“Azərbaycanda dini tolerantlıq mühitinin yaranması yolunda son illər çox mühüm addımlar atılıb” (davamı)

 

Müsahibimiz Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi, “Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri Zaur Əliyevdir.

– Ölkəmizdə dinlərəarası dialoq mühiti, dövlətin bu sahəyə diqqəti barədə nələr demək olar?

– Azərbaycanda dövlət dinlər arasında dialoqa həmişə böyük əhəmiyyət verib, tolerantlıq mühitinin hər zaman hökm sürməsini təmin etməyə çalışıb, bu sahədə əldə etdiyi uğurlar nəticəsində dünya ictimaiyyəti tərəfindən tolerantlığın parlaq nümunəsi adlandırılmağa müvəffəq olub. Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan kimi tanınıb. Belə bir şəraitin mövcüd olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və başqa səbəblər böyük rol oynayıb. Azərbaycanın din tarixinə qısaca nəzər salınsa və hazırkı dini durum təhlil edilsə, bu qədim torpaqda tarixən şamanlıq, atəşpərəstlik, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlərin yanaşı mövcud olduğunu və bu dinlərin Azərbaycan xalqının tolerantlıq keyfiyyətinin formalaşmasında kifayət qədər təsiri olduğunu görməmək mümkün deyil. Bu gün Azərbaycan Respublikasında din–dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzim edilir. Konstitusiyanın 18-ci maddəsi bildirir: “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İnsan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır”. Konstitusiyanın 48-ci maddəsi vicdan azadlığı prinsipini şərh edir: “Hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai-əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüququ pozuntusuna bəraət qazandırmır”.

Bundan irəli gələrək də, hazırda Azərbaycandakı hər hansı dini  konfessiyaların fəaliyyətində heç bir məhdudiyyətlər yoxdur. Azərbaycana irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizm kimi hallar həmişə yad olub. Azərbaycan torpaqlarının erməni işğalçılarının təcavüzünə məruz qalmasına, Xocalı faciəsinin törədilməsinə baxmayaraq dinlərarası dialoq, tolerantlıq, ermənilərin mənsub olduğu dinin davamçılarına qarşı heç bir zəiflik göstərmədən davam etdi. Bu ənənənin dinlərin qarşıdurması kimi təqdim olunmasına Azərbaycan dövləti və xalqı imkan vermədi. Bundan istifadə etməyə çalışanlar unudurdular ki, Azərbaycanda tolerantlıq milli sərvət olaraq qəbul edilir və bunun formalaşmış və yerləşmiş ənənəsi mövcuddur. Hazırda ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər, dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri, ənənəvi olmayan din qruplardan olan krişnaçılar, bəhalər və sair dinlərin mənsubları birlikdə tolerantlıq, əmin-amanlıq içində yaşayır və öz dini etiqadlarını rahatlıqla qoruyub icra edirlər. Ölkəmizdə onlarla qeyri-islam təmayüllü məbədlər fəaliyyət göstərir. Hətta xüsusi olaraq Qubada yəhudilərə məxsus olan “Krasnaya sloboda” qəsəbəsini də qeyd etmək lazımdır. Hazırda Azərbaycan Respublikası ərazisində 510-dan artıq dini icma qeydiyyatdan keçib. Bunlardan 32-si qeyri-islam təmayüllü dini icmalardır. Qeyd edək ki, Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Bildiyiniz kimi müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır. Belə ki, 22 iyun 2004-cü il tarixdə Bakıda “Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu” mövzusunda seminar keçirilmişdir. Fridrix Nauman Fondunun (Almaniya), “Vətəndaş cəmiyyəti uğrunda” müstəqil məsləhətçi mərkəz (Azərbaycan), Münaqişələr və danışıqlar üzrə beynəlxalq mərkəz (Gürcüstan) və Amerikanın yəhudi komitəsi (ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan, ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini konfessiyaların nümayəndələri, siyasətçilər, tarixçilər və ekspertlər iştirak etmişlər.

– Necə düşünürsünüz, qloballaşma etnik mənsubiyyətə, milli dəyərlərə öz təsirini göstərirmi?

– Bilirsiniz qloballaşma qlobal multimədəni cəmiyyət dövrüdür. Digər yanaşmada qloballaşma mədəniyyətlərarası və geosiyasi münasibətlərin xüsusi keyfiyyəti kimi səciyyələndirilir. Qloballaşma əsrlərlə qurulan mədəni sərhədləri silir, identikliyi dağıdır. Təhlilin bu xəttinin ən parlaq nümayəndəsi S.Hantinqtondur. Onun fikrinə görə, qloballaşma dünyada münaqişəliyin artmasına səbəb olur. Dünya nisbətən kiçik sistemlərin – mədəni-etniki sivilizasiyaların münaqişə arenasına çevrilir. Qloballaşmanı mədəniyyət və ənənələrin dağılması kimi qiymətləndirilən bəzi alimlər onu son dərəcədə neqativ işıqda səciyyələndirilir. Antiqlobalist hərəkatı əsasən bu mənbədən qidalanır. Bu mövqe bu qüvvələrə xas olan ekstremist metodlar vasitəsilə əhaliyə çatdırılır. Milli dövlətlər dövlət sərhədləri hüdudlarında iqtisadi fəallığa nəzarət etmək qabiliyyətini itirirlər. Hökumətlər artıq milli iqtisadiyyatları arzuolunmaz xarici-iqtisadi nəticələrdən əvvəlki kimi müdafiə etmək iqtidarında deyildirlər. Onlar hətta öz milli valyutalarının dəyərini təzimləməyə qadir deyillər, çünki bütün valyutalar sutka ərzində Tokio, London, Nyu-Yorkun valyuta birjalarında satılır və alınır. Peyk rabitəsi yer kürəsinin bütün nöqtələrindəki dünya bazarlarını birləşdirir.

Belə bir dövrdə artıq dünyada etnik mənsubiyyətlər təhlükə altına düşür. Baxmayaraq ki, qloballaşan dünyada hər bir xalq, etnik qrup, mədəniyyət özünü anlamaq istəyi daha qabarıq üzə çıxır. Burada milli dilin qorunması milliliyi təmin etməklə bərabər, beynəlmiləlçiliyi də formalaşdırır. Milli dəyərlər, mədəniyyət konkret millətin tarixi kökü əsasında bərqərar olsa da, onun məzmununda beynəlmiləlçilik ünsürləri də mövcud olur. Bu da zamanla dillərin, mədəniyyətlərin yoxa çıxmasına aparır. Artıq elə xalqlar var ki, öz ana dillərində danışa bilmirlər, ingilis dili onların əsas dilinə çevrilib. Milli geyimləri, musiqiləri, mətbəxləri sıradan çıxmaq üzrədir. Bu da qloballaşma dövründə etnik mənsubiyyətin rolunun azalmasına gətirib çıxardır.

– Dünyada yayılan bütün dinlərin ortaq və əsas xüsusiyyəti təbliğatdır. Dini təbliğat deyəndə ağıla ilk olaraq missionerlik gəlir. Missionerlərin tarixi ənənəsi haqqında nə deyə bilərsiniz?

– Müstəqillik əldə edildikdən sonra dini dəyərlər üzərində qoyulmuş qadağaların ləğv edilməsi, dini ədəbiyyatların geniş yayılması, ideoloji mərkəzlərin formalaşması missionerlərin ölkəyə axını ilə nəticələndi. “Mission” və “missioner” sözləri latın dilindəki “missio”dan törəyib, lüğəvi mənası “vəzifə”, “səlahiyyət”, “vəkalət” deməkdir. Əsrlər keçsə də, bu siyasət yaşamaqdadır. Xristianlar daxil olduqları ölkələrdə sadəcə xristianlığı təbliğ etməklə kifayətlənmir, milli dəyərləri, tarixi abidələri, el adət-ənənələrini də sarsıtmağa çalışırlar. Çünki onlar yaxşı bilirlər ki, bunlar yaşadıqca, heç bir yerli əhali onların quraşdırdıqlarına əhəmiyyətlə yanaşmayacaq. Buna görə də, bu hiyləgər qrup bir milləti millət kimi ayaqda saxlayan, ona daxildən mübarizlik bəxş edən bütün dayaqları yıxmaq istəyirlər. Bugünkü missionerlik içində mədəniyyət və iqtisadiyyat missionerliyi daha güclüdür. Ağır sənaye, hərbi strategiya, hakimiyyətin əsasən xristian ölkələrinin əlində və informasiya vasitələrinin onların nəzarətində olması, həmçinin spirtli içkilər, əxlaqsızlıq, özbaşınalığın artması missionerlərin fəaliyyətlərini daha da asanlaşdırır. Əgər onlar ötən illərə kimi pul və iqtisadi köməklərlə qabağa gedirdilərsə, indi bütün bunlara daha rahat və sərfəli yollarla – içki, qumar, əxlaqsızlıq, narkotik maddələr və pornoqrafik filmlərlə nail olurlar.

 

(Ardı var)

 

 

Günel MUSA

 

525-ci qəzet.- 2013.- 2 aprel.- S.6.