Sənətin cazibə qüvvəsi

 

ADMİU-nun “Estrada və Musiqili teatr rejissoru” kafedrasının müdiri –

professor, Xalq artisti

Bəlkə də bu günə qədər  salam verib, hal-əhval tutduğum  insanlar arasında   yaşına,  yaxınlığına  görə  İbrahim Əliyev kimi dostum olmayıb.

Salam İbrahim!

Böyüyüb boya-başa çatdığım Əlövsət Quliyev küçəsində (keçmiş Montin) yaşayan əksər sakinlər azərbaycanlılar idi. Təzə Pir  məscidinin  mərkəzi qapısının açıldığı  küçə isə  M.F. Axundzadənin  adını daşıyırdı. (İndi də belə adlanır.) Bizim Əlövsət Quliyev küçəsi isə  bu küçəyə perpendikulyar istiqamətdə  yerləşirdi. Mənim yaşadığım Murtuza Muxtarov küçəsi ( keçmiş Poluxin) avtomobillərin hərəkətinə görə intensiv küçələrdən idi. Bu məhəllənin sakinləri dini-əxlaqi, milli-mədəni  cəhətdən  sabit, maddi imkanlara  gəldikdə, ortabab həyat tərzi keçirən insanlar idi.

Çar Rusiyası tərəfindən Bakı işğal olunduqdan sonra pərən-pərən düşmüş İçəri Şəhər  əhalisinin əksəri, eləcə də müxtəlif bölgələrdən olan  insanlar, Təzə Pir məscidinin həndəvərində özünə  yer-yurd salmaqla  dini əqidəsinə sədaqətini bildirir, uşaqlarının da imanlı böyüməsinə çalışırdılar.

Bununla belə mədəniyyət, ictimai biliklər və  gələcək nəsillərin inkişafı naminə  təhsil proseslərinə də  çox ciddi yanaşırdılar.

Hətta  bu məhəllə  sakinlərindən biri  Məmmədtağı Məmmədovun şəxsi həyətinin zirzəmisində öz uşaqlarının təşkil etdikləri həvəskar teatrın üzvüolmuşam (məktəb yaşına qədər). Göründüyü kimi,  məhəlləmizin sakinləri  incəsənətə, xüsusilə inkişafda olan teatr sənətinə də  biganə qalmayıb.

Əxlaqi və mənəvi cəhətdən kamil olan  bu insanların arasında yaşayıb, böyüyüb, bu yaşa  çatmağımla fəxr etməyə yəqin ki, mənim haqqım var...

Bu haqqa sahib olanlar arasında bizim köhnə məhəllənin  uşaqlarından  olan, ziyalı, müəllim ailəsinin  tərbiyəsini almış –İbrahim Əsgər oğlu Əliyev  var .

Mən onunla bir  məhəllədə böyümüş, bir  sinifdə oxumuş, o vaxtki Azərbaycan Dövlət  Televiziya verilişləri  Radio  Komitəsində uşaq redaksiyasının hazırladığı “uşaq tamaşalarında” aktyor kimi fəaliyyət  göstərmişəm.

Uşaq və yeniyetmə yaşlarında olduqca dəcəl olan İbrahimlə birgə güləş və milli rəqslərlə məşğul olmuşam. (o dövrdə mən həm də keçmiş  26-lar adına sarayın uşaq dram dərnəyində, Yuri Qaqarin adına Pioner sarayının dram, rəqs, qılıncoynatma dərnəklərində fəaliyyət göstərmişəm, paralel olaraq “Azərbaycanfilm” kinostudiyasının dublyaj etdiyi filmlərdə uşaq rollarını  səsləndirmişəm. (1959-cu ildən)

Bir gün kinostudiyanın rejissor köməkçisi, indiki tanınmış kinorejissorumuz Oqtay Mirqasım məni “Mən rəqs edəcəyəm” adlı rejissor  Tofiq Tağızadənin o dövrdə  məşhur olan rəqqas- milliyətcə çeçen Mahmud Esenbayevin həyat və yaradıcılığından  bəhs edən bədii filmində onun uşaqlıq dövrünü oynamaq üçün  sınaq  çəkilişlərinə çağırdı. Özümlə İbrahimi də apardım. İkimizi də bəyəndilər.

Eyni vaxtda həm də məktəbdə gimnastika ilə məşğul olduğum üçün   məni Krıma spartakiadaya aparmışdılar.

Qayıdanda eşitdim ki, dostum İbrahimi  təsdiq edib baş rola  çəkirlər. Sevindim. Məni də həmin filmdə kiçik bir epizoda- Qaraçı balası roluna çəkdilər(1963).  Beləliklə, bizim böyük sənət yoluna, kino sahəsinə tale işığı düşdü. İncəsənətə-  teatrkino sənətinə olan həvəs və marağımız getdikcə artmağa, bizi özünə cəzb etməyə başladı.

Yeniyetmə idik... Bir gün  “Azərbaycanfilm” kinostudiyasında   kinoaktyorkursu yaradıldı. Bu,   o zaman kinostudiyanın direktoru  vəzifəsində çalışan SSRİ Xalq artisti Adil İskəndərovun  təşəbbüsü idi. Bu peşəyə yiyələnmək həvəsiylə Kinematoqrafçılar İttifaqında (sədri Həsən Seyidbəyli idi) keçirilən  müsabiqəyə qatılmaq məqsədiylə ərizələrimizi yazdıq. Müsabiqə günü sədrin  otağından çıxan  İbrahim hönkürtü ilə ağlamağa başladı. Səbəbi də bu idi ki, onu kurslara qəbul etməyib, böyük otaqda asılan  “Mən rəqs edəcəyəm” bədii filminin  afişasındakı  öz şəklini (bilmədən, tanımadan) özünə göstərib, demişdilər: “Çox zəifsən, çalış bu uşaq kimi  istedad sahibi ol!” .... İbrahim çox pərt olmuşdu.

Bunu görəndə mən ümumiyyətlə müsabiqəyə qatılmamağa qərar verdim. Çünki o vaxt mənə- bu arıq, sısqa uşağa bəhanə üçün  nə qədər desən səbəb tapmaq olardı. Lakin buuğursuzluqbizi heç də həvəsdən salmadı. Əksinə, içimizdə  baş qaldıran prinsipiallığa təkan verdi.

Ailə həyatımızdakı müəyyən çətinliklər ikimizi də gecə məktəbinə (fəhlə-gənclər məktəbinə) keçmək məcburiyyəti qarşısında qoydu. İkimiz də “Azərnəşr” mətbəəsində fəhlə kimi işə düzəldik.Biz- iki dost orta təhsilimizi davam etdirməklə yanaşı, o dövrdə fəaliyyət göstərən dram dərnəklərinə üzv olmaq, gələcək taleyimizi müəyyənləşdirmək istəyirdik.

Bu müddət ərzində  mən  kinostudiyadakı dublyaj şöbəsində ştatdankənar aktyor  kimi fəaliyyət göstərib,  “yaxşı ad  qazanmışdım. Üstəgəl televiziya  verilişlərində (tamaşalarda) mütəmadi çıxışlarım məni sevilən və populyar gənc  aktyorlardan etmişdi.

Bir gün gecə məktəbində dostlaşdığım  Hüseynağa məni özünün üzvü  olduğu  dram dərnəyinə, Fioletov klubuna gətirdi. O zaman burada dram dərnəyininin rəhbəri olan Tofiq İsmayılov (ADMİU-nun professoru, xalq artisti, kinorejissor) Hüseynağa ilə söhbətindən bir yerdə oxuduğumuzu bilib, məni  yanına çağırmışdı. Demə,  Tofiq müəllimlə mənim tanışlığım hələ uşaqlıq illərində radioverilişləri (tamaşaları) zamanından başlayıb. Sonra İbrahimi də özümlə apardım. Sənət yanğısı ilə alışan gənc ürəyimizə sanki su çiləndi.Burada yaxşı dostlar tapdıq (Bəhram Ağaquliyev, Loğman Axundov, Hüseynağa Atakişiyev, Babakişi Məmmədov, Əli Əşari, Şirzad Hüseynovs.). 

Sənətə olan həvəsimiz o qədər yüksək idi ki, demək olar,  hər gün  məşq edirdik.

Sanballı  tamaşalar hazırlayırdıq. (S.Vurğun “Fərhad və Şirin”, “Xanlar” ,  Zeynal Xəlil “Dağlar oğlu”, İ. Əfəndiyev “Məhv olmuş gündəliklər”, Ş.Qurbanov “Sənsiz” və s.). Çox vaxt İbrahimlə tərəf müqabili olurduq.

Bakı şəhərinin   bütün dram dərnəklərinin  həvəskarları, rəhbərləri, hətta  o zaman  adını eşidib, üzünü  görmədiyimiz tanınmış sənət adamları da  gəlib bizim icarəyə götürdüyümüz  Gənc Tamaşaçılar Teatrındakı tamaşalara maraqla  baxırdılar.

Nəhayət, institut yaşımız çatdı. 1968-ci ildə böyük  həvəs və inam hissiylə sənədlərimizi M.A.Əliyev adına İncəsənət İnstitutuna verdik. Elə ilk sənət imtahanından kəsilib dörd  dost-mən, Loğman Axundov, Hüseynağa Atakişiyevİbrahim Əliyev sənət qapılarından geri qaytarıldıq.

Dördümüz də əsgəri xidmətə çağırıldıq. Müxtəlif yerlərdə qulluq etsək də, bir-birimizi unutmadıq, əlaqələrimizi kəsmədik.

Nəhayət, tərxis olunub, doğma Bakıya qayıtdıq. Həmin yay (1971) İbrahim Əliyev, Hüseynağa Atakişiyev institutun aktyorluq fakültəsinə daxil olub, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunda  təhsil aldılar.Dostumuz Loğman Axundov isə Mədəni- Maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olundu.

Mən isə ikinci dəfə qapı arxasında qaldım. Özümü itirmədim, ruhdan düşmədim... Çünki sevimli peşəmlə onsuz da məşğul olurdum. Növbəti, 1972-ci ildə  mən də Mədəni –Maarif  fakültəsinin qiyabi şöbəsinə qəbul olundum.

Uşaqlar M. Məmmədovun kursunu 1976-cı ildə bitirib, o dövrdə  fəaliyyətə yenicə başlayan Şəki Dövlət Dram Teatrına təyinat aldılar. Kursun mehriban məzunları bir yerdə çalışıb, klassik əsərlərdən tutmuş, ən müasir yazarlarımızın pyeslərinə qədər  tamaşaya qoydular. Bir-birindən maraqlı və peşəkar səhnə əsərləri ilə teatr ictimaiyyətinin diqqətini cəlb edən bu kollektiv neçə-neçə yaxın-uzaq xarici ölkəyə  qastrol səfərlərinə yollandı. Əksəriyyətində də uğur qazandılar.Məhz İbrahimin oynadığı rollara gəldikdə,  geniş ampluaya malik aktyorun siyahısına nəzər salaq: “Komsomol poeması”- Cəlal ,  “Nişanlı qız”- Mindilli, “Hacı Qara” – Əsgər bəy, “Bəxt üzüyü”- Hüseyn, “Kral Lir”- Edmund, “Ustalar”- Jivko. (Bolqarıstan Teatr festivalının mükafatı – “Kişi roluna görə”)  “Pələng və kaftar”- Boriç, “ xəstəlik”- Doktor Qalen,  Axşam dərsi”- Niftulla,  Arturo Uinin karyerası”- Arturo Ui.(Almaniya Teatr festivalının mükafatı  – “Kişi roluna görə”) Və beləcə,  40 tamaşa.

1984-cü ildə  belə gətirdi ki, Mədəniyyət Nazirliyi Şəki teatrının inkişafını görüb, baş rejissor vəzifəsində çalışan Hüseynağa Atakişiyevi Milli Akademik Dram Teatrına  baş rejissor  vəzifəsinə təyin  etdi.  İbrahim Əliyev sonra Gənclər Teatrına işləməyə gəldi. Burada da sənət uğurları birbirini əvəz edirdi. ( “Arvadımın əri”- Elbrus, “Xeyir və Şər”-  Şər,  Dadaşbala əməliyyatı”- Dadaşbalas.)

1990-1995- ci illərdə Gənc Tamaşaçılar Teatrında çalışan İbrahim həm rus, həm də Azərbaycan bölmələrində aktyor kimi çalışası oldu. (“Bir dəfə Braziliyada”- Senyor Xameleon, “Uçan ox”- Lord Fokskem, Ə. OrucoğluPul dəlisi”- Dəli və s.)

Nəhayət, R. HüseynovunMüşfiq” pyesində yaratdığı Mikayıl Müşfiq obrazı, nakam şairimizin keçirdiyi iztirablar, sarsıntılar və həyata olan yaşamaq eşqi-həvəsi İbrahim Əliyevin aktyor oyununda bu tarixi şəxsiyyətin səhnə obrazına müasir tamaşaçıların olduqca böyük məhəbbətini qazandıra bildi.

Onun kino fəaliyyəti (“Mən rəqs edəcəyəm”- balaca Mahmud, “Qətl günü”- Hökmdar, “Güllələnmə təxirə salınır”- Cümşüd) də yaddaqalan oldu.

... Keçmiş SSRİ məkanının dağılması və Azərbaycanda baş verən “yaradıcı boşluq” səbəbindən, həm də şəxsi gün-güzəranının  getdikcə ağırlaşdığını görən ailə başçısı İbrahim teatrdan uzaqlaşdı və “çörək” dalınca əvvəl Almaniyaya, sonra Türkiyəyə işləməyə gedəsi oldu.

Bəzi adamlarının böyük etimadını qazanmış İbrahim sonrakı  illərdə Tatarıstanda müvəffəqiyyətlə biznes qurdudoğma Vətəni Azərbaycana qayıtdı. İbrahim bu illər ərzində həyatın çətin sınaqlarından  keçməsinə baxmayaraq, yeniyetmə yaşından başladığı sənət dünyasının məftunu və “Məcnunu” olduğu aktyorluq peşəsinin yanğısını öz içindən neçə qoparıb ata bilərdi?

Günlərin bir işıqlı günü ADMİU-nun dəhlizində mənimlə qarşılaşan köhnə dostum İbrahim gəlişinin səbəbini anladanda sevincimi gizlədə bimədim. O, pedoqoji  fəaliyyətə başlamaq qərarına gəlmişdi. Aktyor sənəti fakültəsində “Dramkino aktyoru” ixtisası üzrə ali  təhsil alıb, Şəki teatrında çiyin-çiyinə uzun müddət bir yerdə çalışan, bu gün bu kafedranın müdiri, professor , respublikanın əməkdar artisti Gülşad Baxşıyevanın  dəvətiylə  bu təhsil ocağına gəlmişdi. Çox mürəkkəb  həyat və yaradıcılıq yolu keçmiş İbrahim Əliyevi  bura gətirən təbii ki,  sənət yanğısı, sevdiyi peşənin cazibə qüvvəsi idi.

O, bundan sonra taleyini bağladığı  sevimli aktyorluq  peşəsinin sirrlərini istəkli tələbələrinə  çatdıracaq, onların gələcəkdə  peşəkar aktyor olmaları üçün əlindən gələni əsirgəməyəcək.  Biz buna  əminik. Əminik ki, özü kimi istədiyi istedadlı uşaqları  bir gün tanınmış,  populyar sənət  adamı kimi görəndə, keçdiyi yollar, yaratdığı rollar gəlib gözü önündən keçəcək. O, tələbələrinə, tələbələr də müəlliminə stimul verəcək.

Deyəsən, artıq verib.

İbrahimin yenidən Bakıya gəlməsini, pedoqoji fəaliyyətə başlamasını eşidənlər artıq ona aktyor kimi səhnəyə qayıtmağı da təklif ediblər.

Bu yolda İbrahim Əliyevə (indiki soyadı Əlizadə) yaradıcılıq uğurları, onu yaxından tanıyanlara göz aydınlığı vermək, eləcə də İbrahimlə uzun illər Şəki Teatrında çiyin-çiyinə çalışmış aktrisa M. Əmirovaya- xanımı Mahirəyə , qızları  GünaySonaya, biruzaq Rusiyada – Tatarıstanın Nijni-Kamsk şəhərində sevimli atası İbrahimin işini davam etdirən oğlu Elçinə (təbii ki, ailəsinə də) xoşbəxtlik və firavan həyat arzulamaq qalır.

Salam, İbrahim!

Bakı – 04.03.2013

 

 

Ramiz Əzizbəyli

 

525-ci qəzet.- 2013.- 6 aprel.- S.25.