Ay yarım gecikmiş yazı
QƏDİMİLİKLƏ
MÜASİRLİYİN SİMBİOZU – ƏRZURUM
Təxminən
ay yarım öncə,18-21 fevral tarixlərində Jurnalist
Qadınlar Assosiasiyasının rəhbəri Sevil
xanımın rəhbərliyi ilə bir neçə dəyərli
həmkarımla-Əminə xanım, Niyaz, Mirsəməd,
Mürtəza və adını unutduğum gənc operator
qardaşımızla birgə
Türkiyəyə-Ərzuruma səfər etmişdik. İndi
deyə bilərlər ki, üstündən xeyli keçəndən
sonra buna qayıtmağa nə
ehtiyac var?.. Amma hesab edirəm ki, var... Bəzi obyektiv və
subyektiv səbəblər üzündən Ərzurum səfərimizlə
bağlı yazını gecikdirmək məcburiyyətində
qalmışdım...Nə isə, səfər günlərimizə
qayıdaraq bəri-başdan onu qeyd etmək istəyirəm
ki, 4 günlük (daha doğrusu, 2 günlük- 18-i və
21-i demək olar ki, İstanbulda olduq ) Ərzurum səfərimiz
heç zaman yaddaşımdan, xatirəmdən, hafizəmdən
silinməyəcək... Bu əsrarəngiz, füsunkar, ən əsası
yaşı minilliklərlə ölçülən tarixi bir
şəhər yaddaşımda heç zaman silinməyəcək
dərin izlər buraxdı... Səfərdə də məqsəd necə deyərlər,
həm ziyarət, həm ticarət idi-yəni, həm gözəl
istirahət etmək, gəzib-dolaşmaq, əylənmək, həmçinin,
nəinki Türkiyənin, hətta , bütövlükdə
Avropanın və dünyanın ən inkişaf etmiş
turizm (xüsusilə, qış turizmi) mərkəzlərindən
biri ilə yaxından tanış olmaq idi...
Elə bu
məqamda xatırladım ki, Ərzurum səfərində təkcə
Azərbaycandan olan media mənsubları təmsil olunmurdu, səfərin-tədbirin
təşkilatçıları rəngarənglik, geniş
tanıtım, təqdimat olsun deyə, başqa bir neçə
ölkədən-Ukraynadan, Polşadan, Gürcüstandan və
Rusiyadan da bir neçə jurnalisti bura dəvət-cəlb
etmişdilər... Elə tədbirdə Türkiyənin, ev
sahibliyi edən Ərzurumun media mənsubları da iştirak
edirdi... Aşağı-yuxarı təxminən 30-ya yaxın
media mənsubunun və digər (təşkilatçı)
şəxslərin qatıldığı Ərzurum səfəri-tədbiri
ilk anından gözəl alındı, hamının ürəyindən
olan bir səfər oldu... Bu səfərə kimi bir-birini
görməyən, yaxından-uzaqdan tanımayan 6 ölkənin
media mənsubları arasında qısa zaman kəsiyində
bir doğmalıq, sıcaqlıq, həmrəylik yarandı (hərçənd
ki, media əhli arasında həmrəylik çətin olur) –
Rusiyadan və qonşu Gürcüstandan olan bəzi həmkarlarımızın
bir qədər özlərini yuxarı çəkmələrinə,
dartmalarına rəğmən...
Onu qeyd edim ki, İstanbuldan Ərzuruma
gecə saatlarında çatdıq...Həmin gün
Bakıda, elə İstanbulda da havanın nisbətən
yumşaq olmasına baxmayaraq, Türkiyənin Sibiri hesab olunan Ərzurumda
əsl qış-fevral havası idi-hər tərəf
ağappaqıydı... Biz Ərzuruma yetişən ərəfədə
də və çatandan sonra da
qar göydən od kimi yağırdı... Bu yerdə
Türkiyə hava yollarının pilotlarına da xüsusi təşəkkürlər...
Havanın sərt, qarlı-dumanlı olmasına baxmayaraq, bizi
mənzilbaşına ruhumuz incimədən belə rahat
çatdırdılar... Eyni zamanda, onu da deyim ki, bizimlə təxminən
eyni vaxtlarda Ərzurumda olmalı olan, səhv etmirəmsə,
polşalı və ukraynalı həmkarlarımız xeyli gecikmişdilər...
Dediyim kimi, havanın sərtliyi səbəbindən onları Ərzuruma
çatdırmalı olan təyyarə təxminən bir saata
yaxın göydə dövrə vuraraq, oradan Trabzon hava
limanına və yenidən Ərzuruma enmişdi...
Yuxarıda
da qeyd etdiyim ki, Ərzurum səfərində bir mehribançılıq,
sıcaqlıq vardı iştirakçılar arasında... Bu
da heç şübhəsiz havası sərt- amma özü, ruhu sıcaq olan Ərzurum
və ərzurumluların mehribanlığından, səmimiliyindən,
istiliyindən irəli gəlirdi... İstanbuldan Ərzuruma
qalxan təyyarəyə minər-minməz ərzurumluların
mehribanlığı, sadəliyi, insanpərvərliyi ilə əhatə
olunduq... İlk kəlməmizdəcə bizim Azərbaycandan-Azərbaycan
türkləri olduğumuzu bildilər və “siz azərimisiniz”
(düzünü deyim ki, bu ifadədən də
xoşlanmıram, çünki biz azəri deyil (onlar farsdilli
xalqdır), Azərbaycan-Oğuz türkləriyik) –deyə,
soruşaraq, öz mehribançılıqlarını ortaya
qoydular...Ərzurumluların bizə qarşı münasibətdə
mehribançılıqlarının bir özəlliyi də
ondan ibarət idi ki, ləhcəmiz, şivəmiz daha çox
eynilik və oxşarlıq təşkil edirdi...
Ərzuruma
çatandan sonra məşhur Əminə xanım demişkən,
“Dəmir” (bu da ayrı bir söhbətin mövzusudur) – əslində
isə “Polat” otelə yol aldıq... Azərbaycandakı bir
sıra beşulduzlu oteldən də gözəl bir otel idi –
sözün hər mənasında... Səhərisi gün isə,
yəni, ayın 19-da səfərlə bağlı oteldə konfrans-təqdimat mərasimi düzənləndi...
Yaşı minilliklərlə ölçülən, qədimiliklə
müasirliyin simbiozu olan Ərzurumun tarixi, bu günü, onun
dünyada ad çıxaran turizmi, ələlxüsus,
qış turuzmi-xizək (kayak) sürmə mərkəzləri,
buz meydançası, göz, ruh oxşayan təbiəti,
adamı valeh edən kanatları və sair barədə
iştirakçılara bolluca və çox maraqlı məlumatlar
verildi... Belə məlum oldu ki, Ərzurum Avropanın və
dünyanın digər qış turizmi mərkəzlərindən
sözün bütün mənalarında bir sıra müsbət
məqamları ilə fərqlənir... Bir balaca pulun oldu,
ucuz, sərfəli və keyfiyyətli qış turizmi-istirahəti
imkanı əldə edə bilərsən... Bu məqamlar
xüsusilə, qış turizmi ölkələri sayılan
Rusiya, Ukrayna və Polşadan olan həmkarlarımızda
xüsusi maraq, heyrət yaratmışdı...
Bu təqdimatdan
sonra Ərzurumun xizək (kayak)
sürmə mərkəzləri, buz meydançası,
günün ikinci yarısında isə, unikal, əsrarəngiz
tarixi yerləri, memarlıq adidələri, məscid-mədrəsələri
ilə tanışlıq imkanı əldə etdik və bir
daha buranın gözəlliyinə heyran olduq, belə demək
mümkünsə, bayıldıq... Ulubəy məscidi, digər
tarixi məscid- mədrəsələr insanda sanki başqa aləm
yaradır, hisslər doğururdu... “Oltu tası” (
gümüşdən baha, qızıldan nisbətən ucuz
zinət əşyaları) satılan və nümayiş
olunan satış mərkəzləri adamı valeh edirdi...
Xüsusilə, Ərzurumun tarixi Qala divarları və “Ərzurum
evləri” (ona “Puşkin evləri” də deyirlər-deyilənə
görə, dahi rus şairi Puşkin həmin evlərdən
birində bir müddət yaşayıb) deyilən əsrarəngiz bir məkan adama xüsusi ləzzət
verirdi... Qala divarlarının nəhəngliyindən, əzəmətindən,
“Ərzurum evləri”nin təkrarolunmazlığından
adamın ağzı heyranlıqdan az qala açıq
qalırdı...
“Ərzurum evləri”ndə də fürsətdən istifadə edib, təxminən iki saatdan çox dincəldik...Bizim uşaqlarla polşalı və ukraynalı həmkarlarımız bir arada idilər... Öncədən də bildirdiyim kimi, aramızda çox gözəl, səmimi bir atmosfer yaranmışdı-özü də elə bir atmosfer ki, ləzzətli çay-şirniyyat süfrəsi arxasından heç kim tərpənmək istəmirdi... Hətta, bəzən süzülməsindən dəqiqələr keçməsinə baxmayaraq, aramızdakı istilik səbəbindən çaylarımız belə soyumamışdı-soyumurdu...
Həmin axşam “Polat” oteldə düzənlənən şounun da – ona bizim təbirimizcə, “xınayaxdı” da demək olar – ayrı yeri vardı... Otelin sahibindən sıravi işcisinəcən hamının qatıldığı bu şouda-“xınayaxdı” da əməlli-başlı vur çatlasın idi... Deyən kim, gülən kim, oxuyan kim, rəqs edən kim, sadəcə, mənim kimi tamaşa edən kim... Əlavə dörd göz gərək idi ki, bu gözəl şounu izləsin... Maşallah olsun, bizim “Hüseynova bacıları”- Əminə xanımla Sevil xanım, o cümlədən, “Hüseynov qardaşları”- Mirsəmədlə Mürtəza da dayanmadan rəqs etdilər, elə bil ki, media mənsubu deyil, göz dəyməsinə əsl rəqqas imişlər... Hətta deyərdim ki, məşhur Türkiyə rəqqası Mustafa Ərdoğan gəlib bu səhnəni seyr etsəydi, Əminə xanımla Sevil xanımın rəqsinə paxıllıq edər və sənətini yerdə qoyardı... Türk-ərzurumlu qardaşlarımızdan birinin ifa ediyi “Səkinə dayı qızı lay-lay” adlı Azərbaycan mahnısı isə gecəyə xüsusi gözəllik, dad qatdı...
Səfərin 2-ci gününu (əslində üçüncü günü), ayın 20-ni daha çox oteldə keçirdik, daha doğrusu, otelin düz yanındakı xizək sürmə mərkəzlərindən birində olduq, tədbir işrtirakçıları əməlli-başlı saatlarla xizəksürmə, kanata minib Ərzurumun əsrarəngiz təbiətini seyr etmək imkanı qazandılar. Axşamı isə Ərzurum valisinin iştirakı ilə qısa mətbuat konfransı düzənləndi və tədbir iştirakçılarının şərəfinə vali adında şam yeməyi verildi.. Valinin bildirdiyinə görə, onların məqsədi Ərzurumu qış turizmi mərkəzi kimi daha çox təbliğ və turistləri bura cəlb etməkdir. Eyni zamanda, vali sözlərinə onu da əlavə etdi ki, Ərzurum dünyada qış turizmi mərkəzləri sırasında ilk yerlərdə-ilk iyirmilikdə yer alır...Amma bununla da kifayətlənmək istəmirlər, bu sırada Ərzurumu daha ön yerlərə çıxarmağı qarşılarına məqsəd qoyublar və yavaş-yavaş da bu məqsədlərinə doğru inamla irəliləməkdədirlər... Bizdən isə canımız ərzurumlulara, türk qardaşlarımıza uğurlar diləmək qalır...
Şam yeməyindən sonra da otelin həyətində buzun, qarın üzərində qalanan tonqalların, eləcə də bir-birini əvəzləyən gözəl musiqi sədalarının və Göyün üzərinə gözəllik saçan fişənglərin müşayiəti altında gözəl bir şou təşkil olundu... Yenə də oxuyan kim, rəqs edən kim, tamaşa edən kim... Bayırda da havanın mənfi 15-20 dərəcə olmasına baxmayaraq, gecənin ecazkarlığı, Ərzurumun ilahi vergisi olan təbiətinin gözəlliyi adamı isidirdi, otelə qayıtmağa sanki icazə vermirdi...
Həə, əziz dostlar, nə qədər desəm də, qeyd etsəm də, Ərzurumun gözəlliyini, ərzurumluların sıcaqlığını ifadə etmək üçün sözlər yetməz və yetmir...
Son olaraq bu səfərin, tədbirin gerçəkləşməsində əməyi, zəhməti olanların hamısına-Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə, Ərzurum valiliyinə, “Polat” otelin rəhbərliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinin müvafiq müşavirliyinə və ən əsası Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri, həmkarım Sevil xanıma iştirakçılar, Azərbaycandan olan nümayəndə heyətimiz adından çox sağ olsunlar deyir, dərin minnətdarlığımızı, təşəkkürümüzü ifadə edirəm!!!
Kamil Həmzəoğlu
525-ci qəzet.-
2013.- 4 aprel.- S.5.