Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir

 

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş müsabiqənin aprelin 1-dən başlayan müsabiqənin ayın sonuna kimi zonalar üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində, Ağcabədi, Bərdə, Salyan rayonlarında keçirilməsi nəzərdə tutulub. 

Müsabiqənin məqsədi böyüməkdə olan gənc nəslin estetik tərbiyəsini formalaşdırmaq, xor müəllimlərinin peşəkarlığını artırmaq, təhsil müəssisələrində xor fənninin tədrisini yaxşılaşdırmaqdır.

Aprelin 1-də Lənkəran Dövlət Humanitar Kollecində müsabiqənin zona turu keçirilib. Baxış-müsabiqədə cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvarın, habelə Biləsuvar rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon Böyük Mərcanlı kənd uşaq musiqi və incəsənət məktəbləri iştirak edib. 

Aprelin 2-də Salyanda keçirilən baxışda isə Salyan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad rayon, Şirvan şəhər uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri çıxış edib. 

Zonalar üzrə növbəti baxış aprelin 5-6-da Sumqayıt şəhərində (Sumqayıt, Qubadlı, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı) keçiriləcək.

Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, xalq artisti, professor Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə zona baxış-müsabiqəsində birinci yeri tutan xor kollektivləri Bakıda keçiriləcək yekun turunda çıxış etmək hüququ qazanacaqlar.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2013.- 5 aprel.- S.7.