Zəridə xanımın zərrələri
Dini
Qurumlarla İş üzrə Dövlət
Komitəsi
sədrinin birinci müavini
“Mənə
böyük bir
sərgi
salonu verin,
Bir insan
şəkli
asacağam
ordan...”
Rəsul Rza
Elə
insanlar var ki, onların vəzifədə olub-olmamasından,
paytaxtda və ya kənddə yaşamasından, varlı və
ya kasıb təbəqəyə mənsubluğundan
asılı olmayaraq daim sevilir, xatirəsi əziz tutulur, əməlləri
minnətdarlıqla həmişə yad olunur. Əl
tutduqları, irəli çəkdikləri, qiymətləndirdikləri
şəxslər vəzifə və səlahiyyət
baxımından nə qədər ucalsalar da
ustadlarını, müəllimlərini, bir sözlə,
onlara vəzifə və şöhrət bəxş edəni
heç vaxt unutmamaqla yanaşı, həm də mənəvi
cəhətdən heç vaxt onları ötüb keçə
bilmirlər. Çünki həmin şəxslərin öz
zamanlarında etdikləri sonrakı dövrlərin həlim və
yumşaq çağlarında – demokratiyasında böyük
cəsarətə və qəhrəmanlığa layiqdir. O
zaman həmin işləri görmək həqiqətən
ürək və hünər istəyirdi.
Hələ
gəncliyindən komsomolda yüksək vəzifələr
tutaraq sürətlə partiya-sovet işində irəliləməyə
başlayan Zəridə xanım Yunis qızı Rüstəmova
Bakı Ali Partiya məktəbini bitirdikdən sonra 5 il
Ağcabədi RPK-nın II katibi, 5 il Zərdab RPK-nın I
katibi, sonralar İmişli RPK-nın I katibi vəzifəsində
çalışmış, “Qırmızı Əmək
Bayrağı”, “Şərəf Nişanı” ordenləri və
bir sıra medallarla təltif edilmişdir. 1985-1990-cı illərdə
Ali Sovetin deputatı olmuşdur. 1997-ci ildən YAP-ın
üzvüdür. Hal-hazırda isə əməyinin və
xidmətinin təmiz, halal haqqı olaraq Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünü
alır.
Yüksək
vəzifələrdə çalışıb camaatın
böyük əksəriyyətinin rəğbət və
hörmətini, bir az da dəqiq desək məhəbbətini
qazanmaq olduqca çətindir. Rəhbər vəzifədə
işləyənlər bunu yaxşı bilir. Ən
başlıca qiymət isə həmişəki kimi Xalqın
münasibəti olub. Özü də Sovet imperiyasının
çöküşü ərəfəsində. Camaatı
razı salmaq, gərginliklərin, çətinliklərin,
çatışmazlıqların fonunda onlarla dil tapmaq, sakitləşdirmək,
bütün bu psixoloji və mənəvi gənginliklərin
müqabilində həm də onların sevimlisinə
çevrilmək, o dövrlərin vəzifə sahibi və
iştirakçısı, şahidi kimi, bütün səmimiyyətimlə
bildirirəm ki, son dərəcə mümkünsüz bir
iş idi. Beş-üç nəfər narazılar vardı,
onlar da vəzifə umub, haqlı olaraq I katib tərəfindən
bəyənilməyənlər, istəyinə çatmayanlar
idi. Özün necə təmiz, əli-ayağı “düz”
olmalıydın ki, elin-obanın, həm də
“yuxarıların” da səndən narazı qalmamağına
nail ola biləsən.
Bu gün
Zəridə xanımın irəli çəkdiyi adamlar yenə
də ən müxtəlif sahələrdə yüksək
pillələrdədirlər. Hər birimizin fəaliyyətində
Zəridə xanımdan zərrə qədər də olsa nəsə
var. O “zərrə” bizi çaşmağa, yola azmağa
qoymur, daim sabit, salim, sağlam, xeyirxah, ədalətli, cəsarətli
olmağa səsləyir, ona oxşayıb onun kimi ürəklərdə,
tərcümeyi-hallarda yaşamağa səsləyir.
“Allahın yaratdıqlarına ən çox
yaxşılıq edən adam Tanrı üçün ən
əziz adamdır” (Məhəmməd s.a.s.).
İmişli
RPK-nın I katibi kimi Z.Rüstəmova o zaman üçün
görünməmiş kadr təyinatlarına imza atdı (“ənənəvi
hörmət üsulundan” qəti imtina edərək – bu isə
o dövr üçün təsəvvürə, xəyala gətiriləsi
şey deyildi!) Nə qədər yerli istedadlı, qabiliyyətli,
cavan kadrları tanıtdırdı, təkcə rayonda deyil,
respublikada. Hamı bir-birinə dəymişdi. “Bu nədi?
İmişlidə kommunizm qurulur?”. Yox, xanım I katib ali bir həqiqətə
xidmət edirdi: “Yaxşı əməllərdə təkidli
olun” (Məhəmməd s.a.s.).
Qısa
bir müddətdə Cabbar Quliyevi Kərpic zavoduna direktor, Bəşir
Bəşirovu Rabitə şöbəsinə müdir,
Gözəl Səfərovanı RİK sədrinin müavini,
Cabir Qasımovu Şəhər Sovetinin sədri, məktəbdə
dərs deyən İnci müəlliməni RPK-da ümumi
şöbənin müdiri, Ənvər Ağayevi RMX-nın
Baş həkimi, Rafiq Əliyevi RMŞ-nın müdiri, məni
isə RTŞ-nın müdiri vəzifələrinə gətirdi.
Rayonda tam yeni bir mühit, yeniruhlu, bacarıqlı, savadlı,
hələ qəlbinə və tərcümeyi-halına “ləkə”
düşməmiş kadrlar yeni və təmiz bir ab-havaya
düşmüşdülər. Hərdən kimsə udqunaraq
çaşıb “Sən katibə bir şey... mey...” deyəndə
qarşı tərəfin gözü böyüyərdi. “Ayə,
nə danışırsan? Baaa! Özünü biabır edərsən.
Sus!” – cavabı adamı yerin dibinə soxurdu. Nə qədər
gözəl deyilib: şərəf və düzgünlüklə
yaşayan adam Allahın ən sevimlisidir. (Məhəmməd
s.a.s.).
Birinci
katibin işgüzarlığı, yorulmazlığı diqqət
çəkirdi, təsərrüfatı, rayonun ictimai-siyasi həyatını,
potensialını, perspektivini gözəl bilirdi, uyğun layihələr
hazırlatdırırdı. Rayon yağ-pendir zavodunun məhsullarını
məktəblərdə, mağazalarda, məhlələrdə,
öz evlərinin qapısında çox münasib qiymətə
satılan gördülər. Bakıdan alıb gətirdikləri
qaymaq (smetan) öz “əl-ayağı” ilə evlərinə gəlmişdi.
Evdar qadınların, gəlinlərin, anaların əlləri
göydəydi, səbəbkara dua edirdilər.
Rayon
ziyalılarına həmişə hörmət və diqqətlə
yanaşırdı, onların sözlərini, təkliflərini
hörmətlə dinləyirdi, rayon ağsaqqalları ilə
tez-tez görüşürdü, heç birini diqqətsiz
buraxmırdı. Qadınlar cəsarətlə yanına gedir,
ana-bacı kimi dərdlərini deyir və həmişə
razı qayıdırdılar. Çünki problemləri həll
olunurdu!
Hələ
onun səhər saat 5 radələrində süd
sağımında fermalarda qəfil peyda olması! Xidməti
maşını Qaradonlu istiqamətində dövrə
vurmağa yollanırdı, özü isə Cəfərli
istiqamətində kolxozları yoxlamağa gedirdi. Məsuliyyət
azalmışdı, işlər “yerimirdi”, ölkədəki
özbaşınalığın, yarıtmaz Ə.Vəzirov
hakimiyyətsizliyinin ucbatından tam bir xaos
yaranmışdı. Amma həyat davam edirdi və işləmək
lazımıydı. Hamı gözləyirdi ki, məhz
onların təsərrüfatında Zəridə xanım qəfil
böyürdən çıxa bilər. Ona görə də
hamı ayaq üstəydi. Sovet dövrü süd planı adətən
kəsirlə başa gəlirdi. Təkcə İmişlidə
yox, respublikanın digər rayonlarında da süd planı
dolmurdu. Heydər Əliyevdən sonra respublikanın
başına gətirilən “birincilər” ölkəni elə
bərbad günə qoymuşdular ki, əksər təsərrüfatlar
planları yerinə yetirmirdilər. O cümlədən də
süd. Süd isə çox şey demək idi: yağ,
qaymağ, pendir, kəsmik, elə südün özü...
Birinci
katibin nə vaxt yatıb dincəldiyi, istirahət etməyi, ev
işlərinə, ailə üzvlərinə necə vaxt
ayırmağı sirr-müəmma idi, ona görə ki, evinə
gecə 12-dən tez getdiyi olmurdu. Bəs bu qədər
işin-gücün, qayğının öhdəsindən
necə gəlib, hələ bir səhərlər müxtəlif
təsərrüfatlara da baş çəkirdi? O “sirr-müəmma”
bu gün də heyrətlə xatırlanmaqdadır, nümunə
göstərilməkdədir. Ona görə ki, “arxa cəbhədə”
– ailədə də işlər tam qaydasındaydı. Ana və
evin xanımı üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirirdi. Bəli, əfsanələr belə
yaranır və belə yaşayır.
1990-cı
illər burulğanı bir sıra layiqli kadrlar kimi Zəridə
xanımın da həyatında mənfi izini qoydu. Onu əsassız
olaraq Ə.Vəzirov hakimiyyəti vəzifəsindən
uzaqlaşdırdı. 1990-1997-ci illərdə Ali Sovetin
Aparatında baş mütəxəssis, 10 il də Təhsil
Nazirliyində məsləhətçi işlədi.
İstisnasız olaraq hər yerdə sevildi, seçildi – insan
kimi, işçi kimi, mütəxəssis kimi. Özündən
sonra da hər yerdə izi qaldı – xoş xatirə, şirin
təbəssüm, sərin meh kimi.
Bəzən
xoşbəxtlik haqqında, xoşbəxt insanlar haqqında
uzun müzakirələr gedir, mübahisələr olur. Min
cür yanaşmalar, yozmalar, nümunələr gətirilir. Bəlkə
də deyənlərin hamısı haqlıdır. Əgər
xoşbəxtliyi elə görürsə, nümunə gətirdiyi
şəxsi meyar hesab edirsə, deməli, özü də ona
oxşamaq istəyir, onu seçir. Bu mənada Sizi seçənlər,
Sizi sevənlər minlərdir, Zəridə xanım! Mən də
onlardan biri! Bəs başqaları? Özüm özümə
səslənirəm: təkcə mənmi? İşlədiyiniz
yerlərdən, Sizi tanıyanlardan min-min səda gəlir: “Biz
də! Biz də qatılırıq dediklərinə!”.
Bu gün
Zəridə xanımın doğum günüdür! Min
mübarək! Həmişə sağlam və xoşbəxt
olasınız. Nə yaxşı varsınız. Nə qədər
insanın ömründə çıraq
yandırdınız, qəlbindəki haqq
işığını sönməyə qoymadınız.
Saf, sadəlövh, ədalət axtaran insanların pasibanı
oldunuz, əllərindən tutub ağ günə
çıxartdınız, xoşbəxt etdiniz. Kitablarda
oxuduğumuz ədalətin təntənəsini Sizin əməllərinizlə-təyinatlarınızla
həyatda gördük. Amma hamı deyirdi ki, həyat
kitablardakı kimi olmur. Oldu axı!.. Həmin insanların
hamısının həyatından, taleyindən,
uğurlarından Sizə də bol-bol pay düşür,
işıq axır, səadət yağır.
Nə
dövlətlisiniz, nə xoşbəxtsiniz, Zəridə
xanım!
Səyyad Aran
525-ci qəzet.- 2013.- 6 aprel.- S.16.