Dəniz hələ görünmür...
və ya qıpçaq çöllərinə
lirik bir səyahət
Hər əhvalatın
bir lirik çaları olur. Biz də iki yazıçı
dost, Yunus Oğuz və mən Yer səthindən 10000 metr
yüksəklikdə, Bakı –Almatı təyyarəsində
lirik əhval-ruhiyyədə dünyanın gələnindən
–gedənindən danışa-danışa yol gedirik. Almataya
Qazaxıstanın Prezident Fondu tərəfindən Mahmud
Kaşqari adına Beynəlxalq Fondun rəhbərləri kimi
Novruz qutlamalarına dəvət olunmuşduq. Qazaxıstanın Prezident Fondu ilə bizi yaxşı münasibətlər
bağlayır və Fondun rəhbəri Dariqa xanım
Nazarbayevaya böyük hörmətimiz var. Dariqa xanım qazax
və ümumtürk mədəniyyətinin inkişafında
ciddi rol oynayan önəmli bir insandır. Siyasi –ictimai bir xadim olmaqla
yanaşı Dariqa xanım gözəl bir müğənnidir
və belə yaradıcı insanlarla görüşmək,
bir məclisə toparlanmaq mənə həmişə
zövq verir. Yəqin ki, böyük Kaşqarinin
işığıdır bizi bir yerə toplayan. Yalnız
dahilərin işığı yığa bilər uzun illər
bir-birindən tərək düşmüş türkləri.
İndi Yunusla mən bir dahinin, yəni Kaşqarlı Mahmudun adıyla ənənəvi türk
axınlarının əks istiqamətində, Qərbdən
Şərqə fəth duyğusunda hərəkət edirik.
Neynəyək, fatehlik duyğusu bizim qanımızdadır.
Amma fateh babalarımızdan fərqli olaraq, biz torpaqların
yox, könüllərin fəthinə yollanırıq.
Kaşqari Fondunun məqsədi türklərin könül məbədini
dirçəltməkdir. Biz də Yunus Oğuzla bu dirçəltmənin
yollarını müzakirə edirik 10000 metr yüksəklikdə;
təyyarə bizim üçün bir növ səma məbədidi.
Könüllərin sonuncu dənizinə doğru yol gedirik bu
məbəddə. Birdən Yunusa şeir gəlir-“Dəniz hələ
görünmür”. Özü də mənim, Elxan
Zalın yanında, üstəlik
10000 yüksəklikdə. Biz onu adətən tarixi romanlar və
elmi əsərlər müəllifi kimi tanıyırıq.
Amma o, şeirlərini çap etdirməsə də,
onları hərdən dost məclislərində oxuyur.
İndi təyyarədə dediyi misra məni tutur, gözəldi
şübhəsiz. Bu gözəlliyi yalnız könüllərin
sonuncu dənizini arayanlar bilər. Dəşti-Qıpçaq
çöllərinin üzərində dəniz aramaq
duyğusu zövq verir mənə. Damarlarımda axan
qıpçaq qanı bu çöllərin üzərində
oğuz ağzında coşmağa başlayır. Mən bu
çölləri sevirəm. Onlar mənə həmişə
doğma olub. Mənim üçün Tovuz, Qazax çölləri
də, Qazaxıstan çölləri də eynidi. Dəniz hələ
görünməsə də, “salam olsun, qıpçaq
çölü” deyirəm.
...
Almatı
aeroportunda bizi Kazibek Şaxanov qarşılayır. Kazibek mənim
tanıdığım ən intellektli adamlardan biridir, Mahmud
Kaşqari adına Beynəlxaq
Fondun vitse-prezidenti və bu Fondun Qazaxıstan, Mərkəzi
Asiya üzrə nümayəndəsidir. Gözəl əsərlər
yazmaqla bərabər həm də uğurlu biznesmendir.
Qazaxıstanın ən elitar dairələri onun dizayn şirkətinin
müştəriləri sırasındadır. Təyyarədən
yenicə düşmüşük və biz otelə yollanmaq
istəyirik, amma Kazibekin sürəkli təkidindən sonra,
onun atası, məşhur qazax yazıçısı Berik
Şaxanovun evinə yollanırıq. Qazax adətinə
görə hörmətli qonaqlar bayram zamanı ilkin olaraq evdə
qarşılanmalı, tör başında
oturmalıdırlar. Tör türk çadırında xususi,
mötəbər bir yerdir. Min
illər öncə müdriklər tör başında
oturaraq, ilahi mənşəli türk törəsini
yaradıblar. Məncə törə sözü də elə
buradan yaranıb. İndi Almatıda heç kim
çadırda yaşamasa da, adətlər yaşayır və biz hamımız ənənənin
quluyuq. Arabaya oturub Novruz süfrəsinə yollanırıq.
Şaxanovlar
ailəsi bizi hamılıqla qarşılayır – Berik
ağanın həyat yoldaşı Darican xanım,
qızı Karlıqaş, kürəkənləri Murad və
Serik. Digər qızı Saule Londona, oğlunun yanına
gedib. Köhnə dostlarla məmnunluqla
görüşürəm.
Almatıda sonuncu dəfə bu ailə ilə Prezident
Fondunda görüşmüşdüm. Onda Dariqa xanım
Nazarbayevanın təklifi ilə “Qazaxıstan yolu”
kitabının Bakı nəşrinin təqdimatı
keçirilirdi və Şaxanovlar ailəsi Mahmud Kaşqari
Fondunun Hamilər Şurasının üzvləri kimi
hamılıqla orada iştirak edirdi. Bundan sonra Berik
Şaxanovun Bakıda Azərbaycan dilində nəşr olunan
kitabının təqdimatı keçirilmişdi, amma burada
bütün ailə iştirak etmirdi. İndi təpədən
dırnağa qədər türk olan bu ziyalı və
kübar ailəni görmək mənə çox xoş idi.
Mən onlar barədə Yunusa çox
danışmışdım, amma Yunus onlarla hələ
tanış deyildi. Bakıdakı təqdimat zamanı Yunus
Moskvadaydı, orada “Əmir Teymur” kitabının rus nəşrinin
təqdimatı keçirilirdi. Amma Darican xanım Yunusu o dəqiqə
tanıdı. Məlum oldu ki, “Əmir Teymur” əsərini
oxuyub. Kitabı Bakıda ona yazıçı dostumuz
Elçin Hüseynbəyli bağışlayıb. Nə isə...
Almatıda Novruz qutlamalarına Berik Şaxanovun evindən
başladıq. Görüşümüz bayram süfrəsindən daha
çox elmi simpoziuma bənzəyirdi. Çox şey
müzakirə olunurdu- xalqlarımızın keçmişi,
bu günü, tarix, ədəbiyyat, siyasət...Karlıqaş
xanım tarix və ədəbiyyat sahəsində bilgilərini
nümayiş etdirirdi və bizi heyran qoyurdu. Karlıqaş
xanım metallurgiya zavodunun sahibidir və onun bu dərəcədə
mütaliəli olması çox maraqlı idi. Sevirəm
intellektli iş adamlarını, amma belələrini az
görmüşəm. Qarlıqaş xanım
intellektualdır, adının mənası isə
“qaranquş” deməkdir. Çox işlərdə həqiqətən
qaranquşdur, mühitə bahar əhvalını gətirməyi
çox gözəl bacarır. Olsun ki, burada genetik xüsusiyyətlər
də rol oynayır. Qazaxıstanda genetik xüsusiyyətlərə
xüsusi önəm verilir. Şaxanovların ailə şəcərəsi
sonuncu qazax xanı Abulay xana bağlanır, yəni
böyük Çingiz xanın törəmələridir. Azərbaycandan
fərqli olaraq, qazax cəmiyyətində şəcərə
məsələlərinə çox fikir verirlər və
insanlar şəcərələrinin adına layiq hərəkət
etməyə çalışırlar. Digər insanlar da
onlara böyük ehtiram göstərirlər. Bizdə
münasibətlər əsasən yerliçilik üstündə
qurulub. Qazaxıstanda isə bu fərqlidir. Burada cəmiyyət
üç jüzə bölünüb. Jüz, yüz sözündəndir və
böyük tayfalar birliyini ifadə edir. Şaxanovlar ailəsi
bütün qazax xanlarının çıxdığı
kiçik jüzdəndir. Bu gün bu jüzün ən
böyük nümayəndəsi Çingiz xan nəslinin əsas
nümayəndəsi hesab olunan Şota Valixanovdur. Sonradan biz
Şota ağa ilə tanış olduq. Daha doğrusu Yunus. Mən
öncədən onunla tanış idim. Şota Valixanov
Qazaxıstanın məşhur memarıdır və
çoxsaylı monumental layihələrin müəllifidir. Ətrafındakı
insanlar ona əsl xan münasibəti göstərirlər,
Çingiz şəcərəsinin davamçısı hesab
edirlər. Elə o da
özünü şəcərəsinə adekvat aparır.
Hiss edirsən ki, önündə ki, əsl Çingizidir.
Onun babası böyük torpaqlar fəth edib, biz isə
könüllər fatehiyik və fəth duyğusuna
böyük ehtiramımız var. Bu bayram süfrəsinin
arxasında Abılay xanın nəslindən olan qazax
ziyalıları ilə birgə bayram nemətlərindən
tamsına-tamsına türklüyün könül məbədinin
dirçəldilməsi yollarını müzakirə edirik.
Bu məclis bir növ Qaraxani və Çingizi
ittifaqının gənəş
meydanıdır, XXI əsrdə
müqəddəs Ulutau dağlarının ətəyində
bizim simamızda dirçəlməyə başlayır.
Söhbət zamanı məlum olur ki, Yunus Oğuzun
babaları da Çingiz ulusunun bəylərindən olub. Mən
həmişə inanmışam ki, tarix təkrar olur, ayrı
formada, ayrı məzmunda, ayrı adlar altında, amma mahiyyət
dəyişmir. Babalarımız böyük imperiyalar qurub,
biz də könül imperiyası, türklüyün mənəvi
məbədini qurmaq istəyirik. Mən inanıram ki, Mahmud
Kaşqari Fondu gec-tez belə bir məbəd olacaq. Yunus da buna
inanır, elə burda oturan insanlar da. Unudulmuş, lakin genlərdə
yaşayan türk törəsi XXI əsrdə yenidən
cücərəcək, biz bunun potensialını artıq hiss
edirik. Kaşqari Fondu da bu amalın gerçəkləşməsi
üçün yaradılıb. Bu Fondda Anar və Nizami Cəfərov
kimi böyük düha sahiblərinin enerjisi var. Elxan Zal və
Yunus Oğuzun enerjisi var. Biz bu enerjini faydalı iş əmsalına
çevirməyi bacaracağıq. Enerji məsələlərini
Yunus elə bu məclisdə nümayiş etdirir. Darican
xanım özünü pis hiss edir və Yunus əlini onun əlinin
üstünə qoyur- indi yaxşı olacaqsınız-deyir.
Həqiqətən də bir az sonra Darican xanım
özünü yaxşı hiss edir. Sonradan Yunus bu qabiliyyətini
bir neçə dəfə nümayiş etdirdi. Sözün
düzü, mən onu 1988-ci ildən tanısam da, belə qabiliyyətini bilmirdim.
Özüm isə belə praktikanı çoxdan
dayandırmışam. Enerjimi daha çox
yaradıcılığa yönəldirəm. Ən əsası
odur ki, bizim ətrafımızda belə bir enerji var və biz
onu uğura kökləmək əzmindəyik. Qalanı Tanrının işidir,
Tanrı ona doğru gedənləri sevir. Bu gün biz, qazax və
Azərbaycan türkləri Tanrı dağlarının ətəyində
Tanrıya doğru gedən yolları arayırıq. Mən bu
dağların kəramətini bilirəm. Dağlara səfərimiz
zamanı mənim qəfil qan təzyiqim qalxmışdı və
biz dağlara qalxırdıq. Medeoya yenicə
çatmışdıq ki, halım pisləşdi. Dedilər
qayıdaq, amma mən Yunusun səyahətini pozmaq istəmədim.
Sadəcə əllərimi göyə qaldırdım və
Tanrıdağın enerjisini istədim. Və oldu. Hər
şey bir anda keçdi. Səyahətimiz də gözəl
alındı. Ulutau Tanrıdağ silsiləsinin bir hissəsidir,
çinlilər bu dağlara Tyan-Şan deyir. Tanrıdağ
türklərin ən müqəddəs dağıdır,
onun ən müqəddəs zirvəsi isə Xan Tenqri hesab
olunur. Bu gün Azərbaycanda Savalan, Babadağ kimi yerlərə
olan inanc duyğusu Tanrıdağ kultu ilə
bağlıdır. Dediyim kimi, Tanrıdağ silsiləsində
ən üca dağ Xan Tenqridir, təəssüf ki, biz hələ
orada olammamışıq. Amma olacağıq, inşallah.
İndi isə hələ Ulutaunun ətəklərində
Novruzu qutlayırıq. Qazaxlar bu bayrama Nauruz deyir. Bu bayram
Türkiyə türkləri istisna olmaqla, bütün türk
xalqları tərəfindən geniş qeyd olunur. Qazaxların
Novruz mərasimləri bizimkindən bir qədər fərqlənsə
də, mahiyyət eynidir. Hər xalq bayram mərasimlərinə
öz spesifik çalarlarını vurub ...
...Məclis
get-gedə qızışır, Berik Şaxanov Bakını
xatırlayır. Azərbaycandan böyük sevgi ilə
danışır. Xüsusən böyük
yazıçı Anarla görüşündən tarixi bir
an kimi danışır. Deyir ki, xoşbəxt
adamlarsınız, belə böyük bir şəxsiyyətlə
hər gün təmasda olursunuz. Mən dəfələrlə
şahidi olmuşam ki, Qazaxıstanda Anarı çox sevirlər.
Xüsusən də Şaxanovlar ailəsində. Onlar deyir ki,
biz Azərbaycanı Anarın əsərlərindən
tanımışıq. Mən bunu Bakıda Kazibeklə
İçərişəhəri gəzəndə hiss etdim.
Son illərdə Bakı çox dəyişsə də,
İçərişəhər əsasən Anarın əsərlərində
olduğu kimi qalıb. Kazibek bir çox binaları,
dalanları ilk dəfə görsə də, tanıdı.
Bunları “Gürcü familiyası”ndan tanıyıram-dedi.
Deyirəm nə yaxşı, Anarın, Elçin Əfəndiyevin
əsərləri var, yoxsa biz köhnə Bakını necə
xatırlayacaqdıq. ....
Biz
Elçin Hüseynbəylini, Rəşad Məcidi
xatırlayırıq. Telefonla təmas qururuq, məclisdəkilər
onlarla da bayramlaşır.
Elçin Hüseynbəylini də buralarda yaxşı
tanıyırlar və Şaxanovlar ailəsi onun rus dilində çıxan
bütün əsərlərini oxuyub.
Amma onu da
deyim ki, Qazaxıstanda azərbaycanlıları yalnız
kitablardan tanımırlar. Burada böyük Azərbaycan diasporu
yaşayır. Rəsmi məlumatlara görə hal-hazırda
Qazaxıstanda yüz min, qeyri-rəsmi məlumatlara görə
üç yüz min azərbaycanlı yaşayır.
Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət,
kənd təsərrüfatı, kiçik, orta biznes və
digər sahələrdə çalışırlar.
Qazaxıstan
azərbaycanlıları Qazaxıstanın bütün ərazisində
məskunlaşıblar. Qazaxıstanda yaşayan
soydaşlarımızın əksəriyyəti XX əsrin
30-cu illərinin siyasi repressiya dövründə bura məcburi
köçürülənlər və onların
övladlarıdır. Onların içərisində dövlət
və hökumət strukturlarında, icra və seçkili
orqanlarda təmsil olunanlar, özəl sektora rəhbərlik edənlər
də az deyil. Eyni zamanda onlar Qazaxıstan Respublikasının
ictimai-siyasi həyatında yaxından iştirak edir, dövlət
orqanlarında təmsil olunurlar. Bununla yanaşı, həmvətənlərimiz
Qazaxıstan Respublikasında özlərinin bir neçə
milli-mədəniyyət təşkilatlarını
yaradıblar. Almatıda “Turan”,
Qazaxıstan Azərbaycanlıları Assosiasiyası, Aktyubinsk
vilayətində “Dostluq”, Cambul vilayətində “Azəri”, Qərbi-Qazaxıstan
vilayətində “Birlik”, Qaraqanda vilayətində “Namus”,
Kustanay vilayətində “Heydər”, Pavlodar vilayətində “Vətən”
və s. Azərbaycan mədəniyyət mərkəzləri
fəaliyyət göstərir. Bu cəmiyyətlər eyni
zamanda Qazaxıstan prezidenti cənab Nursultan Nazarbayevin
başçılıq etdiyi “Qazaxıstan Xalqları
Assambleyası”nın üzvləridir. Paytaxt Astanada “Xəzər” Milli-mədəniyyət
Mərkəzi fəaliyyət göstərir. Bu təşkilatların
ən fəalı və ən nüfuzlusu isə Almatıda fəaliyyət
göstərən Qazaxıstan Azərbaycanlıları
Assosiasiyasıdır. Quruma tanınmış iş adamı Əbülfəz
Xamidov rəhbərlik edir. Əbülfəz müəllimin ata-babaları
keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan
Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi
Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz
açan Əbülfəz Müslüm oğlu hazırda
ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə
malik sahibkarlarından hesab olunur. Ötən ilin sonlarında
Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin fərmanı
ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası
İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları
Assambleyası Şurasının üzvü, texnika elmləri
namizədi Əbülfəz Müslüm oğlu bu ölkənin
ən ali mükafatı sayılan “KÜRMET” ordeni ilə təltif
olunub. O, Qazaxıstanın müstəqillik tarixində ölkənin
ən yüksək Fəxri mükafatına layiq görülən
ilk azərbaycanlıdır. İki gün öncə o, azərbaycanlılar
adından Almatıda Novruz qutlamaları təşkil edib. Berik
ağa bu tədbirdən ağızdolu danışır. Mən
Əbülfəz müəllimə zəng edib Yunus Oğuzla
Almatıda olduğumuzu söyləyirəm. O, çox sevinir
və mənim qonağımsınız deyir. Qrafikimizin
çox sıx olduğunu bildirirəm. İmkan olsa hökmən
görüşəcəyimizi deyirəm. Biz onunla
Qazaxıstanın Prezident Fondunda tanış olmuşuq.
(ardı var)
Elxan Zal Qaraxanlı
525-ci qəzet.-
2013.- 6 aprel.- S.19.