Poeziyanın həqiqəti:
Yaxşıların azalmaq qorxusu...
Onunla
tanışlığımın, dostluğumun maraqlı bir
tarixçəsi var. Ədəbi məclislərin birində
durdu ürək sözlərini dedi və mövzuya yönəlik
şeirini oxudu. Səmimiyyəti məclisə sirayət elədi.
İlk dəfə gördüyüm bu
şairin çıxışı bir çoxları kimi mənim
də ürəyimdən oldu. Ona yanaşıb təbrik
etdim, oxuduğu şeir haqqında xoş sözlər dedim.
Təvazökarlıqla dinlədi, minnətdarlıq elədi. Sonra
başladığımız şirin söhbət bizi
yaxınlaşdırdı, aramızda hərtərəfli
tanışlığın, ünsiyyətin möhkəm
özülünü qoydu, davamlı bir
körpüsünü yaratdı.
Öyrəndim ki, Nəcməddin Mürvətov
1953-cü ildə Siyəzən rayonunun (keçmiş
Xızı) Yuxarı Ələz kəndində doğulub. İndiki
Pedaqoji Universiteti, o zamankı (APİ) bitirib. İllərdir ki, gənc nəslin təlim-tərbiyəsi
ilə məşğuldur. Şeirləri
dövri mətbuatda vaxtaşırı dərc olunur. Məktəb direktorudur. O vaxtlar dörd şeir
kitabının müəllifi olan Nəcməddin müəllimin
indi kitablarının sayı doqquza çatıb. Hər kitab bir arzu, bir murazdır, şairin duyan
könüllərə səfəridir. Onun
kitablarının adlarını ardıcıllıqla izləmək
istəyirəm. “İlk sözüm”, “Etiraf”,
“Varım-dövlətim”, “Dünyamıza sözüm var”, “Həqiqət
axtarıram”, “Yaxşılar azalmasın”, “İnam zəfərə
aparır”, “Ömür adlı payım varmış” və nəhayət
“Ürəklərin sifarişi sözümdə”... Bu
kitabların hər birinin adı poetik məramnamə kimi səslənir
və şairin iç dünyasının, daxili aləminin
yeni bir görüntüsü kimi boy göstərir. Nəcməddin Mürvətovun mövzuları
çeşidli və rəngarəngdir. Müasirlərimizi
qayğılandıran, düşündürən, riqqətə
gətirən olayların hamısı onun qələmindən
keçib, poetik biçim ala bilir.
Son beş kitabının ilk oxucusu-redaktoru
olduğumdan onun barəsində bir neçə kəlmə
deməyi, şeirləri, poemaları haqqında fikir
bölüşməyi, qənaətlərimi
açıqlamağı özümə borc bildim.
Əsl
poeziya həqiqət axtarışına doğru baş
alıb gedən uzun, sonu görünməyən,
ilğımlarla müşayiət olunan ağ
bir yoldur. Hər şair bu yolda nə qədər
mənzil qət etməyini, hansı ağrı-acılarla
üzləşəcəyini yaradıcılıq
anlarının hansı şirin əzablarını
yaşayacağını heç özü də bilmir.
Bəli, əsl şair ömrü həqiqətə
çatmağa, ona qovuşmağa can atan bir yoldur və nə
yaxşı ki, Nəcməddin Mürvətov da bu müqəddəs
yolun – poeziya yolunun, həqiqət yolunun yolçusudur.
Çünki:
Həqiqət
öz adını tanrı adından almış,
Qalib gəlmiş həmişə milyon-milyon yalana.
Nur selinə
bələnmiş, ziya kimi saf qalmış,
Divan
tutmuş riyaya – haçadilli ilana!
Şair üçün doğru söz, sağ söz hər
şeydən üstün, hər şeydən ucadır. Söz həqiqətdən
uzaq olanda gözdən düşür, məna
yükünü itirir, yazıqlaşır, miskinləşir.
Bax onda şairin o sözü deyən adamdan çox, o sözə
yazığı gəlir:
Sözlər
çoxu mənasını itirib –
Gücü çatmır daşımağa
yükünü.
Aktyor tək
öz rolunu bitirib
Soyunubdur
paltarını, börkünü!
Dünyanın yaşam qayğıları artdıqca, dərdi-əzabı
böyüdükcə onun yalanları da artır, qlobal səviyyədə
böhtan və iftiraları da böyüyür.
Boşboğazlıq
bürüyübdür dünyanı
Deyilənlər çevrilməyir əmələ.
Olacaq tək
göstərirlər xülyanı
Söykənməyib bir əsasa, təmələ.
Çox
yaxşı haldır ki, şair hər şeyin mahiyyətinə
varmaq istəyir, görünənlərin adi
görüntüsünə yox, iç dünyasına
nüfuz etməyə çalışır. “Unudulub ədalət” şeiri məhz
bu daxili iztirabın, iç
sarsıntının məhsuludur:
Mən
peyğəmbər deyiləm həm, aqilliyə iddiam yox,
Deyəcəyim fikirlərsə aydından da
aydındır çox.
Nə qədər
ki, milyonlar ac, tək-təklərsə toxdan da tox
Dolanacaq,
yetər yəqin əvvəl-axır fəlakətə,
Yaşamında dünya çoxdan söykənməyir ədalətə.
Nəcməddin Mürvətovun lirik “mən”i
üçün dünyanın dayaq, istinad nöqtəsi haqq
və ədalətdir. Əgər dünya ədalətə
söykənmirsə onda fəlakət qaçılmazdır.
Dünya özünü də, qoynunda
yaşayan insanları da bu fəlakətdən qorumalı,
haqqın-ədalətin keşiyində ayıq-sayıq
durmalıdır. Əslində haqdan-ədalətdən
uzaqlaşan min bir yalanlarla dünyanın qulağını
dolduran elə insanlardır. Dünya – bu
dünyada yaşayanların sadəcə evidir. Ev
çirkli saxlanırsa, vaxtlı-vaxtında təmizlənirsə
ev yox, ev sahibi günahkardır. Əsrlərdən bəri bəşəriyyət
özünün bütün günahlarını zavallı
dünyanın boynuna yükləyə-yükləyə gəlib.
Ancaq dünya köhə dünyadır, sevgisiylə, sevinciylə,
lap elə kədəriylə də əzizdir, doğmadır.
Nəcməddin Mürvətovun bu əzəmətli,
böyük dünyanın içində öz dünyası
var ki, şair bu dünya ilə yaşayır.
Çünki:
Orda
sözlər həqiqətdən tutur maya,
Orda təkcə haqq-ədalət çatır haya.
Orda
sevinc, eşq-məhəbbət çatır haya
Orda riya,
yalan, böhtan xar olur, xar,
Bax belə bir hikmət adlı bir dünyam var.
Mən şairin “Həqiqət axtarıram”
kitabını oxuduqca onun hikmət dünyasına daxil olduqca,
onu bir insan, bir yaradıcı kimi yaxından tanıdıqca
şeirinə, sözünə rəğbətim, qələminin
gücünə inamım artır.
Bir şeirimdə də demişəm, “həqiqət həqiqət
axtaranların ürəyində olur, vicdanında, şəxsiyyətində
boy göstərir”.
Bu mənada Nəcməddin Mürvətov bir ziyalı,
bir müəllim, ən nəhayət bir şair kimi təqdir
olunmalı, öyülməli insandır. İnanıram
ki, Nəcməddin Mürvətovun şeirləri oxucuların
xoşuna gələcək. Onların haqq-ədalət
duyğusunu əsl həqiqətə, ali həqiqətə
– poeziyaya yönəldəcək. Çünki
dünyada ən böyük həqiqət poeziyadır. Ona görə poeziyadır ki, poeziya həqiqət
uğrunda döyüşür, çarpışır,
mücadilə edir.
N.Mürvətovu
ən çox narahat edən, həyəcanlandıran həyatda
gördüyü eybəcərliklər, insanların qeyri-insani hərəkət və
davranışları, acgözlük, paxıllıq,
riyakarlıq, yaltaqlıq kimi ləyaqət hissini alçaldan,
insanı addımbaşı gözdən salan,
insanlığa yaraşmayan sifətlərdir. Bu
sifətlərlə tez-tez rastlaşan müəllif şeirin,
sözün, çox yerdə köməyinə bel
bağlayır, ta qədimdən bu günümüzə gəlib
çatan bu sağalmaz yaraların poeziya məlhəmiylə
sağalacağına inanır. İnanmasaydı
bəlkə “Anlamaz”ları anlatmağa
çalışmazdı, əyrini, oğrunu “bədbəxt”
adlandırıb şeirin, sözün daşdan keçən
oxuna tuş eləməzdi.
Sən allah gendə dur ki, rahat olum mən bir az,
Qoy düşməsin gözümdən
dünyamızın əşrəfi.
Yaman
yaraşır sənə inan bir ad “anlamaz”
Nadanlığın gətirir ona “şanı, şərəfi”.
Nəcməddin Mürvətov müəllimdir. Didaktiyaya
meyllilik onun peşəsindən gəlir, öyrətmək,
başa salmaq, düz yola yönləndirmək içindən
qonan hissdir, necə deyərlər can yanğısıdır.
Ancaq bu yanğı öz poetik biçimini, təsirli,
yanğılı ifadə tərzini tapa biləndə şeirə
çevrilir:
Tükənib
hoqqana dözümüm, tabım,
Atdığın hər addım zülmüm, əzabım.
Bitəcək
səninlə hər haqq-hesabım
Qoymaram bu
işi bir də sabaha,
Mən öz qiymətimi bilirəm daha.
Və nə yaxşı ki, belədir. İnsan
öz çəkisini, qiymətini biləndə
yaşadığı cəmiyyətdə öz yerini bələdləyəndə
nəyə qadir olduğunu hiss edəndə
böyükdür, ucadır. “Vətəndaşlq” deyilən
ali hiss də bu böyüklükdən,
bu ucalıqdan qaynaqlanır:
Bax nə
vaxtdır açılmır Qarabağın
düyünü,
Eşitməkdən bezmişəm düşmənin
hay-küyünü.
ATƏT,
BMT tutsun qoy uzağı züyünü,
Çıxaq
hərbə, gör neçə igid, dəliqanlıyam,
Mən də sənin tək qağa “köhnə
söz” imkanlıyam.
Nəcməddin
Mürvətovun kitablarında ailə-məişət
mövzusunda qələmə alınmış xeyli şeirlər
var. Səmimiyyəti ilə seçilən bu şeirlərdə
ata haqqı, ana müqəddəsliyi, bacı istəyi,
qardaş məhəbbəti təsirli, yaddaqalan misralarda ifadə
olunmuşdur:
Əlini
qoy çiynimə, təkcə dayan
yanımda,
Aslan gücü, qüdrəti yaranacaq canımda.
Artar
şəksiz-şübhəsiz şöhrətim də,
şanım da,
Dayaq durub
bağladım varlığımı həyata,
Nur, ziyasan ömrümə, yaraşıqsan, ay ata.
(Əlini
qoy çiynimə)
Səsləməmiş
yetişib, verib erkən hay mənə
Məhəbbətdən,
sevgidən tutub töhfə, pay mənə.
Kəlməbaşı
söyləyib guya “yoxdur tay mənə”
Səbrim,
qərarımdır o, inam yerim, inancım,
İndi anam əvəzi, əziz, mehriban bacım.
(“Anam əvəzi
bacım”)
Sadəlikdə
seçilir halallıqdır məramı,
Ömrü boyu dadmayıb bircə tikə haramı.
Sirdaş
sanır, dost sanır, bilir düz ilqar hamı
Söyləyirlər
töhfədir bizlərə tanrı payı,
Mötəbər
tanımıram qardaşımdan savayı!
Hamımızın yaşadığı dəruni hisslərdir. Vətən
ailədən, ocaqdan başlayır. Ailəyə,
ocağa bağlı olmayan adam, ata-ana
haqqını, bacı-qardaş məhəbbətini duyub qiymətləndirməyən
övlad əsl vətəndaş ola bilməz. Bu
mənada Nəcməddin Mürvətovun şeirləri
çox ibrətamizdir.
Şairi son dərəcə həyəcanlandıran,
qayğılandıran mənəvi dəyərlərin get-gedə
deqredasiyaya uğraması, köhnə kişilərdən
miras qalan “inam, etibar, sədaqət” deyilən məvhumların
az qala “qırmızı kitaba” düşmək təhlükəsidir. Onun
üçün insan ləyaqəti dünyada hər şeydən
qiymətlidir. Müasirlərini bu ləyaqətin
daşıyıcısı olmağa çağıran
N.Mürvətov doğma kəndindən, elindən-obasından
ayrılmadan şair taleyini halallıqla yaşayır.
Nəcməddin Mürvətovun
yaradıcılığında gözəlliyə,
saflığa, sevgi, məhəbbət hisslərinə də
dəruni bir münasibət var. Şairə görə sevgi
saf, səmimi ürəkdən qaynaqlanır, insandan mənəvi
təmizlik, saflıq və duruluq tələb edir. Onun təsvir etdiyi gözəlin
surəti gözümüzdə, qəlbimizdə bax beləcə
canlanır:
Duyğuları
zərif, ürəyi incə,
Adi söz deyirsən titrəyir, əsir.
Söz
var çöhrəsində dönür sevincə,
Söz var elə bil ki, əhdini kəsir.
Tanrı
bol eləmiş saflıq payını
Ülvi bir paklığı bəxş etmiş ona.
Yerlərdə
axtarma onun tayını
Göydən
uçub gəlib o mələk, sona...
Nəcməddin müəllim çağdaş
şeirimizin bütün vəzin və şəkillərində
qələmini sınayır. Xüsusən hecada və
əruzda özünü tam sərbəst ifadə eləyə
bilir. Şairin kitablarında qəzəl
janrına da müraciət olunub. Məsnəvi
formasında da yazır. “Ömür
adlı payım varmış” kitabında çap olunan “Uca
Tanrının rəsulu” poeması bütünlüklə
klassik üslubda məsnəvi formasında qələmə
alınmışdır. Ancaq əlbəttə
ki, bədii yaradıcılıqda, poeziyada forma və
janrın çeşidlənməsinin elə də önəmi
yoxdur. Əsas sənətkarlıq məziyyətidir.
Qəlbin, hissin ağılla müdrik vəhdətidir.
Şairin şeirdən umacağı ifadəsinə
çalışdığı mətləblərin oxucu
ürəyinə, oxucu qəlbinə sirayət etməsi, o qəlbdə,
o ürəkdə yurd-yuva qurmasıdır.
Bu mənada
güman edirəm ki, Nəcməddin Mürvətov bir
çox hallarda öz istəyinə, məqsədinə nail ola bilir.
Şeir
can yanğısıdır, çox zaman ağrılardan, əzablardan
doğulur. Nəcməddin Mürvətov da qələm
götürəndə, söz demək məqamında bu
ağrıların, əzabların içində olur, qəlbindən,
ruhundan süzülən yaşantıları dilə gətirir:
Ürəyimdən
ağrılarla üzülür,
Şəffaflaşır, büllurlaşır,
süzülür.
Kəlmələri
incilər tək düzülür,
Varlığımda
möcüzəli sehirlər,
Tanrı payım, töhfəmdir bu şeirlər.
Xəyallara
qapananda, dalanda,
Ruhum cana xoş yanğılar salanda.
Vəhylə
gələn “de” əmrini alanda
Saralıram,
lap soluram deyirlər,
Tanrı payım, töhfəmdir bu şeirlər.
Əsl şeir doğrudan da tanrı payıdır. Tanrı bu
payı bu payın qədrini, qiymətini bilənlərə bəxş
eləyir.
Nəcməddin Mürvətovun bir şair kimi amacı,
istəyi çox böyükdür.
Dünyamız
rahatlıqla nəfəs alsın, milli münaqişələrə,
məhəlli çəkişmələrə son qoyulsun,
yaxşılar azalmasın,
ulularımızdan bizə miras qalan mənəvi dəyərlərin
üstünə qara kölgələr düşməsin,
planeti ölümə, qana sürükləyən
başsız başçıların, acgöz harınların yer üzündən
rəddi, izi silinsin... və sair.
Mən şair dostumun şeirlərini oxuya-oxuya bu qənaətə
gəlirəm ki, yaxşıların azalmasına,
dünyanın pislərin ümidinə qalmasına, köhnə
dəyərlərin təzələşən cəmiyyətimizdə
kölgələnməsinə, dəyərdən düşməsinə
nə ulu yaradan, nə də onun yerdəki
ilhamçıları – şairlər heç vaxt yol verməyəcəklər.
Musa Ələkbərli
525-ci qəzet.-
2013.- 4 aprel.- S.8.