Azərbaycan təhsilinin son 15 ildəki inkişaf mənzərəsi faktların və rəqəmlərin dili ilə

 

Ötən 15 ildə milli təhsil quruculuğu istiqamətində əhəmiyyətli addımlar atılıb, bütövlükdə təhsil sisteminin milli ənənələr və ümumbəşəri dəyərlər əsasında yenidən qurulması mümkün olub. Ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımların atılması təhsil haqqında yeni qanunun qəbul edilməsi zərurətini yaratdı. Bütün bu proseslərin məntiqi nəticəsi kimi, 2009-cu ildə “Təhsil haqqında” qanun  qəbul edilib. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 50-dək normativ-hüquqi sənəd hazırlanıb və hökumət tərəfindən təsdiq edilib. Beləliklə, təhsil sisteminin normativ hüquqi bazası tam yeniləşdirilib. Bu mərhələdə Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilib, beynəlxalq aləmdə yüksək nüfuz qazanıb. İqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olub.

 

DÖVLƏT BÜDCƏSİNDƏN TƏHSİLƏ AYRILAN XƏRCLƏR 1,5 MİLYARD MANATA YÜKSƏLİB

 

 Təhsil naziri Misir Mərdanov deyir ki, ümummilli lider Heydər Əliyev hər zaman təhsil sahəsini diqqət mərkəzində saxlayıb: “Ümummilli lider deyirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev ölkədə təhsilin inkişafı üçün bütün şərait yaratmışdı. Hazırda ümummilli liderin bu ənənəsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İ.Əliyev isə bildirib ki, Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailiyyətlərdəndir”.

M.Mərdanov bildirib ki, ölkənin  iqtisadi qüdrətinin artması təhsilə yönəldilən investisiyaların həcmini də əhəmiyyətli şəkildə artırıb, dövlət büdcəsindən təhsilə ayrılan xərclər 2003-cü ildəki 243 milyon manatdan 2013-cü ildə 1,5 milyard manata yüksəlib. İnvestisiya xərcləri 2004-cü ildəki 5 milyondan 2012-ci ildə 420,9 milyon manata çatıb: “Bu mərhələni Azərbaycanda təhsilin inkişafının intibah dövrü adlandırsaq, heç də yanılmarıq. Məhz bu dövrdə təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin elmi təhlili əsasında hazırlanıb təsdiq edimiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasir tələblərə uyğun qurulub. Təhsilin məzmunu  müasirləşdirilərək yeniləşdirilib, yeni dərslik siyasəti reallaşdırılıb, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlər tətbiq edilməkdədir. Bununla yanaşı əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunub. 1998-ci ildə Prezident Heydər Əliyev “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası haqqında” sərəncam imzalayıb. Bu sərəncama əsasən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlanıb və 1999-cu ildə prezident tərəfindən təsdiq olunub. İslahat Proqramının əsas məqsədi məktəbəqədər, ümumi, texniki peşə, ali təhsil sahəsində mövcud potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən normativ-hüquqi bazanı yaratmaq, Konstitusiyada təsbit olunan, cəmiyyətin tələblərinə əsaslanan təhsil siyasətinin həyata keçirilməsi olub. Proqrama əsasən Azərbaycanda təhsil islahatlarının 3 mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdu. I mərhələdə vətəndaşların təhsil almaq hüququnu təmin edən, bazar iqtisadiyyatının tələblərinə uyğun yeni təhsil sisteminin normativ-hüquqi, iqtisadi və informasiya bazasını yaratmaq üçün təşkilati işlər aparıldı. II mərhələdə təhsil sahəsinin sosial-iqtisadi sabitliyinin təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi, genişmiqyaslı islahatların aparılması üçün təşkilati, hüquqi-normativ, kadr, maliyyə, maddi-texniki, elmi, tədris-metodiki və informasiya təminatının, yeni idarəetmə modelinin yaradılması istiqamətində əhəmiyyətli addımlar atıldı. III mərhələdə Proqramda nəzərdə tutulan digər tədbirlər həyata keçirilməkdədir.

Azərbaycanda uğurlu islahatların aparılmasına Dünya Bankı ilə birgə həyata keçirilən layihələr əhəmiyyətli töhfə verdi. 1999-cu ildə Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında “İnkişaf üçün kredit haqqında Saziş” imzalandı və prezidentin müvafiq sərəncamı ilə təsdiq edildi”.

 

BU İLLƏRDƏ ÖLKƏDƏ 40-DAN ÇOX ÖZƏL MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏSİ FƏALİYYƏTƏ BAŞLAYIB

 

M.Mərdanovun dediyinə görə, mahiyyətcə öyrədici xarakter daşıyan birinci layihə uğurla başa çatdıqdan sonra 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişafı Layihəsinə (TSİL) start verildi. Layihə çərçivəsində kurikulum islahatı, müəllim hazırlığı, dərsliklər və oxu materialları, maliyyələşdirmə və büdcə islahatları, rasionallaşdırma, idarəetmə, planlaşdırma və şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində əsaslı islahatların aparılmasına başlandı. Bu layihə də uğurla başa çatdıqdan sonra Təhsil Sektorunun İnkişafı üzrə 2009-2014-cü illəri əhatə edən İkinci Layihə (TSİİL) hazırlandı və təsdiq edildi. Layihə ümumi təhsil üzrə kurikulum islahatlarının davam etdirilməsi, məktəb kitabxanalarının müasirləşdirilməsi, pedaqoji kadrların əlavə təhsil sisteminin yeniləşdirilməsi, məktəbə hazırlığın inkişaf etdirilməsi, təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi komponent və alt-komponentlərini əhatə edirdi.

Məhz müstəqillik illərində məktəbəqədər təhsilin uşaqların intellektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olması tədricən cəmiyyət tərəfindən qəbul edilməyə başlandı. Həyata keçirilən islahatlar nəticəsində ölkə üzrə 50 yeni uşaq bağçası tikilib istifadəyə verilib, 72 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, 284 müəssisə müasir avadanlıqlarla təchiz olunub. Nəticədə ölkədə məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı 103 mindən 113 minə yüksəlib, Bakı şəhərində bağçalara cəlb olunub uşaqların əhatə səviyyəsi 30 faizə yaxınlaşıb. Müstəqillik tarixində ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 190 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılıb. Müstəqillik illərində ölkədə 40-dan çox özəl məktəbəqədər təhsil müəssisəsi lisenziya alıb və fəaliyyətə başlayıb.

 

BÜTÜN ŞAGİRDLƏR MİLLİ-MƏNƏVİ VƏ BƏŞƏRİ DƏYƏRLƏRƏ UYĞUN, DƏRSLİKLƏRLƏ PULSUZ TƏMİN OLUNURLAR

 

Təhsil naziri bildirib ki, ümumi təhsil sistemində yeni təhsil proqramlarının (kurikulumların) tətbiqinə başlanıb, “hafizə”, “yaddaş” məktəbindən imtina edilərək “təfəkkür”, “düşüncə” məktəbinə keçid reallaşdırılmaqdadır. 2007-ci ildən başlanan məzmun islahatları hazırda I-V sinifləri əhatə edib. Tələbyönümlü, nəticəyönümlü, şəxsiyyətyönümlü və inteqrativ xarakter daşıyan yeni kurikulumların tətbiqi ilə ümumi təhsilin yeni modeli yaradılıb. Yeni dərslik siyasətinin həyata keçirilməsi nəticəsində ümumi təhsil sistemində istifadə edilən 400 adda dərslik milli-mənəvi və bəşəri dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda,  yüksək poliqrafik keyfiyyətlə yenidən hazırlanıb və çap olunub. Bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. Bu dövrdə ümumilikdə 55 milyon nüsxə dərslik çap edilib. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I-V siniflər üçün dərslik komplektləri hazırlanıb: “Ölkədən kənarda yaşayan soydaşlarımızın dərsliklərlə təmin edilməsinə xüsusi diqqət yetirilir, Gürcüstanın təlim Azərbaycan dilində olan məktəbləri I-XI sinif dərslikləri və dərs ləvazimatları ilə təmin edilirlər. Dağıstanın Azərbaycan məktəblərinə, səfirliklər vasitəsi ilə Amerika, Hollandiya, Macarıstan, İngiltərə, Kanada, Rusiya, Ukrayna, Belarus, Almaniya və Orta Asiya  Respublikalarında fəaliyyət göstərən “Bazar günü” məktəblərinə də hər il dərslik və dərs vəsaitləri göndərilir. Məktəb kitabxanaları əlavə oxu materialları – uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilib. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1.4 milyon nüsxə tədris-əyani vəsait hazırlanaraq məktəblərə verilib. Eyni zamanda məktəblər 19 adda 351 min nüsxə xəritə ilə təmin edilib. “Təlim və oxu materialları kataloqu” tərtib olunub, 1098 adda 549000 nüsxə təlim və oxu materialı 500 məktəbin kitabxanasına verilib”.

 

MİLLİ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARI APARILIB, MÜVAFİQ TÖVSİYƏLƏR HAZIRLANIB

 

M.Mərdanov vurğulayıb ki, nazirlik tərəfindən beynəlxalq təcrübəyə uyğun olaraq ölkədə məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edən yeni qiymətləndirmə sisteminə keçilib. Yeni qiymətləndirmə sisteminin tətbiqinin hüquqi və təşkilati əsasları 2009-cu ildə Azərbaycan Hökuməti tərəfindən təsdiq edilib “Azərbaycan Respublikasında ümumi təhsil sistemində qiymətləndirmə Konsepsiyası”nda öz əksini tapıb. Məktəbdaxili qiymətləndirmənin tərkib hissələri olan diaqnostik, formativ və summativ qiymətləndirmənin tətbiqinə başlanıb, müvafiq vəsaitlər və yeni qaydalar hazırlanıb. Milli qiymətləndirmə tədqiqatları aparılıb, müvafiq tövsiyələr hazırlanıb. PİRLS 2011  və TİMSS 2011 beynəlxalq qiymətləndirmə tədqiqatlarının  nəticələrinə əsasən PİRLS 2011 Proqramında Azərbaycan 58 iştirakçı ölkə arasında Oxu üzrə 37-ci yerdə qərarlaşıb. TİMSS 2011 Proqramında isə 60 iştirakçı ölkə arasında Riyaziyyat üzrə 36-cı, Təbiət elmləri üzrə 41-ci yeri bölüşdürür. Bu proqramlarda ilk dəfə iştirak edən Azərbaycan üçün qazanılan nəticələr qənaətbəxş hesab edilə bilər.

 

HAZIRDA 379 ÜMUMTƏHSİL MƏKTƏBİNDƏ 30 MİNƏ YAXIN ŞAGİRDƏ “ŞAHMAT” FƏNNİ TƏDRİS OLUNUR

 

 Nazirin sözlərinə görə, 2012-ci ilin yanvar ayından ölkənin bütün şəhər və rayonlarında seçilən pilot məktəblərin 2-ci siniflərində şahmatın tədrisinə başlanıb. Hazırda 379 ümumtəhsil məktəbində 30 minə yaxın şagirdə “Şahmat” fənni tədris olunur.

Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 2001-ci ildən ilk özəl ümumtəhsil məktəbi fəaliyyətə başlayıb, hazırda onların sayı 20-dən çoxdur: “Müstəqil ölkəmizin təhsil tarixində ilk dəfə olaraq 2010-11-ci dərs ilindən təhsil aldığı müddətdə xüsusi nailiyyətlər qazanan məzunların qızıl və gümüş medallarla təltif olunmasına başlanıb. 2011-ci ildə ilk dəfə olaraq 53 məzun qızıl və gümüş medallarla təltif olunub, 2011-2012-ci tədris ilinin yekunlarına görə 118 şagird qızıl, 20 şagird gümüş medala layiq görülüb. Bu dövrdə Azərbaycan məktəblilərinin dünya və beynəlxalq fənn olimpiadalarında iştirakı müntəzəm xarakter alıb və belə yüksək səviyyəli bilik yarışlarında Azərbaycan məktəbliləri 100-dən çox qızıl, gümüş və bürünc medala layiq görülüb. 2005-ci ildən etibarən təhsil sistemində bilavasitə keyfiyyətin yüksəldilməsinə xidmət edən informasiya-kommunikasiya texnologiyaları (İKT) tətbiq edilməyə başlanılıb. Məhz bu dövrdə Azərbaycanın bütün ümumtəhsil məktəbləri kompyuterləşdirilib, ilk dəfə olaraq elektron tədris resursları təcrübəyə gətirilib, təlim prosesində və idarəetmədə İKT geniş tətbiq olunmağa başlanıb. Təhsilin informasiyalaşdırılması sahəsində 2005-2007 və 2008-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı təsdiq edilib, onların həyata keçirilməsi nəticəsində ölkənin ümumtəhsil məktəblərində hər 20 şagirdə bir kompüter nisbəti təmin olunub, halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. Ümumtəhsil məktəblərində işləyən 112 mindən çox müəllim informasiya və kommunikasiya texnologiyalarına dair xüsusi təlimlərdən keçmişdir ki, bu da bütün pedaqoji kadrların 69%-ni təşkil edir. 1700 məktəb genişzolaqlı sürətli internetlə təmin olunan, internetə qoşulan məktəblərin faizi 2004-cü ildəki 1,5 faizdən 2013-cü ildə 37 faizə yüksəlib. 50 təhsil müəssisəsində “Elektron məktəb” layihəsinə başlanıb. Yaradılan DATA mərkəz, elektron tədris resursları bazası, vahid təhsil portalı səmərəli idarəetməni təmin edib”.

 

MÜSTƏQİLLİK İLLƏRİNDƏ MƏKTƏBLƏRİN İNFRASTRUKTURUNUN YENİLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ SON DƏRƏCƏ ƏHƏMİYYƏTLİ İŞLƏR GÖRÜLÜB

 

M.Mərdanov qeyd edib ki, müstəqillik illərində məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində son dərəcə əhəmiyyətli işlər görülüb. Bu işlər 2002-ci ildə ölkə Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilən və 2003-2007-ci illəri əhatə edən Dövlət Proqramından sonra daha sistemli şəkildə aparılmağa başlanıb. Prezident İlham Əliyevin diqqəti nəticəsində məktəb tikintisi geniş vüsət alıb və yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyon şagirdin təlim şəraiti yaxşılaşdırılıb.1998–2012-ci illərdə Azərbaycanda ümumilikdə bir növbədə 550 min şagird yerlik 2500 yeni məktəb binasının tikilməsi və əsaslı təmiri, 708 məktəbin müasir avadanlıqlarla, 200-dən çox məktəbin müasir kimya, daha 200 məktəbin fizika laboratoriyaları ilə təmin edilməsi təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub, Fondun təşəbbüsü ilə 2005-2013-cü illərdə 370-dən çox yeni məktəb, uşaq bağçası, uşaq evi, internat-məktəb binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 2004-2012-ci illərdə Təhsil Nazirliyinə ayrılan vəsait hesabına 141184 yerlik 407 yeni məktəb, 188 məktəb üçün 51040 şagird yerlik əlavə korpuslar inşa edilib, 186 məktəbdə əsaslı təmir işləri aparılıb. 1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris mərkəzi binası tikilib, 50 uşaq bağçasında, 9 texniki-peşə məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44 faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5 faizdən 21 faizə enib.

 

2500-DƏN ÇOX TƏHSİL İŞÇİSİ YÜKSƏK DÖVLƏT TƏLTİFLƏRİNƏ, FƏXRİ ADLARA LAYİQ GÖRÜLÜB

 

Təhsil naziri deyib ki, müstəqillik illərində müəllimlərin və məktəblərin fəaliyyətinin stimullaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Prezident tərəfindən “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında”  sərəncamına əsasən təhsil tariximizdə ilk dəfə olaraq dövlət səviyyəsində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi müəllim nüfuzunun yüksəldilməsinə ciddi təsir edib, onları daha əzmlə işləməyə ruhlandırıb. 2008-2012-ci illərdə qalib adını qazanıb 250 məktəbin və 500 müəllimin yüksək məbləğdə pul mükafatı ilə mükafatlandırılması cəmiyyətdə çox böyük və əlamətdar hadisə kimi qiymətləndirilməklə, məktəblər və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyətə istiqamətlənən yaradıcılıq və təşəbbüskarlıq meyillərini gücləndirməklə nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərib. Müstəqillik illərində Azərbaycanda təhsilə diqqət və qayğının parlaq təzahürüdür ki, elm və təhsilin inkişafındakı xidmətlərinə görə ümumilikdə 2500-dən çox təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara layiq görülüb.

 

8500 MÜƏLLİM STİMULLAŞDIRICI TƏDBİRLƏR TƏTBİQ EDİLMƏKLƏ ÖLKƏNİN UCQAR KƏND MƏKTƏBLƏRİNƏ GÖNDƏRİLİB

 

M.Mərdanovun sözlərinə əsasən,  ümumtəhsil məktəblərinin kadr təminatı sahəsində əsaslı tədbirlər həyata keçiririlib, 2008-ci ildən başlayaraq ölkənin ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqinə başlanılıb, müəllimlərin seçilib yerləşdirilməsi sahəsində informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə şəffaf və obyektiv sistem yaradılıb, daha səriştəli, müasir kompetensiyalara malik kadrların məktəblərə cəlb edilməsi mümkün olub. 2005-2012-ci illərdə ümumtəhsil məktəblərinin pedaqoji kadr təminatı üzrə Proqramıın həyata keçirilməsi nəticəsində ümumilikdə 8500 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə ölkənin ucqar kənd məktəblərinə göndərilib, hələ sovet dövründən ciddi problem kimi mövcud olan ucqar kənd məktəblərinin müəlllimlərə kəskin ehtiyacı ödənilib. Hər il müəllimlərə ehtiyacın ödənilməsi məqsədilə 2010-cu ildən başlayaraq bu tədbirlər Nazirlər Kabinetinin qərarı ilə daimi xarakter alıb.  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu və təşkili qaydaları”na əsasən yeni ixtisasartırma sisteminə keçilib. Yeni sistemə əsasən 72 min nəfər müəllim, 4 minədək məktəb direktoru, RTŞ rəhbərləri və əməkdaşları fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçirilib. Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni sistem ixtisasartırma tədbirlərini həyata keçirən qurumlar arasında sağlam rəqabətin yaranmasına, proqramların maraq və ehtiyaclara uyğun seçilməsinə, peşəkar və səriştəli təlimçilər komandasının formalaşmasına, təlimlərin bütün mümkün hallarda bilavasitə yerlərdə təşkilinə imkan verib.

 

30-DƏK DÖVLƏTLƏ TƏHSİL ƏLAQƏLƏRİ YARANIB

 

Nazirin söylədiyinə görə, 2006-cı ildən başlayaraq dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı sahəsində beynəlxalq təcrübə əsasında işlərə başlanılmış, bununla əlaqədar 2006-2015-ci illəri əhatə edən Dövlət Proqramı təsdiq edilib. Proqrama əsasən dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmləri yaradılmış və həyata keçirilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların kütləvi məktəblərdə və uşaq bağçalarında sağlam uşaqlarla birlikdə təhsil almasını, cəmiyyətə inteqrasiyasını təmin edən inklüziv təhsil təcrübəsi tətbiq edilməyə başlanıb. Proqramın icrası nəticəsində reabilitasiya mərkəzləri yaradılıb, görülən tədbirlər nəticəsində ölkə üzrə dövlət uşaq müəssisələrində təlim-tərbiyə alan uşaqların sayı azalıb,  2009-cu ildəki 14 min nəfərdən 2012-ci ildə 8336 nəfərə enib. Həmin dövrdə Azərbaycan müəllimlərinin sayca XI, XII və XIII qurultayları keçirilib, təhsilin inkişafı ilə əlaqədar mühüm qərarlar qəbul edilib. Müstəqilliyin ilk illərində dünyanın bəzi ölkələri ilə təhsil sahəsində yaradılan səmərəli əməkdaşlıq sonrakı dövrdə xeyli genişlənib. 30-dək dövlətlə təhsil əlaqələri yaranıb. Bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır, beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə imkan verib. Ölkədə təhsilin inkişafı sahəsində ümumilikdə dünyanın 20-dən artıq beynəlxalq təşkilatı ilə 70-dən çox birgə layihə və proqram həyata keçirilir.

 

12 TEXNİKİ PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏSİ ƏSASLI TƏMİR EDİLİB, 2 PEŞƏ-TƏDRİS MƏRKƏZİ YARADILIB, 14 MÜƏSSİSƏ ZƏRURİ AVADANLIQLA TƏMİN OLUNUB

 

M.Mərdanovun dediyinə görə,1998-ci ildən başlayaraq texniki peşə təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təhsilin məzmununun təkmilləşdirilməsi, təlim metodları və texnologiyalarının yeniləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində  bir sıra lahiyələr və tədbirlər həyata  keçirilib.

2007-ci ildə texniki peşə təhsilinin inkişaf perspektivlərini özündə əks etdirən və 2007–2012-ci illəri əhatə edən “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı prezidentin sərəncami ilə təsdiq edildi. Proqramda texniki peşə təhsili müəssisələlərinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, kurikulumların yeniləşdirilməsi, əmək bazarının  tələblərinə uyğun kadr hazırlığının təkmilləşdirilməsi və digər məsələlər nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində 12 texniki peşə təhsili müəssisəsi əsaslı təmir edilib, 2 peşə-tədris mərkəzi yaradılıb, 14 müəssisə zəruri avadanlıqla təmin olunub. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 24 adda dərslik hazırlanıb. Beynəlxalq təşkilatlarla birgə layihələrin icrasına başlanıb. Dövlət Proqramının icrası peşə təhsili müəssisələrinə şagird axınını sürətləndirdi, həmin pillədə təhsilalanların sayı 23 mindən 27 minədək yüksəlib.

 

ORTA İXTİSAS TƏHSİLİ

 

MÜƏSSİSƏLƏRİNİN ŞƏBƏKƏSİNİN OPTİMALLAŞDIRILMASINA BAŞLANIB

 

Nazir vurğulayıb ki, 2000-ci ildən başlayaraq orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılmasına başlanıb, 2003-cü ildən təhsilin məzmununun təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. 45 istiqamət 129 ixtisas üzrə mütəxəssis hazırlığının dövlət standartları hazırlanıb təsdiq edilib. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi proqramları çərçivəsində ölkədə bir sıra yeni orta ixtisas təhsili müəssisələri yaradılıb. Aparılan struktur dəyişiklikləri nəticəsində orta ixtisas məktəblərinin sayının azalmasına baxmayaraq, tələbələrin sayı 1998-ci ilə nisbətən 2011-ci ildə 60 faizdən çox artıb: “Orta ixtisas təhsili sisteminin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi, iqtisadiyyat və xidmət sahələrinin yüksək keyfiyyətli ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə 2010-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “2010–2013-cü illərdə orta ixtisas təhsili sistemində islahatlar üzrə tədbirlər Proqramı” təsdiq olunub. Proqrama əsasən kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması məqsədilə orta ixtisas təhsili müəssisələrinin statusu dəyişdirilib, kadr hazırlığının strukturu yeniləşdirilib, beynəlxalq təcrübəyə uyğun yeni ixtisas təsnifatı təsdiq edilib”.

 

SON 15 İLDƏ ALİ TƏHSİLİN İNKİŞAFI SAHƏSİNDƏ CİDDİ NAİLİYYƏTLƏR ƏLDƏ OLUNUB

 

Təhsil nazirinin sözlərinə görə, son 15 ildə ali təhsilin inkişafı sahəsində ciddi nailiyyətlər əldə olunub, 2005-ci ildə Azərbaycan Boloniya prosesinə qoşulub, Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılıb: “Boloniya Bəyannaməsinə qoşulmaqla ölkəmizdə 1993-cü ildən həyata keçirilən ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsi, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq ali təhsil istiqamətlərinin yeni siyahısının  hazırlanması, istiqamətlər  üzrə dövlət təhsil standartlarının hazırlanması istiqamətində mühüm işlər görülüb. Kredit sistemi barədə mövcud dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, xarici ölkələrin ali təhsil müəssisələri tərəfindən verilən sənədlərin nostrifikasiyası prosedurasının təkmilləşdirilməsi, respublikamızda ali məktəb məzunlarına verilən bakalavr diplomuna əlavənin Avropa ölkələrinin ali təhsil haqqında müvafiq sənədlərinə uyğunlaşdırılması, ali təhsilin keyfiyyətinin, tələbələrin və müəllimlərin mobilliyinin inkişaf etdirilməsi  nəzərdə tutulub, sonrakı illərdə nəzərtdə tutulan bütün istiqamətlərdə əhəmiyyətli addımlar atılıb. UNESCO və digər beynəlxalq qurumların sənədlərinə, habelə beynəlxalq təsnifat strukturuna uyğun olaraq ali təhsilin bakalavriat və magistratura (rezidentura) səviyyələri ixtisaslarının (proqramlarının) yeni siyahısı hazırlanmış və Hökumət tərəfindən təsdiq edilib. 2010-cu ildən başlayaraq ölkənin bütün ali məktəblərində tədrisin kredit sistemi ilə təşkilinə keçilib və bu iş müvəffəqiyyətlə davam etdirilir.2006-cı ildən başlayaraq ali məktəblərin şəbəkəsinin genişləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Prezidentin müvafiq sərəncamları ilə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm İnstitutu, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası,  Fövqəladə Hallar Nazirliyinin Akademiyas, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi yaradılıb.Son illərdə ali təhsil müəssisələrinin infrastrukturu tam yeniləşdirilmişdir. Diplomatik Akademiya və MDU-nun Bakı filialı  üçün yeni kampuslar, Bakı Dövlət Universiteti, İqtisad Universiteti, Dillər Universiteti, Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti üçün yeni tədris binaları inşa olunub, bütün universitetlərin binaları əsaslı təmir edilib”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2013.- 6 aprel.- S.10-11.