Şərəfli nəslin təmsilçiləri

 

və ya bir daha Azərbaycan tarixində Qacarların yeri və rolu haqqında

 

Bəllidir ki, hər bir xalqın, ölkənin tarixi inkişafında onun sayılıb seçilən nəsillərinin, sülalə və soylarının böyük təsiri vardır. Bu nəsillər qüdrətli hökmdarlar yetişdirmiş, dünya iqtisadiyyatına və geosiyasətinə təsir göstərən, onu istiqamətləndirən diplomatlar, sərkərdələr, maliyyəçilər, iri kapital, mülkiyyət sahibləri ərsəyə gətirmişlər. İngiltərədə Stüartlar, Fransada Monpasyelər, Burbonlar, Almaniyada Valdekslər, Vütemberqlər, Rusiyada Menşikovlar, Narışkinlər, Şeremetyevlər, Saltıkovlar, Yusupovlar məhz belə nəsillərdəndir.

Azərbaycanda da qədim tarixi köklərə, şərəfli şəcərəyə mənsub nəsillər, boylar az olmayıb. Salarlar, Əfşarlar, Şamlılar, Ustaclılar, Kəngərlilər, Qarapapaqlar və bir çox başqaları müxtəlif dönəmlərdə ölkəmizin siyasi həyatında mühüm rol oynayıblar. Belə qüdrətli, cəngavər soylardan biri də Qacarlar nəslidir.

Qədim türk soyundan olan Qacarlar nəsli Azərbaycan tarixində şərəfli yer tutur. Bu nəsli təmsil edən insanlar dövlətçilik, idarəçilik, hərb, mədəniyyət, elm tariximizə parlaq səhifələr yazmışlar. Qacarlar barəsində çağdaş tarixdə bir çox dəyərli tədqiqat əsərləri yazılsa da, bu əski soy-kökə bağlı layiqli insanlarımız haqqında bilmədiklərimiz də az deyil. Xüsusən XIX əsr – XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Qacar nəsli təmsilçiləri haqqında heç də bütün həqiqətlər axıradək işıqlandırılmayıb. Ona görə də bu nəsli barədə yeni mənbələrin aşkar edilməsinə, tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

Bəllidir ki, Qacar tayfaları Azərbaycan tarixində mühüm rol oynamışlar. Vaxtilə Türküstandan gəlmiş, İran, İraq, Suryia ərazilərində yaşamış bu qədim türk tayfasının Azərbaycanda daimi məskunlaşması XIII-XIV əsrlərə aiddir. Elə o zamandan da bu şərəfli nəsil milli dövlətçilik tariximizin inkişafında yaxından iştirak etmişdir.

Qacarlar nümayəndələrinin dövlət işlərinə, idarəçiliyə, mühüm dövlət qulluqlarına cəlb edilməsi erkən Səfəvilər dövründən etibarən daha intensiv şəkil almışdır. Çünki Qacarlar vaxtilə Səfəvilərin hakimiyyət başına keçməsinə çox yardım etmişlər. İki türk soyunun digər nəsillərlə ittifaqda bir-birinə siyasi dəstək olması və bir birini müdafiə etməsi Azərbaycan dövlətçiliyinin tarixən uzunömürlü olmasını şərtləndirən mühüm cəhətlərdən biri olmuşdur. Səfəvilər də Qacarların dəstəyini unutmamış, Azərbaycanın bir çox bölgələrinin idarəsini onlara tapşırmışdılar.

Qacarların təkcə İran və Cənubi Azərbaycanda deyil, həm də Şimali Azərbaycan torpaqlarında əsrlərdən bəri məskunlaşmasını təsdiq edən müxtəlif toponimlər var. Bunlardan biri də Füzuli rayonu ərazisindəki məşhur Qacar kəndidir. Köndələnçayın sahilində, Qarabağ silsiləsinin ətəyində, səfalı yerdə yerləşən bu kənd bir çox ziyalıların, tanınmış şəxsiyyətlərin məskəni olmuşdur. Rayon mərkəzinə yaxın olan bu kənddə vaxtilə mədəniyyət sarayı, klub, böyük kitabxana, rabitə şöbəsi və s. fəaliyyət göstərirdi. Təəssüf ki, bu gün bu gözəl, qədim kənd Qarabağın bir çox digər yaşayış məskənləri kimi düşmən tapdağı altındadır.

Qədim yurd yerimiz olan Zəngəzur mahalındakı Qacaran (Qacarlar) şəhərinin adı da türk mənşəli Qacarlarla bağlıdır. Qacaranın Zəngəzurda yerləşməsi buranın yerli sakinlərinin məhz türkdilli tayfalar olmasının birbaşa sübutudur. Maraqlıdır ki, təkcə Ermənistanda deyil, həm də işğal etdikləri Qarabağ torpaqlarında türk mənşəli toponimləri ciddi-cəhdlə dəyişən ermənilər İran sərhəddi yaxınlığında yerləşən Qacarana toxunmağa ürək etmirlər. “Qacar” sözünü “igid” mənasında qəbul edib bu qədim toponimi “İgidlər məskəni” kimi izah etməklə vəziyyətdən çıxmağa çalışırlar. Çörəkləri İrandan, daha doğrusu Cənubi Azərbaycandan çıxan, dilimizi bilmək hesabına Təbrizdə, digər şəhərlərdə çörək pulu qazanan, Ermənistanın özündə  cənublu soydaşlarımıza xidmət göstərərək özünü birtəhər dolandıran ermənilər bu qədim türk toponimini qoruyub saxlamağa məcburdurlar.

Adətən Qacar deyildikdə çoxları ilk olaraq Ağa Məhəmməd Şah Qacarı xatırlayır. Şübhəsiz ki, burada Səməd Vurğunun “Vaqif  dramının böyük, bəlkə də həlledici rolu var. Azərbaycan insanlarının çoxusu Qacarı tarixdən əvvəl “Vaqif”dən tanıyıb. Həm də “Vaqif”dən tanıdığımız Qacar müstəbid və qaniçəndir. Lakin unutmayaq ki, Səməd Vurğun bu əsəri müdhiş 1937-ci ildə yazmışdı və dövrün tələbləri ilə, kommunist ideologiyasının siyasi sifarişi ilə hesablaşmağa məcbur idi. O, Ağa Məhəmməd Şahı Azərbaycan Qacar hökmdar sülaləsinin banisi kimi deyil, zalım hökmdar kimi təqdim etmişdi. Həmin dövrün yaratdığı bu yanlış stereotip bu gün də insanların şüuruna təsir göstərməkdədir. Mən tarixçi deyiləm və bu yazıda dağınıq İran dövlətini yenidən azərbaycanlı hökmdar sülaləsinin güclü hakimiyyəti altında birləşdirən, fars mənşəli Zəndilər sülaləsinin hakimiyyət iddialarına son qoyan Ağa Məhəmməd Şahı təmizə çıxarmaq fikrindən uzağam. Onsuz da tarix ən etibarlı hakimdir və hər kəsin layiq olduğu qiyməti əvvəl-axır özünə verir. Lakin Ağa Məhəmməd Şah da Qacarlardan idi və Qacarların siyasi hakimiyyətdə möhkəmlənməsi, onların 130 il ərzində İranda hakimiyyət başında olması, bundan sonra da, xüsusilə rus imperiyası tərəfindən tutulmuş Şimali Azərbaycanda çox nüfuzlu, sözü keçərli nəsil kimi tanınması onun adı ilə bağlıdır. Yeri gəlmişkən, Qacarlardan sonra, 1925-ci ilin dekabrında İranda hakimiyyət başına fars mənşəli Pəhləvilər sülaləsi gəldi. Əslində bu sülalə də Azərbaycan mənşəli olmamış deyildi, lakin bu, başqa tədqiqatın mövzusudur.

Qacarlar ictimai və mədəni həyatın əksər sahələrində uğurla fəaliyyət göstərmişlər. Lakin onların tarixində iki sahə – idarəçilik və hərb sənəti xüsusi olaraq seçilir.

Qacarlar nəslinin ən şərəfli nümayəndələrindən biri vaxtilə İran taxt-tacının vəliəhdi, Azərbaycan vilayətinin hakimi, nəhayət, rus işğalçıları ilə döyüşdə ordu komandanı olmuş Abbas Mirzədir. Fərəhli haldır ki, müstəqillik illərinin tədqiqatlarında Qacarlar nəslinin bu şərəfli övladının tarix və millət qarşısındakı xidmətləri öz obyektiv təhlilini tapmaqdadır.

Abbas Mirzə tarixə daha çox rus-İran savaşının əsas fiqurantlarından biri, İran ordusunun baş komandanı kimi düşmüşdür. Hər iki müharibənin gedişində İran tərəfi məğlub olsa da, Abbas Mirzə öz tükənməz Vətən sevgisi, Azərbaycana bağlılığı, həmçinin hərbi-taktiki məharəti, iti zəkası, fəhmi, yenilməz rəşadəti ilə əbədiyaşar mənəvi qələbə qazanmış oldu.

Qacarlar nəslinin Şimali Azərbaycan torpaqlarını idarə etməsinin dərin kökləri və ənənələri vardır. Tarixi mənbələrdən məlumdur ki, Qarabağ, İrəvan, Gəncə, Qazax-Şəmşədil və s. ərazilərin idarəsi Qacarlar nəslindən olan ayrı-ayrı soylara həvalə olunmuşdu. İrəvan və Gəncə bəylərbəyiləri, sonralar sərdar və xanlar, məşhur Ziyadoğulları nəsli Qacarların törəmələridir. Cəsur İrəvan xanı Hüseyn xan, doğma şəhəri Gəncəni əldə silah qoruyaraq qala divarları üstündə şəhid olmuş qəhrəman Cavad xan və bir çox başqa hakimlər Qacarlardan idi. Bu ənənə hətta rus üsuli-idarəsi dövründə də unudulmamışdı. Demokratik cümhuriyyət zamanında Gəncə Ziyadoğulları nəslindən olan tanınmış dövlət və hökumət xadimləri – Ziyadxanovlar Vətənə, xalqa sədaqətlə xidmət göstərmişlər. Fərəhlidir ki, həmin nəsildən olan bir çox soydaşımız elə indinin özündə də respublikamızın idarəetmə strukturlarında çalışırlar.

Ziyadxanovlar təkcə Gəncəbasar bölgəsinin deyil, bütün Azərbaycanın siyasi həyatında mühüm rol oynayıblar. Bu sırada İsmayıl xan, Adil xan və Şahverdi xan Ziyadxanovların adını xüsusi olaraq qeyd etmək lazımdır. Onların ataları Əbülfət xan Ziyadxanov Gəncəbasar bölgəsinin ən nüfuzlu bəylərindən biri idi. Əbülfət xan oğullarına mükəmməl tərbiyə və təhsil vermişdi. Onun övladları mənsub olduqları nəslin şərəfini daim uca tutmuş, bu nəslin adına layiq yaşamışlar.

İsmayıl xan xalqını dərin məhəbbətlə sevən qeyrətli, təəssübkeş ziyalı olmuşdur. O, ictimai fəaliyyətə hələ çar üsuli-idarəsi dövründə  başlamışdı. Mahalda böyük nüfuz və hörmət sahibi olan İsmayıl bəy 1906-cı ildə birinci Dövlət Dumasına deputat seçilmişdi.

1917-ci ildə İsmayıl xan Gəncə milisinin rəisi təyin olundu. O dövrdə azğınlaşmış daşnaqlar dinc müsəlman əhalisinə qarşı müxtəlif vəhşiliklər törədirdilər, çar üsuli-idarəsi dövründən qalmış yerli hakimiyyət orqanları isə bütün bunlara riyakarlıqla göz yumurdu. Belə bir şəraitdə İsmayıl xanın Gəncə milisinə başçı təyin olunması olduqca vacib idi. Bu cəsarətli insan qısa müddətdə ətrafına kifayət qədər qüvvə toplaya bildi, Gəncəbasarda at oynatmağa çalışan daşnaqların, onlarla əlbir olan bolşeviklərin hücumlarının qarşısını almağa müvəffəq oldu. 1918-ci ilin mart hadisələri zamanı bu qeyrətli xan özü kimi qeyrətli oğullardan böyük silahlı dəstə yaratdı. Ciddi hərbi nizam-intizama malik olan bu dəstə Şamaxı və Göyçay qəzalarında birləşmiş daşnak-bolşevik qüvvələrinə qarşı müvəffəqiyyətlə mübarizə aparmışdı.

Azərbaycan Demokratik Cümhuriyyəti qurulduqda İsmayıl xan Ziyadxanova hökumətin ikinci nazirlər kabinetinin tərkibində hərbi işlər üzrə müvəkkil vəzifəsi həvalə olundu. İsmayıl xan ona tapşırılan bütün işləri böyük səylə icra edir, müstəqilliyin əbədi olacağına inanırdı. 1920-ci ilin martında demokratik cümhuriyyət onu İrana, danışıqlar aparmağa göndərdi. İsmayıl xan hərb işində olduğu kimi, diplomatik işdə də fitri istedada malik idi. O, öz nüfuz və imkanlarından istifadə edərək İran hökuməti ilə cümhuriyyət üçün mühüm olan danışıqlar aparmışdır.

Adil xan Ziyadxanov da görkəmli şəxsiyyət olmuşdur. O, Rusiyada təhsilini başa vurduqdan sonra dövlət qulluğunda, müxtəlif vəzifələrdə çalışmışdı. Adil xan Ziyadxanov uzun müddət o zaman Yelizavetpol adlanan Gəncədə və Bakıda məhkəmə sistemində işləmişdir. Qardaşları ilə birlikdə Azərbaycanın müstəqilliyi uğrunda gərgin iş aparan Adil xan cümhuriyyət dövründə əvvəlcə xarici işlər nazirinin müavini, daha sonra, ikinci nazirlər kabinetində xarici işlər naziri vəzifəsini tuturdu. O da qardaşı İsmayıl xan kimi diplomatik fəaliyyət göstərir, Azərbaycanın müstəqilliyinin beynəlxalq arenada tanınmasına çalışırdı. Cümhuriyyət dönəminin son çağlarında Adil xan Azərbaycanın İrandakı diplomatik nümayəndəliyinin başçısı idi. Yəqin elə buna görədir ki, qardaşlarının, onlarla bərabər yüzlərlə, minlərlə qeyrətli Azərbaycan oğullarının yaşadığı acı taledən yan keçməyə müvəffəq oldu. Azərbaycanın bolşevik istilasına məruz qaldığını, İsmayıl xanın güllələndiyini öyrənən Adil xan özünə ikinci Vətən saydığı Türkiyəyə gedir, burada da qoca yaşlarında dünyasını dəyişir.

İsmayıl xan və Adil xanın qardaşı Şahverdi xan da mənsub olduğu nəslin adını daim uca tutmuşdur. Şahverdi xan peşəkar hərbçi idi. O, 1905-ci ildə rotmistr, 1919-cu ildə isə polkovnik rütbəsi almışdı. Şahverdi xan general Əlağa Şıxlinski kimi rus-yapon müharibəsinin iştirakçısı olmuşdur. Döyüşdə göstərdiyi qəhrəmanlığına görə rus hökuməti onu 31 avqust 1911-ci ildə III dərəcəli Müqəddəs Stanislav ordeni ilə, həmçinin fəxri qılıncla təltif etmişdi.

Soy-kökü Qarabağ Qacarlarına bağlı olan böyük nəsillərdən biri də hər kəsə yaxşı bəlli olan Bədəlbəylilər nəslidir. Bu istedadlı nəsil gözəl ziyalımız Bədəl bəyin adı ilə bağlıdır. Bədəl bəyin özü də ziyalı mühitində yetişmişdi. O, elmi, sənəti layiqincə qiymətləndirir, millətin tərəqqisində maarifin, mədəniyyətin, təhsilin əhəmiyyətini yaxşı başa düşürdü. Bədəl bəy Qarabağda nəcibliyi, igidliyi və səxavəti ilə ad çıxarmış Bəşir bəyin övladı idi. Bədəl bəy Qori seminariyasında təhsil almışdı və sadə insanlar arasında maarifi, mədəniyyəti yaymağı qarşısına məqsəd qoymuşdu. Bu münəvvər, nurlu insan bir müddət Şuşada, sonralar isə Bakıda müəllimlik etmişdi. O, kasıb, imkansız ailələrdən olan uşaqlara xüsusi həssaslıqla yanaşardı. Bakıda fəaliyyət göstərərkən Bədəl bəy “Nicat” xeyriyyə cəmiyyətinə üzv olmuşdu və mədəniyyətimizin tanınmış simaları ilə dostluq, sıx yaradıcılıq əlaqələri saxlayırdı. Teatr vurğunu olan Bədəl bəy fitri aktyor istedadına malik idi. Onun həm də məlahətli səsi vardı. Bunları nəzərə alan Üzeyir bəy onu “Leyli və Məcnun” operasında oynamağa dəvət etmişdi. Müxtəlif vaxtlarda Bədəl bəy bu operada Məcnun, İbn Salam və başqa rolları ifa etmişdi.

Bədəl bəyin doğma qardaşı olan Əhməd bəy Ağdamski Azərbaycan teatr tarixi salnaməsində heç vaxt silinməyəcək parlaq iz buraxmışdır. Milli teatr səhnəmizdə qadın ifaçılarının olmadığı bir zamanda bu nəcib, qeyrətli gənc təzyiqlərə mərdliklə sinə gərərək, tənələrə məhəl qoymayaraq səhnəmizdə qadın rollarını yüksək məharətlə ifa etmişdir. Əhməd bəy həm də musiqi təhsili sahəsində məhsuldar fəaliyyət göstərirdi. Ümumiyyətlə, Qarabağ Qacarları ilə qohumluq münasibətlərində olan Bədəlbəylilər maarif, mədəniyyət, xüsusilə teatr, musiqi sahələrində xalqa misilsiz xidmətlər göstərmişlər. Başqa bir tərəfdənsə Hacıbəylilər nəsli ilə, Üzeyir bəylə qohum olan Bədəlbəylilər mədəniyyət tariximizə bir çox parlaq səhifələr yazmışlar.

Bədəl bəyin övladları – Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli mənsub olduqları nəslin adını daim uca tutmuşlar. Əfrasiyab Bədəlbəyli Azərbaycanın ilk peşəkar bəstəkarlarından biri olmuş, istedadlı dirijor, musiqişünas, librettoçu kimi sənət tariximizə əbədi daxil olmuşdur.  Əfrasiyab Bədəlbəyli ilk milli Azərbaycan baleti olan “Qız qalası”nın müəllifidir. Bədəl bəyin kiçik oğlu Şəmsi Bədəlbəyli isə görkəmli teatr xadimi, istedadlı rejissor olmuş, Azərbaycan teatrının inkişafında önəmli rol oynamışdır. Müxtəlif illərdə Şəmsi Bədəlbəyli Musiqili Dram Teatrının, Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri olmuş, Teatr Cəmiyyətinin sədri vəzifəsində çalışmışdır. O, həmçinin aktyor kimi də fəaliyyət göstərmiş, kinofilmlərdə unudulmaz obrazlar yaratmışdır.

Hazırda bu tanınmış nəslin yaratdığı böyük sənət ənənələrini istedadlı musiqiçimiz, xalq artisti, virtuoz pianoçu, professor Fərhad Bədəlbəyli ləyaqətlə davam və inkişaf etdirir. Bədəlbəylilər nəslinin timsalında Qarabağ Qacarlarının maarif və mədəniyyət sahəsində ən qabil şəcərələrindən birini aydın görmək mümkündür.

Qarabağ Qacarlarının mədəniyyət sahəsindəki tanınmış simalarından söz açarkən görkəmli opera müğənnisi, xalq artisti Sürəyya Qacarın adını çəkməmək olmaz. Bu istedadlı sənətkar opera ifaçılığı tarixində silinməz iz qoymuşdur. Onun Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində yaratdığı Leyli, Gülnaz, Asya (“Leyli və Məcnun”, “O olmasın, bu olsun”, “Arşın mal alan” Ü.Hacıbəyli), Şahsənəm (“Aşıq Qərib”, Z.Hacıbəyov) və bir çox başqa partiyalar təbiiliyi, səmimiliyi, orijinal ifa tərzi ilə yadda qalmışdır. Sürəyya Qacar həmçinin Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, pedaqoji fəaliyyət göstərmişdir. O, Azərbaycan xalq mahnılarını, muğamları, habelə dünya xalqlarının mahnılarını yüksək peşəkarlıqla ifa etmişdir.

Əlbəttə, bu deyilənlər Qacarlar nəslinin nisbətən yaxşı öyrənilmiş səhifələrini təşkil edir. Ayrı-ayrı elm, mədəniyyət, həmçinin idarəçilik, hərb tariximizin bu nəsildən olan tanınmış simalarının fəaliyyəti barədə elmi-publisistik materiallar, tədqiqat işləri yetərincədir. Lakin Qarabağ Qacarlarının nəsil şəcərəsində elə görkəmli tarixi şəxsiyyətlərə təsadüf etmək olar ki, bu gün onların haqqında bildiklərimiz bilmədiklərimizdən qat-qat azdır. Halbuki bu insanlar mədəniyyət tariximizə böyük töhfələr vermişlər və unudulmağa əsla layiq deyillər. Elə buna görə də bu gün çoxlarının tanımadığı Qarabağ Qacarları haqqında yazmağı, əlimdə olan materiallarla oxucuları tanış etməyi lazım bildim.

Nisbətən yaxın keçmişdə Qacarlar nəslinin tanınmış nümayəndələrindən biri də Məhəmməd xan Qacar (Xoyski) olmuşdur.  O, Ata xan adı ilə də tanınırdı. Xoyski soyadı Məhəmməd xanın Xoy nəsli ilə bağlılığını göstərir. Məhəmməd xan Bəhmən Mirzə Qacarın nəsil şəcərəsinə mənsub idi. Məhəmməd xan o taylı bu taylı Azərbaycanımızın istər siyasi, istərsə də mədəni həyatında mühüm mövqe tutmuş, mükəmməl tərbiyə və təhsil görmüş  ziyalı, vətənpərvər şəxsiyyətlərdən biri olmuşdur. Məhəmməd xan Qarabağda şərəfli ad qazanmışdı və oranın sayılıb seçilən adamlarından biri idi. O, Qarabağın siyasi və mədəni həyatında önəmli rol oynayıb. Məhəmməd xanın qızları da, oğlu Bəhmən də mükəmməl təhsil almışdılar və mənsub olduqları böyük nəsli şərəflə təmsil edirdilər.

Şah nəslindən olması, insanlarla mülayim, dostyana rəftar etməsi  Məhəmməd xanı Qarabağda böyük nüfuz sahibi etmişdi. Onun həyat yoldaşı İran şahının doğma bacısı idi. İranın şah xəzinəsinin qiymətli incilərindən sayılan “qara mirvari” şahın bacısına məxsus idi. O, qara mirvarini öz boyunbağısına bənd etdirmişdi. Vaxtilə bu qiymətli daş İran şahlarının tacını bəzəyirmiş. İllər sonra Məhəmməd xanın qızı Şuşada, foto-atelyedə şəkil çəkdirərkən anasından ona yadigar qalmış həmən o “qara mirvari” boyunbağını taxmışdı. Bu şəkil indi də durur və Qacarlar nəslinin bu  qolunun tarixinin araşdırılmasına xeyli dərəcədə işıq salır. Ümumiyyətlə, Qacarların Qarabağ həyatına ayna tutan tarixi şəkillərin bir qismi dövranın çətin dolaylarından keçərək hifz olunmuş və günümüzədək gəlib çatmışdır.

Məhəmməd xanın oğlu Bəhmən xan dövrünün mükəmməl təhsil almış ziyalılarından idi. O, əvvəlcə Qarabağda, sonra isə Tiflisdə təhsil almışdı. Bəhmən xanın tələbəlik illəri ötən əsrin əvvəllərinə – təxminən 10-cu illərin ortalarına təsadüf edir. Arxivimdə yaşı yüzə yaxın olan köhnə bir foto var. Bu foto-sənəd Bəhmən xanın tələbələik illərinə az da olsa, işıq salır. Tiflisdə, cənab B.P.Mişşenkonun foto-emalatxanasında çəkilmiş həmin şəklin arxasında rusca mürəkkəblə əl xətti ilə yazılmışdır: “Əziz dostum Bəhmən xana onun xatirini çox istəyən əbədi dostu və yoldaşı Müseyib bəy Sultanov tərəfindən xatirə olaraq. 21 noyabr 1915-ci il”. Bəhmən xanın, onun bacılarının, atası Məhəmməd xanın daha bir neçə şəkli də arxivimdə qorunub saxlanılmaqdadır.

İri mülkədar olan Məhəmməd xanın Qarabağda geniş torpaq sahələri var idi. Maraqlıdır ki, Xankəndi özü də Məhəmməd xanın şəxsi mülkü olmuşdur. Bəhmən xan 16 yaşına çatanda atası Xankəndini oğluna hədiyyə etmişdi.

O dövrdə Azərbaycan ziyalılarının böyük əksəriyyətinin əqidəsinə hakim kəsilmiş milli məfkurə, demokratik dəyərlərdən, Avropa mədəniyyətindən bəhrələnmək meylləri çox istedadlı gənclər kimi Bəhmən xana da sirayət etmişdi. O, təhsilini başa vurduqdan sonra Vətəni Azərbaycana xidmət etmək istəyirdi. Lakin Bəhmən xan bu arzusunu sonadək reallaşdıra bilmədi. Azərbaycanın bolşeviklər tərəfindən istilasından sonra əksər nüfuzlu xan-bəy nəsilləri kimi, Qacarlar nəslinin də tanınmış, sayılıb-seçilən təmsilçilərinin başı üzərindən qara yellər əsməyə başlayır. Ruzigar bu qədim nəsli pərən-pərən salır, hərə bir səmtə üz tutaraq təqiblərdən, repressiyalardan qurtulmağa çalışır. O zaman hələ gənc olan Bəhmən xanın da alnına bu məşəqqətlərə sinə gərmək yazılıbmış. Lakin harada olmasından asılı olmayaraq Qarabağ Qacarlarının ayrı-ayrı qolları mənsub olduqları qədim şəcərənin ləyaqətini hifz etməyi bacarıb, kim olduqlarını unutmayıblar. Bəhmən xanın xatirəsi də yaddaşlardan silinib getməyib.

Ötən il yolum Çexiyanın məşhur kurort şəhəri olan Karlovı Varıya düşmüşdü. Öyrəndim ki, burada da Qarabağ Qacarları nəslinin nümayəndələri var. Çox soraqlaşdıqdan sonra Bəhmən xanın nəvəsi olan Rəna xanımla əlaqə saxlaya bildim. Rəna xanım Çexiya Respublikasında, Karlovı Varı şəhərində yaşayır. Orada qızıl və zinət əşyaları magazasının sahibidir. Rəna xanım da, onun qızı Səbinə xanım da məndə xoş təəssürat oyatdı. Onlarla söhbətləşdikcə, hal-əhval tutduqca, bu qədim nəslə xas olan nəcibliyi, sadəliklə ifadə olunmuş kübarlığı, ziyalı düşüncəsini aydın duyub hiss edirdim. Rəna xanım mənsub olduğu bu böyük nəsillə bağlı bilgilərini mənimlə bölüşdü, xatirələrini danışdı. Söz verdim ki, vaxt tapıb bu gün çoxlarının unutduğu, lakin unudulmağa layiq olmayan insanlar haqqında, xüsusən Rəna xanımın babası Bəhmən xan haqqında yazı yazacağam. Elə bu məqsədlə də Qacarlar nəsli barədə materiallar toplamağa başladım. Düşünürəm ki, Bəhmən xanın, onun qohumlarının və yaxınlarının araşdırılıb üzə çıxarılması, fəaliyyətlərinin öyrənilməsi tariximizin hələ də tədqiq edilməmiş səhifələrini maraqlı faktlarla zənginləşdirəcəkdir. 

 

 

Timuçin Əfəndiyev

 

525-ci qəzet.- 2013.- 2 aprel.- S.4.