Bakıda Asiya Siyasi Partiyalarının Qadınlar Qolunun ilk iclası keçirilir

 

Bu gün Bakıda Asiya Siyasi Partiyalarının Qadınlar Qolunun ilk iclası keçirilir. SİA-nın verdiyi xəbərə görə, tədbirdə ilk olaraq çıxış edən millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman bu kimi əhəmiyyətli tədbirlərin keçirilməsindən fəxr hissi keçirir.

Onun sözlərinə görə, keçən ilin noyabr ayında İCAPP-ın baş assembleyası zamanı bugünkü tədbirin keçirilməsi qərarına gəlinib: “İnanırıq ki, bu tədbir Asiya qadınları üçün geniş imkanlar açacaq və onların dünyaya daha sürətlə inteqrasiyasını gücləndirəcək”.

M. İbrahimqızı onu da vurğulayıb ki, tədbirdə 25 ölkədən 500-ə yaxın nümayəndə iştirak edir: “Bugünkü tədbirdə Sudan, Qazaxıstan, Rusiya, Pakistan və digər ölkələrdən olan nümayəndələr öz ölkələrini təmsil edirlər. Xüsusi olaraq qeyd edim ki, Azərbaycanda qadın məsələləri ilə yanaşı bir sıra sahələrdə də uğurlu yer tutur”.

Daha sonra çıxış edən İCAPP-ın təsisçi sədri Jose de Venecia qeyd edib ki, Azərbaycan dünyanın ən yüksək ÜDM və yaşayış səviyyəsinə görə qabaqcıl ölkələr sırasında mühüm yerlərdən birini tutur: “Xüsusi vurğulamaq lazımdır ki, ölkənizdə yoxsulluğun səviyyəsi qısa müddət ərzində yeddi faiz azalıb. Buna görə də prezident İlham Əliyevə böyük təşəkkür etmək lazımdır”.

YAP icra katibi Əli Əhmədov isə çıxışı zamanı bildirib ki, tədbirdə 60-dan çox qadın nümayəndə iştirak edir: “Onlar təmsil olunduqları ölkələrin ictimai və siyasi həyatında yüksəsk fəallığı ilə seçilən qadınlardır. Bu kimi tədbirlərin keçirilməsi qadınların ictimai-siyasi həyatada daha yaxından təşviq edilməsi məqsədi güdür. Bu bizim qarşıya qoyduğumuz çox vacib məsələlərdən biridir”.

Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxışı zamanı qeyd edib ki, son zamanlar beynəlxalq aləmdə qazandığımız uğurlar həm də Azərbaycanın asiya ölkələrinə yönəlik siyasətinin müsbət nəticəsinin bariz nümunəsidir: “Buna görə də belə tədbirlərin azərbaycanda keçirilməsinin ciddi əsasları var. Bu tədbir təşkilatın işində özünəməxsus yer tutacaq. Bu təşkilatın çərçivəsində azərbaycanda siyasətlə məşğul olan qadınlar öz imkannlarını dünyanı narahat edən məsələlərin həllinə yönəldəcək”.

“İCAPP-la əlaqələrimiz yeni yaradılıb. Bu ili həmçinin Azərbaycanda İCAPP ili də adlandırmaq olar”,- deyə o fikirlərinə əlavə edib.  

Qeyd edək ki, hazırda tədbir davam edir.

 

 

Pərvanə

 

525-ci qəzet.- 2013.- 6 aprel.- S.3.