“Çarəsiz yalan” müxtəlif
variasiyalarda...
Artıq bir neçə aydır ki, publika.az saytının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Variasiya” uğurla öz işini davam etdirir. Layihənin rəhbəri Qulu Ağsəsdir. Layihə çərçivəsində hər ay oxuculara bir yazıçının hekayəsi təqdim olunur. Müəllif hekayəsini “razvyazka” mərhələsində (düyünün açıldığı məqamda) dayandırır, finalı tamamlamağı isə oxucuların ixtiyarına verir, beləliklə hər bir oxucu özü düşündüyü kimi əsəri tamamlaya bilir. Bu, ədəbi mühitimizdə tamamilə yeni və orijinal bir layihədir. Yazılı ədəbiyyatın nümunəsi olan hər hansısa bir əsərin müxtəlif variasiyalarının, çoxvariantlılığın yaranması müəyyən mənada onu şifahi xalq ədəbiyyatına, folklora yaxınlaşdırır. Çağdaş Azərbaycan nəsrində xüsusi dəsti – xətti olan Elçin Hüseynbəylinin “Çıxılmazlıq”, Firuz Mustafanın “Alın yazısı” hekayələrinə yazılan bir – birindən maraqlı sonluqları “Variasiya”nın ictimaiyyət tərəfindən diqqətlə qarşılanması və layihənin uğuru hesab etmək olar.
Aprelin 1-də saytın redaksiyasında ötən ay təqdim olunan “Çarəsiz yalan” hekayəsinin müəllifi, istedadlı gənc yazıçı Pərvin Nurəliyevanın sonluq yazan müəlliflərlə görüşü keçirildi. Pərvinin hər şeydən öncə təvazökarlığı, orijinal istedadı, özü kimi zərif və bənzərsiz yazı manerası, əsərlərində insan həyatının, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına xas humanizm, realizm, psixoloji dərinlik və s. kimi keyfiyyətləri daim ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. “Çarəsiz yalan” isə onun hekayə yaradıcılığının yeni uğurlarından biridir. “Çarəsiz yalan” hekayəsi ilə Pərvin ilk dəfədir ki, bədii yaradıcılığında Qarabağ mövzusuna müraciət etmiş və bu da olduqca uğurlu alınmışdır. O, Vətəninə, torpağına dərin məhəbbətlə bağlı olan bir insandır. Milli düşüncə, vətənpərvərlik motivləri onun ədəbi söhbətlərində, publisistik yazılarında və məruzələrində aparıcı xətt kimi keçir.
Hekayə barədə fikirlərimdən əvvəl heç vaxt unutmayacağım bir hadisəni oxucularla bölüşmək istərdim. Ötən il oktyabr ayında Pərvin Peredelkinoya gedəcəkdi. Həmin gecə ona məktub yazıb “Yaxşı yol, uğurlar!” arzuladım. Bir neçə dəqiqə sonra cavab gəldi: “Alim Qasımovun “Vağzalı” kompozisiyasını dinləyirəm. Əvvəli belə başlanır: “Sənə qurban olum, Təbrizin yolu...” Ecazkar, ilahi səs və “Vağzalı”nın ideal harmoniyası... Adamda qəribə ovqat oyadır. Mənə elə gəlir ki, belə ovqatda, lap elə günü sabah, Şuşaya getsəm, heç kim qarşımı kəsməz... Axır zamanlar səbirsiz olmuşam. Şuşaya, Ağdama getmək istəyirəm, Moskvaya yox...”
Həmin gecə bu məktub məni çox kövrəltmişdi. Nədənsə, “Çarəsiz yalan”ı oxuyanda bu yazışmanı xatırladım. Məncə, Pərvin hekayəni elə o gecəki ovqatında yazıb...
Öncə də qeyd etdiyimiz kimi, “Çarəsiz yalan” hekayəsi ilə Pərvin ilk dəfədir ki, bədii yaradıcılığında Qarabağ mövzusuna müraciət etmişdir. Yazıçının müraciət etdiyi mövzu – Şuşa, Qarabağ mövzusu, torpağından didərgin salınan, doğma Vətənində vətənsizləşdirilən insanların taleyi, məğlub edilən millətin faciəsi, vətənsizlik acısı ilk baxışda ənənəvi görünsə də, dərin ideya – məzmunu, daşıdığı məna yükü, bədii sanbalı, ədəbi tutumu, təsir gücü, yüksək sənətkarlığı, səmimi və inandırıcı təqdimatı bu əsəri dəyərli sənət nümunəsi səviyyəsinə yüksəltmişdir.
Yazıçı tədbirdə çıxışı zamanı belə maraqlı layihə hazırladığına görə Qulu Ağsəsə, hekayəyə sonluq yazan bütün müəlliflərə təşəkkür edərək sonluqların hərəsini bir özəlliyinə görə bəyəndiyini bildirdi: “Latış şairi, tərcüməçi, türkoloq Uldis Berzinşin yazdığı sonluq məni xeyli sevindirdi. Mən Riqada səfərdə olanda bu şəhərdə tamam başqa auranın olduğunu gördüm. Tamamilə başqa mühitdə yaşayan insanın azərbaycanlı xarakterini dəqiqliklə yaratması maraqlıdır. Hekayədə Berzinş “Latva Litva” adı ilə öz proobrazını yaradıb.”
“... Sürücü maşını saxladı. Maşından düşdük. Sonuncu olaraq maşından o, “Latva Litva” düşdü. Bu, Riqadanmı, Pribaltikadanmı gəlmiş biri idi. Yol boyunca susmuşdu, indi elə bil uzun-uzun düşündüyü bir şeyi nənəmdən soruşmağının tam zamanı çatmışdı. Üzünü nənəyə tutub:
– Bağışlayın, Natəvan xanım, Şuşaya getsək, kiminlə danışmağı arzu edəcəksiniz? Tanıdığınız adamlar qaldımı orada? Sağ qalanları Allah qorusun. Ermənilərləmi danışacaqsınız? Nə soruşacaqsınız onlardan? Sizinkilər bizi niyə qovdular evimizdən, bunumu soruşacaqsız?
Nənə elə bil suallardan
dirildi, səsi düzəldi:
– Bunu niyə
soruşuram? Yol bilib də yol soran o yəhudi
xırdavatçısı deyiləm ki... Onların
cavabını onlardan da yaxşı bilirəm. Yox, mənim
soruşacağım başqadı. Lap kiçik bir qız
uşağı var idi o vaxtlar, ayağı
açılmırdı, yeriyə bilmirdi. Anası bizə gətirirdi.
Qadının adı Marta idi deyəsən. Uşağın
adını heyif ki, unutmuşam... Onu soruşacağam ki,
görəsən o balaca erməni qızı
sağaldımı?”
Pərvin
onu da qeyd etdi ki, “Berzinşin bu sonluğu mənə “Fəryad”
filmində Ceyhun Mirzəyevin
yaratdığı obrazı xatırlatdı. Filmdə o,
otağı yandırsaydı, xilas olacaqdı. Amma otaqda
körpə erməni uşağının
ağladığını görəndə tez alovu
söndürür, fikrindən daşınır. Bu,
başqalarının, hətta sənə düşmən
olan, qənim kəsilənlərin körpəsinin taleyini
öz şəxsi taleyindən üstün tutmaq, əsl
insanlıq göstərməkdir. Bax budur humanizm, əsl azərbaycanlı
xarakteri... Ədəbiyyatımıza bu cür diqqətinə
və hekayəyə yazdığı təsirli sonluğuna
görə Uldis Berzinşə dərin təşəkkürümü
bildirirəm”.
Daha sonra
yazıçı qalibləri elan etdi: Uldis Berzinş, Hicran
Hüseynova və Firəngiz Cabbarova ən uğurlu sonluq
müəllifləri kimi mükafatlandırıldılar. Tədbirdə
gənc rəssam Mərziyə Hüseynovanın hekayəyə
final əvəzi çəkdiyi illüstrasiyalar da
böyük maraqla qarşılandı.
“Çarəsiz
yalan” hekayəsini oxuduqca məndə belə bir təəssürat
yaranırdı ki, bəlkə də, Pərvin
Şuşalıdı, bəlkə, onun avtobioqrafiyası ilə
bağlı bilmədiyimiz hansısa məqamlar var. Axı necə
ola bilər ki, Bakıda doğulub boya-başa çatan adam
Şuşanı, onun çölünü, çəmənini,
suyunu, havasını, küçələrini bütün
incəliklərinə qədər təsvir edə bilsin.
Yazıçı
Xoca Mircanlıdan, Mamayi məhəlləsindən, Dəmirçidən,
Ərimgəldidən, Daşaltı dərəsindən,
Üzeyir bəyin ev muzeyindən, Xan qızı Natəvanın
evindəki Uşaq Sanatoriyasından, Cıdır düzündən,
zəfəranlı, qırxbuğumlu, boyanalı, nehrə
yağıyla yağlanmış Qarabağ plovundan, çətənə
qarışıq qovurğadan, tut qurusundan, Şuşanın
bayramlarından, adət – ənənələrindən elə
danışır, obrazların dilində məhz
qarabağlılara məxsus müraciət formalarından,
dialekt sözlərdən elə istifadə edir ki, adam heyrət
içərisində qalır. Düşünürsən ki,
ömrü boyu bircə dəfə də olsun,
Şuşanı görməyən adam belə
inandırıcı təsvirləri necə yarada bilir.
Təbii
ki, “Çarəsiz yalan”ı yazdığı ərəfədə
Pərvin Şuşaya aid çoxsaylı sənədli və
bədii filmlər izləmiş, Şuşanın tarixindən,
məişətindən, adət – ənənələrindən
bəhs edən elmi və bədii kitablar oxumuş,
dialektologiya mənbələrinə müraciət
etmişdir. Məhz buna görə də onun beynində
hamımızın ekranlarda gördüyümüz
dağılmış Şuşa yox, bambaşqa mənzərəsi
olan bir Şuşa canlanmışdır. Pərvinin zəngin
mütaliəsi, obrazlı təfəkkürü və dərin
təxəyyülü hekayənin bu cür uğurlu
alınmasına zəmin yaratmışdır.
Hekayədəki
Natəvan nənə, Rüfət, Məlahət həkim və
s. obrazları yazıçı kiçik detallarla olsa da, tam,
dolğun və bitkin obraz kimi xarakterizə edə bilmişdir.
Obrazların mənəvi-əxlaqi portretini yaratmaq, hadisə və
situasiyaları müfəssəl şəkildə, təfərrüatı
ilə təsvir etmək povest və romana nisbətən hekayə
üçün daha çətindir. “Hekayə nəsrin
desant janrı olduğu üçün” burada intellekt, elm və
savaddan başqa kamil və xüsusi fitri istedad, obrazlı təfəkkür
mühüm rol oynayır. Yazıçı bunu oxucuların
tam məmnun qalacağı bir formada, onları duymağa,
düşünməyə, nəticə çıxarmağa
sövq etmək, onlarda təbii, səmimi hisslər oyatmaq
şərti ilə həyata keçirir.
Hekayənin
bir yerində Rüfət belə bir fikir söyləyir:
“Ümumiyyətlə, “qaçqınam” ifadəsinin dərd,
ağrı, xəstəlik kimi səsləndirilməsini qəbul
edə bilmirdim”. Burada sanki Rüfət müəllifin
ruporudur. Yazıçı öz düşüncəsini onun
dili ilə oxucuya çatdırır. Mənə belə gəlir
ki, “Qaçqınlığı ilə vaysınmaq” məhz Pərvinin
özünün qəbul edə bilmədiyi bir məqamdır.
Hekayədə
Natəvan nənənin dilindən Şuşa ilə
bağlı bir – birindən maraqlı xatirələr səslənir:
“Soruşsan, ən çox nəyiyçün
darıxıram Şuşanın, cavab verəmmərəm.
Oralar məndən ötrü bütöv bir varlıqdı,
canlıdı, lap adam kimi. Şuşada olanda babanın
yoxluğunu heç hiss eləmirdim. Kimsə mənə dul
deyəndə hirslənirdim. Çünki ondan sonra Şuşaydı mənim
ömür-gün yoldaşım. Vallah ora başqa aləmdi.
Elə bil özgə planetdə oturub baxırdıq
dünyaya. Ətraf rayonları-filanı çox gəzib
dolanmışdıq. Amma Azərbaycanın yüksək
kürsüsü Şuşaydı. İndi o kürsü
yoxdu deyən, səsimizi də eşidən yoxdu...”
Hekayəni
oxuyarkən biz fərdi-psixoloji və ümumi-ictimai yük
daşıyan kədərin, güclü emosiya doğuran
epizodların, fikirlə hissin
bölünməz vəhdətinin və
yazıçının son məqamda oxucunu gözlənilməzlik
qarşısında qoya bilmək bacarığının
şahidi oluruq:
“Nənəcan,
bax demisən ha... Sağalmalısan Şuşada. Bura da
Hövsan deyil ki, neft qoxusundan, çirkli havadan şikayət
edəsən... Eşidirsən?! Elə bu an ovcumdakı əlin
soyuduğunu duydum. Saçını, alnını,
yanaqlarını oxşadım. İndicə içirtdiyim
suyun, ya bəlkə ölüm tərinin soyuqluğunu əlimin
içində hiss edəndə diksindim. Ölmüşdü
artıq. Sevindiyindən!”
Pərvinin əksər hekayələrinin
sonunda işıq görünür. Baxmayaraq ki, bu hekayə nənənin
ölümü ilə bitir, amma burda ölümün
özündə də işıq, rahatlıq var. “Sevindiyindən
ölmək...” Bu ifadəni yazıçının
tapıntısı və uğuru kimi qiymətləndirmək
olar.
Hicran
Hüseynova “Çarəsiz yalan”a ümid dolu bir sonluq
yazmışdı: “...Böyük qələbəlik
vardı ölkədə, keçən bu vaxt ərzində
artıq Qarabağ da qaytarılmışdı.
Qarabağın qara bəxti açılmış, toy-bayram
ovqatı görünməmiş vüsət
almışdı. Çalıb-oynayan kim, qurban kəsən,
qonaqlıq verən kim. Adamlar dəstə-dəstə
işğaldan azad olunmuş bölgələrə
axışır, yuxudaymış kimi hələ də
reallığı tam mənasıyla dərk edə bilmirdilər.”
Hicran xanımın yazdıqları
bizim hamımızın arzumuz, duamız, diləyimizdi. Gün
o gün olsun ki, bu nikbin ovqatımız hekayə, roman sonluqlarında
qalmasın. Qarabağımızın qara bəxti
açılsın. Arzularımız reallaşsın.
...Qarabağda
görüşmək ümidi ilə...
Xəyalə ƏFƏNDİYEVA
525-ci qəzet.-
2013.- 4 aprel.- S.7.