Musiqisi qəlbləri fəth edən bəstəkar
Musa Mirzəyev- 80
105
yaşa malik Azərbaycan professional bəstəkarlıq məktəbinin
layiqli nümayəndələrindən biri olan Musa Mirzəyevin
bu il 80 yaşı tamam olur. Azərbaycan
Respublikasının Xalq artisti, professor, “Şöhrət” və
“Şərəf” ordenli, prezident təqaüdçüsü
olan bəstəkar Musa Mirzəyevin
yaradıcılığı genişspektrlidir. Belə ki, o, musiqi tarixinə tanınmış bəstəkar,
pianoçu, pedaqoq və ictimai xadim kimi daxil olmuşdur.
Hələ Sovetlər Birliyi dönəmində və müstəqillik
qazandıqdan sonra da Musa müəllimin musiqisi Azərbaycanın
sərhədlərini aşaraq dünyanın bir çox
ölkələrində (Rusiya, Ukrayna, Belarusiya, Litva,
Türkiyə, Bolqarıstan, Polşa, Rumıniya, İtaliya,
Almaniya, Hollandiya, Şimali Kipr və s.), tanınmış
orkestrlərin, ifaçıların və dirijorların
(Niyazi, V.Dudarova, Y.Silantyev, V.Fedoseyev, N.Raxlin, A.Qulyanitski, G.Aykal
və s.) təfsirində səsləndirilmiş, eləcə
də bu əsərlərin notları və partituraları dəfələrlə
nəşr olunmuşdur. Q.Qarayev məktəbinin
istedadlı nümayəndələrindən biri olan M.Mirzəyevin
yaradıcılığında orkestr əsərləri, həmçinin
kamera-instrumental və vokal əsərlər
üstünlük təşkil edir. Mən deyərdim
ki, Azərbaycan bəstəkarlarından daha çox
bayramsayağı, atəşfəşanlıq və təntənəli
səciyyə daşıyan əsərlərin yazılmasındakı
dominantlıq məhz Musa Mirzəyevə məxsusdur.
Şəxsən
mənim M.Mirzəyevin musiqisi ilə
tanışlığım hər birimizdə olduğu kimi hələ
uşaq yaşlarımdan “Yeni il mahnısı”nı
sevə-sevə oxumaqla başlanıb. Daha sonra musiqi məktəbində
fortepiano ixtisası üzrə təhsil aldığım
dövrdə proqram seçərkən Moskvada çap
olunmuş pyeslər məcmuəsi kitabında M.Mirzəyevin
“Tokkata” və “Skertso” əsərləri ilə rastlaşanda
azərbaycanlı bəstəkarın pyeslərini ifa etməkdən
fəxr və qürur hissi keçirmişəm. Bəstəkar və onun musiqisi ilə tam
tanışlığım isə Ş.Həsənovanın
“Musa Mirzəyev” kitabı vasitəsilə mümkün olub.
Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi, sənətşünaslıq üzrə fəlsəfə
doktoru, BMA-nın professoru Şəhla Həsənovanın
Musa Mirzəyev haqqında yazdığı monoqrafiyanı oxuduqca, sanki bəstəkarın
həyatı və yaradıcılıq fəaliyyəti
kadrlarla göz önündə canlanır. Təcrübəli
musiqişünasın 2008-ci ildə bəstəkarın 75
illiyinə ərmağan olaraq nəşr edilən bu
kitabında professionallıqla tədqiq və təhlil olunan əsərlər
vasitəsilə Musa Mirzəyevin orijinal dəst-xətti və
yaradıcılıq üslubu ilə yaxından tanış olmaq, bəstəkarın musiqi
dünyasına çox rahatlıqla ekskurs etmək
mümkündür.
2 mart
2013-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın
80 illik yubileyi ilə bağlı keçirilən tədbirdə
M.Mirzəyevin kamera əsərləri T.Göyçayevin idarə
etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət
kamera orkestrinin ifasında səsləndirilərək musiqisevərlərə
zövqlü dəqiqələr və xoş ovqat bəxş
etdi. Bəstəkarın gözəl melodik
tapıntıları, harmonik dili, polifoniyadan ustalıqla və
səriştəli şəkildə istifadə etmək
bacarığı, orkestrləşdirmənin zənginliyi və
eləcə də kamera orkestrinin gözəl ifası, dinlədiyim
və seyr etdiyim konsertdən aldığım xoş təəssüratı
daha da artırdı və Musa Mirzəyevin
yaradıcılığı haqqında fikirlərimi oxucularla
bölüşmək ehtiyacı hiss etdim.
Ümumiyyətlə,
onu ilk növbədə qeyd etmək istəyirəm ki, bəstəkarın
əsərləri dünyanın bir çox ən mötəbər
konsert salonlarında səslənsə də, M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyası Musa müəllim üçün
doğma bir məkandır, çünki o, beş ildən
artıq bu incəsənət ocağında bədii rəhbər
vəzifəsində çalışıb. Həmin
dövrdə məhz, fəal təşkilatçılıq
bacarığı sayəsində kollektivlər
üçün zəngin repertuar seçimi etməklə
yanaşı, dəvət olunan tanınmış
ifaçıların və dirijorların konsertləri vasitəsilə
Azərbaycan dinləyicilərini sevindirə bilibdir. Baharın ilk ayı olan martın əvvəllərində
isə musiqisevərlər, konsert təşkilatı kimi
klassik musiqinin təbliğində böyük rolu olan
Filarmoniyada bəstəkar M.Mirzəyevin ən gözəl və
maraqlı əsərlərini kamera orkestrinin ifasında dinləyə
bildilər. Konsertin ilk nömrəsində
Musa Mirzəyevin 1993-cü ildə yazdığı “Dahi sənətkara
– Üzeyir Hacıbəyova ithaf” əsəri ifa olundu.
“Sarı gəlin” xalq mahnısının melodiyası ilə
başlayan bu kompozisiyada bəstəkar polifonik inkişafa, yəni
çoxsəsli fakturaya istinad edərək melodik xətti zənginləşdirir.
Belə ki, oktava diapazonundan da kiçik olan mahnının
melodiyasını bəstəkar, çoxsəsli
(imitasiyalı, səsaltı, təzadlı) tərzdə, yəni
bərabərhüquqlu şəkildə simli alətlərin
ifaçıları arasında bölüşdürərək
möhtəşəm və axıcıl səslənmə əldə
edir və daha sonra isə kantilena tamamilə simasını dəyişərək
tanınmaz şəklə düşür. Niyə məhz,
bu əsərdə “Sarı gəlin” xalq mahnısının
melodiyasından istifadə etməsini Musa müəllim belə
izah edir: “Milyonların yaddaşından keçərək bu
günə qədər gəlib çata bilən Azərbaycan
türklərinin qədim və əsrarəngiz xalq
mahnısı “Sarı gəlin” anam Səkinə
xanımın çox sevdiyi nəğmə
idi. Sanki ruhu təmizləyən, layla kimi, nənni kimi
könül oxşayan bu mahnını, öz
yaradıcılığında xalq musiqisi çeşməsinin
qidalandığı bütün laylalarından bəhrələnən
və bəstəkarlar üçün əsl məktəb
olan Üzeyir bəyə ithaf etməklə, mahnı
haqqında deyilən variantlardan biri olaraq sarı gəlin
obrazının “Günəş” kimi izahı anlamı ilə
ifadə etməyə çalışmışam. Yəni
Günəş kimi Azərbaycan musiqi mədəniyyətini
işıqlandıran, bəstəkarlıq məktəbimizin təşkilini və
düzgün istiqamətdə formalaşmasıni təmin edən,
əsl şəxsiyyət simvolu olan Üzeyir bəyə və
onun hər birimizə örnək ola biləcək
yaradıcılığına məhəbbət, bu musiqi
nümunəsində öz əksini tapmışdır.
Bəstəkarın səslənən ikinci əsəri
“Konsert rondosu”nun fortepianoda səslənən solistin
partiyasını Respublika müsabiqəsi laureatı Maqsud
Musazadə ifa etdi. Orkestrin ani uçuşunu xatırlayan qısa
girişindən sonra simli alətlərin pizzicattosu fonunda
fortepianoda dəfələrlə səslənən rondonun rəqsvari
refreni və daha həyəcanlı və inkişaflı
epizodlar orkestrin partiyasında imitasiya edilir, pillə-pillə artan hərəkət
kulminasiyaya çatır və əsər sanki sualla
tamamlanır.
Konsertin sonrakı
nömrəsi olan “Ballada” və “Alleqro” əsərləri fərqli
əhval-ruhiyyəsi, kontrast səciyyəli musiqi ifadəsi ilə
yadda qaldı. Violençelin nəqilvari
monoloqu ilə başlanan “Ballada” əsərində daha sonra
alt, II və I skripkalar musiqiyə qoşularaq həmin
parçanı imitasiya edirlər. Ballada
janrının xüsusiyyətlərinə uyğun olaraq sanki
olmuş-yaşanmış hadisələr tədricən
müfəssəl epik tablo səciyyəsi daşıyaraq sərbəst
şəkildə simli alətlərin çoxsəsli xoru
vasitəsilə hadisələrin dramatik nümayişinə
keçir. Bu epik, dramatik və lirik
intonasiyalardan hörülən çələng bəstəkarın
yaradıcılıq fantaziyasının genişliyindən xəbər
verir. Ümumiyyətlə, romantik istiqamətli
musiqiçilərin yaradıcılığında geniş
yer alan ballada janrındakı
“nağılçı”nın söylədiyi hadisələrin
subyektiv-emosional rəngi bu əsərdə öz parlaq təcəssümünü
tapır. Şəhla xanım Həsənova bu mənada Musa
müəllimin yaradıcılıq xüsusiyyətini
çox düzgün olaraq səciyyələndirərək
belə yazır: “Musa Mirzəyev dəst-xəttinin maraqlı
cəhətlərindən biri – klassik təfəkkür tərzi
ilə romantizmin qovuşmasıdır”. “Ballada” ilə təzadlıq
təşkil edən “Allegro” isə bir növ Motsart musiqisi ilə
assosiasiya yaratsa da, milli musiqinin intonasiyaları, polifonik kanon,
violençelin vurğuları, təntənəli sonluq və
fortepianonun qlissandosu əsərə orijinallıq bəxş
etdi.
1999-cu ildə
bəstəkarın yazdığı kamera orkestri
üçün bir hissəli 2 saylı “Polifonik
simfoniya”sı asta tempdə I skripkaların ifa etdiyi gözəl
və geniş melodiyalı girişlə başlanır. Polifonik
və dramatik inkişaf bir növ canlanmaya, eləcə də
tempin tezləşməsi inamlı və cəsarətli əsas
mövzuya aparıb çıxarır. Köməkçi
mövzu isə təmkinli, nəğməkar və melodik səciyyə
daşıyır. İşlənmə
hissəsində maraqlı polifonik inkişafa uğrayan
ekspozisiyanın mövzuları ilə yanaşı, I
skripkanın ifa etdiyi melodiya reprizada daha yüksək testiturada
səslənərək tamamlanır.
Növbəti nömrədə ifa olunan “Noktürn” əsərində
janra uyğun olaraq gecə mahnısı kimi səciyyələndirilən
geniş inkişaflı nəğməkar melodiyanı sanki
insan kimi danışan violençel aləti ifa edir. Romantizmin vizit
kartı olan “Noktürn” janrı vasitəsilə bəstəkar
ürəkləri fəth edən musiqi nömrəsi təqdim
edərək istər solo cellonun, istərsə də digər
müşayiət səciyyəli simlilərin alətləşdirilməsini
maraqlı tərzdə təqdim edir.
Musa Mirzəyevin 2 romansını (“Yaz” və “Tələbə
valsı”) Azərbaycan Respublikasının Əməkdar
artisti Aygün Zeynalova ifa etdi. Maraqlıdır ki, bəstəkar
zəngin səslənmə əldə etmək məqsədilə
bu nömrədə ağac nəfəsli alətləri
(fleyta, qoboy, klarnet) də kamera orkestrinin tərkibinə daxil
etmişdi. Fortepianonun qlissandoları ilə zəngin olan
məşhur “Tələbə
vals”ındakı vals ritminin sədaları
altında solistin zil soprano səsi ilə gəncliyə xas
olan çılğınlıqla oxunan romans və orkestrin
iştirakçılarının ilhamli ifası zalı
tamaşaçıların alqışları və bravo sədaları ilə doldurdu.
“Lirik passakaliya” əsəri isə “Gül açdı,
bahar oldu” xalq mahnısının melodiyasının təksəsli
violanın çalğısı ilə başlanması,
sonra II skripkaların qoşulması və daha sonra isə I
violinalarda keçməsi ilə davam edir. Maraqlıdır ki, bəstəkar
orta hissədə
həmin xalq mahnısının davamını
deyil, “Qara qaşın vəsməsi” xalq mahnısının
işlənməsindən istifadə edir. Bu da hər
iki mahnının “Şur” ladında yazılması ilə əlaqədardır.
Bəstəkarın folklor nümunəsinə
müraciət edərək onu klassik passakaliya qaydalarına
uyğun olaraq ağırhərəkətli tərzdə verərək
variasiyalarda tədricən hərəkətliliyin yaranması
və uzunluğun sürətliliyinin azalması əsasında
qurur. “Lirik passakaliya” simlilərin tutti
ifası ilə davam etməsi, sonda isə bəm səs qismində
violençelin I mahnının melodiyasını ifa etməsi
ilə tamamlanır.
Musa Mirzəyevin
mən deyərdim ən çox sevilən və ən
maraqlı əsərlərindən biri olan “Azərbaycan” rəqsi
canlı, təravətli musiqi effekti yaradaraq, milli musiqiyə
xas olan melizmlərdən, eləcə milli lad-məqamlardan
(şur-rast) effektiv şəkildə
istifadə olunması, səslənmənin zənginliyi ilə
seçilməsi ilə diqqəti cəlb etdi. Ümumiyyətlə,
məharətlə edilmiş orkestrləşdirmə, simlilərin
melodik ifa tərzinə nəfəsli alətlərin də bir
növ rəng qatması, səslənən şirin trellər,
rəqsin canlı və oynaq əhval-ruhiyyəsini daha da artıraraq dinləyicilərə
xoş musiqi ovqatı bəxş etdi.
Sonuncu
musiqi nömrəsi olan “Romantik vals-poema” iki janrın – ritmdə
ifadəli hərəkət kimi qavranılan incəsənət
növlərindən biri olan valsın və sərbəst
quruluşu, emosional zənginliyi və lirik xarakteri ilə
seçilən poemanın vəhdətindən
yaranan romantik tərzli musiqi əsəri olaraq, bəstəkar
tərəfindən 50 il bundan əvvəl – 1963-cü ildə
yazılmışdır. Buna baxmayaraq, bu gün də təravətli
səslənən əsərdə I skripkaların
aparıcı rolu, violençelin sanki insan səsi ilə
danışması, fortepianonun çoxsaylı
qlissandoları, 3/4 ölçülü vals
ritminin yüngül addımları, parlaq orkestrləşdirmə
və s. amillər atəşfəşanlıq səciyyəli
musiqi təəssüratı yaradaraq konsertə təntənəli
sonluq verə bildi.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət
kamera orkestrinin ifaçıları bəstəkarın əsərlərini
maraqla və böyük həvəslə ifa edir, dirijor isə
sanki öz interpretatorluğundan, sözün əsl mənasında
zövq alırdı. Bunu konsertin sonunda T.Göyçayev də etiraf edərək,
söylədi: “Biz Musa Mirzəyevin musiqisini ifa etməkdən
şərəf duyuruq, çünki doğrudan da, onun
musiqisini birinci notdan sonacan ifa etmək biz musiqiçilərə
ləzzət edir”. Bunlar sözsüz ki, etika
xatirinə deyilən fikirlər deyildi, musiqidən alınan mənəvi
zövqün təsirindən yaranan səmimi bir etiraf idi.
Ümumiyyətlə, dirijor yalnız orkestrə
temp verən, əsərin ölçüsünü,
nüanslarının göstərən, hər bir
musiqiçinin qüsursuz, təmiz çalmasına nəzarət
edən şəxs deyil, o həm də bir növ dramaturqdur.
Çünki ifa olunaraq dinləyiciyə
çatdırılan hər hansı əsər, bəstəkarın
təxəyyülündən və ilhamından yaranan
kiçik bir dünyadır və müxtəlif partiyaları
ifa edən musiqiçilərin əsərin ideyasını
tam olaraq qavrayaraq, kollektiv şəkildə
çalmasını, həmçinin də dinləyiciyə
çatdırılmasını təmin edən şəxs məhz
dirijordur. Bu mənada Teymur müəllimin
konserti böyük ustalıqla idarə etməsi, müəllifi
və dinləyiciləri qane edən səslənmədəki
təmizlik və səlistlik, kollektivin gərgin məşq
prosesindən və dirijorun tələbkarlığından xəbər
verirdi.
Sevindirici haldır ki, 80 yaşlı yubilyar Musa Mirzəyev
bu gün də bütün sferalardakı məhsuldar fəaliyyəti
ilə öz musiqisinin pərəstişkarlarını təəccübləndirə
bilir. Belə ki, 50 ildən artıqdır əsl ziyalı
fenomeni olan Musa müəllim, həm də tənqidçı-publisist
kimi dövri mətbuatda mütəmadi olaraq
çıxışlar edərək, bu yazılarda əsl
peşəkarlıq səviyyəsini göstərə bilir.
Eləcə də tez-tez radio və televiziyada professional musiqi
yönümlü verilişlərə dəvət alan M.Mirzəyev, musiqinin müxtəlif
janrlarını və bəstəkarların
yaradıcılıq sferasını çox düzgün
olaraq səciyyələndirməklə yanaşı,
maraqlı xatirələri, oratorluq qabiliyyəti və fenomenal
yaddaşı ilə diqqəti cəlb edir. Yeni əsərləri
ilə yaradıcılıq irsini və musiqi xəzinəmizi
zənginləşdirən Musa müəllimin 2012-ci ilin dekabr
ayında keçirilən Azərbaycan Bəstəkarlar
İttifaqının IX qurultayında səsləndirilən
violin ilə simfonik orkestr üçün “Simfoniya-konsert”inin
uğurlu premyerası və professionallıqla yazılmış
bu əsərə verilən müsbət resenziyalar sübut etdi ki, bəstəkar bu
gün, yaradıcılığının müdrik
çağında daha kamil əsərlər yazmağa
qadirdir. O, həm də bu qurultayda Bəstəkarlar
İttifaqının İdarə Heyətinin üzvü, həmçinin
“Simfonik musiqi” bölməsinin sədri seçilmişdir.
M.Mirzəyev həm də Bəstəkarlar
İttifaqının Lənkəran bölgə təşkilatının
sədri kimi fəal ictimai iş aparmaqla yanaşı pedaqoji fəaliyyətini
də davam etdirir.
Bakı
Musiqi Akademiyasının dirijorluq kafedrasında “Simfonik alətləşdirmə”
və “Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar
gənc musiqiçilərə bu sənətin sirlərini
böyük həvəslə öyrədir. Mənim nəzərimdə
o müəllim yaxşı pedaqoqdur ki, yaxşı mənada
standartlardan və qəliblərdən kənara
çıxmağı bacarsın, tədris etdiyi sahədəki
mükəmməl bilikləri sayəsində
özünün düzgün və maraqlı
metodologiyasını qura bilsin. Ümumiyyətlə,
Musa Mirzəyevlə ünsiyyətdən sonra onun musiqi sahəsi
üzrə canlı bir ensiklopediya olmasına heç bir
şübhən qalmır. Belə ki, dirijorlara tədris
etdiyi “alətləşdirmə” fənninin öyrədilməsinə
yeni cizgilər əlavə edən Musa müəllim simfonik
orkestrə daxil olan hər bir alətin diapozonu, ifa
üsulları, növləri və
s. ilə yanaşı öz musiqi yaddaşına güvənərək
bəstəkarların hansı əsərlərində həmin
alətdən necə tərzdə istifadə olunmasını
belə açıqlayaraq, onun səslənməsinə
öz münasibətini də bildirir. Xor dirijorlarına
keçdiyi “Xor aranjimanı” fənnində isə tələbələr
tərəfindən müxtəlif musiqi ədəbiyyatı
nümunələrinin xor üçün çoxsəsli (2,
3, 4 səsli ) aranjiman edilməsinə
böyük həssaslıqla yanaşan pedaqoq, hər bir tələbənin
ev tapşırığını təmkinlə və diqqətlə
izləyir, daha yaxşı səslənmə
əldə etmək məqsədilə öz tövsiyələrini
verir və əyani şəkildə çalıb-göstərməklə
fərqi izah edir. Bu da təsadüfi deyil,
çünki Musa müəllim həm yaxşı
pianoçudur, həm də bu sahənin bilicisi kimi özü
də çoxsaylı vokal və xor əsərlərinin, eləcə
də fortepiano ilə oxumaq üçün xalq
mahnılarının işləmələrinin müəllifidir.
Xor ilə yanaşı simfonik
orkestri də gözəl duyan, hər bir alətin
imkanlarına və səslənmə effektlərinə dərindən
bələd olan M.Mirzəyev, Ü.Hacıbəylinin müəllifi
olduğu Azərbaycanın Dövlət Himninin orkestr
aranjimanının, həmçinin R.Yaxinin yazdığı
Tatarıstanın Dövlət Himninin aranjimanının və
orkestr transkripsiyasının da müəllifidir. Unutmayaq ki,
bir çox şedevr əsərlərin, o cümlədən
F.Əmirovun “Nizami” baletinin tamamlanması və simfonik orkestr
üçün işlənməsi, “Şur” simfonik
muğamının 2 fortepiano üçün konsert işlənməsi,
Ə.Bədəlbəylinin “Qız qalası” baletinin
aranjimanı, simfonik orkestr üçün yenidən işlənməsi
və yeni musiqi redaksiyası, F.Bədəlbəylinin “Dəniz”
əsəri əsasında bəstəkarın
yazdığı “fortepiano və orkestr üçün
Konsertino” üçün də Musa Mirzəyevə minnətdar
olmalıyıq.
Ümumiyyətlə, M.Mirzəyev
yaradıcılığında onun sevdiyi və hörmət
etdiyi şəxslərə ithaf olunmuş çoxsaylı əsərlər
mövcuddur.
Onlara konsertdə səslənən “Dahi sənətkara –
Üzeyir Hacıbəyova ithaf” əsərindən başqa,
atası A.Mirzəyevə vəsf etdiyi “Lənkəran əfsanəsi”,
həyat yoldaşı S.Mirzəyevaya həsr olunmuş estrada
simfonik orkestri üçün “Bakının işıqları”
fantaziyası və 1 saylı simfoniyası, bacısı T.Mirzəyevaya
yazdığı səs və simfonik orkestr üçün
“Bir cüt qu quşudur canan əlləri” birhissəli
poeması, bəstəkar oğlu İ.Mirzəyevə məhəbbətdən
yaranan fortepiano üçün “Gənclik albomu”, bəstəkar
dostu R.Yaxinə yazılmış fortepiano üçün
“konsert skertsosu”, ümummilli lider H.Əliyevə ithaf
olunmuş solist və xor üçün “Salam, ulu rəhbər”
odası və s. misal göstərmək olar.
Musa Mirzəyev o bəstəkarlardandır ki, onun
yaradıcılığında milli ideologiyanın təcəssümü
qırmızı xətlə keçir. Belə ki, bütün həyatı
boyu musiqimizin təbliği ilə məşğul olan M.Mirzəyev,
folklor materialı əsasında Naxçıvanın milli
emblemi olan yallıları fortepiano üçün işləmiş, Azərbaycan xalq melodiyaları əsasında
akkordeon və bayan üçün işləmələr
etmişdir. Böyük şairimiz Sədinin şeirlərindən
aldığı təəssürat əsasında “Sədini
oxuyarkən” adlı böyük simfonik orkestr
üçün yazılmış lirik poeması hələ
1968-ci ildə ilk dəfə Moskvada ifa olunmuş, elə həmin
ildə M.F.Axundov adına Opera və Balet Teatrında
“Aşıq” adlı balet süitası tamaşaya qoyulmuş,
siyasi baxımdan ağır bir dövrdə 1995-ci ildə
yazılmış “Qeyrət vaxtıdır” adlı a capella
xoru üçün poema əsəri, Vətəni vəsf edən
kompozisiyalarından isə 2000-ci ildə uşaq xoru
üçün yazılmış “Vətən”
mahnısı, solistlər, xor və simfonik orkestr
üçün 7 hissəli “Doğma Azərbaycan”
oratoriyasının 2 hissəsi ilk dəfə Azərbaycan Bəstəkarlar
İttifaqının VIII qurultayında ifa olunmuşdu.
Bəstəkarın əsərləri zəngin musiqi
dilinə, maraqlı fakturasına, simfonik orkestrin müxtəlif
alətlərinin səslənməsinin rəngarəngliyinə
və zənginliyinə, ən əsası isə melodik
gözəlliyinə və milli ruhuna görə fərqlənir
və sevilir.
Çünki Musa Mirzəyevin musiqisi istər
ölkəmizdə və istərsə də sərhədlərimizdən
kənarda, ümumiyyətlə, ifa olunduğu bütün zallarda
auditoriyanı ələ almağa, hər bir dinləyicinin və
tamaşaçının qəlbini fəth etməyə qadir
olan, bir sözlə sevilərək dinlənilən musiqidir.
Öz musiqisi ilə Azərbaycanı dünyada
tanıdan 80 yaşlı yubilyarı ürəkdən təbrik
edir, ona cansağlığı, uzun ömür və yaradıcılıq
uğurlarının davamını arzulayıram.
Güllü İSMAYILOVA,
Azərbaycan Bəstəkarlar
İttifaqının üzvü, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 5 aprel.- S.8.