Söz... İşıq... Rəng
uçuşu
Pərvin “Balerina” kinopovestində rəngin və ovqatın hibridini yaradır.”Royalın dodaqaltı zümzümə etdiyi masmavi musiqi eşidilir. Ekran yavaş-yavaş işıqlanır. Yataq otağı. Geniş çarpayıda gənc bir qadın yatıb. Yanında uzanmış beş-altı yaşlı qız oyaqdı. İri açılmış gözləriylə çarpayının üstündə uçuşan nağıllara baxır. Alabəzək nağılların kölgələri ağ yorğan-düşəyin və uşağın üzündə oynayır. Qız gülümsünərək əlylə nağılları tutmaq istəyir, amma tuta bilmir. Sakit gülüşü nağıllara qoşulub çarpayının başına fırlanır.”
Ötən il Gənc Ədiblər Məktəbinin üzvlərinin yaradıcılığı haqqında etdiyim məruzədə Pərvinin dilinin təmiz, səlis olduğunu qeyd etmiş, habelə hekayəsindəki məziyyətlərdən yazmışdım. Bu yaxınlarda Pərvinin “Qar yağacaq” adlı kitabını oxudum, həmin bədii mətnlər haqqında düşüncəmdəki mənzərə bütövləndi.
Pərvinin gənc nasir kimi özəlliyi nədir? Bəlkə də yazıya ilk öncə, bu suala aradığımız cavabla başlamaq daha doğru olardı. Çünki indiki ədəbi mühit içində fərdin şair, yaxud nasir keyfiyyətlərini önə çəkmək üçün onun xarakterik məziyyətlərini vurğulamağa ehtiyac var. Bu baxımdan, yaşıdları arasında Pərvini seçib fərqləndirən başlıca keyfiyyət onun incə müşahidə qabiliyyətinə malik olması və hekayətlərini müxtəsər, sadə və şirin nəqletmə vasitəsilə çatdıra bilməsidir.
Pərvinin toxunduğu mövzular həyat sferalarının təzahürünü, nişanəsini daşıyır. Əslində, bu bəlkə də banal fikirdi, onsuz da ədəbiyyata yenicə qədəm qoymuş yazar da, peşəkar yazıçı da həyatı(nı) bədiyyata gətirir, onu xəyal, təxəyyül gücünə bədiiləşdirməyə çalışır. Bu mənada, hekayədəki qəhrəmanlar istər sosial, istərsə psixoloji, yaxud mənəvi-əxlaqi planda olsa belə hamımızın üzləşdiyi ailə-məişət-cəmiyyət münasibətlərini qabardırlar. Burada özəllik və fərq həmin həyat materialını necə demək, necə yazmaq və aktuallandırmaq məqamında üzə çıxır.
Pərvinin hekayələri günün gerçəklərini ifadə edir. Yaşadığımız dövrün sosial-ziddiyyətləri, dramatik məqamları Pərvinin hekayələrində kəskinliklə qoyulmasa da müəllif onlardan çağımızın bəlaları, problemləri səviyyəsində bəhs edə bilir. İlk baxışda adi mətləblərdən bəhs edən həmin situasiyalar getdikcə psixoloji qata keçməsi ilə maraq doğururlar. Zəmanə acıları, məişət gerçəkləri ilə dolu “Samir üçün...”, “Şərq şirniyyatı”, həyata qüvvətli bir yaşamaq ehtirası aşılayan “Eee...dayan”, “Qar yağacaq”, arzular, hisslər dünyasına bələnmiş həyatı hər şeydən üstün tutan “Mən... Yuxu... Cənnət...”, həyatın adiliyindən, bozluğundan təcrid olunub qeyri-adiliyə, ilahi harmoniya və gözəlliyə can atan “Gucci Fatoş”, “Sevimli... Zərif... Mənim...”, qadın dünyasının gizlinlərinə ayna tutan “Professional”, “Fiona” hekayələrində milyon-milyon insanın yaşadığı gerçəklər, üz-üzə qaldığı həqiqətlər, hətta özünə belə bölüşməyə ürək eləmədiyi nəsnələr gizlənir. Pərvinin mətnləri bu nəsnələrin sirrinin “açılmasına”, oxucuya bəlli olmasına kömək edir. Təbii ki, bu hekayələrdə məni qane etməyən nəsnələr də oldu. Bu da Pərvinin zahiri təsvir oyunları, metaforalar ilə daha çox uğraşmasıdır. Məsələ onda deyil ki, müəllifin əcnəbi adlara meyllənməsi onun bir qədər yad notlara aludəliyi təsiri bağışlayır. Yox, sadəcə bu hekayələrdəki etiraz, müxalifət ovqatı dünya düzümünə, gerçəkliyin özünə deyil, daha çox nəql olunan əhvalatın stixiyasını göstərməyə hesablanır. Bu mənada, hekayələrdə zahiri və daxili hərəkətin vəhdəti, gücü zəif hiss olunur. Əhvalatlar maraqla oxunmalarına rəğmən arxasında heç bir sirr dağarcığı buraxmır, varlığın əzəli-əbədi sualları ilə kəsişmirlər.
Məsələn, “Samir üçün” hekayəsində müəllif adi, məlum problemdən bəhs edir. Sosial çətinliklər səbəbindən ailəsini, evini tərk etmək fikrinə düşən Samirin yad ölkəyə gedişini əngəlləmək hekayədə bədii təcəssümün predmetinə çevrilir. Qardaşını bu niyyətdən çəkindirmək istəyən bir qızın düşüncələri ümumən cəmiyyətin problemləri fonunda sərgilənir: “Samir, dünya hər yerdə eynidir. O sənə elə gəlir ki, ölkədən getsən hər şey düzələcək. Yox, qaqaş... Vallah yox. Əgər xaricdə hər şey idealdırsa, onda niyə onlar psixiatra bizdən çox müraciət edirlər. Niyə boşanma, intihar, qətl halları bizdən daha çoxdur? ”
Oxucu maraqlanır, əcəba, görəsən hekayədəki gənc bir qız qardaşına necə əngəl olmağı bacaracaq? Və heç gözlənilməyən bir sonluq. Bu əngəl qəhrəmanın balaca oğlu olur. Atasının pul qazanmaq üçün uzağa getmək istədiyini eşidən balaca uşaq yığdığı qəpiklərlə atasının yolunu kəsməyə çalışır. “ – Bibi, bunları ver ataya... – deyərək əlimi açıb qəpikləri qoydu ovcuma: on, beş, üç və bir qəpiklik. Cəmisi on doqquz qəpik. Bütün bədənim əsməyə başladı.
– Bunlar səndə hardandı?
– Nənə vermişdi. Ver
ataya ki, getməsin. Ver, denən bəsündi...”
Yaxud, “Gucci Fatoş” hekayəsində qəribə bir
qadın obrazına rast gəlirik; İlk baxışda
çılğın görünən Fatoş əslində,
eyniyyətdən bezən, bəlkə də ilahi bir ahəngə
can atan obrazdır. Amma bu ahəngi tapmaq mümkünsüz
bir şey. Və Varlıq olaraq bu
qüsursuzluq, ilahi nizama sahiblənmək tək Tanrıya məxsus
bir qüdrət. Hekayə qəhrəmanı
bunu anlayır və nəticədə axtardığı
harmonik aşiqi manikendə tapır. Cansız,
quru, hərəkətsiz, zövqlə geyindirilmiş manikendə.
Gücci Fatoş manikenin yanında dayanmaqla
özü də manikenləşir, cansız, hərəkətsiz
bir varlığa dönür. Hekayənin strukturoloji
qatda irəli sürdüyü ideya da budur! Heç
bir şey ilahi, harmonik gözəlliyə malik deyil. Yaşanan hər bir canlı gözəlliklərlə
bahəm də müəyyən qüsurların
daşıycısıdır. İnsanı
elə həmin qüsurları ilə birgə seçib dəyərləndirməliyik.
Necə ki, “Mən... Yuxu... Cənnət” hekayəsinin
qəhrəmanı yaşadığı real sevgini o
dünyanın vəd olunmuş cənnətindən
üstün tutur, “Professional” hekayəsinin qəhrəmanı
ərinin sadə, işini bilən, professional fəhlə
olması ilə fəxr edib mənəvi dünyasının
böyüklüyünə sığına bilir. Bütün bunlar psixoloji nüans səhihliyi ilə
bədii mətnə gətirilir, sadəcə Pərvin
şüuraltını yetərincə oynatmağa müvəffəq
olmur, bu mövzular alt qatı yoxmuş kimi eninə boy verirlər.
Halbuki gənc nasirin ifadə
bacarığında buna yetərincə potensial var. “Qar
yağacaq”, “Fiona”da dərininə işləyən həqiqətlər
sırası həmin potensialın bariz nümunəsidir.
Pərvinin üslubunun özünəməxsus cəhətlərindən
biri onun yumorla süslənmiş olmasıdır. Hər cür
ironiyadan təmizlənmiş, saf, incə yumor. Pərvin
insanı polifonik çalarında – məişət
basqısı, sosial ziddiyyətlər.... və s. içrə
təsvirə çəkməyi xoşlayır və bu
ziddiyyətlər içrə vurnuxan insanı mənəvi-ruhsal
dünyasının nikbinliyi ilə ona qənşər qoyur. Kitaba ön söz yazmış Rəşad Məcid
onları “dərin psixoloji qatlarla, nikbinliklə dolu” hekayələr
adlandırıb. Buradakı nikbinlik fikri ilə
biz də razılaşırıq. Pozitiv
ovqat, xoş sonluq Pərvinin hekayələri üçün
xarakterik xüsusiyyətdir. Nədənsə,
bu hekayələr mənə Qərb İntibahının
İnsanını xatırlatdı. Zamanın
hər cür basqısı və fəci gerçəkləri
qarşısında müvazinətini itirməyən və
gülümsəməyi bacaran İnsanını. Bokkaççonun, Çoserin hekayələrində
yaşam sevdası nə qədər güclüdür,
yadınızdadırmı? Söhbət
heç də bu dühalarla oxşatmadan getmir. Yanaşı duran qəhrəmanların
daşıdıqları məzmundur, xarakterik məqamlardır.
Pərvin hətta ən bəsit şəkildə
qabartdığı məsələdə belə qəhrəmanın
dünyasına, həyata baxışına nikbin ruh əlavə
edir. Məişət həyatımızda
belə o qədər də önəm vermədiyimiz nəsnələri
bir nəfəslə dirildir, onlara təzə məzmun, keyfiyyət
aşılayır. Əslində, bu yumoru
çıxsaq hekayələr nəyi ilə diri olacaq ki?!
Onları fərqli edən, məişət
naturasından çəkib çıxardan bu nikbinlik və
pozitiv ruhdur.
“Eee... Dayan!” hekayəsi həyat eşqindən, yaşamaq
sevdasından bəhs edir. Hekayənin qəhrəmanı
xəstəliklə çarpışan insandı. İçi yorğun və xəstə, amma ətrafı
yaxınlarının sevgisinə bələnmiş
işıq dolu. Səni sevən bu qədər doğma
insan varkən... “Eee... Dayan! Nə getmək?
Dayanmaq lazımdı.” Yaşamağa
dəyməzmi? Yox, son ölən ümiddi, deməli
ölümlə savaşmaq, sabaha doğru addımlamaq
lazımdır: “Bu Dünyadan iki yox, üç əlli
yapışıb Dayanmaq! Gələcəkdə bu əllərin
sayını artırmaq! Sağalmaq
lazımdı!”
Yaxud “Qar
yağacaq” hekayəsi.... Ətrafımızı
saran bayağı, qeyri-səmimi insanların, arzuolunmaz vaqeələrin
mövcudluğuna rəğmən heç nəyi olmayan dilənçi
uşaq kimi qarın yağması ilə belə həyatımızı
işıq selinə bələmək çətinmi?
Pərvinin hekayələrində qəhrəmanların əksəriyyəti
qadınlardı. Pərvin qadın dünyasının
ekzistensiyasını yaradır. Olsun ki, ona
yaxşı bələd olduğundan, bəlkə belə demək
daha caiz, özünü tanıdığından qadın
dünyasını bütün rəngarəngliyi ilə bədii
təcəssümünün predmetinə çevirir. Bu hekayələrdə qadın milli prozamızda adət
etdiyimiz hər cür sosial basqılardan, cəmiyyət
münasibətlərindən uzaq tutularaq özünün mənəvi
dünyasında azdırılır. Məişətsiz,
cəmiyyətsiz, fəlsəfəsiz, əmmasız və
boyasız şəkildə, eləcə doğal
duyğuları içrə nəsrə gətirilir. Pərvin
hadisələri qadın qəhrəmanın nəzərlərindən,
baxışından, iç dünyasının gizlinlərindən
izləyir, onu natural boyalarla sərgiləyir. Təsvir
etdiyi hər bir yığcam həyat materialında
qadını yalnız düşüncələrindən,
duyğularından, müşahidə və
addımlarından çözməyə və təsvir etməyə
çalışır.
“Şərq şirniyyatı” hekayəsində bu bələdlik
gənc qızın çılğınlığı,
inamı və xəyal qırıqlığı
yönündə, “Professional”da məişət mənzərələri
səviyyəsində, “Fiona”da mənəvi çalarda təsvirə
çəkilir. Hər biri də dəqiq, koloritli, qadın
içinin gizlinlərinə ayna tutacaq qədər düppədüz.
Bir qədər bəsit görünsə, bir qədər
qıcıq yaratsa belə psixoloji nüans səhihliyi ilə
təsvir olunan bu proobrazların milli cəmiyyətimiz
üçün xarakterik olduğunu etiraf etmək lazım gəlir.
Pərvinin bəzi hekayələri sanki akvarellə
çəkilmiş boya təəssüratı doğurur. Məsələn, “Mənim...
Sevimli... Zərif”, “Mən...Yuxu... Cənnət”
hekayələri bu qəbildəndir. Əvvəla, bu
hekayələrdə dünyanın təkrarlarına
qarşı bir üsyan var. Müəllif bir-birinə hədsiz
bənzəyən nəsnələrin, eyniyyətin
nizamını dağıtmağa çalışır və
bu xüsusda qəhrəmanlarının əli ilə bir
balaca “şuluqluq” salmağa nail olur. Həmin boya təəssüratını
Pərvinin kitabında yer alan yeganə irihəcmli
əsəri – “Balerina” kinopovesti daha qabarıq əks etdirir. Hansı ki, hələ kitabdan əvvəl “Ulduz”
jurnalında çap olunarkən oxuyub bir qədər heyrətlənmiş,
gənc qızın sürreal təsvirlərdəki
bacarığını alqışlamışdım.
Qətiyyətlə demək olar, “Balerina” nəsrimizdə
yeni mənalandırma, yeni düşüncə tərzinin sərgiləndiyi
bir əsərdir, sözlə səsin, işıqla rəngin
qovuşuğundan yaranan və onların əl-ələ verib
uçuşuna kömək edən sentimental həyat hekayətidir. Bu baxımdan,
əsərin oxu prosesindən alınan effekt onun adı ilə
qəribə bir bağlantı, canlılıq təşkil
edir. Balerinaların hərəkəti
göy üzündə uçuşan yazılara nə qədər
bənzəyirsə, əsərin söz və rəng
simfoniyası da həmin uçuşla qəribə bir assonans
doğurur. Pərvin kül olan arzuların
insana yaşatdığı acıların sözlə şəklini
çəkir. Bəli, məhz çəkir.
Piano dillərinin üzərində musiqinin
harayını insanın içindəki üsyanla birləşdirib
şiddətli bir lövhə yaradır.
“Balerina” kinopovestinin süjet xəttini adi yaşam
gerçəkləri təşkil edir. Bir ana öz
qızını balerina görmək istəyir. Bu onun özünün puç olmuş gənclik
arzusudur. Bütün beyni, ürəyi,
gündəlik yaşamı yalnız və yalnız həmin
arzunun reallaşacağı günü görməyə
hesablanır. Nəhayət, həmin
gün yetişir. Ana qızını
xoreoqrafın yanına aparır. Və...
“- Sizin
qızın plastikası, bədən ölçüləri,
quruluşu uyğun gəlmir. İnciməyin, ondan balerina
olmaz! Bəlkə, bunlara fikir verməyib məşğul
olardı, amma onurğa sütununundakı problem imkan verməz.
Getdikcə hərəkətlər də mürəkkəbləşir,
uşaq zədə ala bilər. Qorxuludu.
Bayaqdan güzgülərdə əks olunan təbəssüm
itib gedir.
– Ola bilməz!
O, gözünü açandan bu mühitdə
böyüyüb. Bütün günü mənimlə
olub. Bu zalın havasını alıb.
– Axı,
ay canım, mən yalan vəd verə bilmərəm! İstəyirsiz gəlib-getsin amma bu
uşağın bədən quruluşu qətiyyən rəqslik
deyil.”
Eşitdiyi sözlərdən sarsılır, ananın
bütün xəyal dünyası darmadağın olur. Bu məqam əsərdə
keçid anıdı. Duyğuların, hisslərin,
ovqatın, rəngin, səsin və işığın əks
istiqamətə doğru axını, çevrilmə
anı... “Balerina” psixoloji qatlarla zəngin əsərdi.
Lirik-romantik hisslərlə başlayan hadisələr
axarı getdikcə dramatik şəkil alır, nağıl
dilinin həzinliyi getdikcə gərgin ovqat dəyişimi ilə
əvəz olunur. Əsər süjet xəttinin
qüvvətli bədii həyəcanı, dərin psixoloji
effekti ilə maraq doğurur.
Kinopovest iki ovqat kontekstindən qələmə
alınmışdır. İlkin ovqatda bu arzu hələ diridir.
Ana qızını sevir, əzizləyir. İkinci ovqatda puç olan arzular, darmadağın
olan xəyallar var. Artıq əvvəlki ana yoxdur. Hər şey əvvəlki kimidir, bircə ana dəyişib,
həyata küskünləşib, bütün kainat, ətraf
insanlar, hətta qızı belə əvvəlki dəyərini
itirib onunçün. Müəllif bu iki anın
obrazını uğurla yarada bilir. Bu ovqat dəyişmələrini
hətta cansız aləmlə birgə vəhdətdə
canlandırmağa müvəffəq olan yazıçı
oxucunu hər iki zamanın təsir dairəsinə elə
salır ki, oxucu həmin anların cazibəsindən
asanlıqla qurtula bilmir: “Qadın küçədəki
ağacların, dirəklərin yanından keçdikcə
külək qalxır, hər tərəfi qapqara inciklik və
narazılıq bürüyür. Həmişə
kolbasaya, günorta yeməyindən artıq qalmış
çörək qırıntılarına qonaq etdiyi məhlə
pişikləri də onu görüncə tüklərini
qaldırır, qışqırır, havaya cırmaq atıb
qaçırlar. ... Günahını
anlamayan qızcığaz anasının buz əllərindən
tutub sıxır, uşağın islanmış əlləri
havada qalır. Maşınların
siqnalları buz parçasına sancılaraq cingilti ilə yerə
tökülürlər.”
Əlbəttə, “Balerina” kinopovestinin oxucuda yeni, fərqli
yaşam doğurduğunu yalnız müəllifinin nəsr
dilindəki obrazlı mənalandırma ilə əlaqələndirmək
doğru olmazdı. Bu kinopovestdə daha çox lirika, lirik
yaşam nəsrlə üzvi şəkildə
qaynayıb-qovuşmuş haldadır. Müəllif
predmetə münasibətdə iki müxtəlif
baxışı üz-üzə gətirir, onların insan
ovqatından asılılığını mənalı bir
dillə ifadə edir. Burda simvolik olan nədir?
Nə qədər ki, insanın arzuları
diridir, o bu arzuların reallaşmasına doğru gedərək
yaşayır, o zaman ətrafda hər şey, cansız əşyalar
belə insanın dinamikası ilə qəribə bir vəhdət
təşkil edir. Predmetlər mənalanır,
nəfəs alır, insanla birgə var-varlığında nəzərə
çarpırlar. O zaman ki, arzular puç olur, ətrafda
hər şey öz məna, güc və gözəlliyini
itirir. “Balerina” kinopovestində depressiyaya
düşmüş ananın yenidən həyata
bağlanışı üçün yeni arzulara doğru
qoşmaq lazım olur. Və nə zaman ki,
ana yenidən arzularla yaşamağa başlayır, hər
şey öz əvvəlki ritminə, kainat səhmanına
qayıdır, həyatı əvvəlki tək görməyə
başlayır. Bu mənada, əsərdə ana ümumi
bir obrazdır, onun daxilində ümumən insanın yaşam
idealı, məramı qərar tutub,- yəni,
arzu və ümid varsa demək mən varam, yaşayıram,
dünyaya sarıla bilirəm. Assosiativ obraz olan
balaca qızcığaz isə həmin idealın
özüdür, arzu və məqsəddi, insanı sabaha
qanadlandıran stimuldur.
“Balerina” əsərinin yazıldığı üslub
ssenari tərzində yazıldığından vizual effekt
yaradır. Obraz, onun danışığı, hərəkəti
qəribə bir uçuş səciyyəsi
daşıyır. Rənglər,
işıq, sözlər... sanki təsvir edilmir,
uçuşurlar. Əsər poetik prinsiplərlə
nəfəs alır. Xüsusilə, povestdə
rəng simvolikası qabarıqdır. Obrazın
daxili aləmi ətraf aləmin rəng çalarına
bürünüb. Pərvin “Balerina”
kinopovestində rəngin və ovqatın hibridini
yaradır.”Royalın dodaqaltı zümzümə etdiyi masmavi
musiqi eşidilir. Ekran yavaş-yavaş
işıqlanır. Yataq otağı.
Geniş çarpayıda gənc bir qadın
yatıb. Yanında uzanmış
beş-altı yaşlı qız oyaqdı. İri açılmış gözləriylə
çarpayının üstündə uçuşan
nağıllara baxır. Alabəzək
nağılların kölgələri ağ
yorğan-döşəyin və uşağın
üzündə oynayır. Qız gülümsünərək
əliylə nağılları tutmaq istəyir, amma tuta
bilmir. Sakit gülüşü
nağıllara qoşulub çarpayının başına
fırlanır.”
Əsər büsbütün assosiativ təfəkkürdən
doğan nəsr kimi özünəməxsus özəlliklərə
malikdir. Burada ağrının və sevincin, arzu və
ümidin rəngi canlandırılır və bu rənglər
əsərə xoş bir ahəng qatırlar. Pərvin hər əhvala, hər detalın təsvirinə
müvafiq rəng çaları verməklə həm də qəhrəmanın
psixoloji vəziyyətini sərgiləmiş olur. Ona görə əsərdə hər simvolist
detalın öz funksiyası, rolu var. Bütün bu rəng və
düşüncə burulğanlarından keçə-keçə
onların daxili bağlılığını hiss edirsən.
Yəni, əslində hər şey ifadə etdiyi mətləb
və mahiyyəti ilə real hadisələrin cərəyan
etdiyi müstəvidədir, amma həm də deyil, nəsə
başqa bir müstəvi də var. Üst qatda olan, naməlum
duyğuların, ezoterik düşüncə məkanını
təşkil edən müstəvi. Bu iki xətt
povestin bütün məqamlarında çarpaz, qoşa və
müvazi verilir. Sonadək, hətta ən
dramatik, gərgin məqamlarda belə simvolist düşüncənin
qanadında uçuşan fikir axını
funksionallığında davam edirlər.
lll
İlk kitab müəllif üçün ilk
uçuş, “nərdivanın ilk pilləsi” (Elçin) səciyyəsi
daşıyır. Bir qədər ürkək, bir qədər
uşaq inadı ilə atılan bu cəhdlər əslində,
imzanın özünü təsdiq etmə niyyətini
özündə gizləyir. Orda həyəcan
da var, çılğınlıq da, nigaranlıq da var, sevinc
də. Uşaqların “qar yağacaq”
nidasındakı məlum sevincdən çilənən
pozitiv enerjinin payı nə qədərdi, fikir vermisizmi?
Bəs, eyni nidaya köklənən ilk
kitabın həyəcan yükü? Bu hissləri sadəcə,
yaşamaq lazımdı...
Elnarə Akimova
525-ci qəzet.- 2013.- 6 aprel.- S.21.