Hakimiyyət-cəmiyyət-din münasibətlərinin Azərbaycan modeli beynəlxalq səviyyədə müsbət qarşılanıb

 

Bu günlərdə professor R.Əliyevin “Hakimiyyət, cəmiyyət və din” adlı kitabı “Trafford Publishing” nəşriyyatı tərəfindən Amerika Birləşmiş Ştatlarında ingilis dilində çapdan çıxıb. Nəşriyyat müəllifin bu kitabını özünün www.traffod.com saytında belə təqdim edir: “Oxuculara təqdim edilən kitab günün ən vacib və aktual mövzusuna – hakimiyyət, cəmiyyət və dinin qarşılıqlı münasibətlərinə həsr olunub. Müəllif, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 5 il rəhbərliyi zamanı əldə etdiyi təcrübələrdən çıxış edərək, cəmiyyətin bu üç həyati mühüm tərkib hissəsi arasında qarşılıqlı əlaqə və eyni zamanda qarşılıqlı asılılıq və bu elementlərin bir-birini tamamlaması barədə fikri əsaslandırmağa çalışmışdır. Müəllif hesab edir ki, onların dərin qarşılıqlı əlaqəsi bütün cəmiyyətdə hakimiyyət və idarəçilik balansının qorunub saxlanmasında məntiqi əsasdır”.

Dünya miqyasında tanınmış bu nəşriyyatın kitab barədə yuxarıdakı təqdimatı deməyə əsas verir ki, professor R.Əliyevin oxuculara təqdim edilən “Hakimiyyət, cəmiyyət və din” adlı kitabında elmi-nəzəri cəhətdən əsaslandırılmış dini konsepsiya nəinki Azərbaycan cəmiyyəti üçün, eləcə də beynəlxalq səviyyədə ən ciddi din-dövlət münasibətləri modeli kimi qəbul və təbliğ olunur.

Qısa zaman kəsiyində nəşriyyatın saytına kitabla maraqlanan və onu almaq istəyən 12 min nəfərə yaxın oxucu müraciət edib.

Ona görə də müəllifin zəngin dünyagörüşü, fəlsəfi-elmi biliyi və təcrübəsi, eyni zamanda tarixi həqiqətlər və faktlar əsasında tərtib edilərək qələmə alınan və oxuculara təqdim olunan bu maraqlı kitabı barədə fikir yürütməyə dəyər.

Təqdim edilən kitabda din, cəmiyyət və hakimiyyətin qarşılıqlı münasibətlərinin bütün mümkün formalarını bütöv şəkildə nəzərdən keçirməyə müəllif tərəfindən ilk dəfə cəhd edilmişdir. O qeyd edir ki, cəmiyyətin həyatını təşkil edən bu üç vacib komponentin əsaslandığı mənəvi əxlaqi dəyərlər sistemi bütöv və həqiqi varlıq mahiyyəti daşıyır. Bu mahiyyətin təhlili və onun real anlamda təqdimatı cəmiyyətdə hakimiyyət, cəmiyyət və din münasibətlərinin qarşılıqlı münasibətini düzgün qurmağa və lazım olan səviyyələrdə onları tənzimləməyə imkan verir. Belə bir münasibətlər sistemini daşımaq yükü və vəzifəsi hər bir cəmiyyətdə əsrlər boyu mövcud olub və bu gün də var.

Hazırki mərhələdə dünyanı yenidən nüfuz dairələrinə bölmək, bununla da böyük maliyyə qaynaqlarına malik olmaq istəyən güclü dövlətlər əllərində olan geniş təbliğat vasitələrindən istifadə etməklə bü gün Yaxın və Orta Şərq ölkələrində, hətta bir sıra Avropa dövlətlərində demokratiya şüarları altında geniş insan kütləsinin ehtirasını ələ alır, onları idarə etmək üçün bir sıra dağıdıcı ideologiya və təşkilatlar formalaşdırırlar. Nəticədə, cəmiyyət minlərlə insan tələfatı ilə üzləşir, ictimai-siyasi təşkilatlar və müxtəlif yönümlü dini qruplaşmalar hakimiyyətlə qarşılıqlı münasibətlərdə ciddi təzad və ziddiyyətlər  obyektinə çevrilirlər. Belə bir mənzərəni bu gün Suriya timsalında görmək mümkündür. Nəinki Suriyada, eləcə də regiondakı dövlətlərin qarşılıqlı münasibətlər sistemində də ciddi çətinliklər yaranmışdır və onun həlli yolları və cözülməsi üçün ən optimal və tələfsatsız yollar axtarılır.

Bütün bu sualların cavabını, adıgedən region dövlətlərindəki siyasi-ictimai böhranların yaranma səbəblərini, mahiyyətini və çözülməsi yollarını müəllifin oxuculara təqdim edilən bu əsərində əldə etmək olar.

Kitabın müəllifi çox sadə və anlaşıqlı bir dildə və üslubda dövlətçiliyin əsas təməl prinsiplərindən biri olan mənəvi təməl prinsipini öz oxucularına izah edir, onun mahiyyətini açır, dövlətin ictimai əsaslarını təşkil edən cəmiyyətin, onun söykəndiyi əxlaqi dəyərlərin möhkəmliyinin dövlət üçün nə dərəcədə vacib və mühüm olduğunu qeyd edir.

Eyni zamanda müəllif kitabda ona da işarə edir ki, dövlətlər əsrlər boyu öz mənəvi təməllərinin möhkəmliyini insanların etiqad etdikləri dinlə də qorumağa və təmin etməyə çalışmışlar. Belə ki, həmin dinə etibar etmişlər.

Hər bir dövlətdə cəmiyyət, əxlaq və həyat tərzi dini dəyərlərlə qarşılıqlı münasibətdə olur, onların düzgün qarşılıqlı əlaqədə inkişafının tənzimlənməsi və təmin edilməsi hakimiyyətin qarantıdır!

Ona görə də, dünyanı yenidən nüfuz dairələrinə bölmək və bundan qədərincə faydalanmaq istəyən güclü dövlətlər hədəfə götürdüyu millət və dövlətin mənəvi bünövrəsini sarsıtmaq üçün müxtəlif dini təxribat və təfriqələrdən, müxtəliv yönümlü ideya cərəyanlarından, onları təbliğ etməkdən və yaymaqdan istifadə edirlər, dinin cəmiyyətdə rolunu heçə endirməyə, mənəviyyatsızlığı ön plana çəkməyə çalışırlar.

Müəllif bu əsərində Azərbaycanın milli mənafeyini və dövlətçiliyini, onun milli-mənəvi dəyərlərini müdafiə etməklə onları öz oxucusunun müzakirəsinə verir.

Professor R.Əliyevin uzun illərin təcrübəsi nəticəsində işlənib hazırlanmış və ortaya qoyulmuş “Hakimiyyət, cəmiyyət və din” əsərini Azərbaycan hakimiyyətinin dini siyasət konsepsiyasının nəzəri əsasları, din dövlət münasibətlərinin tənzimlənməsinin ən yaxşı modeli kimi qəbul etmək olar!

Azərbaycan Respublikasında dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində əsaslı islahatların həyata keçirilməsi, dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində bir sıra mühüm və ciddi addımların atılması məhz professor R.Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik etdiyi illərə təsadüf edir.

Kitabın müəllifi dövlət komitəsinə rəhbərlik etdiyi illərdə cəmiyyətin hər bir fərdini vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda milli suverenliyi, ərazi bütövlüyünü qorumaq, ölkənin iqtisadi potensialını inkişaf etdirmək kimi hissləri aşılamaq, dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirmək, cəmiyyətdə dini dözümlülük, tolerantlığı bərqərar etmək prinsiplərini də əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdirdi.

Professor R.Əliyevin təşəbbüsü və uzun sürən səyləri nəticəsində 2004-cü ilin oktyabr ayının 26-da 40 müxtəlif təmayüllü dini icmanın iştirakı ilə “Sülh və barış naminə” adlı Azərbaycan Dini Qurumlar birliyi təsis edilərək Dövlət komitəsində qeydiyyatdan keçdi və fəaliyyətə başladı. Birlik öz fəaliyyəti dövründə dini tolerantlığın bərqərar olunması, dini-ayrıseçkiliyə, dözümsüzlüyə yol verilməməsi yolunda bir sıra tədbirlərin təşkilində iştirak etdi.

Bütün bu səy və zəhmətlərin nəticəsi kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2001-2006-cı illərdə din-dövlət münasibətlərinin qaydaya salınması, hakimiyyət, cəmiyyət və din modelinin qurulması və onun işə tətbiqi sahəsindəki fəaliyyətinin yekunlarına belə qiymətlər verildi:

– “Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu həqiqətən belədir” (Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda Baş Kafedral kilsənin açılışı mərasimindəki çıxışından);

– “...Azərbaycanda dini və milli zəmində tolerantlıq hökm sürür, bütün xalqlar bir ailə kimi yaşayır. Əminəm ki, bu ölkəmizin gələcəyi üçün çox önəmli amildir...”( Azərbaycan Prezidenti İlham Əliyev, 21 sentyabr 2005-ci il, Bakı şəhəri);

– “...Bu gün Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər...” (Almaniyanın Azərbaycandakı səfiri);

– “...Azərbaycandakı tolerantlıq məni razı saldı. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir...” (Rum Patriarxı I Varfolomey);

– “...Azərbaycanda davamlı bir ənənə mövcuddur. Uzun illər boyu burada müxtəlif dini icmalar bir-birilə yanaşı dinc şəraitdə yaşayır...Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik...” (ATƏT-in İnsan haqları və demokratik azadlıqlar departamentinin sədri Ştudman);

– “...Azərbaycanda tolerantlıq mühiti hökm sürür və bu çox vacibdir... Dünyanın hər bir guşəsində insanların əmin-amanlıq şəraitində yaşaması və möhkəm sülhün olması Müqəddəs taxt-tacın əsas arzularından biridir...” (İncilin təbliği konqeqasiyasının prezidenti kardinal Kreçensio Sepe);

– “...Azərbaycanın siyasi təbəqələşmə, iqtisadi böhran zolağından keçərək, hazırda Avrasiyada və dünyada layiqli yer tutmasını, beynəlxalq proseslərdə getdikcə daha böyük rol oynamasını görmək xoşdur...” (Moskva və Rusiyanın patriarxı II Aleksi);

– “...Azərbaycanlılar din sahəsində öz ənənəvi tolerantlığı ilə seçilirlər...” (Roma papası II İohann Pavel).

Bütün bu verilən qiymətlər müəllifin “Hakimiyyət, cəmiyyət və din” adlı oxuculara təqdim edilən əsərində öz təsdiqini tapdı, Azərbaycan Respublikası dini siyasət konsepsiyasının  ən uyğun modeli ortaya qoyuldu və bu model bu gün beynəlxalq səviyyəli ülgü ola bilər.

 

 

Səməd BAYRAMZADƏ,

Tarix elmləri namizədi

 

525-ci qəzet.- 2013.- 5 aprel.- S.6.