründən və yaradıcılığından da...  qoparıb aparırlar. Hörmətcil, təmkinli və məğrur olanda insanı  bu qədərmi istismar edərlər? O, bir nəfərdir. Yazıçı  kimi  hamının ola bilər, deputat kimi seçicilərini dinləyə və əlindən gələn köməkliyi  göstərə bilər.  Ancaq... O, elə hər xoş söz deyənin və ya... umacağı olanın başına  diademalar düzə bilməz ki?!

Deyəsən  mən də ifrata vardım.

Ancaq bəzi yazılarımda olduğu kimi yenə də dostumuz  Ramiz Rövşənin qeyri-adi misraları şeirdən daha çox  doğma insanlar kimi  bizə həyan  olur, sevincimizə-kədərimizə qovuşur:

 

Ömür deyilən  şey – uzun, ya qısa,

Dünyanın ən  çətin dərsiymiş demə.

Bu qara, qapqara yazı taxtası,

Bizim ömrümüzün tərsiymiş demə.

 

Ulduz-ulduz yırtılan göy üzü tək,

O taxtanı söz-söz yırtan biz olduq.

O qara taxtanın qara bətnindən

Doğulan sözləri tutan biz olduq.

 

Yazdıq-pozduq eninə-uzununa,

O qara taxtanın hər qarışında

Əlimizin izi var.

Aldandıq...

o yazı taxtasına.

Elə bildik  hər yazıya  pozu var...

 

... Elə indicə yadıma düşür ki, Azərbaycan ədəbiyyatında, yəni son 30-40 ilin ədəbiyyatında həm Ramiz Rövşəni, həm də Aqil Abbası fərqləndirən qəribə bir məqam var. Ramiz Rövşən  poeziyada, Aqil Abbas isə  nəsrdə çox da  məhsuldar yaradıcılığa  malik deyillər. Yəni   ildə iki-üç kitab  nəşr etdirməyin “məşhurluğuna” enməzlər. Ancaq hər iki ədibin əsərləri uzun illərdir ki, sevilə-sevilə oxunur və masaüstü kitablara  çevrilir. Mən Aqil Abbasın  “Şirinlik”dən, “Evləri köndələn yar”dan tutmuş, “Batmanqılınc”, “Dolu”, “Allahı qatil edənlər” əsərlərinə kimi, aralıqda da  nələr varsa, hamısını  həmişə  dipdiri, canlı görürəm.

İndi ki söz düşüb, digər  fikirlərimi  də bildirim. Mən peşəkar  ədəbiyyatşünas  tənqidçilər kimi arzuladığım səviyyədə  yaza bilmərəm. Hətta ən çox sevdiyim  yazıçı və şairlər haqqında da. Çünki istər-istəməz qeyri-peşəkarlıq özünü göstərəcək. Ancaq mövzuya publisistik yanaşma məni heç vaxt  oxucu qarşısında utandırmayıb.

Gənc postmodern yazarların Ramiz Rövşəni, Vaqif Səmədoğlunu, Vaqif Bayatlı Odəri sağdan, soldan, mərkəzdən  topa tutduqları  vaxtlar idi. Adını çəkməyəcəm, ərkim çatan belə sentrionlardan birini  səmimi  söhbətə tutdum. Sualımın biri belə oldu: arzulamazdın ki, Ramiz Rövşənin çox yox, “Ayrılıq”, “Qara paltarlı qadın” şeirlərinin,  “Canavar ovu” poemasının altında  sənin imzan olsun? Cavab verdi ki, arzulayardım...

Aqil Abbasın  əvvəlki yaradıcılığı öz yerində, son romanları olan  “Dolu” və “Allahı qatil edənlər” oxucu qıtlığı adlandırdığımız son illərin  ən  çox oxunan  əsərləridir. Bu əsərlər bəzən  xəfif tənqidə məruz qalsalar da reallıq budur: sevilir və oxunur. Yaradıcılığında  hekayə və roman janrlarının klassik  üslubuna   üstünlük verərək oynaq dil və məntiqlə məqsədinə nail olan Aqil Abbas bu dəfə fərqli bir manevr və iddia ilə məhz postmodernin mükəmməl nümunələrini ortaya qoydu. Beləliklə, istedadlı yazarımız belə bir ədəbi sintezin  mümkünlüyünü  və effektliyini  sübut etdi. Çoxdandı sanballı   hərb, müharibə, Qarabağ mövzularında əsərlər arzulanırdı. Yuxarıda  Ramiz Rövşən haqqında başqa bir tərzdə  misal çəkdim. Aqil Abbasın bu cür  lüksü olmadığından  konkret olaraq  belə deyərdim: hətta məşhur  yazıçılarımız da  istərdilər ki, “Dolu” kimi bir romanın  müəllifi olaydılar. İlin-günün bu vaxtında hər  yazıçını və ya hər əsəri oxumurlar. “Dolu” oxunur.

... Hələ  bir hissəsi  ekranlarda da “oxunur”.  Əksəriyyəti gənclər  olan  çox istedadlı  bir kollektiv hər dəfə  anşlaqla başlayıb  ayaqüstü alqışlarla  başa çatan “Dolu” adlı  möhtəşəm  filmi  məhz Aqil Abbasın ssenarisi  əsasında  çəkdilər. Bu filmin uğurları  Azərbaycan  kinematoqrafının uğurlarıdır.  Mən bu  filmin  bəzi  çəkilişlərində  də, kollektiv nümayişlərində də  iştirak etmişəm. Bu dərəcədə  səmimiliyin, mehribançılığın və can yanğısının  nəticəsi  məhz gördüyüm heyranlıqlar  səviyyəsində  olmalı idi. Yubilyar qardaşımızın qəzetçilikdə, yazıçılıqda olduğu kimi, kino sahəsində   özünəməxsus  dəst-xətti  yarandı. Üstəlik kino aləmi, kino sənətçiləri   bir məşhur yazıçının, bir məşhur  mətbuat  AS-ının və hörmətli  millət  vəkilinin necə sadə, necə zəhmətkeş, necə səxavətli  şəxsiyyət olduğunu  da gördülər. Özləri demiş, ilk dəfə!

“Ədalət” də Aqil Abbasın  şah əsərlərindən  biridir. Bu gün  Ədalət”i Aqil  Abbasın  xanımı, həyat və qələm yoldaşı   İradə Tuncay  daha  böyük  zirvələrə  daşıyır. Bu görkəmli  yaradıcı  tandemin  uğurları  hamımızı  sevindirir. Ən gözəl, ən uğurlu   illər hələ  qarşıdadır. Bu günlər biz sevimli  Aqil Abbasın  60 illik  yubileyinin qürurunu  onu sevənlərlə  paylaşmaqdayıq.

Ayrıca mənim bir arzum da var. Tanrıdan Aqil Abbasa uzun və sağlam ömür  arzulayıram. Qalan nə varsa, o, öz zəhməti, fədakarlığı  istedadı ilə  nail olmağı bacaran güclü  şəxsiyyətdir.

60-ın və bütün  gələcək  həyatın  ən parlaq   ulduz kimi bərq vursun, əziz QARDAŞım!

P.S. Bunu  çoxları  bilmir: uşaqlıqdan rəssamlığa həvəsi və həsədi o dərəcədə böyük olub ki, dərslərindən və digər  gündəlik  məcburiyyətlərdən  qalan  vaxtını  fırça və rənglərlə keçirib. Ancaq çəkdiklərini  heç  kəsə göstərməyib. Gənclik illərində  hamımız onun nələrsə çəkdiyini bilirdik.  Qəribə bir  inadkarlıqla  gizlədirdi  çəkdiklərini. Bunu da çoxları bilmir: Aqil  universiteti bitirənə qədər onun dilinə  nə içki, nə də siqaret  dəyib.  Bəzən onun tələbəliyi haqqında  davakar, dəstə-tifaq  adamı  kimi danışıblar. Əslində bunların hamısı  onun daim axtarışda olan xarakterinə heç də uyğun olmayan şeylərdi. Bütün mühitlərdə  görünməsi onun bu mühitlərin  hansısa birinə  aludəliyi üçün deyil, müşahidələrinin sərbəstliyi üçün gərəkli idi.  Çox səmimi və duru baxışlarından, çiyninə tökülən qıvrım saçlarından, “trapest və platforma” geyimindən  ... sakitliyindən  nəsə bir gizlinlər duyulurdu. Bizlər   onun davranışlarından  anlaya  bilmədiyimiz  nəyi isə axtarıb tapmağa  çalışırdıq.  İyirmi yaşlarında  olan bizlər hələlik ona Yucin deyirdik – Yucin Vitla! Aqil kiçik bir  çevrədə  – özü kimi  axtarışlarda olan çevrədə  hərdən bu adla çağrılmağını  qəribə bir təbəssümlə  qarşılayırdı.

 

Yucin Vitla  dünyaşöhrətli  rəssam olsa da, o ədəbi qəhrəman idi...

Aqil fırçasını və boyalarını  bir kənara  qoyubmuş...

Aqil qələmə  sarılıbmış, qələmlə çəkirmiş...

... Sözün şəklini  çəkirmiş.

Heç kəsə  bənzəmədən özü olurmuş...

Aqil Abbas adlı  bənzərsiz ömür yolu ilə.

 

 

Məzahir Əhmədoğlu

 

525-ci qəzet.- 2013.- 2 aprel.- S.7.