“Azərbaycanda dini tolerantlıq
mühitinin yaranması yolunda son illər çox mühüm
addımlar atılıb” (davamı)
Müsahibimiz
Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın
Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
“Politologiya və siyasi sosiologiya” şöbəsinin böyük
elmi işçisi, Azərbaycan Turizm İnstitutunun müəllimi,
“Diaspor və Lobbi” Elmi Araşdırmalar mərkəzinin sədri
Zaur Əliyevdir.
– Dini təbliğat
deyəndə ağıla ilk olaraq missionerlik gəlir. Missionerlərin tarixi ənənəsi haqqında nə
deyə bilərsiniz?
– Müstəqillik
əldə edildikdən sonra dini dəyərlər üzərində
qoyulmuş qadağaların ləğv edilməsi, dini ədəbiyyatların
geniş yayılması, ideoloji mərkəzlərin
formalaşması missionerlərin ölkəyə
axını ilə nəticələndi. “Mission” və
“missioner” sözləri latın dilindəki
“missio”dan törəyib, lüğəvi mə`nası “vəzifə”,
“səlahiyyət”, “vəkalət” deməkdir. Əsrlər
keçsə də, bu siyasət yaşamaqdadır. Xristianlar daxil olduqları ölkələrdə sadəcə
xristianlığı təbliğ etməklə kifayətlənmir,
milli dəyərləri, tarixi abidələri, el adət-ənənələrini
də sarsıtmağa çalışırlar. Çünki onlar yaxşı bilirlər ki, bunlar
yaşadıqca, heç bir yerli əhali onların
quraşdırdıqlarına əhəmiyyətlə
yanaşmayacaq. Buna görə də, bu
hiyləgər qrup bir milləti millət kimi ayaqda saxlayan, ona
daxildən mübarizlik bəxş edən bütün
dayaqları yıxmaq istəyirlər. Bugünkü
missionerlik içində mədəniyyət və iqtisadiyyat
missionerliyi daha güclüdür. Ağır
sənaye, hərbi strategiya, hakimiyyətin əsasən xristian
ölkələrinin əlində və informasiya vasitələrinin
onların nəzarətində olması, həmçinin
spirtli içkilər, əxlaqsızlıq,
özbaşınalığın artması missionerlərin fəaliyyətlərini
daha da asanlaşdırır. Əgər onlar ötən
illərə kimi pul və iqtisadi köməklərlə
qabağa gedirdilərsə, indi bütün bunlara daha rahat və
sərfəli yollarla – içki, qumar, əxlaqsızlıq,
narkotik maddələr və pornoqrafik filmlərlə nail
olurlar. Statistikaya görə, missionerlərin təsirinə məruz
qalan şəxslər əsasən psixoloji sarsıntılar,
depression hallar keçirən insanlar, maddi sıxıntılar
içərisində olan kasıb əhali və özlərinə
“həqiqət” axtarışında olan bəzi şəxslərdən
ibarətdir. Ümumiyyətlə, bu ifadələrin
hamısı missionerliyin sinonimi kimi işlədilir və (məsələn,
bunların arasında ən çox istifadə edilən
“yevangelizm” və “yevangelizasiya”) xüsusilə də xristian
mesajının, təliminin insanlara
çatdırılmasını əsas qəbul edir. Həmçinin,
“şahidlik”, “şəhidlik”və “müraciət” sözləri
də xüsusi mənada xristian mesajını bu dinə mənsub
olmayan xalqlar arasında təmsil və təbliğ etməyi
ifadə edir. Biz bunu ölkəmizdə 1997-ci ildə
qadağan olunmalarına baxmayaraq, hələ də fəaliyyət
aparan “Həyatverici lütf”, “Baptist” cərəyanlarının,
“Yehova şahidləri”nin və bir çox sektaların
adlarında görə bilərik. Azərbaycanda islamın əsas
2 məzhəbinin 3 qolunun, 1 məzhəbin isə 3 cərəyanının
davamçıları var. Bunlar şiə məzhəbinin cəfəri
qolu, sünni məzhəbinin isə şafii və hənəfi
qolları, eləcə də özlərini sünni hesab edən
sufi, sələfi və nurçu cərəyanlarıdır.
Bu cərəyanları və təriqətləri
yayan missionerlər intellektli, müəyyən dərəcədə
bilik səviyyəsi olan insanlara təsir etməyə daha
çox üstünlük verirlər.
– Son illərdə
Qərbdə, Avropada İslamın yayılması ilə
bağlı narahatlıqlar yarandığı barədə
tez-tez söz açılır...
– Bu
yaxınlarda Belçikanın sağçı millət vəkili
Filip Devinter yazdığı “İnşallah? Avropa
islamlaşır” (“Inch’aAllah? De İslamisering van Europa”)
adlı kitabında Avropanın islamlaşmasını saatla
işləyən bombaya oxşadıb. Kitaba
görə, Avropa sürətlə islamlaşır. Onun bu nəticəyə gəlməsinə səbəb
isə ABŞ və Britaniya alimlərinin apardıqları
sosioloji tədqiqatların nəticələridir. Nəticələrə görə, dünyada ən
çox yayılmaqda olan din İslamdır. Hazırda
dünyada 1,5 milyarddan artıq müsəlman
var. Yəni dünyadakı hər dörd insandan biri İslama
sitayiş edir. Müsəlmanların 2/3 hissəsi
Asiyada, yerdə qalan hissəsi isə Afrikada və
dünyanın başqa regionlarında yaşayırlar. Miqrasiya və mühacirət nəticəsində
Avropa ölkələri və ABŞ-da müsəlmanların
sayı sürətlə artır.
Amerikada
“Live Wye Research” beyin mərkəzi hesab edir ki, İslam ölkələrindən
köçün, Avropanın ənənəvi həyatı üçün
bir təhlükə olduğunu iddia etdiyini aşkarladı. Çünki müsəlmanlar adət-ədəblərini
özü ilə gətirir. Bu adətlər
Qərbdəki vətəndaşları çəkir və
beləcə, İslamı qəbul edənlərin sayı
artır. Almaniyanın “Şpigel” jurnalı “Müsəlman olan almanların
sayı artır” başlıqlı məqaləsində
yazır ki, “Almaniyanın 700 məscidində ölkə vətəndaşı
olan təxminən 100 min müsəlman Məkkəyə, qibləyə
tərəf namaz qılır. Jurnal bildirir ki, son bir neçə
ildə 8000-dən
çox alman qadın müsəlman oldular və onların
çoxu namazı öz iş yerlərində,
başqalarının qarşısında qılırlar. “Şpigel”in məlumatına əsasən, indi
Almaniyada müsəlmanlar ən böyük dini azlığa
çevriliblər. Maraqlı bir məqamı da qeyd edim
ki, son
zamanlarda İngiltərədə rəsmi statistika onu göstərir
ki, “Məhəmməd” adı “Con” adından çoxdur. “Məhəmməd” adı 37-ci yerdə, “Con” adı
39-cu yerdədir və bu məsələnin dərin məna və
məfhumu vardır. İtaliyada çap
olunan “El-jornald” qəzeti “İslam Avropanı istila edir” sərlövhəli
məqaləsində bu barədə geniş məlumat verir. “Əgər vəziyyət
bu minvalla irəliləsə, iki yüz ildən sonra Avropa
müsəlman olacaq və bütün göstəricilər,
o cümlədən cəmiyyətin inkişafı bu proqnozu təsdiqləyir”.
Qərbdə məlum
11 sentyabr terrorundan
sonra İslam və müsəlmanlar diqqət mərkəzinə
gəlməyə başladı. Bu, bir çox
yerlərdə müsəlman dedikdə yalnız bir terrorist təsəvvürü
formalaşdırsa da, əslində istər ABŞ-ın, istərsə
də Avropanın intellektual hissəsi tərəfindən
İslamı ilkin qaynaqlarından öyrənmə həvəsi
yaratdı. Məhz bu həvəs son nəticədə
Avropada İslamın yayılması prosesini sürətləndirdi.
Bəzi ölkələrdə bunun
qarşısını süni olaraq almaq məqsədilə bəzi
iyrənc kampaniyalara başlasalar da, bunun nə cür əks
effekt verdiyini və söz azadlığını bəhanə
gətirərək insanların dini inanclarını təhqir
etməyin nə qədər yanlış bir addım
olduğunu anladılar. Bu həqiqəti dərk
edən dünyanın inkişaf etmiş ölkələri
müsəlman cəmiyyətləri ilə münasibətlərdə
bu nüansı diqqətdən qaçırmayaraq, bu sahədə
kiçik bir xətanın necə problemlərə yol
açacağını anlamağa başladılar. Düşünən beyinlər İslamın qorxu
dini olmadığını bilir. Sübut
etməyə ehtiyac yoxdur. Sadəcə, bu
işdə maraqlı qüvvələr məqsədli təbliğat
aparırlar. Üzdə guya bu təbliğatlar
islamda olan məzhəblərə görə olsa da, əslində
pərdəarxasında məqsəd İslamın bir qorxu dini
olduğunu aşılamağa xidmət edir. “İslamafobiya” termin olaraq qərəzli seçilib.
Fobiya radikal cərəyanlardır. Onlar tarixi İslama milli baxışımızı
dəyişdirib öz siyasi prinsipləri üzərində
bunu qurmağa çalışırlar.
–
Qarabağ münaqişəsinin həlli yolunda baş
sındıran beynəlxalq qurumların tərkibi əsasən
xristian dövlətlərindən ibarətdi. Məsələnin
həllinin ləngiməsi, daha çox ermənilərin
xeyirinə yönləndirilməsinə can
atılmasının din amili ilə bir bağlantısı ola bilərmi?
– Bu məsələyə
yanaşmada tarixə istinad vacibdir. Belə ki,
İslam Qafqazda yayılanda təkallahlı dinlərə
sitayiş edənləri zorla müsəlmanlaşdırmaq
onun təməl prinsiplərinə zidd olduğundan ərəb
işğalları dövründə Albaniyanın xristian əhalisi
İslamın təsir dairəsindən kənarda qaldı.
Bu proses nəticəsində ölkədə dini ayrılıq
baş verdi, əhali iki qrupa
bölündü: birinci qrupa bütün ölkə ərazisinə
yayılmış və çoxluq təşkil edən
müsəlman-türk əhali, ikinci qrupa isə əsasən
Albaniyanın şimalındakı qərb bölgələrində
yaşayan xristian əhali daxil oldu. Bu da erməni
və gürcü kilsələrinin xristian-alban əhalini
öz dini-siyasi və etnik təsir dairələrinə salmaq
uğrunda mübarizni gücləndirdi. Beləliklə,
Azərbaycan İslamla xristianlıq arasında ən kəskin
qarşıdurma meydanına çevrildi. Erməni
və gürcü feodallarının Azərbaycana
qarşı ərazi iddiaları dövrü başlandı.
Onların yeritdiyi siyasətin mahiyyətində
xristian albanları erməni və gürcü kilsələrinin
təsiri altına salmaq, sonra erməniləşdirmək və
gürcüləşdirmək, daha sonra isə
yaşadıqları Azərbaycan torpaqlarına yiyələnmək.
Bu mənfur siyasət uzun əsrlər boyu davam
edib, onun nəticələri indinin özündə də təsirini
saxlamaqdadır. Erməni separatizminin
ideoloqları hər imkandan istifadə edərək, Qərbə
və Rusiyaya belə bir mif təlqin etməyə
çalışırdılar ki, guya Azərbaycandan “islam təhlukəsi”
gözlənilir. Azərbaycan-Ermənistan
münaqişəsi dini zəmində baş verməsə də,
Ermənistanın dini lideri I Vazgen praktiki olaraq
separatçı hərəkatı qızışdıran
şəxslərdən biri olmuşdur. Bu
gün Qarabağ problemi artıq beynəlmiləlləşib
və əslində həlli məsələsi xristian dövlətlərinin
inhisarına alınıb. Hazırda
xristian ölkələri Ermənistanın maraqlarına xidmət
etməyən qərarlar verməkdə çətinlik
çəkirlər. Bəziləri isə
Rusiya və Fransa kimi açıq dəstək nümayiş
etdirirlər. Bunu amerikalı tədqiqatçı Semyuel
Uimz “Ermənistan:
Terrorçu “xristian” ölkənin gizlinləri” kitabında
aşkar yazır. O qeyd edir ki, Son 200 ilin tarixini vərəqləyəndə
bir daha aydınlaşır ki, Azərbaycanın, Türkiyənin
başına gələn faciələrdə erməni-qriqoryan
kilsəsi xüsusi rol oynayıb. Birinci Pyotrdan
başlayaraq rus çarlarına yaltaqlanan erməni
keşişləri Azərbaycanın başına gələn
faciələrin ən böyük müəllifləridir.
Xatırladaq ki, 1918-ci ildə Bakıda,
Şamaxıda, Lənkəranda, Güney Azərbaycanda yüz
minlərlə soydaşımızı məhv edən erməni
terror dəstələrini ilhamvericisi qriqoryan keşişləriydi.
Sovet dövründə “Böyük Ermənistan”
ideyasının yuvası, azərbaycanlılara qarşı təxribatların,
soyqırımların, işğalın
planlaşdırıldığı yer məhz Eçmiədzin
kilsəsi idi. Qriqoryan kilsəsi “Asala”, “Krunk” kimi terror təşkilatlarını
yönəldirdi.
(Ardı var)
Günel MUSA
525-ci qəzet.-
2013.- 3 aprel.- S.6.