Dilçiliklə döyünən şair ürəyi

 

Şair Rafiq Yusifoğlu poeziyasının özünəməxsusluğu, obraz rəngarəngliyi, mövzu müxtəlifliyi ilə bağlı xeyli yazılar yazılıb, şeirlərindəki ən səciyyəvi cəhətlər müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilib. Təqdirəlayiq haldır ki, şairin yaradıcılığı bu gün də ədəbi tənqidin diqqət mərkəzindədir... Müəllifin “Göyərçin” jurnalında “Ana dilim” başlığı altında çap etdirdiyi (2007) şeirləri və “Könül səltənəti” (2012) adlı kitabını son günlərdə oxumuşam. Açığını desəm, R.Yusifoğlu poeziyası barədə söz deməyimə, yazı yazmağıma səbəb onun zövqlə, həm də zərgər dəqiqliyi ilə yaratdığı “Ana dilim” şeirlər silsiləsi oldu. Bu şeirləri oxuduqca ilk olaraq “Dədə Qorqud kitabı”nda dilçilik elminin prinsiplərinə əməl olunma ilə bağlı müəyyənləşdirdiyim detallar göz önünə gəldi:  ikidilli lüğətlər üçün səciyyəvi hesab edilən prinsiplərə əməl olunma (“hərami” sözünün məna yükü “Kitab”da poetik şəkildə ifadə edilir: “Yol kəsdi, adam aldı, böyük hərami oldu”. Bu cümlənin semantik yükü “Ərəb və fars sözləri lüğəti”ndə (1985) “hərami” sözü ilə bağlı verilmiş izahla əsasən üst-üstə düşür: haram mala əl uzadan; yolkəsən, soyğunçu... Yaxud “Gah bir hərf süqutilə qılur nadiri nar, Gah bir nöqtə qüsurilə gözü kur eylər” – beytinə görə M.Füzulini həm də böyük bir dilçi statusunda təqdim etdiyimi istər-istəməz xatırlamalı oldum.  Maraqlıdır ki, mətnin poetik strukturu və semantikasına istinadən dəqiqləşdirdiyim bu cəhətlər R.Yusifoğlu poeziyasında açıq-aydın şəkildədir. Şairin “Əlifba”m, “Fonetika”, “Nitq hissələri”, “Cümlə üzvləri” və s. başlıqlar altında verdiyi şeirlərdə dilçiliklə poeziya vəhdətdədir, sanki bu şeirlərin hər birində dilçi R.Yusifoğlu ilə şair R.Yusifoğlu çiyin-çiyinədir, biri digərini bütün parametrlərinə görə tamamlayacaq səviyyədədir.

“Əlifba”m başlığı altında verilmiş bəndlərdə oxumaq və yazmaq vərdişləri ilə bağlı ən mühüm cəhətlər qabardılır:

 

“Əlifba”m, ay “Əlifba”m,

Bir sehrli açarsan.

Elmin qapılarını

Üzümüzə açarsan...

 

Qalın və incə saitlərin, eləcə də samitlərin bir sıra səciyyəvi cəhətlərinin poeziyaya gətirilməsi, şeir dili ilə ifadəsi və bu tip şeirlərin  “Fonetika” başlığı altında təqdimi ümumtürk ədəbiyyatında nadir hadisələrdəndir. Şair danışıq səsləri ilə bağlı nəzəri məlumatları uşaqların, daha dəqiqi, ibtidai sinif şagirdlərinin başa düşə biləcəyi bir dillə, həm də obrazlı şəkildə canlandırır.

Morfologiyanın ən qabarıq cəhətləri “Nitq hissələri” bölməsinə daxil edilmiş şeirlərdə obrazlı şəkildə ifadə edilir. Konkret desək, ən azı hər bir nitq hissəsinin tərifi poetik bir dillə canlandırılır: Hər şey, hər şey isimdi, İsim addı, mən adam... (isim); Sifətəm, hər şeyin, Əlaməti mənəm, mən... Qara mənəm, bəyaz mənəm... Hər şeyin rəngi mənəm... (sifət); Həm miqdar, həm sıranı, Bildirirəm,  sayam mən... (say); Neçə nitq hissəsini, Əvəz edə bilirəm... Əvəzliyəm, əvəzlik, Mənim əvəzim yoxdu (əvəzlik); Felin sırasındayam, Hərəkətin tərziyəm... (zərf); Feləm, mən də feləm, Əbədi hərəkətəm mən, Xeyirəm, bərəkətəm mən... (fel); Sözlərə qoşularaq, Məna yaradıram mən (qoşma); Cümlələrin, sözlərin, Arasında körpüyəm (bağlayıcı); Sözlərin mənasını, Artıra bilirəm mən... (ədat). Bu misralarda dilçilik elminin  nəzəri müddəaları ilə silahlanan, pedaqogikanın sirlərinə yetərincə bələd olan həssas qəlbli şair qələminin özünəməxsusluğu aydın şəkildə görünür.

R.Yusifoğlu “Cümlə üzvləri” bölməsinə daxil etdiyi şeirlərdə baş və ikinci dərəcəli üzvlərin ən qabarıq cəhətlərini ifadə  etməyə çalışıb: Xəbərə sirdaşam mən. Mübtədayam, mübtəda, Başlanğıcam, başam mən... (mübtəda); Xəbərəm, xəbərçiyəm, Hər tərəfdən, hər yandan, Xəbər gətirirəm mən... (xəbər); Vasitəliyəm, yönlük, Yerlik, çıxışlıq halda, Təsirlik haldayamsa, Vasitəsizəm demək... (tamamlıq)... Müəllif bəzən cümlə üzvlərini nitq hissələri ilə müqayisəli şəkildə  təqdim edir ki, bu da olduqca təbii qarşılanır.

M.Kaşğarinin “Divanü lüğat-it-türk”  əsərində işlənən süd qardaşı anlamlı “əmikdəş” sözünü, Qazi Bürhanəddinin “Divan”ındakı qıpqırmızı anlamlı “qıpqızıl” sözünü (Qıpqızıl oldı olamı ki, xəcildir totağun), bir də 1723-28-ci illərdə Osmanlı məmurları tərəfindən tərtib edilmiş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis” adlı topludakı Qorqud Mirzə oğlu, Bədirxan Qazan oğlu, Nəbi Dondar oğlu, Bamsı Cayam oğlu kimi şəxs adlarının “Dədə Qorqud kitabı” ilə səsləşməsini təhlil edərkən sevincmin hədd-hüdudu olmamışdı (həmin sözləri 2010-cu ildə çap etdirdiyim “Azərbaycan dilinin tarixi qrammatikası” dərsliyinə ən dəyərli nümunələr kimi daxil etmişəm). Qəribə də olsa, R.Yusifoğlunun “Dilimizin sözləri” silsiləsinə daxil olan şeirlərini oxuyarkən bu sevinci yenidən yaşamalı oldum. Çünki şair müasir ədəbi dilimiz üçün səciyyəvi olmayan sadaq (ox qabı), sapand (yundan toxunan, içərisinə daş qoyulub atılan uzun qollu silah), koğa (qarmaq) kimi sözlərin leksik-semantik tutumunu obrazlı şəkildə ifadə etməklə onların hər birinə yeni nəfəs vermiş, əbədiyaşarlığını təmin etməyə çalışmışdır. Burada cəmi bir nümunəni təqdim etməklə kifayətlənirik:

 

Tamam boşaldı sadaq.

Məndən xahiş elədi:

Olum sənə sadağa!

Get oxları gətir yığ,

Ox qabına – sadağa...

 

R.Yusifoğlunun “Könül səltənəti” kitabındakı şeirlər rəngarəngliyi, orijinallığı, təbiiliyi, cəlbediciliyi ilə fərqlənir. Bu şeirlərin hər biri könül səltənətinin zövq oxşayan nadir inciləridir. Heç şübhəsiz ki, bu sırada şairin sevgi duyğusundan,  qəlb çırpıntısından yoğrulmuş şeirləri birinci yerdə durur. Həmin şeirləri belə səciyyələndirmək olar: şairin lirik “mən”i hər qaragözlüyə meyil salan deyil, gözündə şeh gülən gülü sevəndir; əbədi ayrılıq şairin lirik “mən”ini didib-parçalayır, onun mürgülü vicdanı “dil açır”, gizli duyğuları üsyana qalxır... Bu kontekstdə bir həqiqəti  vurğulamaq lazım gəlir: real eşqin tərənnümü şairin “Könül səltənəti”ndən leytmotiv kimi keçir, məsələn, yaratdığı aşiq obrazlarından biri bulaq kimi çağladığından sevgilisini təpədən dırnağa kimi öpüb qoxulamaq, ən əsası isə ruhunu qovuşdurmaq istəyində israrlıdır:

 

Qəlbində əbədi sevgi,

Saçlarında dən olaram.

Ruhum ruhuna qovuşar,

Başdan-başa sən olaram...

 

Şairin poeziyasında təbiətin əsrarəngiz gözəlliyinin tərənnümü xüsusi yer tutur: bu şeirlərdə ay, ulduz, günəş, duman, yağış, qar, meşə, çiçək kimi təbiət varlıqlarının hər biri  poetik şəkildə canlandırılır; şair gecələr meşənin yuxusunun qaçmasını, çəmənlərin mehdən məst olmasını, güllərin şehdən sırğa taxmasını, ulduzların sayrışmasını, çayların nəğmə oxumasını, yağışın xalça toxumasını, bir də ləpələrin dil açıb danışmasını elə ifadə edir ki, ruhlar dinməyə bilmir:

 

Ulduzlar mənimçün sayrışır sanki,

Çaylar mənim üçün nəğmə oxuyur.

Ləpələr dil açıb danışır sanki,

Yağış mənim üçün xalça toxuyur.

 

Yeri gəlmişkən, bu misraların semantik yükü “Yer geydi qəbayi-xizrpuşan, cümlə dilə gəldi ləbxəmuşan”, – deyən Şah İsmayıl Xətainin şeirləri ilə səsləşir. Bu da təsadüfi deyil. Çünki R.Yusifoğlu özünəqədərki ədəbiyyatımızı bütövlükdə canına, qanına, ruhuna hopduran sənətkarlarımızdandır.

 

R.Yusifoğlu “Qar yağacaq” şeirində modernist bir şair kimi çıxış edir: sevgililərin qəlbinə vurulan həsrət dağı qar altında qalır; qarın ağlığı onları saflaşdırır; ömürlərinin bəyaz günləri, yəni gözəl, mənalı günləri başlanır, çünki şairin lirik “mən”i yağan qara bənzətdiyi ağ libaslı sevgilisini öz sinəsi üstündə təsəvvür edir (burada istər-istəməz “Dədə Qorqud kitabı”ndakı “Qar üstünə qan dammış tək al yanaqlım!” müraciəti yada düşür):

 

Məhəbbətin nur saçacaq ay kimi,

Uzaqlardan göz dikəcəm sənə mən.

Qar yağacaq, göydən gələn pay kimi

Ağ libasda enəcəksən sinəmə...

 

“Qan ağlayır işğal altındakı torpağımızın hər qarışı”, – deyən şair dərdli, kədərlidir, çünki canından artıq sevdiyi Qarabağ quduz ermənilərin tapdağı altında inildəyir:

 

Ürəyimin başında

Yurd həsrəti ağlayır.

Mənim ilham bulağım

Gecə-gündüz çağlayır.

 

Coşqun təbiətli şair təkcə Azərbaycanımızın  Qoşqar, Şahdağ, Savalan kimi dağlarını, Araz və Kür kimi çaylarını, Göygölünü, Xəzər dənizini yox, həm də Bodrumu, Egey dənizini, Türkiyəni sonsuz məhəbbətlə tərənnüm edir. Hətta “Mən Xəzərdən Egeyə, Bol-bol salam apardım”, – deyərək Azərbaycanla Türkiyənin əbədi birliyini, sarsılmaz dostluq və qardaşlığını Xəzər və Egey dənizləri kontekstində canlandırır:

 

Bir əlim bu dənizdə,

Bir əlim o dənizdə.

Doğmadı bu dəniz də,

Doğmadı o dəniz də.

 

Türk dünyasına sevgidən yoğrulmuş bu parça (dörd bənddən ibarət “Xəzər-Egey” şeirinin ikinci bəndidir) semantika və poetik struktur baxımından zəngindir. Bəzi detallara diqqət yetirək: türk birliyi vəsf olunan  bənddə şair özündən asılı olmayaraq, yalnız türk mənşəli sözlərdən istifadə edib (bir, əl, bu, dəniz, doğma, də). Fikrimcə, bu cür assosiativlik yüksək bilik və intellektə deyil, gen yaddaşına söykənir; mübaliğə və anaforalar silsiləsinin birlikdə təzahürü ilə bəndin ahəngdarlıq və melodiyalılığı təmin olunub, poetik mənası qüvvətləndirilib; qarşılaşdırmalar kontekstində yaradılmış bənddəki birinci və ikinci, eləcə də üçüncü və dördüncü misraları yalnız bu, o işarə əvəzliklərinin  işlənmə məqamlarına görə fərqləndirmək mümkündür. Bu isə o deməkdir ki, həmin bənddəki poetik struktur sintaktik mühitə tam uyğunlaşdırılmış vəziyyətdədir.

R.Yusifoğlu poeziyasının dili olduqca səlis, şirin və canlıdır, onun poeziyasında obrazlılığa xidmət etməyən, emosionallıq və ekspressivlik yaratmayan dil vahidi tapmaq çətindir. Bu da səbəbsiz deyil: birincisi, ona görə ki, şair özünəqədərki şifahi və yazılı ədəbiyyatımızın incəliklərini yaxşı mənimsəyib; ikincisi, şairin özünün də dediyi kimi “...Səməd Vurğun, Şəhriyar, Məmməd Araz və başqa bu kimi sənətkarlarımızın əsərlərində Azərbaycan dili dağ şəlaləsi kimi çağlayır”. Heç şübhəsiz ki, bu zənginlik şairin poeziyasından da yan ötməyib; üçüncüsü, R.Yusifoğlu filologiya üzrə elmlər doktoru, professordur. Bu da onun dilinin səlisliyinə istər-istəməz müəyyən qədər təsir etmişdir; dördüncüsü, şairin dilindəki kamillik onun poetik təfəkkürünün  zənginliyi ilə bağlıdır.

Rafiq Yusifoğlu poeziyası geniş və sistemli şəkildə tədqiqini gözləyir. Biz isə həssas qəlbli şairə yeni-yeni yaradıcılıq uğurları diləyirik.

 

 

Əzizxan TANRIVERDİ,

filologiya üzrə elmlər doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 4 aprel.- S.7.