Ukraynada  Azərbaycan musiqisi günləri

 

Ukrayna Milli Filarmoniyasının Musiqi salonunda Azərbaycan musiqisi günlərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib. 

525.az-ın məlumatına görə. tədbirin təşkilatçıları Ukrayna Mədəniyyət və Turizm Nazirliyi, Ukrayna Milli Bəstəkarlar İttifaqı (UMBİ), Azərbaycanın Kiyevdəki səfirliyi, Azərbaycan Bəstəkarlar Birliyi (ABB), Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” (UABD) Ümumukrayna İctimai Təşkilatıdır (ÜİT). 

Mətbuat konfransını giriş sözü ilə UMBİ-nin idarə heyətinin başçısı, UMEA-nın müxbir üzvü İqor Şerbakov açıb. O, 

tanınmış Ukrayna bəstəkarı Azərbaycan klassik və milli musiqisini yüksək qiymətləndirərək start verilən Azərbaycan musiqisi günlərini iki dost ölkənin mədəni həyatında çox böyük hadisə adlandırıb. 

Azərbaycan Bəstəkarlar Birliyinin sədri Firəngiz Əlizadə də öz növbəsində Ukrayna klassik musiqisinin ənənəvi yüksək şöhrətə malik olduğunu və onun ifaçılarının virtuozluğunu xüsusi vurğulayıb, Ukrayna tərəfinə və Kiyevdəki səfirliyimizə, bu mədəni tədbirdə iştirakı olan hamıya gözəl təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. 

Dünya şöhrətli Azərbaycan bəstəkarı həmçinin bu günlərin unikal əhəmiyyətini qeyd edərək bildirib ki, musiqi günlərində Ukrayna dinləyicisi nəinki Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov kimi korifeylərin, orta və gənc nəslin nümayəndələri olan müasir bəstəkarların əsərləri ilə, həm də Ukraynada az tanınmış Azərbaycan musiqi alətlərində-tar, saz, kamança və başqa alətlərdə musiqiçilərin ifası ilə tanış olacaq. 

Beləliklə, aprelin 3- də Ukrayna Milli Filarmoniyasının Nikolay Lısenko adına Sütunlu zalında simfonik konsert, aprelin 4-də Ukrayna Milli Bəstəkarlar İttifaqının binasında yekun konsert olacaq. 

Tədbir çərçivəsində həmçinin “Ukrayna-Azərbaycan musiqi əlaqələri” mövzusunda “dəyirmi masa” da keçiriləcəkdir. 

Mətbuat konfransında çıxış edənlər dünyada, o cümlədən dost Ukraynada Azərbaycan musiqi sənətinin fəal təbliği işində ABB-nin rəhbəri kimi Firəngiz Əlizadənin şəxsi töhfəsini xüsusi qeyd ediblər. 

Tədbirdə Azərbaycanın Kiyevdəki səfirliyinin müşaviri Nazim Əliyev, Azərbaycan rəsmi nümayəndə heyətinin üzvləri, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq Artisti Qurban Abbasov, Ukraynanın tanınmış bəstəkarları və mədəniyyət xadimləri, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” ÜİT-nin sədri Hikmət Cavadov və başqaları da çıxış ediblər.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 3 aprel.- S.7.