Bakıda beynəlxalq turizm
sərgisi işə başladı
Bu
gün Bakıda XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisi («AITF-2013») işə başlayıb.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
qeyd edib ki, sərgidə iştirakçıların
sayının ildən-ilə artması Azərbaycanın
turizm sahəsinin inkişafının düzgün istiqamətdə
olduğundan xəbər verir, ölkə hökuməti
sektorun inkişafı üçün lazımi tədbirləri
həyata keçirir: «Əgər 2012-ci ildə Bakıda
keçirilən turizm sərgisində 28 ölkə
iştirak edirdisə, bu il iştirakçı ölkələrin
sayı 35-ə çatıb».
Azərbaycanın
Ümumdünya Turizm Təşkilatının fəal
iştirakçılarından olduğunu deyən nazir onu da
bildirib ki, növbəti illərdə ölkənin turizm
sektoru daha da inkişaf etdiriləcək.
Qeyd
edək ki, builki sərgiyə 35 ölkədən 250 şirkət
qatılaraq öz məhsul və xidmətlərini
nümayiş etdirir. Ötən illə müqayisədə sərgi
iştirakçılarının sayı və
ekspozisiyası 40%-dən çox artıb.
«AITF-2013»
sərgisində Bolqarıstan, Kipr, Çexiya, Birləşmiş
Ərəb Əmirlikləri, Gürcüstan, Rusiya, Sloveniya,
Türkiyə və Misir milli stendlərlə
çıxış edəcək. Monteneqro, Tailand, Tunis,
Kanada, Mərakeş və Monakodan olan turizm şirkətləri
isə sərgidə ilk dəfə iştirak edərək
öz xidmətlərini təklif edir. Eyni zamanda, sərgi
çərçivəsində Azərbaycanın 21 rayonu da
stendlərdə çıxış edərək məhsul və
xidmətlərini nümayiş etdirir.
Bu sərgi
ilə yanaşı, «Mehmanxana, restoran və supermarketlər
üçün avadanlıq və ləvazimatlar» VII Qafqaz Beynəlxalq
Sərgisi («HOREX-2013») də keçiriləcək. Bu sərgidə
mehmanxana, restoran və supermarketlər üçün kompleks
təchizat, ticarət köşkləri, mətbəx
avadanlıqları, qəlyanaltı sistemləri, mehmanxana və
restoranlar üçün mebel və bir çox digər
avadanlıqlar nümayiş etdirilir.
Xatırladaq
ki, sərgi Böyük Britaniyanın «ITE Group» şirkətinin
Qafqazdakı eksklüziv tərəfdaşı olan «Iteca
Caspian» şirkətinin təşkilatçılığı
ilə keçirilir və aprelin 6-dək davam edəcək.
Bəxtiyar
525-ci qəzet.- 2013.- 5 aprel.- S.6.