"İstəsələr, Azərbaycan və
Ermənistanın Dövlət Komissiyalarının
görüşünə vasitəçilik edərik"
Beynəlxalq Qızıl Xaç
Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin
yeni rəhbəri xanım Deniz Duranın APA-ya müsahibəsi
-
BQXK-nın regionda fəaliyyətinin artıq 20 ili tamam olub.
Ötən dövrkü fəaliyyətinizi necə qiymətləndirirsiniz?
Bu illərdə BQXK Azərbaycandakı missiyasını tam
yerinə yetirə bilibmi?
- Arxaya nəzər
saldıqda görürük ki, Azərbaycanda öz
missiyamızı yerinə yetirə bilmişik. Əlbəttə,
münaqişənin qızğın vaxtlarında BQXK, eləcə
də digər təşkilatlar böyük məcburi
köçkün ordusu ilə
qarşılaşmışdılar. Həmin vaxtdan
başlayaraq BQXK lazımi yardımı həyata keçirib.
BQXK-nın həyata keçirdiyi xüsusi rol isə neytral
vasitəçi rolu idi. BQXK əvvəldən tərəflər
arasında bunu təklif edərək hərbi əsirlərə
və internə edilmiş mülki şəxslərə
baş çəkib, onların qaytarılması xidmətini
də həyata keçirib. Bu, tərəflərin arzusu ilə
həyata keçirilib. Bu fəaliyyət münaqişənin
kəskin vaxtında daha çox idi. Amma buna baxmayaraq bu fəaliyyət
hələ də özünü doğruldur. Sonuncu internə
edilmiş şəxslərin qaytarılması Novruz
bayramı günündə baş verdi. Münaqişənin
gərgin zamanlarında BQXK tibbi, ortopedik və digər
proqramlar da həyata keçirib.
Münaqişənin
təsiri hələ davam edir. Məcburi köçkünlər
hələ də öz evlərində olmasalar da, vəziyyət
xeyli stabilləşib, gərginlik azalıb. BQXK-nın fəaliyyəti
də indiki vaxta uyğun olaraq dəyişib. Hazırda həyata
keçirdiyimiz layihələrdən biri də cəbhəyanı
ərazidə yaşayan əhaliyə köməkdir. Bu
kövrək qrupa daxil olan əhalidir. Bu sahədə Azərbaycan
Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Böyük
Britaniyanın Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq
edirik. Biz inteqrasiya edilmiş yanaşmaya üstünlük
veririk. BQXK, AzQAC könüllüləri və yerli icra
hakimiyyəti orqanları ilə birlikdə həmin
icmaların ən kövrək ailələrini müəyyənləşdiririk.
Həmin ailələrə birdəfəlik nağd pul
qrantları verilir. Məqsəd bu ailələrin iqtisadi vəziyyətini
yaxşılaşdırmaqdır. Biz icmalarda ayrı-ayrı
ailələrlə işləməklə bərabər, həm
də icmaların ümumi istəklərini həyata
keçiririk, onlar üçün xeyir-şər
çadırları alır, bağçanı, hamamı təmir
edirik. Bu proqramın bir hissəsi olaraq icmada suya olan
ehtiyacı öyrənirik. İcmalarla birlikdə cəbhə
xəttinə yaxın və təhlükəli ərazilərdə
yaşayan ailələri müəyyənləşdiririk.
Proqram çərçivəsində atəş zamanı
birbaşa zərər dəyə bilən ailələrin evlərinin
girişini dəyişdirmək, girişi müdafiə etmək
üçün divar tikintisinə kömək etmək kimi fəaliyyətlər
həyata keçirə bilərik. Bütün bu fəaliyyət
bizə imkan verir ki, münaqişə tərəflərinin
beynəlxalq humanitar hüququ necə həyata keçirdiyini
görək. Beynəlxalq humanitar hüquqa əsasən, hərbi
əməliyyatların o ərazidə yaşayan mülki əhalinin
gündəlik həyatına təsiri minimum səviyyədə
olmalıdır. Bizim tərəflərin hakimiyyət
orqanları ilə apardığımız söhbətin bir
hissəsi də budur.
- 2012-ci
ildə BQXK Azərbaycanda hansı işləri həyata
keçirib?
-
İtkin düşən şəxslərin ailələrindən
itkin düşən şəxs haqqında ətraflı məlumatların
toplanılması bir neçə ildir davam edir. Hazırda həmin
proqram son mərhələdədir.
BQXK
Böyük Britaniya Qızıl Xaç Komitəsi və
AzQAC ilə birlikdə 10 kənddən və 1 məcburi
köçkünlər üçün qəsəbədən
olan 2300 nəfərdən ibarət olan 511 ən kövrək
ailəyə kömək edib. Bu ailələrin hər birinə
orta hesabla 1000-1100 manat verilib. 7000-ə yaxın əhalisi olan
1553 ailədən ibarət 7 kənddə icma layihələri
həyata keçirilib. Özünümüdafiə tədbirləri
çərçivəsində isə 8 ailəyə
yardım edilib. Təmiz suya imkan yaratmaq üçün 11
yeni su təchizatı sistemi quraşdırılıb ki, bu da
2000-ə yaxın yerli əhalini və 2400-ə yaxın məcburi
köçkünü su ilə təmin etməyə imkan
verir. İtkin düşmüş şəxslərə
psixoloji dəstək layihəsinə yerli QHT-lər də cəlb
edilib. 6 ay ərzində itkin düşən şəxslərin
ailələri ilə bağlı elə bir fəaliyyət həyata
keçirilir ki, gələcəkdə həmin fəaliyyət
avtonom şəkildə davam edir. BQXK 4 yerli psixoloqa və itkin
ailələrindən olan 14 müşayiətçiyə
treninq keçib, dəstək qrupları yaradıb. Ötən
il 17 dəstək qrupu yaradılıb, bu qruplarda 130 nəfər
iştirak edib. Bu qruplara müxtəlif itkin ailələrinin
üzvləri toplaşır, söhbətlər zamanı
xüsusi ehtiyacları olan ailələr müəyyənləşdirilir
və həmin ailələrə baş çəkilir.
Bakı və Bərdədə 422 ailənin
ehtiyaclarının qiymətləndirilməsi keçirilib və
223 nəfərin psixoloji dəstəyə ehtiyacı
olduğu aydınlaşıb. 158 ailəyə ailə
başçəkmələri olub. 135 ailə sosial və
hüquqi ehtiyaclarına dəstək üçün müxtəlif
orqanlara yönəldilib. 256 ailəyə İranın
Qızıl Aypara Klinikasına pulsuz göndəriş
verilib.
Ötən
il BQXK tərəfindən 5 erməni mülki şəxsə
və 4 azərbaycanlı və erməni hərbi əsirə
12 başçəkmə edilib. Bununla yanaşı, BQXK Azərbaycan
hakimiyyət orqanlarının səlahiyyətində olan
müxtəlif saxlanma yerlərinə 23 başçəkmə
keçirib. Bunlar Daxili İşlər, Ədliyyə, Səhiyyə,
Milli Təhlükəsizlik nazirliklərinin səlahiyyətində
olan saxlanma yerləridir. Başçəkmələrin əsas
məqsədi saxlanılan şəxslərlə insani rəftar
vəziyyətinə və onların saxlanma şəraitinin
minimum standartlara uyğun gəlməsinə nəzarət etməkdir.
Əgər hansısa məsləhətlərimiz olarsa, bunu
konfidensial olaraq hakimiyyət orqanlarına
çatdırırıq. Bu, bizim ikitərəfli dialoqumuzun tərkib
hissəsidir. Bəzən biz saxlanılan şəxslərə
maddi kömək də edirik. Bu, kitab və ya şəxsi
gigiyena vasitələri ola bilər. Amma saxlanılan şəxslərin
BQXK-nın ən çox qiymətləndirdikləri xidməti
onların ailələri ilə əlaqəsinin bərpa edilməsidir.
Bu, “Qızıl Xaç” məktubu, şifahi məlumatlar, hətta
zənglər şəklində ola bilər.
BQXK-nın
həbsxanalarda həyata keçirdiyi vərəmə
qarşı mübarizə proqramı bitsə də, ötən
il ərzində bu layihənin regionda əhəmiyyətli
layihə olduğunu göstərmək üçün bizim əməkdaşlığımız
sayəsində Türkmənistan, Filippin və
Qırğızıstanın yüksək səviyyəli
nümayəndə heyətləri Azərbaycana gəliblər.
Keçən il BQXK ilə Ədliyyə Nazirliyinin Baş Tibb
İdarəsinin əməkdaşlığı nəticəsində
sənədli tədris filmi çəkilib. Bu filmdə məqsəd
də Azərbaycanın saxlanma yerlərində vərəmlə
mübarizəni model olaraq yaymaqdır.
İl ərzində
Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq
da davam etdirilib. Bu əməkdaşlıq əsasən itkin
düşən şəxslərin talelərinin
aydınlaşdırılması və mədəni sərvətlərin
qorunması ilə bağlı olub. Biz həmçinin onu da
öyrəndik ki, parlament beynəlxalq humanitar hüququn
silahlı münaqişələr zamanı pozulmasına
görə Cinayət Məcəlləsinə müəyyən
dəyişikliklər edib. Ötən il Müdafiə
Nazirliyinin 39 yüksək çinli zabiti BQXK-nın təşkil
etdiyi 3 beş günlük seminarda iştirak ediblər. Bu il də
bu tədbirlər davam etdiriləcək. Polis və daxili
qoşunların zabitləri üçün də 2 seminar
keçirilib. Bu seminarlarda ümumilikdə 24 polis və daxili
qoşunların 24 zabiti iştirak edib.
- Son 20
ildə BQXK-nin xətti ilə nə qədər adam əsir və
girovluqdan azad olunub?
- Son 20
ildə BQXK-nın neytral vasitəçiliyi ilə 700-ə
yaxın insan - hərbi əsir və mülki internə
olunmuş şəxs qaytarılıb.
-
Hazırda Azərbaycan və Ermənistan tərəfdə
neçə nəfər əsirlikdə saxlanılır?
Onlara son başçəkmə nə zaman olub? Həmin şəxslərin
qaytarılması istiqamətində hansısa işlər
görülürmü? Hər iki tərəfdə
saxlanılan şəxslərin üçüncü ölkəyə
getmək arzularının olduğu bildirilir..
-
Hazırda Azərbaycanda 5 nəfərdən ibarət bir ailə
- mülki internə olunmuş şəxs, Ermənistanda isə
bir hərbi əsir var. Azərbaycanda saxlanılan mülki şəxslərə son
başçəkmə fevralın 7-də, Ermənistanda
saxlanılan hərbi əsirə başçəkmə isə
martın 27-də həyata keçirilib.
Bilirəm
ki, bu sual ictimaiyyəti çox maraqlandırır. Amma müəyyən
konfidensiallıq məsələlərinə görə, biz
bəzi məsələlər barədə ictimaiyyətə
açıqlamalar vermirik. Bu da
onlardan biridir. Saxlanılan şəxslərin bizimlə
olan söhbəti, onların arzuları konfidensial məsələdir.
- Azərbaycanın
Dövlət Komissiyasının məlumatına görə,
azərbaycanlı əsirlər Ermənistanda mənəvi–psixoloji
təzyiqlərə, Vətənə qayıtdıqda həbs
olunacaqları ilə bağlı böhtanlara məruz
qalıblar. Məhz bunun nəticəsində Azərbaycanın
əsirlikdə olmuş 8 hərbçisi iradəsinin əksinə
olaraq üçüncü ölkədə yaşamağa
üstünlük verib. Siz başçəkmələr
zamanı belə faktlar aşkarlamısınızmı?
- Belə
hallar var ki, saxlanılan şəxslər öz ölkələrinə
qayıtmamaq arzularını bildirilər. Belə hallar
bütün dünyada baş verir. Həmin insanlara
qaçqın statusu verilir. Qaçqınlar haqqında beynəlxalq
qanun da var. Amma bu qanun BQXK-nın işlədiyi qanun deyil. Bu
qanunla işləyən BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığıdır. Bu məsələ bizim səlahiyyətimizdə
deyil. BQXK insanların üçüncü ölkəyə
göndərilməsində bir tərəf deyil və bu
prosesdə iştirak etmir.
-
Hazırda BQXK-nın siyahısında itkin
düşmüş şəxs kimi nə qədər
adamın adı var? Bu siyahılar Dövlət
Komissiyasının siyahısından nə dərəcədə
fərqlənir?
- 2012-ci
ilin sonuna olan məlumata əsasən, BQXK tərəfindən
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
itkin düşmüş 4627 nəfər qeydiyyata
alınıb. Onlardan 4191 nəfərin işi BQXK-nın Azərbaycan
nümayəndəliyinin nəzarəti altındadır. Bu
saya həm də Dağlıq Qarabağ ərazisi daxildir.
İtkin düşmüş şəxslərin sayı dəyişə
bilən saydır. Bu, BQXK-nın qeydiyyatdan keçirdiyi
insanların sayıdır. Dövlət Komissiyasında olan rəqəmlər
başqadır. Siyahılarda fərq qeydiyyat üçün
tələblərin fərqli olmasından yaranır. BQXK-da
qeydiyyatdan keçmək üçün itkin
düşmüş şəxsin birbaşa ailə
üzvü müraciət etməli və axtarış
sorğusu qaldırmalıdır. Bunun nəticəsində həmin
şəxs itkin düşmüş şəxs kimi o
siyahıya əlavə edilir. Dövlət Komissiyasında isə
ailə üzvlərinin birbaşa müraciəti əsas
deyil. Onlar müxtəlif mənbələrdən
istifadə edirlər. İtkin düşmüş şəxslərin
döyüş yoldaşları da belə mənbə ola bilərlər.
Buna görə də siyahılar fərqlidir. Amma bizim son məqsədimizi
budur ki, BQXK ilə Dövlət Komissiyasının
siyahıları mümkün qədər bir-birinə
uyğunlaşdırılsın. İtkin
düşmüş şəxslərin böyük əksəriyyəti
azərbaycanlılardır.
- BQXK
itkin düşmüş şəxslərin talelərinə
aydınlıq gətirilməsində ciddi irəliləyiş
əldə edilməsi üçün yeni layihə
hazırlayır. Bu layihənin başlamasını
münaqişədən zərər çəkən və əzizlərini
itirmiş bütün ailələr gözləyir. BQXK ilə
Azərbaycan hökuməti arasında bioloji nümunələrin
toplanması ilə bağlı saziş nə vaxt imzalanacaq?
- Biz bu il
itkin düşmüş şəxslərin ailələrindən
bioloji nümunələrin toplanmasına başlamaq istəyirik.
Bu nümunələrin toplanmasının məqsədi gələcəkdə
ola biləcək eksqumasiyaların köməyi ilə itkin
düşmüş şəxslərin talelərinə
aydınlıq gətirməkdir. Bioloji nümunələr DNK
analizi demək deyil. Bu nümunələr dedikdə
ağız suyu nümunəsi və ya qan nümunəsi nəzərdə
tutulur. Bir itkin düşmüş şəxsin 4 ailə
üzvündən nümunə götürülə bilər.
Onlar saxlanılır və lazım gəldikdə bu hazır
nümunələrdən DNK analizləri çıxarmaq olar.
Artıq Azərbaycanın hakimiyyət orqanlarından bu barədə
razılıq alınıb. Nümunə üçün
pilot layihəyə başlamaq istəyirik. Pilot layihə 100
ailəni əhatə edəcək. Biz bu prosesi ağız
suyu nümunəsinin toplanılması ilə başlamaq istəyirik.
Bu, digər prosedurla müqayisədə daha sadədir. Biz bu
pilot layihəni qurtardıqdan sonra Dövlət Komissiyası
ilə birgə qərara gələcəyik. Bu nəticələrin
keyfiyyəti istənilən səviyyədə olsa,
ağız suyu nümunələrinin toplanması davam edəcək.
Nəticələr istənilən səviyyədə olmasa,
biz qan nümunələrin toplanmasına
başlayacağıq. Bu layihə xeyli böyük sayda
insanı, təxminən 16 min nəfəri əhatə edəcək.
Layihənin nə zaman başlayacağı dəqiq deyil. Amma
2013-cü il ərzində biz bunu başlamaq istəyirik və
bu barədə razılıq alınıb. Sadəcə bu
prosesi başlamaq üçün müəyyən
addımlar atılmalıdır.
- Bu
nümunələr harada toplanacaq? Azərbaycanda həmin
nümunələri saxlamaq üçün müvafiq
laboratoriya varmı?
- Məhz
bu sualı hazırda Azərbaycanın hakimiyyət
orqanları ilə müəyyənləşdiririk. Konkret qərar
qəbul ediləndən sonra bu barədə ictimaiyyətə
açıqlama verilə bilər.
- BQXK Azərbaycan
və Ermənistanın hakimiyyət orqanları ilə
kütləvi məzarlıqların xəritəsinin
hazırlanması istiqamətində danışıqlar
aparırdı. Hazırda bu danışıqlar hansı mərhələdədir?
- Məzarlıqların
yerinin müəyyənləşdirilməsi üçün
biz Dövlət Komissiyasına öz dəstəyimizi təklif
edirik. Amma ilk növbədə
bu işlə məşğul olan Dövlət
Komissiyasının özüdür. Bu işi onlar həyata
keçirirlər.
- Amma
döyüş əməliyyatları Azərbaycanın Ermənistan
tərəfindən işğal edilmiş ərazilərində
gedib. Məzarlıqların da böyük əksəriyyəti
həmin ərazilərdədir. Bu yerlər işğal
altında olduğundan Azərbaycanın ora
çıxış imkanı yoxdur. BQXK vasitəçilik edə
bilərmi ki, tərəflər ən azı
qarşılıqlı şəkildə həmin ərazilərdə
məzarlıqların təyin edilməsini həyata
keçirə bilsinlər?
- Bəli,
bu, bizim təqdim edə biləcəyimiz xidmətlərdəndir.
Bizim mandatımıza uyğun elə xidmətlərimiz var ki,
onları həyata keçirməyə həmişə
hazırıq. Ancaq biz o xidmətləri o zaman həyata
keçirə bilərik ki, münaqişə tərəfləri bu fəaliyyətin həyata
keçirilməsi ilə razılaşsın. Onlar arzusunda
olmalıdırlar ki, biz bu fəaliyyəti həyata keçirək.
- Azərbaycanın
müvafiq dövlət komissiyası artıq ölkə ərazisində
belə kütləvi məzarların axtarışına
başlayıb. İndiyədək nə qədər məzar
aşkarlanıb? Eyni proses Ermənistanda da həyata
keçirilirmi? Orda nə qədər məzar
aşkarlanıb?
- Dövlət
Komissiyası ilə birgə işlədiyimizə görə,
əlbəttə, müəyyən məlumatları bizimlə
bölüşürlər. Amma mən başqa bir təşkilatın
planları barədə danışa bilmərəm. Biz
yalnız öz fəaliyyətimiz barədə danışa
bilərik.
-
Yaxın illərdə BQXK-nın
Azərbaycanda fəaliyyətinin əsas prioritetləri
hansılar olacaq?
- Əgər
vəziyyət dəyişməsə, eyni fəaliyyət həyata
keçiriləcək. BQXK-nın malik olduğu hüquqlardan
biri də neytral vasitəçi olmasıdır. Biz tərəflərə
yenə bu xidməti təklif edəcəyik. Biz hətta istərdik
ki, bu fəaliyyətimizi daha da dərinləşdirək.
Bioloji nümunələrin toplanması layihəsi Azərbaycanla
yanaşı, Ermənistanda da həyata keçiriləcək.
Bu məlumatların toplanmasının son məqsədi odur
ki, tərəflər həmin məlumatları bir-biri ilə
bölüşsünlər və itkinlərin talelərinin
aydınlaşdırılması sahəsində birgə
işləsinlər. BQXK bir
vasitəçi olaraq münaqişədə olan tərəflər
arasında toplanan məlumatların mübadiləsində
vasitəçilik edə bilər. Gələcəkdə
toplanmış bioloji nümunələr haqqında məlumatların,
hətta Dövlət Komissiyalarının təşkil etdiyi
siyahıların digər tərəfə ötürülməsində
vasitəçilik edilə bilər.
- Belə
bir vasitəçiliyi artıq təklif etmisiz?
- Bu,
BQXK-nın belə vəziyyətlərdə təklif etdiyi
standart xidmətdir.
- BQXK Ermənistan
və Azərbaycanın Dövlət Komissiyalarının ikitərəfli
görüşməsinə vasitəçilik edə bilərmi?
- Biz bu
xidməti təklif etmişik. Bu, açıq bir təklifdir.
Əgər tərəflər belə bir görüş
üçün öz arzularını bildirmiş olsalar, biz
bu görüşü təşkil etməyə
hazırıq.
525-ci qəzet.-
2013.- 6 aprel.- S.8.