Heyrətlə dərdləşən söz
Bu il Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından birinin – şair İnqilab İsaqın 60 yaşı tamam olur. 60 il şair ömrünə uğurlu axtarışlar, gərgin zəhmət və məhsuldar fəaliyyət illəri kimi daxil oldu.
İ.İsaq da hamı kimi Allah sevgisinə möhtacdır. İstedad amili ilahi xislətlə bağlıdır və arzulanan vəhy, çağırış və nidalar hərəkətin başlanğıcına – nüvəsinə toplanır. Mənəvi mülkiyyətin qazanılmasında həmin başlanğıc əsasdır. İnqilab İsaqın da yaradıcılığının mayasında müqəddəs zikrə rəvac verən bu başlanğıc dayanır. İnanıram ki, o hər dəfə qələm götürəndə göylərə-genişlik, saflıq məkanına üz tutur. Və bu əlaqə cəhdinin verəcəyi nəticələri də yaxşı bilir. Mistik qavrayış, göylə təmas qurmağa təşnəlik bədii axtarışları intensivləşdirməklə onun yaradıcılığının sabit simasını müəyyənləşdirir. Öncə insanın zaman – cəmiyyət müstəvisində mənəvi cavabdehliyi, saf və dəyişməz xisləti, reallıqlara adekvat münasibəti əsas götürülür. Müəllif bu zaman faktı lirik – psixoloji, lirik – fəlsəfi fonda təqdim edir. Sevinc, inam, dərd, qayğı, vüsal, ayrılıq bəzən dominant başlanğıcdan uzaqlaşıb bədii mətnə fikir əlvanlığı gətirir. Bu zaman kölgə arxasında işıq, ölüm sirrində həyat, vüsal ovqatında kədər görünür. Məsələn, şəhidlik zirvəsində gül açan qan şair düşüncəsində ona görə mübarəklənir ki, o, ölümün təntənəsinə deyil, əbədiyyət faktına çevrilir.
...Göyün yeddi qatında
Qanın gül açan günü
Axan qanın mübarək
(“Qan” şeirindən)
Minilliklər
boyu xalq təsəvvüründə ölümlə qoşa
addımlayan qara qiyafəli kədər gözlənilmədən
yamyaşıl libasda təqdim olunur. Və oxucu inanır ki, bu
tünd yaşıllıqda ölüm xofu yaşamayan kədərə
həmişə boz səhra meydan olacaq. Burada boz səhra xəyali
genişliyə açılan ucsuz-bucaqsız məkan olsa da,
insanın nisgilini dərinləşdirir.
“Ölüm
– yamyaşıl kədər... Boz səhra meydanında” deyən
müəllif oxucunu yuxarıda qeyd etdiyim maraqlı situasiya ilə
üzləşdirir. Fikrin dinamizmi milli qürur rəmzi
bayrağı “ayaq altından çəkilib öpülən
torpaq kimi” şəhid ruhuna qovuşdurur. Tökülən qan
yamyaşıl kədərin acığına Vətən
torpağını şərəfləndirir. Poetik qənaət
belədir ki, uğrunda öləni olduqca, sevilib əzizləndikcə
torpaq vətənləşir.
“Qan”
şeirindən alınan bədii nəticənin lirik-fəlsəfi
davamı “Kiri, kiri...” şeirində müşahidə edilir.
Qədəri bilinməz dərdi örtməyə yetərli
olmayan göz yaşının emosional siqləti heyrət
doğursa da, yurdun havasına, torpağına qovuşmaq həsrətilə
ağlayan rahat buraxılmalıdır. “Dərdin boyunca
ağlayan” insana inilti və hıçqırıq
üçün məsafə çox genişdir – elə dərdin
boyuncadır. Bu qəmdə də boz səhra genişliyi
görünür. Təşnəlik elədir ki, Vətənin
bir udum havasına, bir ovuc torpağına çevrilməkdən
ötrü, sən demə, göz yaşı üstündə
dağa da qalxmaq olarmış! Dağ isə Vətənin
seyr edilməsində ucalıq imkanıdır.
Kiri,
kiri ağlayan var,
Kiri,
doyunca ağlasın
Göz
yaşı dərdini örtməz,
Dərdi
boyunca ağlasın.
...
Kiri, kiri ağlayan var,
Göz
yaşında qalxır dağa.
Bir
udum yurd havasına,
Bir
ovuc torpaq olmağa,
Kiri,
kiri ağlayan var...
İ.İsaqın
dünyagörüşü, yaradılışa münasibəti,
onun mahiyyətinə varmaq yolunda apardığı
axtarışlar xalq düşüncəsindən, bu
düşüncənin yaratdıqlarından qaynaqlanır.
Ruhi-mənəvi aləmə açılan pəncərədən
işıq yolu görünür. Bu yolla xəyali səfərlərə
qoşulan şairin magik qavrayışından bir nağıl
yolu da ayrılır. Yaxşı ki, demokratiya və ədalət
işıqlı nağıl sonluqları qorxulu deyil.
Nağıllar alma-alma,
Qorxulu söhbət
deyil.
Bəlkə də həqiqət
nə vaxtsa uydurulan “nağıl yalanlar”ından keçib.
Xeyirə yozulan bu “yalanlar”ın əli ilə iblis xislətlilərinin niyyəti
qaranlığa gömülür.
Elə bu inancla söz
adamının xəyalları
nağıl obrazlarının
sorağındadır. Bu, eyforiya olmayıb
“işıq dirəkləritək”
sıralanmış ümidə
bağlılıqdır. Qaranlıq niyyətlərin qənimi
Məlikməmmədlər də, müjdə daşıyıcısı Simurq
quşları da işığın yanındadır.
... Necə xilas olacaq körpə xəyallarımız?
Gərək kömək istəyək
əl açıb nağıllara.
Amma ümidlərimiz işıq
dirəkləridir,
Qaranlığın əlində tez-tez düşsək də dara.
Başqa bir nümunədə isə nağılla gerçəklik arasındakı
münasibətdə uduzan
nağıl dünyası
uşaq arzuları üçün yaramır. Alma bitirməyən göylərə
də üz tutmağa dəyməz.
Axı kütlə psixologiyasında
günün reallığı
– bazar mövcudluğu
qalmaqdadır.
Almalar deyilmiş nağıl alması,
O görən almalar bu göyə gəlməz.
Yüz selbə atsa da bazar bağına,
Biri insaflanıb
çəkiyə gəlməz.
İ.İsaqın qəlbinə yetişən
işıq yoluna kövrək duyğularla süslənmiş bir xatirə yolu da birləşir. O, inanır
ki, xatirələrdə
dirilən, yaddaşa qayıdan ömrün yenidən yaşanması mümkündür. Keçmişlə gələcək arasında
yaranan bağlantı xəstəhal istəyə
aid deyil, mənəvi
müvazinətin həm
dünənki, həm
də bugünkü qütbünə paylanan fəal yaşantı üçündür. Ədəbi
qənaət isə belədir:
İtmiş oyuncağımla
Dəyməyib hələ aram
Çərpələng uçuşuna
Qanad olmağa
varam.
... Bu gecə də yuxumu
Yuxumu sözə satdım
Mürgülü uşaqlığı
Beşiyində oyatdım.
(“Yuxumu sözə satdım”)
Əsrlərlə lirikamızın canında
böyüyən bahar,
payız, bulud, yol, çiçək, nağıl və s. obrazlar çox zaman İ.İsaqın şeirlərində ənənəvi
funksiyasını qoruyur.
Dəyişən isə odur ki, bədii təəssüratın qüvvətlənməsində
bu obrazlar kifayət qədər çevikdir. Məsələn, narahat və əsəbi zamanla ayaqlaşa bilməyən bahar təkcə səbri tarıma çəkmir, eyni zamanda, şair qəlbində nisgilə çevrilən sarı donlu payıza çevrilir.
Bu tıxaclar içində
Dardı
səbrin yolu, dar
Məni
xilas eləməz
Yolu gecikmiş
bahar.
Yolu gecikməklə
ömrünü ötürmüş
baharın payız küləklərinə təslim
olmasını da, səbrə bağlanmayan əhvalı da təbii qəbul etməliyik. O da qeyd edilməlidir ki, yetkin davranışlı
payız ömrü kamil insan ömrüdür
– nağıllaşan, simvollaşan
yetkin şair ömrüdür. Aydın
duymaq olur ki, mifik qiyafəsi
dəyişməyən nağılları
xəyallara birləşdirən
yol qalır – payız ovqatlı xatirə yolu! Bu yolun fəsil
dayanacaqları var. Ümid
və həyəcanı
da, kövrək təsəllini də yaşayan İ.İsaq üçün borana üz tutan qış
təsəlli mövsümü
deyil, mərdlik və dözüm formalaşdıran kamillik yoludur. “Sözümü
çəkdim sabaha” şeiri bu düşüncələrə
əsas verən maraqlı nümunədir.
Çiçək tutub könlüm,
çiçək,
Bahar sözlü, payız kövrək
Boranını qoymayım tək,
Qışına dönüm Allahın.
Yuxumu yozmadım daha,
Adım
batmadı günaha
Sözümü çəkdim sabaha,
Xoşuna gəlim Allahın.
Sözün sabaha çəkilməsi
isə axtarışların
davamını da, qışın canında
böyüyən bahara
yetişmək istəyini
də mütləqləşdirir.
İnqilabın şeirləri təkcə
sözdən doğulmayıb. O həm
də səsin içində dünyaya gəlib. Səs də söz
kimi doğmadır ona. Təbiətə də, təfəkkürə
də məxsus çeşidli səslərə
qoşulma anları çox olur. İnsan səsi üçün darıxmayan
yaxın – uzaq yerlərə can atılmır.
“Buludları minib yoran” səsə – şairə yer üzünü piyada dolaşmaq istəyi maraqlıdır – obalara baş çəkmək üçün, insanlarla
görüşmək, insan
səsi eşitmək
üçün!
Simvollaşmış evin müdrik sahibi Mələk nənələrin uzaqdan gələn səsi – milli və irqi
əlamətləri ilə
seçilməyən insanı
ocaqla qarşılaması
qan yaddaşının
oyanışıdır. Ocağa tapınmaq,
onu qorumaq bədii təfəkkürə
yol açan milli yaşantıdır.
Buludları minib yordum,
düşüm daha, düşüm.
Ünvanlıyam,
Gedirəm oba üstünə
Hardasan,
Mələk nənə,
hardasan, ev yiyəsi?
Dur, ocaqla qarşıla uzaqdan gələn səsi.
(“Ocaqla qarşıla”)
Şairə görə uzaqdan
gələn səsin qonaq qismində ocaq başında həmişəlik yeri
var. Bu incə məramın
türk – islam
əxlaqında əhəmiyyəti
böyükdür.
Şair
ənənəvi sözün
və səsin ritmini aydın hiss etdiyindən ahəng yaradan bütün vasitələri poetik strukturun mahiyyətinə çevirib, bu vasitələrin üzvi əlaqəsini qura bilir. Fikrin passiv halı,
qeyri-dinamik vəziyyəti
heç vaxt hiss edilmir, söz çevik və işləkdir.
Ritorik intonasiya
da, patetik fürsət də bu poeziyaya həmişəlik
yaddır. Şairin lirik düşüncəsinə
pafos və hay-küyün əli yetişmir. Poetik təhkiyə elə
davamlıdır ki, bundan doğan ovqat bədii təsirləndirmənin enerjisinə
çevrilir. Hər hansı
inersiya amili bu enerjinin önündə
gücsüzdür.
Dərdə cavab kimi cücərib sözüm,
Qaranlıq şumlayıb, işıq
əkirəm.
Fikrim səhər kimi doğulsun deyə
Qorxum yox, söz üstə ağrı çəkirəm.
İ.İsaqın poeziyasında bahar ovqatı var. Hər yazın gəlişi təbiətdə canlanma yaratdığı kimi, bu şeirlər də insanın ruhunu təzələyir, onun dünyaya vurğunluğunu artırır,
hisslərini cilalayır. Tamamilə qanunauyğundur
ki, bahara – bu füsunkar fəslə qovuşmağa
tələsmək, əslində
ümidə, arzulara yetişmək istəyidir.
Şair
ömrünün 60 ili artıq keçmişə qovuşdu.
60 il bəzən
cismani və mənəvi ağrılara
yol açsa da, sınaq və təcrübə qazancları gətirsə
də, nə sənətkar əxlaqını,
onun sabit xarakterini, nə də xeyirxah niyyətini dəyişə
bildi.
60 il ömür
təqvimində yubiley
faktı kimi işarələnsə də,
çoxsaylı oxucular
qarşısında həm
də ənənəvi
hesabat vaxtıdır.
Belə sınaq baryerini çoxdan aşan şairi sənət və ömür yolunun davamı gözləyir.
Yolun uğurlu, niyyətin çin olsun, qardaşım!
60 yaşın mübarək,
İnqilab İsaq!
Saleh QURBANOV,
Daşkəsən
525-ci qəzet.- 2013.- 6 aprel.- S.24.